• çərşənbə, 17 Aprel, 03:09
  • Baku Bakı 14°C

Miflər və abidələr

18.11.15 12:38 1823
Miflər və abidələr
Mif məzmun etibarilə xalqın ruhi və mənəvi aləminin ifadəsidir. Hələ mücərrəd və rasional düşüncə tərzinin bərqərar olmadığı əski dövrlərdə insanlar öz daxili aləmlərini, arzu və istəklərini, ruhi mahiyyətlərini ifadə etmək üçün müəyyən simvollara müraciət edirdilər. Miflər insanın mücərrəd varlığa məhz real varlıq kimi baxmaq cəhdindən irəli gələn mənəvi və bədii təfəkkür formasıdır. Mücərrəd mahiyyəti və məzmunu olduğu kimi, yəni adekvat düşüncə formasında dərk etmək qədim insanlar üçün mümkün deyildi. Ona görə də onlar mücərrədi reallıq şəklində təsəvvür edir və onu gerçək hadisə kimi dərk edirdilər. Beləliklə, mif bədii və obrazlı yaradıcılıq növü olmaqla mücərrədi reallaşdırmaq, onu gerçəklik donunda göstərmək qayəsidir.
Bununla yanaşı, real həyatda, təbiətdə mövcud olan bir çox gerçək varlıqlar, məsələn, dağlar, dərələr, qalalar, ağaclar, heyvanlar, quşlar, qədim abidələr və s. xalqın diqqətini cəlb edir, onların necə və nə məqsəd üçün yaranmasını aşkar etmək cəhdi meydana gəlir. Sirli-soraqlı, dərkolunmaz bu mövcudluqlar həmişə bir sirr olaraq qalmış və insan həmişə bu sirri açmaq arzusu ilə yaşamışdır. Ona görə də insanlar təbiət hadisələrini, təbii və tarixi reallıqları qeyri-insani, yad bir varlıq kimi deyil, məhz insani bir varlıq kimi dərk etməyə çalışmışlar, yəni bu sirli gerçəkliyi açmaq üçün onları insanlaşdırmışlar. Beləliklə də, gerçəkliklər: dağlar, dərələr, qalalar, heyvanlar və s. haqqında əfsanələr yaranmışdır.
Əfsanə ilə real varlığın bir-biri ilə bağlanması mifi reallaşdırır, gerçəkliyi isə mifləşdirir. İnsan həmişə çalışmışdır ki, arzunu göydən yerə endirsin, empirik varlığı isə yerdən göylərə qaldırsın. Nə sırf mücərrəd varlıq, nə də sırf empirik varlıq insanı qane edə bilməmişdir. İnsan özü bu iki növ varlıq arasında keçid təşkil edir. İnsan həm göylərin, həm də yerlərin övladıdır. O, yerdə yaşayıb, göylərlə əlləşir, göylərdə qərar tutmayıb, yerə qayıdır, yerə bağlı olduğunu dərk edir. İnsan öz arzuları qədər ali, öz fiziki varlığı qədər adi və empirikdir. Belə bir ikili mövcudluğun adekvat ifadəsi məhz miflərdir.
Xalq mifləri də elə insanın özünə bənzəyir. Onların da real həyatda kökləri var, bu köklərlə onlar yerə bağlıdır. Onların həm də başı göylərə dəyən budaqları var. Onlar həm göy, həm də yer xilqətlidirlər. Bu səbəbdən də miflər həmişə real gerçəkliklə bağlı şəkildə yaranır və yaşayır.
Bu baxımdan Bakıdakı Qız qalası ilə bağlı əfsanə də maraqlıdır. Bu əfsanədə təsvir olunan hadisələr, guya ki, Qız qalasından öncə baş vermişdir. Əslində isə onlar Qız qalasından sonra yaranmış və xalqın öz təfəkkürünün məhsulu olan hiss və fikirlərdir.
Bu rəvayətlərdən biri xanın öz qızına aşiq olması və qızın özünü qaladan suya atması əfsanəsidir ki, bu da çoxlu mübahisələr, anlaşılmazlıqlar, təəccüblər doğurur. Bəzən də belə fikir yaranır ki, belə bir əfsanəni xalq yarada bilməzdi və onu kimsə qoşub-qondarıb və dillərə salıb. Onda bəs necə olub ki, bu əfsanə yaddaşlara həkk olunub? Yaddaşlarda elə bir o qalıb ki, ata qızına aşiq olur, qızı da özünü öldürməklə namusunu qoruya bilir.
Deməli, ata namussuz, qız isə ismətli olub. Bu nə deməkdir? Xalq burada hansı fikri, hansı mənəviyyatı ifadə etmək istəyib? Ata da qızına aşiq olarmı? Bu süjet hansı milli və ya əxlaqi xüsusiyyəti əks etdirir? Bu suallara cavab vermək asan deyil. Bu suallar hamısı hələlik cavabsız qalır.
Lakin belə hesab etmək olar ki, bu süjetdə, bu məzmunda atanın öz qızına vurulması motivi ilə bağlı əfsanə mövcud olub. Ancaq bu əfsanə indiki şəkildə deyil, daha geniş və daha təfərrüatlı imiş. Mövcud variant isə əski əfsanənin olsa-olsa bir hissəsidir ki, bu hissəni bütöv əvəzi kimi qəbul etmişik. Tarixi abidələrin uçub dağıldığı kimi, qədim əfsanələr də bəzən yaddaşlarda sökülüb dağılır, öz ilkin formasını və məzmununu itirir. Belə də olur. Maddi varlıq kimi mədəni varlıq da itkiyə məruzdur. Qız qalası haqqında əfsanənin hansı hissəsini itirmişik? Onu bərpa etmək olarmı? Yəqin ki, bu məsələ alimlərimizi düşündürməmiş olmaz. Mənəvi varlığı, bədii söz abidəsini bərpa etmək üçün yaddaşlarda qalan variantları toplamaq və ilkin formanı, məzmunu bərpa etmək gərəkdir. Rəvayət öz ilkin şəklində bərpa olunmuş olsa, onda atanın öz qızına aşiq olması motivi aydınlaşar və əfsanənin ideya qayəsi bütünlükdə açıla bilər.
Bu məqsədlə mən eşitdiyim bir variantı – bir dəfə dəniz kənarında qoca bir bənnadan eşitdiyim variantı – oxuculara çatdırmaq istəyirəm. Rəvayət belədir:
Bakı xanının cavan, gözəl bir arvadı varmış. Xan onu çox sevirmiş. Lakin bədbəxtlik üz verir. Xanın arvadı uşaq üstündə vəfat edir. Uşaq isə sağ qalır. Bu qız uşağı imiş. Xan faciəni eşidəndə çox kədərlənir. Onun gözünə heç uşaq da görünmür. Əksinə, onda bu günahsız qızcığaza qarşı nifrət hissi baş qaldırır. Öz sevimli arvadının ölümündə o, uşağı günahkar bilir. Xan əmr edir ki, uşaq məhv edilsin, dənizə atılsın. Xanın adamları əmri yerinə yetirməyə hazır olurlar. Lakin xanın qaravaşı xanın əmrini eşidib çox mütəəssir olur. O, qızcığazın dalınca gələnlərə yalvarır ki, uşağı ona versinlər, onsuz da o sonsuzdur, qızı da götürüb məmləkətdən çıxıb başqa bir yerə köçər. Xanın adamları qızı qaravaşa verirlər. Xana da xəbər gətirirlər ki, onun əmri yerinə yetirildi.
Qaravaş qızı da götürüb Bakıdan çıxır, qonşu xanlıqların birində yaşayır. Orada sarayda qulluqçu işləyir. Uşaq da boya-başa çatır, gözəl bir qız olur. Günlərin birində qoca qaravaş dünyadan köçməli olur. O, qızını yanına çağırıb ona sirri açır, kimin qızı olduğunu ona söyləyir. Qaravaş gözlərini əbədi olaraq dünyaya yumur. Qız bu sirri heç kəsə açmır. Beləcə aylar, günlər ötür, o, sarayda qulluqçuluq edir.
Günlərin birində Bakı xanı bura qonaq gəlir. O, qızı görüb onun gözəlliyinə heyran qalır. Arvadı öləndən sonra evlənməmişdi. Qız yəqin öz anasına oxşadığından, nədənsə xanın ürəyinə yatır. O, qonşu xandan xahiş edir ki, bu cavan kənizi ona bağışlasın. Xan da onun sözünü yerə salmır. Beləliklə, qız yenə Bakıya qayıdır. Lakin heç kəs onun kim olduğunu bilmir.
Bir gün xan qızı yanına çağırıb, ona öz fikrini bildirir. Ona vurulduğunu və onunla evlənmək istədiyini söyləyir. Qız bu xəbərdən çox peşman olur. Axı o bilir ki, ona vurulan atasıdır. Lakin sirri aça bilmədiyindən susur. Xan isə inadından dönmür. Vəziyyətin çıxılmaz olduğunu görən qız qərara gəlir ki, vaxtı uzatsın, bəlkə xan ona qarşı soyudu, bəlkə bu bədbəxtlik ondan sovuşdu. Bu məqsədlə qız xandan xahiş edir ki, dənizdə uca bir qala qurulsun. Bu qala hazır olanda onların toyu başlasın.
Xan əmr edir ki, dənizdə qala tikilsin. Ölkənin bilici və kamil memarları dəvət olunur, işə başlanılır. Bir neçə ildən sonra qala hazır olur. Xan öz arzusunu bir də qıza təkrar edir. Qız isə çıxılmaz vəziyyətdə qalıb, atasına övrət olmaqdansa, ölümü üstün tutur. O, qalanın başına qalxır, özünü oradan suya atır. O gündən də qalanın adı qalır «Qız qalası».
Bu variantda əfsanə başqa ideya və məzmun kəsb edir. Lakin daha dərin fəlsəfi nöqteyi-nəzərdən belə bir fikir də hasil olur ki, həyat başdan-başa taleyin yaratdığı ağlasığmaz vəziyyətlərlə doludur. İnsanın istəyi, arzusu, əqli və həyatı talenin gərdişi qarşısında aciz bir oyuncaqdır. Tale insanı çıxılmaz vəziyyətlərə düçar edir, onu yaşadır, məhv edir, onun aqibəti ilə oynayır. Tale güclüdür. İnsan ona qalib gələ bilmir. Lakin bununla belə tale nə qədər güclü və amansız olsa da, insan öz insanlığını, ləyaqətini itirmir. Qız məhv olur, lakin öz namusunu hər şeydən uca tutur. Qız qərq olur, Qız qalası isə onun ismətinin uca abidəsi kimi əbədi yaşayır.
Əsl qadınlıq ləyaqəti başqalarının nəzərində ismətli olmaq deyil, hər şeydən əvvəl, öz nəzərində, öz vicdanı qarşısında məsuliyyət deməkdir.
Xalqımızın ruhuna və mənəviyyatına bu variant daha uyğun gəlir.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər