• cümə axşamı, 28 mart, 12:38
  • Baku Bakı 16°C

Ümidlə, inamla zirvəyə doğru!

02.07.15 11:36 1351
Ümidlə, inamla zirvəyə doğru!
Salam, Əliqismət müəllim! Səninlə tanışlığımızın tarixi az qala bir qərinədən də çoxdur! Bu gün doğmalar, dostlar, tanışlar, yaxından uzaqdan tanıyanlar sənin 59 yaşını təbrikə tələsdiyi məqamda fikirləşdim ki, mən sənə nə hədiyyə edim ki, onun ömrü uzun olsun və səni həmişə sevindirsin! Əminəm ki, bu dünyanın heç bir maddi sərvəti Söz qədər Əbədi, Söz kimi Uca, Sözlə müqayisə olunacaq Sehrdə deyil! Elə buna görə də sənə SÖZ hədiyyə etmək qərarına gəldim !
Böyük yubileyinin - 60 illiyinin nəfəsi duyulmağa başlayir bu gündən! O, hətta sənə əl uzatdı belə, sən də təbəssüm qarışıq bir nigarançılıqla ona "xoş gəldin ömrümə!" demək məcburiyyətində qaldın və inan ki, bunun üçün təəssüflənməyə belə dəyməz! Soruşa bilərsən ki, bəs onda niyə "məcburiyyətindəsən" yazıram? Çünki istəsək də, istəməsək də günlər, aylar ötüb keçir və bizi taleyimizin yeni illərinə qovuşdurmağa tələsir. Bəli tələsir...özü də insan yaşa dolduqca bu sürətə təəccüb edir! Həm də nədənsə, bir Təəssüf və Nigarançılıq da bürüyür içini! Amma, ancaq, lakin... Yenə də yaşamaq gözəldir, qardaşım!!!
Salyan rayonunda indinin özündə də yaşlıların və sənin yaşıdlarının da ehtiramla xatırladığı nurlu bir kişinin -Hümbət Lalayevin "cənnətdə yeriniz təmin edildi" təsəllisi ilə dünyaya gələn qız övladlarından sonra nəzir-niyazla “tapılan” və nəslinin davamçısı kimi yolu intizarla gözlənilən bütün oğlanlar kimi sənin də bu dünyaya gəlişinə hər kəsin sevindiyi anları yəqin ki, o rəhmətlik kişi də, ipək kələfi anan Əzizə xanım da ömürlərinin ən xoşbəxt və bəxtiyar çağı saydılar. Sən doğulduğun gün yəqin ki, sizin rayonun nəfəstəngidən havasına bir sərinlik də çilənmişdi! Əzizə ananın o zərif vicudundan ayrılıb bu dünyanı öz çığırtınla salamladığın an sənin ailənin, doğmalarının sevinc günü idi! Valideynlərin təbriklərə təşəkkürlə cavab verir, bacıların evdə bapbalaca, amma qığıltısı ilə üzlər güldürən, qışqırtısı ilə qulaqlar batıran canlı "oyuncağın" yolu gözləyirdi. Hər kəs sənin "qaranca uçurdu", böyük bacıların hər gün yüz yol "qaqaşıma qurban" sevgisi ilə həyətdəki qızılgüllərdən analarına hədiyyə aparırdı, qızlar eyni anda "o mənim qaqaşımdı" nidası ilə az qala saçyolduya qalxırdılar. Xoşbəxt ana, bəxtəvər ata isə: "O, hamınızın qardaşıdır, hamınızın əzizidir"-deyirdilər.
Şükür Allaha ki, bu gün də otaqlarında minbir xatirə, divarlarına unudulmaz anıların əks-sədası çökən o məşhur Lalayevlər evi yenə səsli-küylüdür, yenə də həftədə bir dəfə qardaş-bacılar,onların övladları, övladlarının övladları, yəni nəvələr, nəticələr (inşallah, bir müddətdən sonra kötücələr də) bu evə yığışır, ailədə illərlə formalaşan adətlər-ənənələr qayğı ilə qorunur, nəsildən nəsilə ötrülür. Bu, inanın ki, gəlişigözəl söz deyil. Təəssüf ki, bir çox rayon və kəndlərimizdə dədə-baba ocaqlarının baxımsızlıq, biganəlik üzündən unudulub, az qala xarabazara çevrildiyi, hər kəsin şəhərdə yaşamaq həvəsinin qarşısıalınmaz bir axına dönüşdüyü bir vaxtda (bu dəhşətli reallıq təkcə bizim ölkəmizdə yaşanan üzücü fakt deyil, dünyanın ən inkişaf etmiş ölkələrində belə, minlərlə "ölən evlər, yaddaşlardan və xəritələrdən silinən" kəndlər, qəsəbələr var) bu nəslin nümayəndələrini bu ünvanda, bu həyətdə, bu doğma mənzildə bir araya gətirən o cazibə qüvvəsi hələ tükənməyib, kəsərini, sehrini itirməyib. Özü də bunun təşəbbüskarı sənsən, Əliqismət!
Mənim aləmimdə sən Lalayevlər nəslinin "od saxlayanı"- Qorçususan Əliqismət! Bu böyük ailənin bütün bağlarını əlində saxlamağa müvəffəq olan Əliqismət! Cavanları doğma yurda, böyük Vətənin kiçik bir parçası sayılan baba ocağına məhəbbət və sayğı ilə barındıran Əliqismət! Sən, Əliqismət, necə deyərlər, "yağın daşsa belə" Lalayevlər ailəsinin özəl günlərində mütləq o ocağa baş çəkməlisən, orada keçirilən bütün tədbirlərin mənəvi ağırlığına çiyin verməlisən!
Əvvəllər, sən Mədəniyyət Nazirliyində işləyəndə, biz vaxtaşırı xarici ölkələrə ezamiyyətə gedərdik. Dəfələrlə şahidi olmuşam ki, Vətənə dönən gecə hava limanından birbaşa rayona yollanırdın. Səbəbini soruşanda "bu gün atamın, ( ya anamın, ya bacımın) vəfat etdiyi və ya doğulduğu gündür, mütləq onları ziyarət eləməliyəm"-deyirdin. Ya da deyirdin ki, bu günə bizimkilərin (bacılarının, qardaşının, qohumlarının) hansınınsa xeyir işi var, gec də olsa, ora baş çəkməliyəm!
Bax beləcə, bir qərinədən də çox tanıdığım əziz dostum, qardaş kimi həmişə hörmətini saxladığım və xətrini əziz tutduğum Əliqismət Hümbət oğlu, sən sözün həqiqi mənasında ağsaqqallıq, böyüklük (baxmayaraq ki, evin kiçik oğlusan) missiyasını öz üzərinə götürmüsən və bu missiyanı ləyaqətlə, dəyanətlə, müdrikliklə, ağıl və tədbirlə yerinə yetirməyi bacarırsan ki, bu da indiki çağımızda çox az ailələrə, çox nadir adamlara müyəssər olan xoşbəxtlikdir.
Yaxından tanıdığım doğmalarının heç bir işi sənin məsləhətin, xeyir-duan, iştirakın olmadan keçməz! Ən adi bir problemdən də "dayının (əminin) xəbəri olmalıdır!"-deyir hər kəs. Bu ənənəni yaşadan da bacılarındı, qardaşın Əlimədətdir və onların övladlarıdır! Hamısının üzü ağ olsun!
Sənin öz şəxsi ailənə tutqunluğun, sevdansa bir ayrı aləmdir. Sən iki qız balanı gözünün nuru, qəlbinin döyüntüsü, nəfəsin qədər özünə doğma bilirsən! Onların dünyaya bəxş etdikləri körpələr sənin bu həyatda yaşam qaynağındır. Hər birinin yüz dəfə "baba" söylənişinə yorulmadan, usanmadan yüz dəfə "can baba!"-deyə bilərsən! Böyük nəvən Vaqifin hər gün ya əyani, ya da telefonla bir günlük hesabatını səbrlə dinləyib (bəzən iradlarını bildirsən də) sevincindən uçmağa qanadın olmur. Çünki Vaqif sənin arzularının gəncliyini yaşayır, sənin bir vaxt həyata keçirməyə macal və ya imkan tapmadıqlarını gerçəkləşdirmək amacı ilə yaşayır!
Balaca Ayanın Türkiyədə keçirilən 24 Nisan Dünya Cocuq Şöləninin iştirakçısı kimi qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bütün yaşıdlarından fərqli çıxışı ilə hər kəsi, o cümlədən də Rəcəb bəyi qəhərləndirəndə sənin ürəyin fəxrlə çırpınırdı.
Sən balaca Riyadın və Minanın hələ bağça həyatını tamamlamamış həm ana dilində, həm də rus, həm də ingiliscə öz fikirlərini ifadə etmək bacarığını, milli rəqslərimizi gözəl ifa etmə məharətini qürurla izləyirsən! Hələ qollarını boynuna dolayıb, sənə yorğunluğunu, ağrı-acını, əsəbini, hirsini unutduran dəniz gözlü Dəniz nəvənin təbəssümü... "Bundan böyük xoşbəxtlik yoxdur!”-deməkdə haqlısan, dostum!
60 illk yubileyinə əl uzatdığın bir gündə səni istedadlı rejissor, aktyor (yaradıcılq bioqrafiyanın Naxçıvan səhifələrini xatırlayıram), jurnalist (Salyanda qəzetdə çalışdığın dövr), sonra isə bütün həyatını Azərbaycan mədəniyyətinin təbliğinə, tərəqqisinə həsr etdiyin illər (Mədəniyyət və Turizm Nazirliyində idarə rəisi kimi) və nəhayət, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru olaraq ən məsuliyyətli məmurluq görəvin...Və bir də ADMİ-də pedaqoji fəaliyyətin... Çoxşaxəli fəaliyyətinin bu sadaladığım ayrı-ayrı dövrlərində çoxlarına nümunə göstərilən işlərin barədə dönə-dönə yazılıb, deyilib deyə, mən bu sahələrə çox diqqət ayırmadım. Sadəcə, bəlkə də çoxlarının bilmədiyi bir xüsusiyyətini də vurğulayıb sənin portretini tamamlamaq istəyirəm. İş yerində çox ciddi nizam-intizam sevməyin, hər hansı bir səhvi bəzən bağışlamayacaq dərəcədə sərt olmağın belə, sənin ürəyindəki böyük mərhəmətə, insanlara, xüsusilə də mənəvi dayağa ehtiyacı olanlara öz doğmaların, öz övladların kimi qayğı göstərməyin, can yandırmağın, köməyinə tələsməyin çoxlarının biganə qaldığı insani kefiyyətlərdəndir.
Sən dostluqda, yoldaşlıqda səmimisən, vəfalı və sədaqətlisən. Sənə hər bir məsələdə arxayın olmaq, sirr söyləmək, dərd danışmaq, məsləhət almaq olar...Sən dostlarını qorumağı bacaranlardansan!
Yaşının 59-cu yamacında sənə deyəcəklərimi dedim! Açığı, 60-da nə arzulayacaqlarımı indidən düşünməyə başlamışam! İnşallah, gələn il bu vaxt deyə bilmədiklərimin bir qismini də sənə çatdıracam. Elə buna görə də hər ikimizə cansağlığı və ömür arzulayıram.
Sonda sənə bir təsəlli vermək istəyirəm: arxayın ol, heç darıxma, 60 yaş o qədər də qorxulu və təhlükəli deyil! Əksinə, insanın ikinci nəfəsliyinin açılan dövrü, gəncliyin oğlan çağı, ahıllığın kamillik zirvəsidir! Bir də böyük və müqəddəs sevgilərin mənasını daha yaxşı dərk etmək fürsətidir! Sən də milyonlarla həmyaşıdın kimi bundan belə səhvlər, uğurlar, acılı-şirinli məqamlar, yaddaqalan olaylar, unudulan hadisələrlə dolu dolanbac ömür yolunda nə axtardığını dəqiq bilməsən də, yenə, özü də indi daha böyük ümidlə, nəyinsə təşnəsində, axtarışında olduğunu anlayacaqsan! Biləcəksən ki, həsrətində olduğun o AN hardasa lap yaxınlarda, əlinin çatacağı, səsinin yetəcəyi yerdədir! Sadəcə, bu yolu fəxrlə, yorulmadan keçmək üçün içindəki o Eşqi, o Odu, o İnamı, o Ümidi itirməməlisən!
Bu mənim arzularım! Təbii ki, hamısının reallaşmasını istərdim, ancaq hər şeyin yaxşısını ancaq Allah bilir! Ulu Yaradan sənə nəvələrinin toyunda oynamaq, nəticələrinin "ay baba!" çağırışına "ay can!" demək kimi gözəl məqamlar bəxş etsin! Bundan sonra yaşanacaq illər sənə, bu xalqın ləyaqətli vətəndaşına yeni uğurlar, müvəfəqiyyətlər gətirsin!!!
Sevgilərlə,
TELLİ PƏNAHQIZI
banner

Oxşar Xəbərlər