“Meydan TV”-OCCRP cütlüyünün ifşası

“Meydan TV”-OCCRP cütlüyünün ifşası

Təfsilat
02 Sentyabr 2015, 13:21 1262
Avqustun 25-də “Meydan TV”-nin veb-səhifəsində rus dilində “Tainstvennaə kompaniə za korotkiy srok vıiqrala bolee 120 tenderov” (“Gizli şirkət qısa müddətdə 120-dən artıq tenderdə qalib gəlib”) sərlövhəli məqalə çap edilib. Həmin tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Təşkilatının (The Organized Crime and Corruption Reporting Project - OCCRP) veb-səhifəsində çap olunub. Növbəti gün isə bu məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb. Müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə “Install Service LLC” şirkətinin fəaliyyəti ilə bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramova istinadən bəzi fikirlər də yer alıb. Lakin həmin yazı ictimailəşəndən dərhal sonra iqtisadçı alim V.Bayramov açıqlama yayaraq, sözügedən məsələ ilə bağlı nə OCCRP layihəsinin əməkdaşları, nə də hər hansı digər bir mətbu qurumun təmsilçiləri ilə danışdığını söyləyib. Beləliklə, məlum olub ki, “Meydan TV”-nin veb-səhifəsindəki yazını hazırlayanlar V.Bayramovla ünsiyyət qurmadan, müsahibə və ya açıqlama götürmədən, həmçinin sözügedən məsələ ilə bağlı onun fikirlərini öyrənmədən iqtisadçı-ekspertin adından şərh yayımlayıblar. Jurnalist təxəyyülünün məhsulu olan bəzi fikir və cümlələri ona aid sitat kimi təqdim ediblər.

Təbii ki, peşəkar jurnalistika ilə məşğul olan, hadisələrə qərəzsiz və obyektiv yanaşan hər bir ciddi təşkilat, media qurumu belə məqamda yol verilən yanlışlığı dərhal aradan qaldırmalı, lazım gələrsə, təkzib verərək həm qarşı tərəfə, həm də öz oxucularına hörmətini ifadə etməli idi. Ancaq “Meydan TV” və OCCRP cütlüyü tamamilə bunun əksini ortaya qoyaraq öz yalanlarının “həqiqət” olmasını sübut etməyə çalışıblar. Hətta bu zaman təhdidə də əl atıblar. Belə ki, avqustun 28-də V.Bayramov OCCRP-dən təhdidedici e-mail alıb. E-maildə İSİM və onun rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın hökumətlə əlaqələrinin araşdırılacağı və bunun ictimailəşdiriləcəyi qeyd olunub. Həmçinin bildirilib ki, artıq bu istiqamətdə xüsusi araşdırmaçı fəaliyyət göstərir. OCCRP redaktoru qeyd edib ki, müsahibənin səs yazısı “Meydan TV”-dədir. Ancaq müsahibə yayımlanandan sonra “Meydan TV” və OCCRP cütlüyünün yalanı bir daha üzə çıxıb. Qeyri-peşəkarlıqlarını gizlətmək istəyən hər iki qurum bu addımla özü-özünü ifşa edib. Aydın olub ki, məlum yazıda istifadə olunan fikirlər V.Bayramovun bu ilin yanvar ayında “Üç nöqtə” qəzetinin müxbiri Xalid Kazımova verdiyi müsahibənin tamamilə kontekstdən çıxarılmış, hətta iqtisadçı-ekspertin demədiyi cümlələr əlavə edilmiş variantıdır. Təxminən 8 ay bundan əvvəl jurnalist X.Kazımov iqtisadçı-alimə zəng edərək, çalışdığı mətbuat orqanı üçün ondan müsahibə alıb. Amma bu müsahibə sentyabr ayında OCCRP-yə tamamilə kontekstdən çıxarılaraq, həmçinin V.Bayramovun demədiyi cümlələr əlavə edilərək verilib.

Jurnalistin özü də Facebook sosial şəbəkəsi vasitəsi ilə bu barədə açıqlama verib. İSİM rəhbəri ilə söhbətində isə bildirib ki, iqtisadçı alimin demədiyi cümlələri mətnə OCCRP rəhbərliyi əlavə edib. Misal üçün, “Meydan TV” və OCCRP-nin yaydığı məqalədə V.Bayramova istinadən belə bir mətn verilib: “Azərbaycanda keçirilən tenderlərin böyük əksəriyyəti rəsmi xarakter daşıyır, ona görə ki, iştirak edən şirkətlərin əksəriyyəti bir-biri ilə sıx əlaqədədirlər. Dövlət orqanlarının tenderin digər iştirakçılarının adlarını açıqlamamasının səbəbi də bundadır”. Halbuki ekspertin belə bir fikri olmayıb. Müsahibənin səs yazısını dinlədikdə asanlıqla müəyyənləşdirmək olub ki, söhbət zamanı Azərbaycanda tenderlərin formal keçirilməsi və hökumətin tenderlərə münasibəti ilə bağlı heç bir söz işlədilməyib. İqtisadçı alim yerli mətbuata müsahibəsində tenderin nəticələrini veb-səhifələrdə yerləşdirməklə effektivliyin artırılmasını təklif etdiyi halda, bu, kontekstdən çıxardılaraq, prosesin effektivliyi deyil, “prosesin şəffaflığından danışmağa imkan verməməsi” haqqında ifadə kimi təqdim olunub. “100 min dollar qalib gəlmiş şirkət” haqqında olan cümləyə gəlincə, V.Bayramov tərəfindən heç bir rəqəm səsləndirilməyib. Bu kimi faktlar qarşısında qalan “Meydan TV” və OCCRP cütlüyü sonradan geriyə doğru addım atmağa, yazıda V.Bayramovun fikri kimi təqdim edilən bəzi cümlələri ixtisar etməyə məcbur olub. Amma bunu da qeyri-peşəkar səviyyədə, ictimaiyyətə açıq-aşkar hörmətsizlik səviyyəsində həyata keçirib. Bu da narazı tərəfi təmin etməyib.

Ona görə də İSİM avqustun 31-də bəyanat yayaraq V.Bayramovun adından uydurulan “fikirlər”in hətta köhnə müsahibədə də olmadığını xatırladıb. Eyni zamanda, etik jurnalistika və araşdırma prinsiplərini nəzərə alaraq OCCRP qarşısında 5 şərt irəli sürüb, onların yerinə yetirilməyəcəyi halda məhkəməyə müraciət ediləcəyini vurğulayıb. Həmin şərtlərdə qeyd olunub ki, V.Bayramovun adından uydurulan, heç bir yerdə söyləmədiyi və 4 gün ərzində saytlarda saxlanılan və hətta yazılı mətbuatda çap edilən, Azərbaycanın əleyhinə “qara piar”a hesablanmış olan böyük abzas OCCRP-nin yalanları üzə çıxandan sonra tələm-tələsik özünün və “Meydan TV”-nin saytlarından yığışdırılsa da, onun adından istifadə edildiyi üçün iqtisadçı-alimdən rəsmi üzr istənilməlidir. Həmçinin V.Bayramov hətta 8 ay öncə “Üç nöqtə” qəzeti adından götürülən müsahibədə heç bir rəqəm səsləndirmədiyi halda “100 min dollar” ifadəli uydurma cümlə, həmçinin tenderlərin elektron qeydiyyatı ilə bağlı ekspertin adından uydurulan və İSİM rəhbərinin dilindən heç zaman səslənməyən “əks halda şəffaflıqdan söhbət gedə bilməz” cümləsi “araşdırmadan” çıxarılmalı və ictimai təkzib verilməlidir. “Araşdırmada” tamamilə dəyişdirilərək, uydurma “qara piar” cümlələri ilə bəzədilmiş müsahibənin bir ay öncə deyil, məhz bu ilin əvvəlində özünü “Üç nöqtə” qəzetinin əməkdaşı kimi təqdim edən jurnalist tərəfindən götürüldüyü ictimai şəkildə qeyd edilməlidir. Ən nəhayət, bəyanatda İSİM və onun rəhbərinə qarşı sosial şəbəkələrdə, xüsusən də “Twitter”də aparılan qərəzli “qara piar” kampaniyasına dərhal son qoyulması tələb olunub. Bəyanatda jurnalistika, etik və hüquqi prinisplərə uyğun olaraq OCCRP-nin təkzibindən sonra həmin “araşdırma”nı yayan yerli mətbuat orqanlarında da oxşar təkziblərin verilməsi tələb olunub. Bildirilib ki, şərtlər yerinə yetirilmədiyi halda İSİM beynəlxalq məhkəməyə müraciət edərək, əsassız “qara piar araşdırımasının” yığışdırılmasına və ictimai təkzibin verilməsinə çalışacaq.

Ötən günün sonunda V.Bayramovla əlaqə saxlayarkən öyrəndik ki, istər “Meydan TV” və OCCRP cütlüyü, istərsə də “araşdırmanı” ictimailəşdirən bəzi yerli media qurumları tərəfindən İSİM-in irəli sürdüyü şərtlərin heç birinə riayət olunmayıb. Söhbət zamanı iqtisadçı alim bildirib ki, qarşı tərəfin şərtləri yerinə yetirməsi üçün nəzərdə tutduqları bəlli bir müddət başa çatdıqdan sonra məsələni hüquqi müstəvidə, məhkəmə yolu ilə həll etməyə çalışacaqlar.
Bütün bunlar sübut edib ki, V.Bayramovun 8 ay öncə “Üç nöqtə” qəzetinə müsahibəsinin səs yazısındakı fikirləri tamamən kontekstdən çıxararaq, özlərindən Azərbaycanın əleyhinə fikirlər uydurub əlavə edərək qərəzli məqalə hazırlayıblar. Araşdırma aparan zaman istədiyi və arzuladığı son nəticəni əldə etmək, öz fikirlərini gücləndirmək, bununla da Azərbaycan reallıqları barədə yanlış təsəvvür yaratmaq üçün iqtisadçı alimin fikirlərinin təhrifləri ilə məşğul olublar. Ölkəmizə qarşı “qara piar” aparan bu təşkilatın məqsədi doğru və qərəzsiz araşdırma aparmaq deyil, sadəcə, hər addımbaşı Azərbaycanı tənqid etmək olub. Lakin yalan ayaq tutsa da yerimədiyi kimi, “Meydan TV” və OCCRP cütlüyünün bu məkrli planı da işə yaramayıb, bumeranq effekti verərək, onların özlərini ifşa edib.

Xatırladaq ki, “Meydan TV”, həmçinin onun əhatəsində olan bəzi media qurumları və təşkilatlar bu kimi yalanları tirajladıqlarına görə dəfələrlə ifşa olunub, rüsvay ediliblər. Təkcə iyun ayında Bakıda keçirilən I Avropa Oyunları müddətində həmin “şəbəkə” eynən bu cür “yazılarla” beynəlxalq miqyaslı idman tədbirinin əhəmiyyətini azaltmağa, Azərbaycanın dünyadakı nüfuzuna xələl gətirməyə çalışıb. Misal üçün, anti- Azərbaycan kampaniyasının fəal iştirakçısı olan “Meydan TV” bu məqsədlə iyunun 20-də təxribat xarakterli məlumat yayaraq, iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanmış avstriyalı idmançı Vanessa Şahinoviçin guya dünyasını dəyişdiyini bildirib. Amma gənclər və idman naziri Azad Rəhimov, eləcə də Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov “xəbər”in həqiqətə uyğun olmadığını, V.Şahinoviçin sağ olduğunu qeyd ediblər. Eyni dəst-xətt üzrə növbəti dezinformasiya Bakıdakı Atletlər Kəndində guya Rusiya və Ukrayna idmançıları arasında əlbəyaxa davanın baş verməsi, yalnız mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra tərəfləri sakitləşdirməyin mümkün olması xəbəri olub. O zaman oxucuda bu barədə təsəvvür yaratmaq üçün əlbəyaxa dava edən bir neçə şəxsin şəkilləri də verilib. Qısa araşdırmadan sonra üzə çıxıb ki, oxucunu aldatmağa hesablanan bu şəkil nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda çəkilməyib. Sözügedən foto məhz 2012-ci ildə Varşavada çəkilib. Həmin vaxt Avropa Çempionatının oyunları keçirilib, narazı Rusiya və Polşa azarkeşləri arasında kütləvi dava baş verib, şəkil də orada şəkilib. Sözügedən məlumatın doğru olmadığını Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov, Ukrayna yığmasının “şef-de-missionu” Anna Sorokina da təkzib edib.

Rufik İSMAYILOV