• çərşənbə, 24 Aprel, 01:51
  • Baku Bakı 14°C

Məzunlar “Hippokrat” andı içdilər - Reportaj

01.07.16 12:17 5390
Məzunlar “Hippokrat” andı içdilər - Reportaj
"Ömrüm boyu həkim adını uca tutacaq, bu peşənin paklığını qoruyacağam. İşə başlayan andan bütün qüvvəmi, bilik və bacarığımı insanların sağlamlığının qorunmasına həsr edəcəyəm. Peşəm üzrə vicdanla çalışacaq, tibbi yardım göstərməyi özümə borc hesab edərək, bu işə həmişə hazır olacaq, xəstələrə və peşəmlə bağlı təmasda olduğum adamlara yüksək qayğı və diqqətlə yanaşacaq, həkim etikasına həyatım boyu əməl edəcək, həkim sirlərini qoruyacağam... Xalqımın və dövlətimin qarşısındakı məsuliyyət hissimi unutmayacaq, böyük Allahın, müqəddəs kitabların həkimdən tələb etdiyi şəfqət və mərhəməti insanlardan əsirgəməyəcəm!”
Bu, Azərbaycan Tibb Universitetinin (ATU) məzunlarının "Məzun Günü”ndə Gülüstan Sarayındakı təntənəli mərasimdə səsləndirdikləri anddır. 6 illik tibb təhsilini başa vurmaqla həkim adını alan məzunlar bu şərəfli peşəyə başlamaq üçün "Hippokrat” andı içdilər.
Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetini 962 nəfər məzun bitirir. Onlardan 71 nəfəri ATU-nun hərbi-tibb fakültəsininin məzunu, 83 nəfər isə əczaçıdır. Bu ilki məzunlar arasında 50 nəfər hərbi-feldşer də var. Məzunların 84 nəfəri xarici ölkə vətəndaşıdır. ATU-nu fərqlənmə diplomu ilə bitirən 10 nəfərdən 3-ü isə Prezident təqaüdçüsüdür.
Təntənəli mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev, ATU-nun rektoru, professor Gəray Gəraybəyli, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak edirdilər.
Nazir Oqtay Şirəliyev bu günün gələcəyin həkimlərinin yaddaşında gözəl gün kimi qalacağını dedi: "Həyatınızın ən yadda qalan dövrü - tələbəlik illəri bitir, özünüz seçdiyiniz sevimli sənətlə məşğul olmaq üçün sərbəst həyata addım atırsınız. Hər kəs üçün seçdiyi sənət, peşə maraqlıdır. Amma həkim diplomunu almaq daha məsuliyyətlidir. Çünki insanlar ən qiymətli nemətlərini - sağlamlıqlarını, çox vaxt həyatlarını həkimlərə etibar edirlər”.
O.Şirəliyev Azərbaycanda səhiyyə sahəsindəki problemlərə həmişə dövlət səviyyəsində böyük diqqət yetirildiyini xatırlatdı. Qeyd etdi ki, Azərbaycan Respublikasının prezidenti insanların sağlamlığının qorunmasını ölkəmiz üçün ən vacib prioritet məsələlərdən biri kimi müəyyən edib: "Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə yüzlərlə yeni xəstəxanalar, tibb müəssisələri, o cümlədən tədris binaları tikilib, bu müəssisələr unikal avadanlıqlarla təchiz olunub. Bu gün bizim həkimlər Avropada və digər ölkələrdə keçirilən müxtəlif simpoziumlarda, tədbirlərdə iştirak edirlər”.
Universitetin rektoru, professor Gəray Gəraybəyli bu əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini təbrik etdi. G.Gəraybəyli universitetin professor-müəllim heyəti adından gələcəyin həkimlərinə tutduqları bu müqəddəs peşə yolunda uğurlar arzuladı.
Məzun Günü simfonik orkestrin və tanınmış sənət adamlarının çıxışı ilə davam etdi. Eyni zamanda, ATU tələbləri də sənətçilərlə eyni səhnəni bölüşdülər. Hərbi fakültənin nümayəndələri vətənpərvərlik ruhunda mahnılar ifa etdilər. ATU tələbələrinin yaratdığı, öz rəngarəng çıxışları ilə hər kəsin rəğbətini və sevgisini qazanan "Çinar” rəqs ansamblı əməkdar artist Ənvər Sadıqovun müşayiəti ilə məharətini göstərdi.
Qatıldığımız gecədə ATU-nun məzunları arasında prezident təqaüdçüsü olan gənc birinci kursda təhsil alan tələbəyə həkim libasını və səhiyyəyə aid rəmzi atributları təqdim etdi.
Müalicə profilaktika fakültəsinin məzunu Gültap Xalıqlı öz təəssüratlarını bizimlə bölüşdü: "Tibb Universitetinə daxil olmağım ani bir qərarla baş verdi. Həkim olmaq mənim uşaqlıq arzularımdan deyildi. Ancaq indi özümü başqa bir sahədə təsəvvür edə bilmirəm. Tibb Universitetini oxumaq heç də asan deyil. Bizim təhsil sistemimiz digər universitetlərin sistemindən tamamilə fərlidir. Nə yaxşı ki, mən bu universitetin məzunu oldum. Bunun üçün özümü xoşbəxt hiss edirəm. Çünki hər son bir başlanğıcdır. İstədiyim kimi həkim olmağım üçün keçməli olduğum hələ çox imtahanlar, mərhələlər var. Özümə və bütün məzunlara bu yolda uğurlar arzulayıram. Bu, hələ təhsilimin qısa bir mərhələsi idi”.
Əczaçılıq fakültəsinin məzunu olan Qərənfil Muradlı isə deyir ki, təhsil aldığı 4 il müddətində həyatının ən böyük təcrübəsini yaşayıb: "4 ildir bu günü gözləyirdim. Seçdiyim ixtisasda özümü daha da inkişaf etdirmək istəyirəm. Qarşıma böyük hədəflər qoymuşam və o istiqamətdə uğurla addımlayıram. Bu işdə anam daima dəstəkçim olub”.
Pediatriya fakültəsinin məzunu Çinarə Namazova isə öz duyğularını belə ifadə etdi: "Bu 6 il o qədər fərqli və maraqlı keçdi ki... İllərin necə gəlib keçdiyindən xəbərimiz olmadı. Hər kəsə öz tələbə həyatı əzizdir. Ancaq mənə görə bu yol çox fərqli idi. Universitetə qəbul olanda düşündüm ki, artıq çətin günlərim geridə qaldı. Budur, çəkdiyim əziyyətin bəhrəsi ilə qarşı-qarşıyam. Ancaq nə biləydim ki, bu, sadəcə klassik bir tələbə düşüncəsi imiş. İlk dərsdən hələ iki il çəkdiyim əziyyətin qarşısında söhbəti belə getməyəcək altı illik çətin bir yoldan keçəcəyəm. Hər günümüz çətin və məşəqqətli keçirdi. Hər il universitetə başqa fikirlərlə yanaşırdım. Universitet mənə təkcə bilik deyil, böyük həyat dərsi keçdi, əsl dostlarımı, çevrəmdəki insanları tanıdım. İndi ilk vaxtlar əziyyət çəkdiyim dərslərdə hər gün anama zəng edib ağlamağım yadıma düşür. Hazırda isə məzun geyimimi geyib fəxrlə and içirəm. Etiraf edirəm ki, universitetə yeni başlayanda, dostlarımın əyləncəsini görəndə, onlara paxıllıq hissi ilə yanaşırdım. Düşünürdüm ki, mən dərs oxumağa məhkum olmuşam. Ancaq indi tamam başqa cür düşünürəm. Bir sözlə, mənə yaşatdığı hər şey üçün – biliklər, həyat dərsi üçün universitetimizə təşəkkür edirəm. Yeni tələbələrinə daha gözəl xatirələr yaşatmasını diləyirəm”.
Tələbələrin həyatında çox önəm daşıyan gecədə təkcə məzunlar həyəcanlı deyildilər. Məzunların valideynləri də ən azı onlar qədər həyəcanlı görünürdülər. Valideyn Gülqədəm Kişiyeva qızının xoş günündə öz hisslərini bizimlə bölüşdü: "Bu günü görmək ən böyük arzularımdan biri idi. Qızım 6 il idi ki, oxuyur, gecəsini-gündüzünə qatırdı. Bir valideyn olaraq hər zaman onu həkim kimi ağ xalatda görmək istəmişəm. Sağ olsun ki, mənim bu arzumu gerçəkləşdirdi. Qızımın timsalında bu il universiteti bitirən bütün məzunları təbrik edirəm. Tanrım hər bir valideynə belə xoş gün görməyi nəsib etsin”.
Tədbirin sonunda məzunlar musiqi sədaları altında rəqs edib, bir-birlərinin məzun libaslarına ürək sözlərini və arzularını yazdılar. Kimisi kövrəlir, kimisi də universiteti bitirdiyi üçün sevinirdi. Onlar bu özəl günü ölümsüzləşdirmək üçün xatirə şəkilləri çəkdirirdilər.
Biz də Azərbaycanın gənc həkimlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayır və onları içdikləri anda hər zaman sadiq olmağa çağırırıq.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər