Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib
Bakı Dövlət Universitetində
Almaniyanın Vürçburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa
Hüququ Magistr Proqramının növbəti məzunlarına "ikili diplom” verilməsinə həsr
olunmuş tədbir keçirilib. Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə
heyətinin də iştirak etdiyi görüşdə rektor, akademik Abel Məhərrəmov Avropanın
ən qədim ali təhsil ocaqlarından olan Vürçburq Universiteti ilə uğurlu
əməkdaşlıqdan bəhs edib. Bildirib ki, 2011-ci ildən BDU və Vürçburq
Universiteti arasında imzalanmış Memoranduma əsasən "Avropa hüququ”
ixtisaslaşması üzrə "ikili diplom” magistratura proqramı həyata keçirilir.
Bugünkü görüşün proqramın növbəti, 7-ci məzunlarına diplomların təqdim edilməsi
məqsədilə təşkil olunduğunu vurğulayan rektor, 2017-ci ildə 13 nəfər tələbənin bu proqram üzrə məzun
olduğunu qeyd edib. Rektor, eyni zamanda, Vürçburq
Universitetinin digər fakültələri ilə də əməkaşlıq əlaqələrinin
genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra professor Exard Paxe
proqramın həyata keçirilməsindəki dəstəklərinə görə universitet rəhbərliyinə,
Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevə, proqramın
koordinatoru, Hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadəyə təşəkkür edib, müəllim-tələbə
mübadiləsinə xidmət edən proqramın önəmindən bəhs edib. Məlum olub ki, 2017-ci
ilə qədər 23 nəfər hazırlayan proqram ingilis və alman dillərində aparılır və hazırda
20-dən çox tələbə "ikili diplom” almaq üçün təhsillərini davam etdirirlər.
Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim
edilib.
Qeyd edək ki, alman tərəfi proqramda iştirak edən
tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir,
almaniyalı professorlar BDU-da mühazirə oxuyurlar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi
Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilir.