• cümə, 29 Mart, 19:10
  • Baku Bakı 14°C

Ümid, yoxsa ədəbiyyat?

04.08.18 10:01 1052
Ümid, yoxsa ədəbiyyat?
İskəndərəmmi, zülmətə ey Xızr, olam rəvan?
Abi-həyat ləli-ləbi-dilbərimdədir.
S.Ə.Şirvani
Fəna ilə bəqanın arasındakı nazik cizgi bəzən o qədər görünməz olur ki, həqiqətlə yalan, pislə yaxşı, haqla batil bir-birinə qarışır. İşığa yaxınlaşdıqca, unutqanlıq sindromu başlayır. Sanki, heç buraya qədər yol gəlinməmişdi. Sanki, bu çəkilən zəhmətlər, edilən səylər, cəsarətli və təhlükəli addımların hamısı şirin bir röya imiş. Bəli, ən çətin və yeganə həlledici məqam fəna ilə bəqanın yolayrıcıdır. Bu ayrılıq bildiyimiz ayrılıqlardan deyil – yəni, onları məhz həmin məqamda bir-birindən ayırmaq, hansının haq, hansının batil olduğunu seçə bilmək o qədər də asan məsələ deyil, tam tərsinə, böyüklərin, dahilərin uduzduğu, iflasa uğradığı nöqtədir həmin nöqtə. Yadıma Hafizin məşhur bir misrası düşdü: "Ki eşq asan numud əvvəl, vəli, övtad müşkelha” – Eşqin əvvəli asan, ancaq sonrası müşküldür.
Eşq əslində, əbədiyyətdir. Ancaq bu, sözdə nə qədər asan və gözəl səslənsə də, gerçəkdə onun səsi qədər qorxulu, ümidsiz və alışılmamış ikinci bir səs yoxdur. Yerə doğru cazibənin bitdiyi və göyə doğru cazibənin başladığı həmin təhlükəli məqamın adına ona görə "eşq” deməyiblər ki, hər gələn aşiq olsun. Bu, mümkün deyil zatən... Eşqin Hafiz deyən "müşkül”ü onun həqiqi üzüdür, aşiqin ilk və son imtahanıdır. Yerin cazibəsi fanilik kateqoriyasına daxil olsa da, ondan qurtulmaq hər faninin işi deyil. Yer o qədər cazibədardır ki, ondan qurtulan cisimlər belə ona tapşırılır. Ölümü unutmamaq və unutdurmamaq üçün insan oğlu əlindən gələn hər şeyi edir. Ancaq fərqində deyil ki, bununla o, həmin ölümü əslində, qəbul etmək istəmir. Əgər istəsəydi, ölümün ardınca bu qədər göz yaşı tökməz, onu daşlara çevirib, zamanın küləklərinə qarşı qoymazdı.
Bəzi inanclara görə, ölüm ümumiyyətlə yoxdur. Bununla razılaşmaq olar, ancaq bizə görə, ölüm ona görə yoxdur ki, həyat özü yoxdur. Bir gün yox olacaq şeylə, hazırkı yoxluğun nə qədər fərqi ola bilər ki? Fanilik yoxluqdan daha betərdir. Bəs onda əbədiliyin anlaşılan tək adı niyə "eşq”dir? Axı eşq özü ən böyük cazibədir. Bir gün yox olacaq bir nəsnə necə olur ki, əbədiliyə səbəb olur? Eşq özü anlayışdır. Deməli, şüuri bir şeydir. Şüuridirsə, insanidir. İnsanidirsə, dünyəvidir. Dünyəvidirsə, deməli, fanidir. Fani olan əbədiyyətin açarı ola bilərmi? Nəyi sevirsənsə, nəyə bağlanırsansa, onların hamısı burada, Yer üzündədir. Çünki, sevməklə iş bitmir. Sevgi korluqla başlasa da, aydınlıqla davam edir. İnsan sevdiyini qısa bir müddət sonra idrak etməyə başlayır. Əgər məsələnin içinə idrak daxil olursa, o zaman cazibə qanunları işə düşür və göylərin qapağı bağlanır. Məsələ kosmik anlamda Yerlə göydə deyil. Məsələ fəna ilə bəqanın insan şüurundakı əbədi savaşındadır. Faninin sakinləri əbədiyyət mülkündən gələn mehmanlardır. Ancaq idrak onlara mehman olduqlarını unutdurur. Onların əbədiyyətdən gəldiklərini deyil, əbədiyyətə gedəcəklərini deyir. Həm də deyirlər ki, hamımız bu dünyada mehmanıq. Yaxşı, bəs bu mehman bu evə hardan gəldi? Bax, bunu dilinə gətirən yoxdur. Hər kəs mənsub olduğu şeyi deyil, mənsub olacağı şeyi düşünür. Bu mənada, axirət sevdasının özü də bir dünyəvilikdir. Yəni fanidir, çünki, içində adına "ümid” deyilən mənasız bir məna vardır. "Ümid” sözü "ummaq”dandır. Nəyi umur insan? Sahib olduğunu? Çox qəribədir. Evinin dünya olmadığını bilə-bilə dünyada ev qurur, ancaq əlində olan əbədiyyət evini müqəddəs bir arzuya çevirərək, axirət sevdası ilə yaşayır. Bunun adı sadəlövh və axmaq fürsətçillik deyil, nədir? Girişdə Seyid Əzimin beytini epiqraf olsun deyə, yazmadıq oraya. Böyük arif deyir ki, İsgəndər dirilik suyunu axtarıb tapmaq üçün zülmətə getdi. Əlbəttə, İsgəndərin abi-həyatı məhz zülmətdə axtarması da Seyidin nəzərindən qaçmayıb. Bir şeyin ki, məkanı zülmət ola, ondan gələn işıqdan nə fayda? Həm də İsgəndər azır bu zülmətdə. Çünki, əbədiyyətin yolu, qaranlığa yox, işığa aparmalıdır. Elə buna görə də tapa bilmir böyük İsgəndər öz axtardığını. Seyid Əzim isə axtarmır. Çünki həmin əbədiyyət ən yaxında, onun gözləri önündədir – "Abi-həyat ləli-ləbi-dilbərimdədir”. Yar dodağının, yəni Həzrəti Pirin ağzından çıxan mənaların ləl kimi bərq vuran işığı ilə zülmət dünyasının fərqi burada ortaya çıxır. Aşiq onu axtarmır, çünki o zatən vardır. Eşqi dünyadan ayıran ən kəskin cizgi ümidin və axtarışın inkarıdır.
Sonra, adı "şair” olan batini təxribat arifi Seyid Əzim elə həmin qəzəlin davamında deyir:
Ol qaşı Zülfüqar vuran zəxmi-möhlikin,
Cibriltək hənuz əsəri şəhpərimdədir.
Bir daha xatırladır ki, mən, yəni insan ora getmirəm, ordan gəlirəm (bu beytin digər mənalarını açmaq oxucu üçün artıq və hələ ki, yersiz olardı, qalsın başqa görüşə inşallah). Ümumiyyətlə, gediş yoxdur. İnsan Allahın törəməsidir. Haqdan doğulan ölməz! Haqqı batil etmək üçün axirəti və "ölümdən sonra” adını verdikləri əfsanəvi labirintləri uydurublar. Yaxındakı gerçəyi uzaqdakı absurda çeviriblər. Halbuki, cənnət onun dərki, cəhənnəm isə bunun tərsidir. Bunun üçün ölməyə və ya ölümü gözləməyə ehtiyac yoxdur. Torpağın üstündə həqiqəti anlamayana torpağın altında nəyi başa salacaqlar? Dünyadan əl üzmək həyatdan əl üzməkdir. Həyatdan əl üzməklə, ölümə necə ümid bağlamaq olar? Dünyanı fani edən bizik. Əslində dünya əbədiyyətdir. Fani olan şey daha neçə milyard il yaşayacaq? Fani olan nəsnə bizim ömür çərçivəsinə sığdırdığımız ümidlərimizdir. Fanilik də əbədilik də əsla və qətiyyən zamana bağlı bir şey deyil. Zamana bağlı olsaydı, dediyimiz kimi, fani dünyanın yaşı hələ də bilinmir və daha neçə milyard illər mövcud olacaq bu müvəqqəti Yer üzü, bəlli deyil. Həmin mətləblər zamanla deyil, daşıdıqları məna yükü ilə ayrılır bir-birindən. Heç bir həqiqət carçısı görmədim ki, axirətə və cənnətə çağırışlar etsin. Məhz onların sevdasıdır əbədiyyətin açarı. Əbədiyyət dərk olunduğu andan etibarən başlayır. Lakin buradakı dərkin özü də haçalanır – dünyəvi idraka və əbədi idraka bölünür. Əgər əbədiyyət dünyəvi ağılla dərk olunarsa, bu, baş tutmaz. Çünki əbədi ağıl deyə bir şey vardır. Bəli, əbədiyyət əbədi olanla idrak olunar. Buna görə də zülmətdə dirilik suyu axtarmaq sonu gəlməyən bir yanlışlıqdır. İsgəndərin getdiyi zülmət uzaqda deyildi, burada, bu dünyada idi. Bəs faninin içərisində əbədiyyəti tapmaq olarmı? Əsla! Mövlana Cəlaləddin Rumi ustadı Şəmsin ağzından əbədiyyət şərabını, yəni dirilik suyunu içdi – ba,x budur, əbədiyaşayır. Ariflər arifi boş yerə və ya pafos xatirinə demədi ki, mənim məzarımı yerdə deyil, ariflərin könlündə axtarın. Bəli, bu dünyada axtarılacaq olan yeganə şey ariflərin könlüdür. Bəli, onun üçün zülmətə də getməyə dəyər. Həmin zülmət "Sibqətullah”, yəni "Allahın rəngi”dir. O rəngə boyanmadan o zülmətdəki aydınlığı bulmaq mümkün deyil. Yəni, qısa və qaba şəkildə ifadə etsək, Allah olmadan Allahı dərk etmək olmaz. Allah isə fani deyil, əbədidir. Dərk edilən şey gözdən-könüldən uzaq deyil. Dərk edilən şey məchul deyil, əlçatmaz deyil, ümid və qorxu arasında çırpınan bir duyğu deyil. Bəli, ümidlə qorxu əkiz doğulan dünya övladlarıdır. Biri digərini tamamlayır, biri digərinə səbəb olur. Ümid olmasa, qorxu, qorxu olmasa, ümid olmaz. Ümid, dünyadan qorxanların qalxanıdır. Belə məlum olur ki, dünya ilə mücadilə edənlər, əslində, dünya üçün mücadilə edənlərdir. Bu mənada axirət də dünyadır. Lakin məsələnin tərs üzündə yenə də belədir. Yenə də axirət, yəni əbədi həyat elə dünyadadır. Dünyanın cazibəsi bu deməkdir. Bu cazibədən fiziki olaraq qopanlara diqqət edin – bir raketin kosmosa qalxması, yəni Yerin cazibəsindən çıxması üçün nə qədər alov lazımdır! Yanan şey onun bədənidir. Kosmosa çıxan şey isə, bir balaca kabinə, yəni onun ruhudur. Bəli, Yerin cazibəsindən qurtulmaq üçün yanıb-yanıb bitmək lazımdır. Bədənin cismən ölməsi ruhun qurtulması demək deyil. Heç bir fiziki ölüm istəyərək olmur. Əbədiyyət üçün isə, istəyərək, yanaraq ölmək, yəni ölmədən ölmək lazımdır! Elə buna görə də "eşqin havası”, "eşqin suyu”, "eşqin torpağı” deməmişlər, "eşqin atəşi” demişlər. Bu atəş yerdə qalan (həm də məna aləmində "yerdə qalan”) üç ünsürü yandıracaq ki, özü də yanıb bitsin və dörd ünsürə ümid bağlayan dünyəvi həyat beşinci ünsürlə, yəni "eşq ünsürü” ilə əbədiyyətə qədəm bassın. "Abu atəş, xaku bad”dan xəlq edilən şey fani bədəndir. Əbədi bədən isə, dünyada xəlq edilməyib ki, dünyəvi ünsürlərdən təşəkkül tapsın. Əbədi bədən, yəni hər dəfə məzardan, yəni torpaq anadan girib, bətndən, yəni insan anadan çıxan bədəndir. Mahiyyətini davam etdirən, vəzifəsi elə həmin bu milyard illik dünyanın yaşı qədər olan əbədi insanın kamilliyi bu deməkdir. Milyard illərdir dünyadan heç bir şey anlamayan qafil, yəni qeyri-kamil insan hansı axirətə, hansı əbədi həyata ümid bağlayır, heç cürə anlamaq olmur. Bəli, mərhum Mirzə Əliağa Vahid çox sadə və çox düzgün deyirdi:
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,
Bir könül ki, eşq zövqün duymaya, qəmxanədir.
Sevgili, nazlı gözəllərdir baxırsan hər yana,
Bəs bu torpaq indi bir cənnət deyil, aya nədir?
Xüsusən də birinci misra, yəni varlığın eşq olmadan bir əfsanə olması, çox təsiredici kəlamdır. Həqiqətən də düşünüldüyü zaman, həm dünya, həm də axirət boş bir əfsanədən ibarətdir. Bu əfsanənin yeganə real süjeti eşqdir. İnsan yalnız sevdiyi zaman həqiqəti yaşayır. Qalan hər şeydə - dünyəvi olay və hislərdə də, arzu və ümidlərdə də böyük yalan və saxtakarlıq daşıyır. İnsanın dünyəvi ümidləri ilə üxrəvi arzularının heç bir fərqi yoxdur. Dünyada villa arzulamaqla, cənnətdə kökş arzulamağın ikisi də fanidir. Çünki, heç birində bu gün, bu dəm, bu anın yaşantısı yoxdur. Ümid anın qatili olduğu üçün çox xain bir duyğudur! Ümidlərini öldürən ölməz! Mövla demişkən, "dərdlərə hamilə qalan arzular” nə bitər, nə də yerinə yetər. Sadəcə, yeni-yeni dərdlər doğar, hər dərd isə, yeni ümidlərə pəncərə açar. Ariflər dünyadan ona görə əl çəkmədilər ki, axirəti qazansınlar. Zatən, axirəti qazanmaq istəyənlərin bu dünyadan əl çəkdiyini heç görmədik. İstək istəkdir – onun dünyası, axirəti olmaz. Ariflər dünyanı ona görə tərk etdilər ki, eşqi bulsunlar. Yalnız eşqdir həqiqi və nəfsdən yonulmamış əbədiyyətin kilidi! Bu mənada möminlərin cənnəti də elə dünyalarına bənzəyir. Çünki, dünyada ikən guya imtina etdikləri şeyi axirətdə əldə etmək istəyirlər. Belə cənnətdənsə, elə dünyada qalıb, dondan dona təbdil olaraq, əbədi bədənə sahib olmaq daha mənalıdır.
Fikir, onun bəyanı, icrası – bunların hamısı doğuluşdur, gerçəklikdir. Var olan bir şeyi inkar etmək, yox olan bir şeyi təsdiq etməklə düz mütənasibdir. Göz önündəki Tanrını görməyib, heç zaman görünməyəcək olan Tanrıya talib olmaq sadəcə axmaq bir zarafatdır. Çünki həmin o görünməz Tanrı da əlçatmaz bir ümiddir. Zatən, mən bu dünyada əlçatan bir ümid görmədim. Həmin ümid də elə həmin görünməz Tanrı kimi getdikcə gedir, uzaqlaşdıqca uzaqlaşır, görünməz olur, sadəcə və sadəcə insanı ələ salır, oynadır, vəssalam! Halbuki, gerçək Tanrı çox-çox yaxında və hətta gözümüzün giləsindədir. Ümidləri və arzuları tərk edib, əbədiyyətə qovuşmaq üçün eşqin ən ali sifəti olan gizliliyi və dərgah sirrini yaşadanlar həmin o dirilik suyunu içənlərdir. Fəqət, bu həqiqət hələ nə qədər gizli qalacaq, bilinməz. Bu an, bu dəm, bu hal isə, eşqi tələb edir. Bəli, məhz unutmadan, dayanmadan, zamana, saata, vəziyyətə, şəraitə tabe olmadan sevmək, xatırlamaq, o tükənməzliyin dadını çıxarmaqdır əsl səadət. Onsuz da insan beyni, insan qəlbi bir an olsun belə, bir toz dənəsi qədər olsun belə boş qalmır. Eşq olmasa, o boşluğu dünyəvi, nəfsani istəklər, arzular, ümidlər, dərdlər, qayğılar dolduracaq. Faydasız təlaşın yalançı "gerçəkliyi”ndənsə, faydalı axtarışın gerçəkçi "yalan”ı daha üstündür.
Həqiqət hardadır, haqqı batildən ayıran o görünməz qədər incə cizgi nədir? Bu suallara cavab vermək üçün sadəcə, yaşamaq, yanmaq və yox olub, əsl varlığa qovuşmaq lazımdır. Əgər bunlar da sadəcə söz yığınıdırsa, deməli, bu düşüncələrin özü də fanidir. Tanrı bizə yaşadıqlarımızı düşünməyi yox, düşündüklərimizi yaşamağı nəsib etsin! Çünki, düşünmək azadlıqdır, təyin edilməyən və idarə edilən taledir. Kamil insan, yaradanla yaranan arasındakı fərqi yox edib, vəhdəti məhz özündə nümayiş etdirən insandır – ümiddən əbədiyyətə keçən və əbədi yaşayan insan!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər