• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Möhtəşəm Avroliqa finalından ÇL-in finalına doğru

04.06.19 18:51 626
Möhtəşəm Avroliqa finalından ÇL-in finalına doğru
Bakıda keçirilən UEFA Avropa Liqasının finalı hələ uzun müddət dillərdən düşməyəcək. Yüksək təşkilatçılığı ilə seçilən bu final həm oyunçuların, həm azarkeşlərin yaddaşında xoş xatirələrlə qalacaq. Artıq paytaxtımız böyük tədbirlərə ev sahibliyi edir. Bu sahədə ənənə formalaşmaqdadır. Təbii ki, bu məqamda hər kəsi bir sual maraqlandırır. Futbol azarkeşlərinin sevimli turniri sayılan Çempionlar Liqasının finalı paytaxtımızda keçirilə bilərmi?
"Xəzər” telekanalında idman departamentinin rəhbəri, "Futbol saatı” proqramının aparıcısı Sənan Abdullayev deyir ki, UEFA həssas bir qurumdur, onlar hər bir addımı atanda yüz yox, min ölçüb bir biçirlər. Çünki bütün riskləri minimuma endirmək istəyirlər: "Risk deyilərkən, ola biləcək bütün neqativlər göz qabağına gətirilir və bu amil, istisnasız, bütün ölkələrə aiddir. O cümlədən təşkilatçılıq və keyfiyyət baxımından da bəzi məqamlar xüsusi nəzərə alınır və daha sonra müvafiq qərar qəbul edilir. Əgər UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsinə icazə verirsə, bu o deməkdir ki, qurum uzun müddətdir Azərbaycanın ev sahibliyi etdiyi tədbirləri öz nəzərində saxlayır. Həmçinin, FİFA da bu məsələyə diqqət edir. Bildiyiniz kimi, Bakıda bundan əvvəl bir sıra beynəlxalq tədbirlər keçirilib. Həmçinin, bizim klublarımız ardıcıl olaraq Avropa və Çempionlar Liqasını qrup mərhələsində oynayıb. Yəni artıq Avropa klubları Azərbaycana gəlib. Onlar Bakıya gəldikləri zaman UEFA nümayəndələri də paytaxtımızda qonaq olub hər bir nüanslara diqqət edir, lazımi qeydlər aparılır. Görünən odur ki, bizim müsbət keyfiyyətlərimiz daha çox olub. Buna görə də, Avro Liqanın finalının Bakıda keçirilməsinə icazə verildi. Bu mənada deyə bilərik ki, Avropa Liqasının finalı Çempionlar Liqası finalı yolunda böyük bir addım, təcrübədir. UEFA-nın prezidentin Aleksandr Ceferi finaldan əvvəl və sonrakı açıqlamalarında bildirdi ki, Azərbaycan tərəfi UEFA-nın qoyduğu bütün tələbələri yerinə yetirib. Hətta Mxitaryanın Bakıya gəlməsinə biz, icazə verməyə bilərdik. Amma UEFA idmanı siyasətə qatmır. Biz əvvəldən öz mövqeyimizi bildirdik, əgər qarşımıza tələb qoyulursa, bunu yerinə yetirməyə hazır olduğumuzu bildirdik. İstər azarkeşlərin qəbul edilməsi, istərsə də vizanın verilməsi yüksək səviyyədə həyata keçirildi. Turistlər cəmi 40 saniyə ərzində vizasını əldə edə bildi. Azərbaycan bu sınaqdan alnıaçıq çıxmağı bacardı. Hesab edirəm ki, paytaxtımızın Çempionlar Liqasını da qəbul edəcək potensialı var. Avroliqanın finalı bizim üçün bir növ imtahan idi. Biz bu imtahandan "əla” qiymət almağı bacardıq. Hər hansı bir klubun nümayəndəsi bizdən şikayət edə bilməz. Təşkilati baxımdan Madridlə Bakını müqayisə etsək, hər şey bizdə yüksək səviyyədə idi. Yəni artıq Bakı Çempionlar Liqasının finalına tam hazırdır. Yaxın illər ərzində bu finala Bakının ev sahibliyi edəcəyinə əminəm”.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd etdi ki,Azərbaycan son beş ildə beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində böyük uğurlar qazanıb: "Ölkəmizin bu sahədə ildən-ilə daha çox təcrübə toplayır. Xüsusilə 2015-ci ildə Avropa Oyunları bizim üçün tramplin rolunu oynadı. Belə demək olarsa, artıq ölkəmizdə bu sahə üzrə yavaş-yavaş ənənə formalaşmaqdadır. Azərbaycanda yüksək səviyyədə təşkil edilən idman oyunları bütün dünyada məşhurdur. Müqayisə üçün son final oyununu göstərə bilərik. Madrid finalından fərqli olaraq Bakıda keçirilən Avropa Liqasının finalı öz keyfiyyəti ilə seçilirdi. Düşünürəm ki, Azərbaycan bundan sonra da bu ənənəni davam etdirməlidir. Bunun üçün kifayət qədər potensialımız və şəraitimiz var”.
Sabiq FİFA referisi, futbol eksperti Tahir Süleymanov bildirdi ki, Avropa Liqasının finalı sıradan bir oyun deyil. UEFA Çempionlar Liqası və Avroliqa finallarını keçirəcək şəhərləri öncədən müəyyənləşdirir: "Bu, təsadüfi deyil, tələblər çox yüksəkdir. Tək müasir, tutumlu stadion kifayət etmir. Təhlükəsizlik, ümumi infrastruktur, nəqliyyat, otel, futbola maraq və s. bağlı mütləq tələblər var. Ona görə, təşkilatçı ölkəyə, şəhərə, federasiyaya öncədən daha yaxşı hazırlaşmaq üçün vaxt verilir, bu müddət ərzində davamlı nəzarət, yoxlamalar aparılır. Oyunun keçirilməsi üçün birbaşa dövlətin təminatı, qarantı mütləqdir. Əks halda heç bir federasiya bu yükü daşıya bilməz. Dövlətin müvafiq strukturları cəlb edilmədən, finalın yüksək səviyyədə keçirilməsi sadəcə, mümkünsüzdür. Ona görə də, finalın keçirilməsi üzrə xüsusi komissiya formalaşdırılır və təşkilatçılığa tam məsuliyyət daşıyırlar.
Bakı finalına hazırlıq dövlət səviyyəsində yüksək səviyyədə aparıldı. Finalçılar müəyyənləşəndən sonra ölkəmizi, xalqımızı sevməyənlər, düşmən kimi yanaşanlar tərəfindən anti-kampaniya başladı. Ən əcaibi o idi ki, Londonun iki böyük klubundan biri "Çelsi" oyuna sakit hazırlaşdığı zaman, digəri, "Arsenal" düşmən virusunun təsiri altına düşərək narazılıq edir, bəyanatlar verirdi. Futbol böyük qüvvəyə malikdir və ictimai təsir qüvvəsi ilə heç bir idman növü ayaqlaşa bilməz. Məsələnin gərginliyini təhlil edən dövlətin müvafiq strukturları problemi zərgər dəqiqliyi ilə həll etdilər. Xırda bir səhv, açıqlama böyük fəsadlar yarada bilərdi. Diplomatlarımızın davamlı və qəti addımları, fikirləri bunun təsdiqi idi. Təhlükəsizlik tələblərini tam yerinə yetirən ölkə kimi əks tərəf hərtərəfli susduruldu. UEFA-nın da mövqeyi, qətiyyəti yerində idi. Bunu görən qorxaq erməni xisləti geri çəkildi, Bakıya gəlmədi. Avropa, dünya kimin haqlı olub-olmadığını əyani olaraq gördü.
Bütün təzyiqlərə baxmayaraq, təşkilatçı ölkə kimi Avroliqanın finalını yüksək səviyyədə təşkil etdik. Qarşıdan daha mötəbər yarış, Avro-2020 gəlir. Təcrübə qazanaraq təşkilatçılığın yerində olması ilə yanaşı, öz futbolumuzun da inkişafı mütləqdir. Azərbaycan futbolu, azarkeşlərimiz tək əcnəbilərin deyil, ilk olaraq millimizin, klublarımızın uğurlarına sevinməyə layiqdirlər, bunu haqq edirlər. Çempionlar Liqasının Bakıya verilməsi yaxın illərdə bir qədər çətin görünür. Azərbaycana qarşı anti-kampaniya öz işini görməklə yanaşı, əsas səbəblərdən biri Avroliqa finalında tribunaların tam dolmaması, 10 mindən çox yerin boş qalması ola bilər. UEFA belə məsələlərə həssas yanaşır və anşlaqın olmaması finala, imicə böyük zərbə vurur. Eyni zamanda BOS-un sırf futbol stadionu olmaması da şansları azaldır. Stadion tam dolsa belə, futbol aurası, möhtəşəmliyi, baxımlılığı hiss olunmur. Avro-2020-nin Bakıda keçiriləcək 4 qarşılaşması, mükəmməl təşkilatçılıq, tribunalarda möhtəşəm atmosfer, anşlaq bu məsələdə müəyyən dönüş yarada bilər”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər