• şənbə, 20 Aprel, 09:48
  • Baku Bakı 14°C

Ümidsiz olmayan qadın

09.06.15 14:41 1922
Ümidsiz olmayan qadın

Yalnızlıq qadınların ən qorxulu kabusudur. Lakin bunu çox vaxt bəlli etməzlər. Bu gizlilik bir az qürurdan, ən çox da ətrafın “təcavüzü” qorxusundan yaranar. Təkliyə öyrənən qadın müəyyən zaman kəsiyindən sonra həyatına kimlərisə qəbul etməkdən çəkinər. Ələlxüsus da, onu tanımaq üçün suallara tərcümeyi-halından başlayan kişilərə təhəmmül etməz. 48 kiloqram çəkisi olan bir qadın mənəvi cəhətdən 108 kiloqramdırsa, əlbəttə, bu suallar ona sıxıcı gələcək, bir müddət sonra bu ağırlığı qaldıra bilən beşqat dünya çempionunu axtaracaq. Doğrudanmı yalnızların çoxu gözəl qadınlardır, ya bu, qulağa xoş gələn ən yaxşı təsəllidir? Bir qadın nə üçün yalnız qalar? Bunun başlıca səbəbi sevgisizlikdir. Qadın bütün yaşlarında sevgi, diqqət, qayğıyla gözəlləşər. Bu,onun həyata olan stimulunu artırar.
Ayrılıq stressini yaşayan qadınların dəf etməsi lazım olan sonsuz sayda sindromları var. “Ayrılıq” deyəndə ağlınıza ilk gələn niyə sevgili olur, anlamıram. Məsələn, mən 22 yaşımla vidalaşanda olmazın sindromlar yaşadım. Stressə qarşı qadınların ən böyük qalxanı alış-veriş, imic dəyişikliyi və şokoladdır. Qayçını əlinə götürüb heç bir tərəddüd etmədən saçlarını kəsən qadın əlində şokolad yeyə-yeyə alış-veriş dükanının qapısından girirsə, ondan qorxun. Bu “üçü birində” prinsipi ilə yaşayan qadınlara yalnızlıqdan danışmağa cürət belə etməyin. İşindən ayrılan qadın sevgilisindən ayrılanda heç o qədər şokolad yemir.
Yeri gəlmişkən, şokolad istənilən stressə yaxşı təsir edir. Bu yazını yazarkən belə qarşımda bir qutu şokolad var.
Ətrafımdakı qadınların əksəriyyəti yalnızdır – işsiz və ümidsiz olmalarından heç danışmayım.
Bir az da işsizlərdən danışaq. Saat əqrəbinin gün ərzində üzünü hansı rəqəmə tutması onlar üçün əhəmiyyət daşımır. Saatdan istifadə etməmələri ən çox da bundandır. İşsiz qadının telefonunda belə saat başqa aləmdədir. Gündüz vaxtı saat 11:30-da telefonuna baxdığım bir xanımın saatı 22:30-u göstərirdi. Düşünürəm ki, artıq sözə ehtiyac yoxdur.
Problemlərlə dolu bir həyatı olan qadın, üstəlik, yalnızdırsa, evdən çıxarkən ayağını döşəmədəki “paspas”a çırpar - sanki bütün problemləri üstündən silkələyib tökürmüş kimi, qapını arxadan bərk-bərk bağlayar, hətta dəfələrlə yoxlayar - qıfıl yerinə oturubmu deyə. Qapının arxasından dərdlərinin zombi kimi hücum çəkməsindən qorxar çünki. Problemlərin bizi boğaza yığdığı zaman qarşımıza çıxan ilk oturacaqda həyatımızı qoyub, qalxıb getmək istəyirik. Həyatdan yaxşı heç nə gözləməyənlər ümidin sonda öldüyünə inanmayıb, yolun başından uçuruma yuvarlananlardır.
Bir aforizm yadıma düşdü, səhv etmirəmsə, Napoleon Bonaparta məxsusdur: ”Ümidsizlik ölümə gedən yolun başlanğıcıdır”. Ölüb eləməyin, ümid edin. Pozitiv olun və hündürdaban ayaqqabılarınızın üzərində həyatın üstünə dik yeriyin.
Uzun müddətdir ki, güzgüdə qısa saçlı bir xanım görürəm. Hər dəfə ona şokolad yeməyi və tez-tez alış-verişə getməyi təklif edirəm. Hündürboylu olmasa da, ümidsiz deyil..
Aytəkin Qardaşova,
tələbə

banner

Oxşar Xəbərlər