MEYMUNUN MACƏRALARI
Bir cənub şəhərində zoopark var idi. Bir pələng, iki timsah, zebr,
dəvəquşu və bir meymun və ya sadəcə əntərin yaşadığı kiçik bir zoopark. Bir də
əlbəttə ki, müxtəlif xırda canlılar - quşlar, balıqlar, qurbağalar və kiçik,
əhəmiyyətsiz varlıqlar.
Müharibənin əvvəllərində
faşistlər bu şəhəri
bombaladıqları zaman, bombalardan biri düz zooparka düşdü. Orada bomba
öz qulaqbatırıcı gurultusu ilə partlayaraq bütün heyvanların marağına səbəb
oldu.
Nəticədə üç ilan, bir də təəssüf ki, dəvəquşu öldü - bunlar bəlkə də
ağır hal hesab olunmurdu.
Digər heyvanlar zədə almadan, sadəcə qorxdular.
Hamıdan çox meymun qorxmuşdu. Onun qəfəsi bombanın təzyiqinə
dözməyərək aşmışdı. Yan divar uçulmuş və meymun qəfəsdən birbaşa bağ yoluna
yıxılmışdı.
O, cığıra yıxılmışdı, amma hərbi əməliyyatlara adət etmiş insanlardan
fərqli olaraq hərəkətsiz uzanıb qalmadı. Əksinə. Həmin anda ağaca dırmandı.
Ordan hasara tullandı, hasardan küçəyə. Sonra da yanğından qaçar kimi əkildi.
Qaçır və yəqin düşünürdü: "Yooox, əgər bura bomba atırlarsa, mən
bununla razılaşmıram”. Yaxşı ki, şəhərin
küçələri ilə qaçmağa gücü vardı və o qədər cəld qaçırdı ki, sanki arxasınca
itlər düşüb.
O, bütün şəhər boyu qaçdı. Şosse yola çatdı. Yol ilə qaçaraq şəhərdən
uzaqlaşmağa başladı. Meymundu da. İnsan deyil axı. Heç nəyin fərqində deyil.
Düşünür ki, bu şəhərdə qalmağın mənası yoxdu.
Qaçdı, qaçdı, yoruldu və lap taqətdən düşdü. Ağaca dırmaşdı. Özünə
gəlmək üçün milçək yedi. Bir-iki dənə də qurd. Və elə əyləşdiyi budaqdaca
yuxuya getdi.
Bu zaman yolla hərbi maşın gedirdi. Sürücü ağacda meymun gördü.
Təəccübləndi. Sakitcə, xəlvətcə yaxınlaşdı. Onu öz şineli ilə örtərək maşına
gətirdi. Düşündü: "Ən yaxşısı, onu tanışlarımdan birinə hədiyyə verim, yoxsa
burada aclıqdan, soyuqdan və hərbi vəziyyətin digər məhrumiyyətlərindən həlak
olacaq”. Beləliklə, meymunla birgə yola düşdü.
O, Borisov şəhərinə gəldi. Hərbi işlərinin arxasınca getməli idi.
Gedərkən əntəri maşında saxlayaraq dedi:
- Əzizim, məni burda gözlə, indi qayıdıram.
Amma əntər gözləmədi. O, sınıq şüşədən çıxıb özü üçün küçədə gəzməyə getdi.
Budur, küçə ilə gəzərkən
quyruğunu qaldıran, sevimli görünüşlü
meymun gedir. İnsanlar əlbəttə ki, təəccüblənir, onu tutmaq istəyirdi.
Amma onu tutmaq heç də asan deyil. O, cəlddir, çevikdir, tez qaçır.
Beləliklə, onu tuta bilmədilər, sadəcə olaraq hədər yerə qovaraq
incitdilər.
O, əziyyət çəkdi, yoruldu və əlbəttə ki, acmağa başladı.
Amma şəhərdə o, harada yemək tapsın? Küçələrdə yeməli heç nə gözə
dəymir. Quyruqlu məxluq yeməkxanaya necə daxil ola bilər? Ya da kooperativə.
Üstəlik nə pulu, nə endirim kartı, nə də ərzaq kartı var. Dəhşət.
Lakin, o, kooperativlərdən birinə getməli oldu. Hiss edirdi ki, orda
yeməli nəsə var. Orada isə tərəvəz satılırdı - yerkökü, kələm, xiyar.
Özünü bu mağazaya saldı. Böyük
növbə var idi. Yox, o, növbəyə dayanmadı. İnsanları itələmədi ki, piştaxtaya yaxınlaşa bilsin. O,
birbaşa alıcıların başı üzərindən satıcıya doğru qaçdı. Piştaxtanın üstünə
sıçradı. Yerkökünün qiymətini soruşmadan,
bir dəstə yerkökü götürdü. Öz alış-verişindən razı halda mağazadan
qaçdı. Meymundu da. Heç nəyin fərqində deyil. Ərzaq olmadan yaşamaqda məna
görmür.
Əlbəttə ki, mağazada səs-küy qalxdı,
qarışıqlıq yarandı. Camaat qışqırışdı. Tərəzidə kələm çəkən satıcı bu
gözlənilməz hadisədən az qala huşunu itirəcəkdi. Əlbəttə ki, əgər yanında adi, normal alıcı əvəzinə, nəsə
tüklü, quyruqlu canlı tullanırsa qorxmalısan. Üstəlik pulu da ödəmir.
Camaat meymunun arxasınca küçəyə atıldı. O, isə qaçır və gedə-gedə
yerkökü çeynəyərək yeyirdi. Heç nəyin fərqində deyildi.
Hər kəsdən irəlidə balaca oğlan uşaqları qaçır. Onların ardınca
böyüklər. Ən geridə isə milisioner qaçır
və fit verirdi.
Birdən gözlənilmədən, ortaya köpək çıxdı. O da bizim əntərin ardınca
qaçmağa başladı. Özü də elə həyasızdı ki, təkcə hürməklə kifayətlənmir, həm də
meymunu dişləri ilə tutmağa can atırdı.
Bizim əntər sürətli qaçırdı. Qaçır və yəqin ki, düşünürdü: "Eh...
Nahaqdan zooparkı tərk etdim. Qəfəsdə rahat nəfəs alırdım, ilk fürsətdə geri
qayıdacağam”.
O, gücü çatdığı qədər qaçır, köpək isə təslim olmurdu və artıq onu
tutmaq üzrə idi.
Bu zaman bizim meymun önünə çıxan darvazaya dırmandı. Köpək əntəri
tutmaq üçün tullananda meymun bütün gücünü toplayaraq onu burnundan vurdu. Özü
də elə möhkəm vurdu ki, köpək zingildədi
və burnu sınmış halda evə tərəf qaçdı. Yəqin düşünürdü: "Yox, vətəndaşlar,
yaxşı olar ki, mən sizə meymun tutmaq üçün
bu cür xoşagəlməz vəziyyətlərə düşməkdənsə evdə sakitcə uzanım”.
Kəsəsi, köpək qaçdı, bizim meymun isə hasardan həyətə tullandı.
Həyətdə isə bu zaman Alyoşa Popov adlı yeniyetmə bir oğlan odun
doğrayırdı.
Odun doğradığı zaman birdən meymunu gördü. O, meymunları çox sevirdi.
Bütün ömrü boyu da bu cür meymunu olmasını arzulayırdı. Birdən-birə budur,
meymun özü gəlib...
Alyoşa pencəyini soyunub
pilləkənin küncündə gizlənmiş əntəri tutdu.
Onu evə gətirdi, yedirdi, çay içirdi. Meymun olduqca məmnun idi. Amma
tam yox. Çünki Alyoşanın nənəsi onu görən kimi bəyənmədi. O, əntərin üstünə
qışqırdı, hətta pəncəsindən vurmaq istədi. Səbəb isə çay içilən zaman nənə öz
dişlədiyi konfeti nəlbəkiyə qoymuşdu. Meymunsa həmin konfeti götürərək öz
ağzına qoydu. Meymundur da. İnsan deyil axı. İnsan nəyi isə götürmək istəsə, bunu nənənin gözü
qarşısında etməzdi. Bu isə nənənin lap yanında... Əlbəttə ki, az qala onu ağlamaq vəziyyətinə
çatdırdı.
Nənə dedi:
- Ümumiyyətlə, bu olduqca xoşagəlməz haldır ki, evdə quyruqlu makaka
(meymun növü) yaşayır. O, məni eybəcər görünüşü ilə qorxudacaq. Qaranlıqda
üstümə tullanacaq. Konfetlərimi yeyəcək. Yox, mən qəti surətdə meymunla eyni
evdə yaşamaqdan imtina edirəm. İkimizdən birimizzooparkda yaşamlıyıq. İndi mən ora köçməliyəm? Yox, yaxşısı budur,
meymun getsin. Mən isə öz mənzilimdə yaşamağa davam edərəm.
Alyoşa nənəyə dedi:
- Yox, nənəcan, sizin zooparka köçməyinizə ehtiyat yoxdu. Sizi əmin
edirəm ki, əntər bir də sizin heç nəyinizi yeməyəcək. Mən onu insan kimi
tərbiyələndirəcəyəm. Onu qaşıqla yeməyə, çayı stəkanla içməyi öyrədərəm. O ki
qaldı tullanmağına ona tavandakı lampaya dırmaşmağa qadağa edə bilmərəm axı. Ordan əlbəttə, sizin
başınıza tullana bilər. Amma əsas odur ki, qorxmayasınız. Çünki, bu, sadəcə
olaraq Afrikada tullanmağa və sıçramağa
öyrəşmiş günahsız meymundur.
Ertəsi gün Alyoşa məktəbə gedərkən, nənədən meymuna nəzarət etməyi xahiş
etdi. Amma nənə ona fikir vermədi. Düşündü: "Yox bir mən hansısa bədheybətə
nəzarət edim”. Bu düşüncələr içərisində
də nənə qəsdən kresloda yuxuladı.
Bizim meymun bu zaman küçəyə açılan nəfəslikdən çıxdı. Məlum deyil -
o, bəlkə də gəzişmək istəyirdi, ya da yenə özünə nəsə almaq üçün mağazaya baş
çəkmək. Əlbəttə ki pul ödəmədən.
Küçədə isə bu zaman bir qoca kişi keçirdi - əlil Qavriliç. O, hamama
gedirdi, əlində isə sabun və paltar olan balaca səbət aparırdı.
Meymunu gördükdə əvvəlcə gözlərinə inanmadı. Düşündü, ola bilər ona
elə gəlir, çünki az əvvəl bir parç pivə
içmişdi.
O, təəccüblə meymuna baxırdı, meymun da ona. Meymun bəlkə də
düşünürdü: "Bu əlində səbət olan müqəvva kimdi, görəsən?”
Nəhayət, Qavriliç bunun xəyal yox, həqiqi meymun olduğunu anladı.
Düşündü: "Gəl, onu tutum, sabah bazara aparıb yüz rubla sataram. Həmin pula on
parç pivə içərəm”. Bu düşüncələr içərisində Qavriliç meymunu "Kıs, kıs, kıs
bura gəl” deyərək tutmağa çalışdı.
Yox, o bilirdi ki, bu pişik deyil. Amma onunla hansı dildə danışacağını
bilmirdi. Nəhayət dərk etdi ki, bu, heyvanlar aləminin ən ali məxluqudur. Bu
zaman cibindən qənd parçası çıxarıb onu meymuna göstərdi, təzim edərək dedi:
- Gözəl əntər, qənd yemək istərdinmi?
O da deyir: "Əlbəttə, istəyirəm”... O, ümumiyyətl,ə heç nə demədi,
çünki danışa bilmir. O, sadəcə yaxınlaşdı, qəndi götürdü və yeməyə başladı.
Qavrilıç onu götürüb səbətə qoydu. Səbətin içi isti və rahat idi.
Bizim meymun ordan çıxmağa heç cəhd göstərmədi. Bəlkə də düşünürdü: "Qoy bu qoca
kötük məni səbətində daşısın. Bu, çox maraqlıdı”.
Əvvəlcə Qavrilıç onu evə aparmaq istədi. Sonra bu fikrindən daşındı
və meymunla hamama getdi. Düşündü: "Onunla hamama getməyim yaxşı oldu, onu
çimizdirərəm. O, təmiz və gözəl olar. Boğazına bant bağlayaram. Bu zaman
bazarda daha da baha satmaq olar”.
Beləliklə o, öz əntəri ilə hamama gəlib yuyunmağa başladı.
Hamamda isə olduqca isti idi - lap Afrikadakı kimi. Bizim əntər də bu
cür isti atmosferdən olduqca razı idi. Amma tam yox. Çünki, Qavriliç onu
sabunladı və sabun ağzına doldu. Əlbəttə, bu dadlı deyildi, amma qışqırmaq,
cırmaqlamaq və yuyunmaqdan imtina edəcək qədər deyil. Beləcə, bizim əntər
tüpürdü, bu zaman sabun onun gözlərinə töküldü. Bu dəfə əntər tamamilə əsəbiləşdi.
O, Qavriliçin barmağını dişlədi və alovdan qaçar kimi əlindən çıxaraq hamamı
tərk etdi.
O, insanların paltarlarını dəyişdiyi otağa daxil oldu və orada hamını
qorxutdu. Heç kim bunun meymunu olduğunu bilmədi. Sadəcə yumru, ağ köpüyə
bürünmüş nəsə əvvəlcə divana tullandı. Sonra sobaya. Sobadan qutuya. Qutudan
kiminsə başına və yenə sobaya.
Bəzi müştərilər qışqıraraq hamamdan qaçmalı oldular. Bizim meymun da
qaçdı və pilləkənlə aşağı endi.
Orada aşağıda isə balaca pəncərəsi olan kassa yerləşirdi. Meymun bu
pəncərəyə tullandı. Düşünürdü ki, orada rahat olar. Ən əsası isə bu cür təlaş
və qələbəlik olmayacaq. Kassada gonbul kassir qadın əyləşmişdi. O, ah ötürərək,
çığırdı və qışqıraraq kassadan qaçıb çıxdı:
- Qarovul! Deyəsən, mənim kassama bomba düşdü. Mənə valeryan tapın.
Bizim əntər bu qışqırıqlardan cana doymuşdu. O, kassadan çıxaraq küçə
ilə qaçmağa başladı.
Budur o, sabun köpüyünə bürünmüş halda küçə ilə qaçır. Arxasınca yenə adamlar yüyürür. Ən qabaqda oğlan
uşaqları. Onların arxasınca böyüklər. Böyüklərin arxasınca milisioner.
Milisionerin ardınca isə yarıçılpaq vəziyyətdə, çəkmələri əlində bizim qoca
Qavriliç.
Bu vaxt dünən arxasınca qaçan köpək yenə ortaya çıxdı.
Amma köpək bu dəfə onun ardınca qaçmadı. Köpək sadəcə qaçan meymuna
baxdı, burnunda möhkəm ağrı hiss edərək, geriyə baxmadan qaçıb getdi.
Bizim Alyoşa Popov isə məktəbdən qayıdan zaman evdə sevimli meymununu
tapmadı. O, çox kədərləndi. Hətta gözləri doldu. Düşündü, artıq heç zaman öz
ağıllı, gözəl meymununu görə bilməyəcək.
Beləliklə, kədər və darıxmaqdan qurtulmaq üçün küçəyə çıxdı. Küçədə
kədərli halda gəzişərkən, birdən adamların qaçdığını gördü. Yox, əvvəlcə
düşünmədi ki, onlar meymunun ardınca qaçır. Düşündü ki, bu qaçış yəqin hava
həyəcanı səbəbindəndir. Birdən öz meymununu gördü - bütün su içində, sabunlu.
Ona tərəf atıldı. Heç kimə verməmək üçün, meymunu qucağına götürüb sinəsinə tərəf sıxdı.
Bu zaman qaçanlar dayanaraq oğlanı əhatəyə aldılar.
İzdiham arasından bizim qoca Qavriliç çıxdı və dişlənmiş barmağını
hər kəsə göstərərək dedi:
- Vətəndaşlar, bu oğlanın mənim sabah bazarda satacağım meymunumu
götürməyinə izn verməyin. Bu, mənim şəxsi meymunumdu, əl barmağımı da dişləyib.
Hər kəs mənim şişmiş barmağıma baxsın. Bu, mənim dediklərimin sübutudur.
Alyoşa Popov dedi:
- Yox, bu mənim meymunumdu. Görürsünüz, necə həvəslə qucağıma gəldi.
Bu da mənim həqiqəti söyləməyimin sübutudur.
Bu zaman izdiham arasından daha bir nəfər – meymunu öz maşınında
gətirən həmin sürücü çıxdı. O, dedi:
- Yox, hörmətli insanlar, bu sizin heç birinizin meymunu
deyil. Bu mənim meymunumdu, çünki onu şəhərə mən gətirmişəm. İndi yenə öz hərbi
hissəmə qayıdıram. Meymunu isə onu içki
xatirinə insafsızcasına bazarda satmaq istəyənə yox, sevgi, nəvazişlə əllərində
saxlayana hədiyyə edirəm. Meymun oğlana məxsusdur.
Bütün camaat əl çaldı. Alyoşa Popov xoşbəxtlikdən parlayaraq meymunu daha
möhkəm qucaqladı və təntənəli şəkildə evə gətirdi.
Qavriliç isə dişlək barmağı ilə hamama yuyunmağa getdi.
O zamandan meymun Alyoşa Popovla yaşadı.
O, indi də orda yaşayır. Bu yaxınlarda Borisov şəhərinə getmişdim. Meymunun orda necə yaşadığını görmək üçün
qəsdən Alyoşagilə baş çəkdim. Əla yaşayır. Heç yerə qaçmır. Sözəbaxan olub.
Burnunu yaylıqla silir. Heç kimin konfetini götürmür. Nənə də çox razıdır, ona
acıqlanmır və artıq heyvanat bağına köçmək istəmir.
Mən Alyoşanın otağına girəndə meymun kinodakı kassir qadın kimi ciddi
görkəmdə stol arxasında əyləşərək çay qaşığı ilə düyü sıyığı yeyirdi.
Alyoşa dedi:
- Mən onu insan kimi tərbiyələndirirəm və indi bütün uşaqlar, hətta
bəzi böyüklər də ondan nümunə götürə bilər.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül