• cümə, 19 Aprel, 18:18
  • Baku Bakı 24°C

Ümid Yaxın Şərqdə gərginliyin artmasınadır...

07.11.13 10:04 1635
Ümid Yaxın Şərqdə gərginliyin artmasınadır...
Növbəti ilin büdcəsində xam neftin 1 bareli üçün 100 dollar qiymət götürülüb. Qeyd edək ki, bir ay öncə Dövlət Neft Fondu büdcədə neftin bir barelinin qiymətini 90 dollardan hesablamağa hazırlaşırdı. Bəs görərkən iqtisadçılar necə düşünür, Azərbaycan neftinin dünya bazarında qiymətinin 100 dollardan aşağı düşmə riski varmı? Neftin qiymətinin dəyişməsinə səbəb olan amillər kimi nələr nəzərdə tutulur?
100 dollarlıq səviyyəni məntiqi hesab etmək olar
İqtisadçı Elşən Bağırzadə bizimlə söhbətində bildirdi ki, dünya bazarında xam neftin qiyməti iqtisadi və qeyri-iqtisadi amillərin təsiri ilə formalaşır: “İqtisadi amillər arasında əsas nəzərə almalı olduğumuz qlobal iqtisadi artım, onun ölkə qrupları üzrə səviyyəsi və əsas mənbələridir. Qeyri-iqtisadi amillərin başında isə xam neft ixrac edən bölgələrdə baş verən siyasi, hərbi və sosial proseslər dayanır. Hər iki qrup amillərlə bağlı 2014-cü il üçün verilən qlobal proqnozları nəzərə aldıqda, xam neftin qiymətilə bağlı gələn ilki dövlət büdcəsində nəzərdə tutulan 100 dollarlıq səviyyəni məntiqi hesab etmək olar. Əslində xam neftin qiyməti ilə bağlı 2014-cü il üçün verilən müxtəlif qlobal proqnozlara da baxdığımızda, bu qiymətləndirmələrin nəticələrinin 100-110 dollar arasında dəyişdiyini görə bilərik”.
Risk elementləri
İqtisadçı millət vəkili Əli Məsimli mediaforum.az-a verdiyi açıqlamada neftin 1 barelinin büdcədə 100 dollardan götürülməsində risk elementinin olduğunu deyib: “ 2012-ci ildə Azərbaycan neftinin dünya bazarındakı qiyməti 114 dollar olub, bu il isə 110 dollar səviyyəsində olub. MDB-nin neft hasil edən digər ölkələrindən Rusiyada neftin bir barelinin qiyməti 93, Qazaxıstanda 90 dollar götürülübsə, Azərbaycanın proqnozlarında müəyyən risk elementi var”.
İqtisadçı Pərviz Heydərovun da fikrincə, neftin 1 barelinin büdcədə 100 dollardan götürülməsi risklidir: “Gələn ilin dövlət büdcəsində neftin qiymətinin yenə 100 ABŞ dolları miqdarında müəyyən edilməsi əslində, təəccüb doğurur. O səbəbdən ki, bu il neftin dünya bazarlarında qiyməti istənilən səviyyədə olmadı. Belə ki, AZERİ LT-ın qiyməti birinci yarımil ərzində azalmağa doğru getdi. Hətta vəziyyət o yerə gəlib çıxdı ki, hökumət açıqlama verdi ki, 1 barrel 100 dollardan götürüldüyünə görə qiymətin azalmasından qorxmağına dəyməz. 2013-cü ilin büdcəsində 1 barelin qiyməti keçənilki kimi 100 dollar götürülərkən isə qiymətlərin yüksək olacağı zənn edilmişdi. Düzdür, qiymətlər 100 dollardan aşağı düşmədi, amma istənilən səviyyədə də olmadı, yəni 100 dollardan çox da fərqlənmədi. Əslində bəzi siyasi hadisələr - Yaxın Şərqdə xüsusən də, Misir ilə Suriyada baş verən məlum hadisələr qiymətləri 100 dollardan aşağı düşməyə qoymadı. 2013-cü il üçün də neftin qiymətinin 100 dollar götürülməsi az da olsa risk sayıldığına görə bu ilin ortasında belə güman olunurdu ki, neftin gələn ilki dövlət büdcəsindəki qiyməti son illərdəkindən fərqli olaraq 100 dollardan aşağı götürüləcək. Neft Fondunun rəhbəri də açıqlamalarında bildirmişdi ki, 1 barel neft 90 dollardan hesablanacaq. Büdcə Milli Məclisə təqdim edilməmişdən əvvəl də hökumətdə belə bir fikir var idi ki, gələn ilin büdcəsində neftin qiyməti 90 dolar ətrafında götürülsün. Təəccüb doğurdu ki, yenə büdcədə 1 barel neft 100 dollar götürüldü”.
Yaxın Şərqdə sakitlik olsaydı...
Bunun riskli olduğunu deyən P.Heydərovun sözlərinə görə, siyasi amilləri nəzərə almasaq iqtisadi amillər dünya bazarlarında neft də daxil olmaqla, bir sıra xammal məhsullarına tələbatın azaldığını diktə edir: “ABŞ-ın aparıcı investisiya banklarından Goldman Sachs da ilin əvvəlində belə bəyanatla çıxış etmişdi. Odur ki, qiymətin 100 dollardan aşağı düşəcəyi istisna deyil. Ümumiyyətlə, neftin dünya bazarlarında qiyməti hər zaman nisbi xarakter daşıyır. Hesab edirəm ki, 1 barel Azərbaycan neftinin qiymətinin 100 dollardan aşağı düşməməsi üçün yeganə ümid ediləsi hal odur ki, neft ölkələrində hansısa siyasi hadisələr baş versin. Qeyd etdiyim kimi, əgər Yaxın Şərqdə sakitlik olsaydı, bu il neftin qiyməti 100 dollardan aşağı düşəcəkdi. Hansı ki, AZERİ LT növlü Azərbaycan nefti dünyada ən keyfiyyətli neft hesab edilir”.
Qeyd edək ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsində də 1 barel neftin qiyməti 100 dollar nəzərdə tutulmuşdu. Azərbaycan hökuməti hesab edir ki, bu qiymət dünya bazarının konyukturasını əks etdirir və risk törətmir.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər