• cümə, 29 Mart, 17:49
  • Baku Bakı 14°C

Möhtəşəm futbol, əla təşkilatçılıq

31.05.19 18:20 490
Möhtəşəm futbol, əla təşkilatçılıq
Bakıda keçirilən Avropa Liqasının final oyunu dünya mediasının diqqət mərkəzindədir. Əksər media vasitələri final oyunun yüksək peşəkar səviyyəsində təşkil edildiyini, təhlükəsizlik təminatının lazımı səviyyədə olduğunu xüsusi vurğulayırlar. Məsələn, Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, "Çelsi” və "Arsenal”ın Avropa Liqasının finalında nümayiş etdirdikləri möhtəşəm oyun başlıca hadisələrindən biri oldu. "Oyundan sonra milyonlarla azarkeşin hesabı (oyun 4-1 "Çelsi”nin qələbəsi ilə başa çatıb) müzakirə etməsi və komandaların meydandakı fəaliyyəti görüşün təşkilatçılarının xidmətidir. Oyun yüksək səviyyədə keçirildi və tək stadion deyil, bütövlükdə Azərbaycan paytaxtı ilin ən əhəmiyyətli oyunlarından birinə tam hazır idi. Final oyunu ərəfəsində tənqidlər səslənsə də, həyat göstərdi ki, onlar əsassız olub. Avropa Liqasının Bakı finalı son 10 ildə tamaşaçı sayına görə üçüncü olub. Rəsmi məlumatlara görə, stadionda 51370 tamaşaçı olub. Britaniya paytaxtında oyun ərəfəsində Bakıda keçiriləcək oyuna qarşı əs informasiya kampaniyasının başladılmasına baxmayaraq, final oyununa xeyli sayda azarkeş baxmağa gəldi”, - deyə müəllif yazır. Daha sonra bildirilir ki, əvvəlcə belə bir məsuliyyətli oyununun keçirilməsi üçün Bakını seçən UEFA-nı tənqid etməyə başlamışdılar. Əsas müzakirə olunan məsələlərdən biri də Ermənistan yığmasının forvardı Henrix Mxitaryanın təhlükəsizlik baxımından Bakıya gəlməkdən imtina etməsi ilə bağlı oldu: "Eləcə də, Britaniya KİV-i iddia etməyə çalışırdı ki, şəhər tələbləri yerinə yetirmək iqtidarında deyil, azarkeşlər isə nəqliyyat problemi ilə üzləşəcəklər. Halbuki, çoxları unudurlar ki, Bakı bir neçə dəfə irimiqyaslı beynəlxalq idman tədbirlərinə – Birinci Avropa Oyunlarını, bədii gimnastika üzrə dünya və Avropa çempionatlarına, Formula 1-ə ev sahibliyi edib. UEFA prezidenti Aleksandr Çeferin israr edirdi ki, oyunların dünyada inkişaf etdirilməsi üçün yarışları tək tanınmış futbol paytaxtlarda deyil, əvvəllər belə oyunlar keçirilməyən paytaxtlarda da keçirilsin. "Açığını deyim ki, mən iradları başa düşmürəm və heç bir problem görmürəm”, - deyə UEFA rəhbəri bildirib. Fanatları gözoxşayan sürprizlər isə elə aeroportdaca gözləyirdi. Dövlət Sərhəd Xidmətinin əməkdaşları azarkeşlərə suvenir və güllər paylayırdılar. Qonaqların stadiona problemsiz gedib çıxmaları üçün pulsuz avtobuslar təşkil olunmuşdu. Dənizkənarı bulvarda isə azarkeşlər üçün festivallar təşkil olunmuşdu, müxtəlif yerlərdə böyük monitorlar quraşdırılmışdı. Təşkilatçılar hətta ingilis azarkeşlər arasında adi hal olan dava-dalaşların baş verməməsinə nail oldular”.
Məqalədə bildirilir ki, britaniyalı azarkeş Riçard Skeyls "Vestnik Kafkaz”aya açıqlamasında hər şeyin yaxşı təşkil olunduğunu bildirib. "Bütövlükdə atmosfer çox yaxşı idi. Bakı çox gözəl şəhərdir, hamı qonaqpərvərdir. Çox əla səyahət idi. Tək oyunun nəticəsi pis oldu”.
"Bakıda olduğum dörd gün ərzində paytaxtınızın möhtəşəmliyinin şahidi oldum. Burada möhtəşəm abı-hava hökm sürür. UEFA Avropa Liqasının finalı gözlədiyimiz kimi möhtəşəm keçdi”. Bu sözləri isə final günü Bakıya gələn kanadalı turist deyib. O söyləyib: "Azərbaycanla bağlı təəssüratlarımız çox yüksəkdir. Bir neçə gün də ölkənizdə qalıb istirahət etməyi planlaşdırırıq. Bakıda əsl futbol həyəcanı yaşandı. Sanki Bakı şəhərinin özü böyük bir futbol arenasına çevrilmişdi. Şəhərdə xoş abı-hava hökm sürür”.”, - deyə "Arsenal” azarkeşi bildirib.
Avstraliyalı azarkeş Devid Makkey isə "Eurasianet.org”a final oyunun Bakıda keçirilməsi ilə bağlı İngiltərədə həddən artıq səs-küy qaldırılmasının başa düşülən olmadığını bildirib. "Facebook”da yazdığı statusda Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts bildirib ki, "bu, çox gözəl oyun idi. Halal olsun təşkilatçılara ki, bizim iki klubumuz üçün belə oyun təşkil etdilər. Stadion və meydança dünya səviyyəsində idi”. Belə yüksək səviyyədə Avropa Liqasının finalının keçirilməsi Azərbaycan paytaxtının və bütövlükdə ölkənin inkişafında əhəmiyyətli bir mərhələ olacaq. Yaxın vaxtlarda təşkilatçılar Bakıda Avropa Liqasının final oyunun keçirilməsinin hansı təsirlər göstərdiyini qiymətləndirə biləcəklər və nəticələrin möhtəşəm olacağı təəccüb doğurmayacaq.
Öz növbəsində "Sovetski sport” qəzeti isə yazır ki, Bakıda futbol yox, futbol bayramı oldu. Qəzetin baş redaktoru Nikolay Yeremenko futbol atmosferi barədə təəssüratlarını bölüşüb. Bir ay ərazində Bakıda artıq ikinci dəfə olan baş redaktor bundan əvvəl bura bədii gimnastika və "Formula-1” yarışlarını izləmək üçün gəldiyini yazıb. O, idman yarışlarının keçirilməsi üzrə təşkilatçılığın yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb. "Lenta. Ru” saytında dərc olunan məqalədə də Bakı finalının yüksək səviyyədə təşkil olunduğundan bəhs edilib: "O ki qaldı erməni mənşəli futbolçu ilə bağlı yaradılan süni qalmaqala, qeyd edilir ki, hər hansı bir problem yoxdur. Bundan əvvəl bədii gimnastika üzrə yarışda erməni idmançılar Bakıda oldular. Və onların təhlükəsizliyi tam təmin olundu”.
"Arqumentı i faktı” isə "Yeni köhnə Bakı” başlıqlı məqaləsində Bakı şəhərinin əsrarəngiz gözəlliyindən yazıb. Köhnəliklə yeniliyin çulğalaşdığı vurğulanır. "Mən şəhərə turist gözü ilə nəzər saldım və bildirim ki, çox xoşuma gəldi”, - deyə müəllif yazır.
"İzvestisiya” qəzeti yazır ki, "Azərbaycan əməldə gözəl bir bayram təqdim etdi və onun tamı hələ uzun müddət Olimpiya stadionunda olan azarkeşlərin damağından getməyəcək. Bakı finalı həddən artıq maraqlı, ən əsası nəticəli oldu. Tamaşaçı sayına görə də, Bakı finalı ən yüksək nəticələrdən birinə nail oldu”.
"Moskovski komsomolets” qəzeti isə Yurgen Kloppun "Bakı Avropa Liqasının final oyununu keçirmək üçün uğurlu yer deyil” fikrini təkzib edir. "Mən bu yaxınlarda Bakıda olan biri kimi sizi əmin edə bilərəm - Bakı ən təhlükəsiz və ən qonaqpərvər bir şəhərdir. Burada hər hansı islam fanatizmindən söhbət gedə bilməz”, - deyə müəllif yazır.
İranın İRNA dövlət informasiya agentliyi də UEFA Avropa Liqasının final oyunun Bakda keçilməsi barədə yazıb. "Londonluların Bakıdakı coşqunluğu” başlıqlı yazıda "Çelsi” və "Arsenal”ın əbədi rəqiblər olduğu göstərilib. Diqqətə çatdırılıb ki, oyuna baxmaq üçün hər iki komandanın çoxsaylı azarkeşləri Bakıya gəliblər. Agentlik qeyd edir ki, Azərbaycan irimiqyaslı beynəlxalq idman tədbirlərini keçirmək təcrübəsinə malikdir. Final qarşılaşması Bakıdakı möhtəşəm Olimpiya Stadionunda oynanılıb.

Azər

banner

Oxşar Xəbərlər