“Meydanda tək idim...” - Unudulmuşlar - Fotolar
İncəsənət hərdən
çox vəfasız olur. Göz görməyincə könül sevmir, unudur... Sizə təqdim etdiyimiz
"Unudulmuşlar” adlı yeni layihənin qonaqları kimi. Halbuki, onlar zamanında bu
sənətdə külüng çalıblar, can qoyublar. Teatr, kino sənətində sözlərini
deyiblər, ancaq bu gün sənətdən küsüblər. Çünki bu sənət onları sevgisiz qoyub,
küsdürüb.
Rubrikamızın ilk
qonağı bir zamanlar Akademik Milli Dram Teatrının, YUĞ Teatrının sevilən,
dəyərli aktrisası Afət Sudur. Afət xanım Azərbaycan teatrının səhnəsində
N.Gəncəvinin "Sirlər xəzinəsi”,
A.P.Çexovun "Sentimental vals”,
K.Abdullanın "Bir-iki
bizimki”, R.Rövşənin "Gəl gedək”,
Ekzüperinin "Balaca şahzadə”, R.Rövşənin "Gündogan”, Füzulinin "Şəbi–hicran” əsərlərinin
tamaşalarında müxtəlif obrazlarla yaddaşlara həkk olub.
Afət xanım hazırda
peşəkar yoqa mütəxəssisidir. Maraqlı yazıların müəllifidir. Həm də saz
ifaçısıdır. Hər dəfə onu araşdıranda, yeni bir tərəfini kəşf edirəm.
Müsahibələrini, yazılarını, təhlillərini oxuduqca, sanki onu daha yaxından
tanıyıram. Ancaq bu gün biz Afət xanımı nə seriallarda, nə filmlərdə, nə də
teatr səhnələrində görə bilirik. Səbəbini isə özündən soruşaq.
- Afət
xanım, istərdik ilk olaraq sizi incəsənətə gətirən yoldan danışaq.
- İncəsənəti sevməmək mümkün deyildi. Bu elə gözəl sahədir
ki, gərək onu doğuluşdan sevəsən. Zərrə-zərrə, qram-qram. Bu sənətə sevgim gizlin-gizlin
qığılcımlanırdı. Fikirləşirdim ki, ötəri bir hissdir, keçər. Amma keçmədi. Ələsgər
Paşayev adında çox zəngin intellektə malik müəllim var idi. Məktəbimizdəki
dərnəkdə onunla gözəl tamaşalar və pyeslər üzərində işləyirdik. Əlamətdar günlərdə
tədbirlər hazırlayırdıq. Həmin tədbirlərin ən fəal iştirakçılarından idim.
Müəllimim də fikirləşirdi ki, gələcəkdə ədəbiyyat üzrə dil mütəxəssisi olacam.
Çünki nitq qabiliyyətim çox yaxşı idi. Ancaq atam elə düşünmürdü. O, çox ciddi biri
idi. Mən maddi və mənəvi zənginliyi olan ailədə böyümüşəm. Atamın kəskin qərarları
vardı. Evin sonbeşiyi və ərköyün qızı olduğum üçün fikirlərimi sərbəst şəkildə atama
ifadə edə bilirdim. O mənə silahdan atəş açmağı, maşın sürməyi öyrətmişdi. Atama
bildirdim ki, bir halda ki biz dostuq, ona yalan deməməliyəm və mən hüquqşünas olmaq
istəmirəm. İncəsənət sahəsinə olan sevgimi boğa bilmirəm. Atam bundan çox təsirləndi.
Tibbi istedadımın olmasından isə atam xəbərdar idi. Sonra...
- Bəs sonra?
- Arzularımın ardınca getdim. Məktəbi bitirdikdən
sonra sənədlərimi İncəsənət
Universitetinə verdim, ancaq həmin il qəbul ola bilmədim. İkinci il
Universitetə müraciət edəndə, mərhum sənətkarımız Həsənağa Turabov məni dəstəklədi.
İmtahan zamanı Şəfiqə Məmmədovaya bildirdi ki, keçən il bu qızı sən kəsmisən (gülürük).
H.Turabovun ruhu qarşısında baş əyirəm. Üçüncü kursda oxuyarkən mənim təyinatımı
Akademik Milli Dram Teatrına verdi. Şekspirin "12-ci gecə” tamaşasında Mariya rolunu
mənə həvalə etdi. Həmin ərəfələr mərhum rejissorumuz Vaqif İbrahimoğlu YUĞ Teatrını
yaradırdı. Mən də Həsənağa müəllimə Akademik Teatrdan ayrılaraq Yuğ Teatrına getmək
istədiyimi bildirdim. Dedi ki, sənin çox böyük imkanların var, sən daha yaxşı
obrazlar canlandıra bilərsən. O zaman mən fərqli düşünürdüm. Düşünürdüm ki, YUĞ
teatrına getsəm, rejissorlar məni fərqli ampluada kəşf edəcək. Anlamırdım ki, sənətin
də öz spesifik xüsusiyyətləri var. O zaman çox özünə qapanan, fərqli xarakter sahibi
idim. Kliniki ölüm mənim həyata baxışımı, xarakterimi dəyişdi. Qızım Şirin deyir
ki, "sən ona görə qələbə çala bilmədin ki, həyatda aktrisalıq edə bilmədin. İnsanlar
real həyatda oynaya bilənləri sevirlər. Sən səhnədə oynaya bildin, amma o istedadı
həyatda da göstərə bilməliydin”. Mən anladım ki, bu da çox vacib imiş. İnsanı olduğu
kimi sevmək ağır bir şeydir. Qadın daima formada olub, güclü görünməlidir, öz üzərində
işləməlidir.
- Vaqif İbrahimoğlu
sizə necə bir təklif etmişdi ki, ana teatrın səhnəsini qoyub, yeni açılan bir
teatra üz tutdunuz?
- O dövrdə ölkədə vəziyyət ağır idi. Müharibənin ən
qızğın dövrü idi. Biz də cəbhə bölgələrinə gedirdik. Mən orada sazla dastanlardan
parçalar ifa edirdim. Vaqif müəllim əslində mənim sazla ifama vurulmuşdu. Deyirdi
ki, əslində sazla fərqli şeylər edərik. O zaman YUĞ studiya kimi fəaliyyət göstərirdi,
heç dövlət statusu da almamışdı. Teatra gələndən sonra tamam fərqli üslubda "Gündoğan”
adlı tamaşa hazırlamışdım. Biz o teatrda sıfırdan hər şeyi qurmağa başladıq. Hər
çətinlikləri gördük. V.İbrahimoğlu yeni teatr açmışdı və biz də istəyirdik ki, öz
istedadımızı göstərək. Burda təbii ki, ən çox qazanan müəllimimiz oldu. Bizim kimi
gözəl dəliləri haradan tapacaqdı? (gülürük) Koroğlunu da Koroğlu edən onun dəliləri
olub. Onun hər sözü bizim üçün qanun idi. Hətta bizə hərdən deyirdi ki, müəlliminizi
bu qədər şişirtməyin. Biz Vaqif müəllimdən Kafkanın, Füzulinin sirlərini öyrəndik. Dünya poeziyası,
psixologiyaya fəlsəfi baxımdan baxmağı öyrətdi. Bütün teatr konsepsiyalarını bizə
açdı. Bir prinsipim var, mənə hər gün bir cümlə öyrədən insanın qarşısında baş əyirəm.
Günü bu gün mən müəllimlərimi görəndə əllərindən öpürəm.
- Ana
teatrın səhnəsindən gəlib, kiçik bir səhnədə fəaliyyət göstərməyinizə görə peşmançılıq
hissi keçirdinizmi?
- Səmimi olsaq, hərdən peşmançılıq hissi keçirirəm.
Mən seçimimi düz etməmişdim. İkili iş apara bilərdim. Ancaq mən konkret yolumu müəyyənləşdirdim.
İndiki gənclər daha aktiv, gələcəyi görə bilirlər. Bizim baxışlarımız çox dar çərçivədə
idi. Azərbaycanda Vaqif müəllim qədər istedadlı rejissor yoxdur deyə, qapanıb teatrda
qalmışdım.
- Sizi YUĞ Teatrından
ayrı salan səbəblər nə oldu?
- Ailə qurdum. Bir ildən sonra övlad dünyaya gətirəndə kliniki ölüm yaşadım. Daha sonra teatra geri
dönmək istədim. Reabilitasiya dövrümdə onu heç cür həzm edə bilmədilər. Məni o cür
qəbul etmək çox ağır idi. Mən sanki başqa adam olmuşdum. Bir cümlə belə danışa bilmirdim.
Nə gözəllik, nə də baxışlar o baxışlar deyildi. Mənə çatmırdı ki, nə üçün insanlar
məni qəbul edə bilmir. Başa düşürəm, teatrda həmişə formada olmalısan. Dinamikliyin,
aktivliyin, sağlamlığın yerində olmalıdır. Mən özümə qarşı bu reaksiyanı başqa adamlardan
gözləyirdim, ancaq Vaqif müəllimdən heç vaxt. Özümü toparlamaq üçün çox zaman lazım
oldu. O mənə dedi ki, sənə zaman verirəm, özünü toparla. Bir müddətdən sonra
teatrda Yuğ poetikası qeyri-səlis məntiqlə əvəzləndi. Vaqif müəllim bu üslubda tamaşaların
hazırlanması ilə bağlı bizə məlumatlar verirdi.
Bu prosesi konseptual şəkildə izah etdi. Bizim onunla bir mübahisəmiz oldu.
Qeyri-səlis məntiqi yaradıcılığa, xüsusən də teatra gətirməyin mümkünsüz
olduğunu dedim. Kinoda hansısa janrda müəyyən qədər istifadə etmək olar. Ancaq teatrda
əsla... Azərbaycan tamaşaçısı Yuğ poetikasını anlaya bilmirsə, qeyri-səlis məntiqi
necə qavrayacaq? Müəllimə dedim ki, bizə yalnız teatrşünaslarmı, sizin professor
dostlarınızmı baxacaq? Axı bu ölkənin yarısı o qədər də ziyalı deyil. Onlar bu
məntiqi o qədər də anlamayacaq. Onlar Yuğun mənasını bilmirlər, nəinki qeyri-səlis
məntiqi. Biz müəllimlə fikir ayrılığına gəldik. Mən dərk etmirdim ki, bunu rejissora
demək olmaz. Axı fikir mübadiləsi etməyi, yaradıcı təxəyyülün formalaşmasını
bizə Vaqif müəllim öyrədib.
Bu mənim cavanlıq səhvim idi. Əslində susmalıydım. Özümə
haqq qazandırmıram. Azərbaycanda belə bir qanun var. Heç bir rejissorla mübahisə
etməməlisən. Rejissorlar mənim bu xarakterimi qəbul edə bilmirlər. Mənə hər hansı
bir janra görə müraciət edəndə, belə sual edirəm ki, janr xarakter paradiqması
haqqında məlumat verin.
- Bəs teatrdan ayrılandan
sonra nələr etdiniz?
- Mənim üçün çətin oldu. Yaradıcı insanın işsiz qalmağı
mənim üçün ölüm deməkdir. Yaradıcılığımın ən gözəl məqamı idi. Təsəvvür edin ki,
ağacı böyüdüb yetişdirirsən, o, bar verəndə, sən ondan istifadə etmirsən. Bu çox
dəhşətli haldır! Dayanmadan başqa teatrlara üz tutdum.
- Niyə Azdramaya getmədiniz?
- Çünki o vaxt Azdramada Həsənağa müəllim artıq
dünyasını dəyişmişdi. O mənə çox dəyər verirdi. Teatr elə yerdir ki, həmişə dəstəklənməlisən.
İstedadın çözülənə qədər canın çıxır, yaşın gedir. Bəlkə Həsənağa müəllim sağ qalsaydı,
rahat sözümü söyləyə bilərdim. Hər şey başqa cür olardı. Bu qədər potensialım var,
ancaq mən evdə otururam... Digər teatrlara üz tutdum. Mənə dedilər ki, sən Vaqifin
tələbəsisən. Onlar Vaqif müəllimi qəbul edə bilmirdilər. Təbii ki, hansı teatra
getsəydim, onların öz şərtlərini qəbul etməliydim. Orada Yuğ poetikasını ortalığa
qoymayacaqdım ki. İstənilən teatrın konsepsiyası ilə işləmək qabiliyyətim var idi.
- İrəvan Dövlət
Dram Teatrına necə getdiniz?
- Öz sahəm üzrə çalışmaq istəyirdim. YUĞ-a qayıtsam
da artıq orda sistem başqa idi. Baxmayaraq ki, teatrı biz yaratmışdıq... Mən
İrəvan Teatrının rəhbəri İftixar Piriyevə müraciət etdim. O, yeganə teatr
direktoru idi ki, etiraz etmədən məni qəbul etdi və orada çalışmam üçün hər bir
şəraiti yaratdı. Ancaq kollektivlə dünyagörüşümüz, həyata baxış tərzimiz uyğun
gəlmirdi. İnsanlar teatrda fikirləşir ki, əgər o başqa teatrdan gəlibsə, burada
fəaliyyət göstərə bilməz. Axı o dövlətindir, şəxsi mülk deyil. Təəssüf edirəm
ki, orada işbirliyimiz uzun sürmədi. Mən
bu barədə İftixar müəllimə heç nə demədim. Yaradıcılıq mühiti olmadığı üçün o
teatrı tərk etdim.
- Sizin
yaradıcılığınıza baxsaq, maraqlı obrazların müəllifi olmusunuz.
- O zaman Ramiz Mirzəyev məni "Nekroloq” televiziya
tamaşasında kiçik bir rola dəvət etmişdi. Ümumiyyətlə aktyorla işləmək də bir
səriştə, qabiliyyət tələb edir. Mən Ramiz müəllimdə bu özəl keyfiyyətləri gördüm. Bundan əlavə,
Əsgər Əsgərovun "Ölümə dəvətnamə” bir hissəli
televiziya tamaşasına dəvət aldım. Ssenarisi mənə yazılmışdı. İki müəllimim
- Vaqif İbrahimoğlu və Elmira Şabanovla çəkilirdim. Mənə böyük xoşbəxtlik nəsib
olmuşdu. Elmira xanımdan gördüyüm böyüklüyü heç bir müəllimdən görmədim. Onunla
fikir mübadilələrində müəyyən fikir ayrılıqlarına gəlsək də, ancaq çəkiliş
meydançalarında mənə o qədər dayaq oldu ki, böyüklüyü ilə məni utandırdı. Kiçik
o zaman böyüyür ki, qarşısındakını böyük görür. Məni Elmira xanım böyütdü.
- Bəs təbabətlə nə
zamandan məşğul olmağa başladınız?
- Kliniki ölüm keçirdikdən sonra. Məni heç bir həkim
xilas edə bilmədi. Özümdə olan dəyişiklikləri məndən başqa heç kim görə bilməzdi.
Vəziyyət kritik idi... Mən İbn Sinanın tibb
elminə aid yazdığı elmi əsərləri oxudum. Yoqaya başladım və bunları kompleks şəkildə
birləşdirdim. Hara gedirdimsə, mənə alternativ tibb təklif olunurdu. Sağlamlıqdan
başlamalı idim və bunun da başında yoqa dururdu. Psixoloji-fizioloji idarəetmə
təlimi və metodu. Yoqa qədər insanı ruh və bədən harmoniyasına gətirə biləcək ikinci
bir metod yoxdur. Həyatdan aldığım uğursuzluqlar, faciələr öz işini görürdü. Nə
qədər "güclü xarakterə malikəm” desən də, baxırsan ki, kiçik bir itki səni məhv
edir. Situasiyalarda bilinir nəsən, kimsən, hansı gücün sahibisən... Çıxış yolu
bu idi. Mən yoqa nəzəriyyəmi artırmağa başladım. Araşdırmalar etdim. İbn Sinanın
tibb elminə verdiyi möhtəşəm biliklər, hikmətlər sayəsində qurtuldum. Həm də öz
üzərimdə təcrübələr aparırdım.
- İndi
çəkilən filmlərə, hazırlanan tamaşalara baxanda, içinizdəki o potensial yenidən
alovlanırmı? "Bu tamaşada və ya filmdə mən də ola bilərdim” deyə
düşünürsünüzmü?
- Mənim potensialım hər zaman olub. Yaradıcı insan
öz potensialını xərcləməyəndə, xəstəlik tapır. Mən öz potensialımı, imkanlarımı
xərcləyə bilmirdim. Buna özünü realizə də demək olar. Və mən bu xəstəliyin çözülməsi ilə məşğul oluram.
Tədris ocaqlarına üz tuturdum. Olumlu bir cavab ala bilmirdim. Nonsesdə olan insana
hər adam elə-belə əl uzatmır. Bu ağır bir həqiqətdir. Mənsə Konfutsinin
hikmətiylə desək, "həqiqət axtaranlar qaranlıqda dolaşar” vəziyyətindəydim... N.Gəncəvi
dahiliyi isə bir başqa rakursdan baxış
bucaqları acdı, bilgilərimin
formalaşmasında... Mən dini də öyrəndim. 4 müqəddəs kitabı oxudum.
Meydanda tək idim. Belə durumda ən doğma insanlar belə insanı anlamır.
- Bir çox
çətinliklər arxada qalıb. Hazırda peşəkar yoqa mütəxəssisisiniz.
- Bəli. Artıq 25 ildir yoqa təlimçisiyəm. Əvvəlcə 5
il bu peşəni araşdırdım. Həm nəzəri, həm də praktiki cəhətdən. Hazırda müəyyən əlaqələr
də qurmuşam. Hindistandan gələn yoqa mütəxəssisləri ilə görüşmüşəm. Bilgilərimi
yoqa elmi ilə məşğul olmaq istəyən tələbələrə
öyrədirəm.
Xəyalə Rəis