• şənbə, 20 Aprel, 14:03
  • Baku Bakı 23°C

Möhtəşəm “üçlük”

26.09.13 09:35 1239
Möhtəşəm “üçlük”
Oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər müəyyənləşib. Namizədlərin qeydiyyat prosesi sentyabrın 27-də başa çatsa da, Mərkəzi Seçki Komissiyası artıq müraciət edənlərin hamısının qeydiyyat məsələsinə baxıb. Qeyd edək ki, 3 milyon 537 min 249 seçicinin olduğu Gürcüstanda hər namizədin seçicilərin 0,75 faizi, qədər yəni 26 min 530 imza toplaması lazımdır.
Namizədliyi irəli sürülmüş 54 namizəddən 23-ü bu mərhələni keçib. Bu sayda namizədlərin seçkidə iştirak hüququ qazanması Gürcüstanda prezident seçkiləri tarixində bir rekorddur. Bundan sonrakı 30 gün ərzində namizədlər təbliğat kampaniyası aparacaq. Prezidentliyə namizədlərdən yalnız 3-nün 10 faizdən artıq səs toplayacağı proqnozlaşdırılır. Söhbət baş nazir Bidzina İvanişvilinin lideri olduğu hakim “Gürcü Arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvili, prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasının namizədi, sabiq spiker və xarici işlər naziri David Bakradze və sabiq spiker, Demokratik Hərəkat-Birləşmiş Gürcüstan Partiyasının namizədi Nino Burcanadzedir. Siyasi ekspertlər hesab edirlər ki, Bidzina İvanişvili və Mixail Saakaşvili özləri seçkilərdə namizəd kimi iştirak etməsələr də, prezident seçkisi baş nazir və prezident arasındakı mübarizənin ikinci və ən önəmli mərhələsi sayılmalıdır. Prezident seçkilərinin nəticələri Mixail Saakaşvilinin siyasi gələcəyini də müəyyənləşdirəcək. Xarizması və təsirli nitqi olmamasına baxmayaraq, sorğu anketlərinə əsasən Bidzina İvanişvilinin namizədi Georgi Marqvelaşvilinin ən azı 30 faiz səs qazanacağı proqnozlaşdırılır. Mixail Saakaşvilinin adı ətrafında hər hansı qalmaqal yaşanmamış və çox etibar etdiyi David Bakradzenin isə hansı nəticəni göstərəcəyini proqnozlaşdırmaq çətindir. Bəzi müşahidəçilər onun ən çox səs toplayan ikinci namizəd belə olmayacağını proqnozlaşdırırlar. Həmin müşahidəçilər Nino Burcanadzenin seçkilərdə ikinci ən çox səs toplayan namizəd olacağını iddia edirlər. Rəy sorğularının nəticələrinə görə, qalibiyyət məhz bu “üçlük”dən bir nəfərə qismət olacaq. Gəlinən nəticə həm də ondan ibarətdir ki, seçkilərin qalibi birinci turda bəlli olmayacaq.
İvanişvilinin namizədi olan Georgi Marqvelaşvilinin son günlərə qədər finala çıxacağı heç kimdə şübhə doğurmurdu. Düzdür, o, indi də liderliyi əldə saxlayır. Lakin onunla sabiq spikerlər arasında fərq azala-azala gedir. Buna səbəb kimi iki fakt göstərilir. Birincisi, əhali arasında artıq “Gürcü arzusu”nun fəaliyyətindən narazılıq yaranmağa başlayıb. Parlament seçkiləri ərəfəsində verilən vədlərin heç biri yerinə yetməyib. Hakim koalisiyanın bir sıra yüksək rütbəliləri də özlərini elə də yaxşı aparmayıblar. Hətta onlar İvanişvili tərəfindən sərt tənqid olunmağa da imkan tapıblar. İkinci, İvanişvilinin seçkilərdən sonra hakimiyyəti tərk edib gedəcəyi də az əhəmiyyət kəsb etmir. Bu da əhalinin “Gürcü arzusu” koalisiyasına inamın azalmasına gətirib çıxarıb. Heç kimə sirr deyil ki, İvanişvili olmadan koalisiyanın parlament seçkilərində hər hansı bir qalibiyyətindən danışmağına dəyməzdi. Belə bir ümid var idi ki, “Gürcü arzusu” birillik müddətdə ortaya yeni liderlər qoyacaq. Bu da puç oldu. Baş nazir ilin sonuna kimi siyasəti tərk edib vətəndaş cəmiyyəti sektoruna qədəm qoyacağını bəyan edən kimi, bu, “Gürcü arzusu”nun sıralarında narahatçılıqlara səbəb ola bilər. Koalisiyanın regional qurumlarından artıq kütləvi şəkildə eks-spiker Nino Burcanadzeyə qoşulmalar başlayıb. Bu prosesi dayandırmaq da olardı. Lakin İvanişvilinin təkrarən bu məsələyə qayıtması “Gürcü arzusu” koalisiyasının Tbilisi rayonlarından birinin bütövlüklə Burcanadzeyə dəstək verməsinə gətirib çıxardı. Koalisiyanın prezidentliyə namizədi ilə bağlı vəziyyət o qədər gərginləşib ki, baş nazir Marqvelaşviliyə həddən artıq diqqət göstərməyə başladı. Onu ən layiqli namizəd adlandırıb və əlavə edib ki, koalisiyanın namizədi elə birinci turda qalib gələcək. “Marqvelaşviliyə səs verməklə bilin ki, mənə səs vermiş olursunuz” - deyə baş nazir vurğulayıb. Bəzi gürcü ekspertləri hesab edir ki, bununla koalisiyadan qopmaları azaltmaq mümkün olub. Hal-hazırda əsas diqqət Burcanadzeyə yönəlib. Populist çıxışları ilə nüfuz qazanan eks-spiker “mən Abxaziya və Cənubi Osetiyanı qaytarmağın yolunu bilirəm. Rusiya ilə tam şəkildə münasibətlər quracağam. İvanişvili vəd etdiyi ədaləti bərpa edə bilməz. Bunu mən edə bilərəm. Saakaşvili və onun dəstəsi isə həbsxana divarları arxasında olacaq. Gürcüstan amerikayönümlü olmamalıdır, ilk növbədə gürcüyönümlü olmalıdır” deyib. Lakin eks-spikerin bu cür radikallığı heç də hamını razı salmır. Cəmiyyətin bir hissəsi hələ də Burcanadze hakimiyyətdə olduğu dövrdə müxalifətin aksiyalarını necə yatırtdığını unutmayıb. Onun yalnız “Vahid Milli Birlik” üzvləri ilə münaqişədən sonra müxalifət sıralarına keçdiyini heç kim unutmayıb.
Marqvelaşvili və Burcanadze ilə müqayisədə Bakradzenin seçkiqabağı vəziyyəti daha stabil görünür. O, özünün kampaniyasının böyük bir hissəsini hakim partiyanın tənqidinə, onun seçkiqabağı vədlərini yerinə yetirməməsinə yönəldib. Bu işdə isə o, tək deyil. Ona prezident Mixail Saakaşvili sərt bəyanatları ilə əvəzsiz yardım göstərir. Eləcə də işini Burcanadzenin Rusiyayönümlü siyasət yeritməsi üzərində qurur. Çıxışların leytmotivi isə bəllidir: “Vahid Milli Birlik»dən başqa qüvvə Gürcüstanı fəlakətə aparıb çıxarmış olacaq. Lakin “milli”lərin yenidən hakimiyyətə dönüşü üçün zaman lazımdır. Sakaşvilinin partiyası ötən il çoxlu itkilərə məruz qalıb. Amma bununla belə prezident partiyanı qoruyub saxlamağa müvəffəq oldu. Bunun özü də böyük uğurdur. Gürcü ekspertləri hesab edir ki, onlar bu seçkidə əhəmiyyətli rol oynaya bilər. Məsələ orasındadır ki, onları Burcanadzenin qələbəsi heç bir halda qane etmir. Burcanadze keçmiş tərəfdaşlarını birdəfəlik siyasi səhnədən silmək istəyir. Bu səbəbdən də Saakaşvilinin tərəfdarları üçün Marqvelaşvilinin qələbə çalmağı daha məqsədəuyğundur. Çox güman ki, seçkilərin birinci turunda Bakradze sıradan çıxarsa, onda “milli”lər bütün resurslarını “Gürcü arzusu”nun namizədinin üzərinə cəmləyəcəklər. Gürcüstanın ekspert dairələrində belə bir fikir formalaşıb ki, Marqvelaşvili bir siyasətçi kimi Burcanadzedən çox zəifdir. Seçkilərin ikinci turu olarsa, onda hakim partiyanın ehtiyatlanmağı gərək olacaq. Belə ki, Burcanadzenin qalibiyyətində hakim komanda da maraqlı deyil. Belə ki, siyasi ambisiyaları güclü olan Burcanadze prezident seçiləcəyi təqdirdə səlahiyyətlərinin genişlənməsinə çalışa bilər.
Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki. Gürcüstanda seçki prosesi çox gərgin atmosferdə keçəcək. Parlament seçkilərindəki sürpriz nəticə prezident seçkilərində də gözlənilə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər