• cümə, 29 Mart, 13:26
  • Baku Bakı 14°C

Meyvələrdən üç meyvə var

13.06.13 08:18 4967
Meyvələrdən üç meyvə var
Bazarlarda meyvələrin qiyməti “ceyran beli”nə çıxıb. Ötən illərə nisbətdə qiymətlər baha olduğuna görə, istehlakçıların əksəriyyəti qarın dolusu meyvə yemək imkanından məhrumdurlar. Bakıda metrostansiyaların yaxınlığında, həyətlərdə, bazarlarda və yarmarkalarda meyvə-tərəvəzin qiyməti ilə maraqlandıq
Ən aşağı qiymətlər aşağıdakı kimidir:
Qırmızı gilas - 4-6 AZN
Ağ gilas – 2.5-3 AZN
Gilənar – 2.2-3 AZN
Ərik – 3-4 AZN
Alça – 2.5-3.5 AZN
Çiyələk – 2.5-5 AZN
Onu da deyək ki, əgər əvvəllər xaricdən gətirilən meyvələr yerli məhsullardan daha baha qiymətə satılırdısa, bu il bunun əksinin şahidi oluruq. Xaricdən, məsələn, Türkiyədən gətirilən çiyələk 2.5 manatadırsa, Xaçmazın “viktoriya” sortu çiyələyini 4-5 manatdan aşağı qiymətə almaq mümkün deyil.
Qeyd edək ki, hər il meyvələr iyun ayında yuxarıda göstərdiyimiz rəqəmlərdən 2 dəfə ucuz satılırdı. Bahalığın səbəbini və nə vaxtadək davam edəcəyini öyrənmək üçün mütəxəssislərlə söhbətləşdik.
Əkinçilik İnstitutunun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Möhdəsin Əhmədov sualımıza misalla cavab verdi: “Keçən il rayonlarda əriyi yerindən 10-20 qəpiyə alan yox idi. Çünki meyvə çox idi. Amma bu il meyvə az olduğundan həm yerində, həm də bazarlarda bahadır. Çünki yazda ağacların çiçəkləmə dövründə birdən-birə yağışlar yağdı, temperatur kəskin surətdə aşağı düşdü. Bir həftə kifayətdir ki, soyuq hava və yağış ağacların mayalanma dövründə mayalanmanın qarşısını alsın. Aprelin sonu, mayın əvvəllərində yağış yağan vaxt ağaclara baxırdın, üstü çiçəklə dolu idi, amma mayalanma getmədiyindən əksəriyyəti bar gətirmədi”. Bir neçə gündür rayonlarda yağan yağışın tərəvəz üçün əlverişli olduğunu deyən M.Əhmədov artıq meyvə dövrünün keçdiyini bildirdi.
İqtisadçı Samir Əliyev də meyvə bahalığını havaların qeyri-sabit keçməsi ilə əlaqələndirdi: “Uzağa getməyək, bizdə həyət evi olduğuna görə hər il ağaclar meyvə gətirir. Amma bu il bizim həyətdəki meyvələrin də barı az oldu. Çiçək mövsümündə havaların birdən-birə isinib sonra yağış yağması, külək əsməsi ağacların çiçəklərini vurub tökdü və meyvənin inkişafına mənfi təsir göstərdi”.
S.Əliyev bu il müşahidə edilən meyvə qıtlığının qiymətlərə təsir etməsinin təbii olduğunu dedi: “Əgər xaricdən idxal məhsullarının miqdarı çoxalmasa, böyük həcmdə idxal malları bazara daxil olmasa, əvvəlki illərlə müqayisədə bu mövsüm qiymətlər baha olaraq qalacaq”.
Fermer Taryel Əbilov hər il bazara gilas çıxardığını, bu il isə ağaclarının həmişəkindən 2 dəfə az meyvə gətirdiyini bildirdi: “Ailəmi ilboyu albalı satmaqla dolandırıram. Bu il çiçək dövründə yağış çiçəkləri vurdu. Buna görə də meyvə az oldu. Mən də az olduğuna görə məcburam baha satam. Özü də əvvəllər gilası ucuz qiymətə birbaşa alverçilərə verirdimsə, bu il az olduğuna görə özüm 4 manata bazara çıxarıram”.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bizimyolinfo.com-a açıqlamasında xarici məhsulların yerli istehsala nisbətən ucuz olmasının səbəbinə aydınlıq gətirib. Mütəxəssis bunu aqrar sektora olan diqqətlə bağlayır: “Aqrar sektoru inkişaf etmiş ökələrdə bitkilərə xüsusi qulluq qaydası var, aqrotexniki qaydalara əməl edirlər. Torpağa lazımi həcmdə qida maddələri verirlər ki, bitki inkişaf etsin. Həşəratlara, xəstəliklərə qarşı mübarizə metodlarından səmərəli formada istifadə edirlər. Bu ölkələrdə fermerlər işlərini elə qurublar ki, hətta təbiət hadisələri məhsuldarlığa çox təsir göstərə bilmir. Azərbaycanda isə kiçik həcmli bir yağıntı təsərrüfatları alt-üst edir. Buna görə də mövsüm zamanı bazarlarda xarici məhsullar Azərbaycan məhsullarından ucuz başa gəlir”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər