• cümə axşamı, 18 aprel, 15:48
  • Baku Bakı 22°C

Mif ibtidai təfəkkürün geçəkliyi anlamaq cəhdidir

01.04.19 15:23 1339
Mif ibtidai təfəkkürün geçəkliyi anlamaq cəhdidir
– Bir çoxlarının fikrincə ədəbiyyat, əslində, mifologiyadan dastana keçidlə başlayır. Siz bu haqda necə düşünürsünüz?
– Mifologiya miflər haqqında elmdir. Mif sözünün mənalarından biri elə "dastan”dır... Dediyin məsələ folklor janrı kimi epos və mif arasındakı keçidlə bağlıdır. Miflərin yaşı dastanlara nisbətən daha qədimdir. Dediyin hadisə o vaxt baş verdi ki, artıq mifik süjetlər öz praktikliyini itirdi. Biz insan cəmiyyətinin yeni inkişaf mərhələsinə keçməsindən danışırıq. Yəni miflər artıq öz praktik gücünü itirəndə yeni formaya keçməyə başladı – epos yarandı. Düzü, mən bu cür qəti bölgünün tərəfdarı deyiləm. Çünki bəzən mifin harda bitdiyini, dastanın harda başladığını ayırd etmək mümkün olmur. Mifin yaranma səbəbi başqa idi. O, praktik əhəmiyyətli idi. Dastanın isə xüsusi praktik əhəmiyyəti yoxdur. Ola bilsin ki, buna görə də mifləri yox, məhz dastanları ilkin ədəbi nümunələr hesab edirlər
– Miflərə hansı yanaşma daha doğrudur, sizcə, – uydurma, təxəyyül məhsulu ya gerçəkliyin yenidən yaradılmış görüntüsü?
– Gəlin belə danışaq, həyat nədir, gerçəklik nədir? Hamısı adicə illüziya deyilmi? Yəni bizim gerçəklik haqqında düşüncələrimiz, bizim gerçəklik anlayışımız əslində gerçəkliyi nə qədər dəqiq alqılamağımızla bağlıdır... Mif, təbii ki, uydurmadır. İzah axtarışından yaranır. Mif ibtidai təfəkkürün geçəkliyi anlamaq cəhdidir. Bu cəhd nəticəsində isə "gerçəkliyin yenidən yaradılmış görüntüsü” formalaşır.
– Necə olub ki miflər yaranıb? İlk insanlar qarşılaşdıqları təbiət hadisələrini sorğulayaraq bunları fövqəltəbii qüvvələrin müdaxiləsinə bağlayırdı?
– Mən mifoloq deyiləm, amma bu suala təxminən cavab verdik. Miflər ətrafda – təbiətdə baş verənləri anlamaq cəhdidir. Sən sorğulamaq deyirsən, amma söhbət heç sorğulamaqdan da getmir. Söhbət anlamaqdan gedir. Yəni informasiyasızlıq şəraitində, informasiya yaratmaqdan gedir. Mən miflərin yaranma mexanizmini, bilirsən, nəyə bənzədirəm? Alatoranlıq havada uzaqdakı hansı obyektə baxırsan. O obyekt sənin gözündə müxtəlif şəkillər alır. Obyekti tam görə bilmirsən deyə onu tanımaqçün sənə əvvəlcədən tanış olan hansısa obyektə bənzədirsən. Bu beyində baş verir. Miflərin yaranma mexanizmi də təxminən bu cürdür. Yunan əsatirlərinə baxanda bunu aydın görmək olur
– Modern insan və mifologiya. Bunlar bir-birindən çox uzaq görünür?
– Dedik ki, miflər ibtidai təfəkkürün məhsuludur. Əla yerə toxundun. Bəs indi modern dünyada miflər nə qədər aktualdır. Doğrudan da, mif və modern insan bir-birinə çoxmu yaddır. Məsələ burasındadır ki, indi postmodern dövrdür. Postmodern dövr o vaxt başladı ki, insan oğlu rasional həqiqətlərdən sıxıldı. İndi o keçmişə qayıdıb. O irrasional "həqiqət” axtarışındadır. Çünki rasional şeylər sıxıcıdır. Postmodern dünya görüşü keçmişə, natural başlanğıca qayıtmağa meyllidir. Ona görə də indi mifik süjetlər yenidən canlanırlar. Amma onda indi praktik əhəmiyyətli bir nəsnə deyil, o sənət hadisəsidir. Postmodernin ən vacib cəhəti keçmişi yenidən dərk etməyə cəhddir. İndi biz mifləri yenidən dərk etməyə, yenidən dəyərləndirməyə çalışırıq. "Hörümçək adam” sənə hansısa qədim mifik obrazı xatırlatmırmı?
– 80-ci illərdə dünyada bir çox rok və metal musiqiçiləri yunan mifologiyasından bəhrələnirdi. Sizcə, niyə məhz yunan mifologiyasından..?
– Düzü, bilmirəm, niyə məhz yunan mifologiyası daha məşhurdur. Ola bilər ki, yunan əsatirləri daha yaxşı saxlanılıb. Sistemli tədqiq edilib. Amma düz deyirsən, dünya ədəbiyyatında yunan mifləri at oynadır. Amma məncə, daha ciddi və ekzotik miflər də var dünyada. Məsələn, mən Cənub Şərqi Asiya miflərini öyrənmək istərdim. Daha doğrusu, məncə oralarda bizə yad, yeni, fərqli, maraqlı miflər var.
– Qərb ədəbiyyatı Homerə borcludursa, bəs Şərq ədəbiyyatı kimə borcludur?
– Nizaminin adını çəkə bilərəm. Məlumdur ki, Nizamidən sonra farsdilli ədəbiyyatda xeyli "Xəmsə” yazıldı. Hindistanda da "Xəmsə”lərin yazıldığı məlumdur.

Söhbətləşdi: Fəridə Məmmədova


banner

Oxşar Xəbərlər