• cümə, 29 Mart, 19:07
  • Baku Bakı 14°C

Meyvə-tərəvəzi necə ucuzlaşdırmaq olar?

30.06.16 11:04 4153
Meyvə-tərəvəzi necə ucuzlaşdırmaq olar?
Bu il bazarlarda kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvələrin qiymətləri "od tutub yanır” desək, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Keçən il də qiymətlərin bahalığından şikayət edənlər isə bu il keçən ilki qiymətlərə şükür edirlər. Təbii ki, qiymət artımına müxtəlif amillər səbəb olub. Burada əsas səbəb kimi yazın əvvəllərində və məhsul yetişən vaxt anomal keçən hava şəraiti göstərilir. Lakin qiymətlərin bu qədər baha olmasına səbəb kimi təkcə hava amilini göstərmək düzgün olmaz. Meyvə-tərəvəzin çoxu xarici bazarlarda satış üçün nəzərdə tutulub. Təbii ki, bu, müəyyən mənada müsbət addım kimi qəbul oluna bilər. Yüz minlərlə insan il ərzində min bir əziyyətə qatlanıb yetişdirdiyi məhsulunu xarici bazarlarda, xüsusən Rusiya bazarlarında yaxşı qiymətə satır. Amma yerli bazarlarda vəziyyət heç də qənaətbəxş deyil. Bəs görəsən bu problemin aradan qaldırılması üçün hökumət hansı addımları atılmalıdır? Nə etmək lazımdır ki, daxili bazarda da qiymət alıcının cibinə uyğun olsun?
İqtisadçı ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında qeyd etdi ki, sözügedən məsələyə bir neçə prizmadan yanaşmaq lazımdır: "Əvvəla, qiymətlər əvvəlki kimi ola bilməz. Yəni əgər kimsə bu ilki istehlak qiymətlərini əvvəlki illərdəki qiymətlərlə müqayisə etməyə çalışırsa, devalvasiyaları nəzərə almalıdır. Digər tərəfdən, onu da nəzərə almalıyıq ki, qeyd etdiyimiz elə həmin devalvasiyaların bir məqsədi də yerli istehsalın ixrac imkanlarını artırmaq idi. Üçüncü məqam isə məhsuldarlıq məsələsidir. Bu il müvafiq iqtisadi şərait dəyişsə də, istehsal və tədarük amilləri buna tam hesablanmayıb”.
İqtisadçının sözlərinə görə, ona görə də biz bazarda indiki vəziyyəti müşahidə etməli oluruq: "Ümumiyyətlə, bu il istehlak qiymətləri indeksi yüksək olacaq. Bu tendensiya yalnız növbəti ildə səngiyəcək. Hələlik isə mövcud qiymətlərə uyğunlaşma prosesi getməlidir. Ölkədə ümumən kənd təsərrüfatı məhsulları istehsalı və tədarükü stimullaşmalıdır ki, bazar tarazlıq əldə etsin”.
Marketinq və satış üzrə ekspert Arzu Qafarlı da mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Bununla bağlı bu yaxınlarda kiçik bir araşdırma etmişdim. Araşdırma zamanı həqiqətən də bu il ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətlərinin ötən illərə nisbətən xeyli baha olduğunun şahidi oldum. Qiymətlərin baha olmasına gəldikdə isə bəzi səbəblərin adını qeyd etmək istərdim. Düzdür, bu il havanın anomal keçməsi məhsul qıtlığına səbəb olub. Məhz bu baxımdan da məhsulun az, tələbatın çox olması qiymətlərin bahalaşmasına təsir göstərib. İkinci bir tərəfdən isə Rusiya-Türkiyə münasibətlərində yaşanan gərginlik də qiymət artımında mühüm rol oynayan amillər sırasındadır. Gərgin münasibətlər Türkiyə məhsullarının Rusiyaya ixrac olunmamasına gətirib çıxardı. Bu proselərin gedişində Rusiyaya meyvə-tərəvəz ixracını demək olar ki, Azərbaycan etdi. Bu isə öz növbəsində daxili bazarda məhsulun az olması və qiymətlərin artması ilə nəticələndi. Amma Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması bizim də bazarlarda qiymətlərə təsir edəcək. Hesab edirəm ki, qısa bir zaman ərzində qiymətlər yenidən ucuzlaşacaq”.
A.Qafarlı qeyd etdi ki, bu kimi problemləri aradan qaldırmaq üçün balanslı şəkildə işləmək lazımdır: "Bazarlara və məhsulu öz yerindən satanlara ciddi çəkildə nəzarət edilməlidir. Meyvə-tərəvəz indi təkcə bazarlarda satılmır. Böyük supermarket şəbəkələrində də biz bu məhsulların satışının həyata keçirildiyinin şahidiyik. Məhsul az olanda isə onların da payına az məhsul satışı düşür. Buna görə də marketlər çarəsiz qalıb daha çox xeyir qazanmaq üçün qiymətləri süni şəkildə qaldırırlar. Hal-hazırda meyvə-tərəvəzi hər bazar, hər obyekt müxtəlif qiymətə satır. Məsələn, bir bazarda əriyin bir kilosu 4-5 manat, digərlərində isə 6 manatdır. Böyük supermarket şəbəkələrində və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən digər obyektlərdə isə qiymətlər tamamilə fərqlidir. Süni qiymət artımının qarşısını almaq üçün ilk növbədə məhsulu ilk satan şəxslərə, obyektlərə dövlət tərəfindən güclü nəzarət olunmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər