• cümə, 29 Mart, 02:16
  • Baku Bakı 7°C

“Məxməri inqilab”dan sonrakı Ermənistan

11.01.19 18:40 1353
“Məxməri inqilab”dan sonrakı Ermənistan
Ermənistanın "məxməri inqilab”dan sonrakı gündəlik həyatı Rusiya mediasının daimi müzakirə mövzularından biridir. Media mütəmadi olaraq forpost ölkənin özünü qərbpərəst göstərmək istəyini lağa qoyur, onun Rusiyanın iştirakı olmadan inkişaf edə bilməsinin mümkünsüz olduğunu xüsusi qabardır. Bu dəfə isə Rusiyanın nüfuzlu nəşrlərindən biri - Lenta.ru bu ölkəni aşağılayacaq, təhqir edəcək geniş bir reportaj hazırlayıb. Söhbət Ermənistanda əxlaqsızlıq yuvalarının artması, bu sahənin günbəgün "çiçəklənməsi” ilə bağlıdır. Belə baxanda ölkə növbədənkənar seçkilərdən çıxıb, daha maraqlı məsələlərə yer ayırmaq olardı. Lakin portalın əməkdaşı ölkə paytaxtında yerləşən əxlaqsızlıq yuvalarını, onların sakinlərindən müsahibəni daha "əhəmiyyətli” hesab edib. Müəllif belə yerlərdən birindən hazırladığı materialda yazır ki, bədənlərini satmaqla pul qazananlara münasibət erməni cəmiyyətində mənfi olsa da, bu hal artıq daha geniş arealı əhatə etməyə başlayıb. "Ermənistan hakimiyyətinin siyasi orientasiyasından asılı olmayaraq bu "sahə” öz qayda və qanunları ilə sürətlə inkişaf etməkdədir. Fahişəlik ölkədə qanunla qadağan olunsa da, tətbiq olunan cərimə və sanksiyalar cüzidir. Ermənistanda yüngül əxlaqlı qızları tapmaq elə də çətin deyil. Bunun üçün özünə əziyyət verib harasa getməyə də ehtiyac yoxdur. Onlara hər tində, küçədə rast gəlmək mümkündür, əxlaqsızlıq yuvalarında, sauna və masaj salonlarında, hətta sosial şəbəkələrdə kifayət qədərdirlər. Sosial şəbəkəyə girib tək "masaj” sözünü yazmaq kifayət edir ki, dərhal masaja aidiyyatı olmayan çoxsaylı anketlərə rast gələsən. Qadağa qanunla nəzərdə tutulsa da, heç kim fahişəliyə qarşı mübarizə aparmaq niyyətində deyil. Bunu hamı bilir və mövcud durum hər kəsi qane edir. "Məşhur Baqramyan prospektinə gedib orada istənilən qədər özünə "gecə yoldaşı” tapa bilərsən”, - deyə reportajda vurğulanır. Müəllif daha sonra lağla yazır ki, səhərin bu ərazisində yerləşən parlament binasında deputatlar qanunvericiliklə məşğul olurlar: Erməni "gecə kəpənəkləri” üçün ən yaxşı müştəri avropalılardır. Nəşrin əməkdaşı şərti adı Aline olan bir erməni qızının fikirlərini də öyrənib. Onun sözlərindən bəlli olur ki, bu fəaliyyətlə məşğul olanların əksəriyyəti ali savadlı, universitet təhsillidirlər. İkinci kursda oxuyarkən hamilə qaldığını bildirən Aline onun taleyini yaşayan xeyli tələbə yoldaşının olduğunu deyir. Ən maraqlısı isə odur ki, gördüyü işi heç də ən pis iş saymır. Əsas müştərilərini də sosial şəbəkələrdən tapır. Deyir ki, belə daha təhlükəsizdir. Aline müştəriləri barədə danışmağı sevmir. Əxlaqsızlıqla məşğul olan erməni qızlarının ən çox sevmədikləri qonşu iranlılardır. Müəllif yazır ki, onları burada təhqir formasında "parsik” (farslar) adlandırırlar. "Qaralar qoy rədd olub özlərinin Parskastanlarına (İran) getsinlər. Yox bir, erməni qızlarını xoşlayırlar. İy verən zibillər”, -deyə Aline portalın əməkdaşı ilə söhbətində bildirir. Müəllif ardınca yazır ki, İran-Ermənistan münasibətləri Ermənistan üçün çox mürəkkəb bir mövzudur. Milli məsələ burada ən müxtəlif məsələlərlə bağlı ortaya çıxa bilər və fahişəlik də istisna deyil: "Erməni cəmiyyətində iranlılara münasibət birmənalı deyil. Məişət zəminində onlara qarşı irqi ayrı-seçkiliyi əks etdirən çağırışlar səslənir. Onlar daha çox Ermənistana erməni qızları üçün gəlirlər. Erməni cəmiyyətindəki millətçi təbəqə onları real təhlükə kimi nəzərdən keçirir”. Müəllifin gəldiyi maraqlı qənaətlərdən biri də budur ki, erməni "gecə kəpənəkləri” artıq küçədən internet məkanına keçməyə üstünlük verirlər - buranı daha təhlükəsiz hesab edirlər. Maraqlı olan odur ki, hakimiyyət ermənilərin ən qədim peşəsinin davamçılarının gəlirlərinə də əl qoymağa çalışır - onları vergiyə cəlb edilməsi məsələsi qaldırılır. Bəziləri isə bunu leqallaşdırmağın mümkün olacağını düşünürlər. Ermənistan Vəkillər Kollegiyasının üzvü Zoorayr Arutunyunyan da bunu mümkün sayır: "Leqallaşdırma ölkənin bir çox problemlərini həll edə bilər. Bunun üçün siyasi iradənin olması gərəkdir”. Müəllif yazır ki, inqilabdan sonra yeni qurulan hökumətdən bu barədə hələ ki, heç kim danışmaq istəmir.
Bir məsələ də var ki, Paşinyan hakimiyyəti ilk gündən tək əxlaqsızlıq yuvalarına qarşı deyil, bütövlükdə cinsi azlıqlara qarşı da loyal münasibətini ortaya qoyub. Bu müxalifət tərəfindən inqilabçı rəhbərliyin erməni cəmiyyətinə gətirdiyi "yenilik” kimi qələmə verilmişdi. Paşinyan parlamentdə keçirilən mətbuat konfransında LGBT-cəmiyyəti mövzusuna toxunub, bu kateqoriyadan olan insanların həqarətə məruz qalmasına qarşı olduğunu bildirmişdi.
Bundan sonra Rusiyanın məşhur jurnalisti Sergey Dorenko "Qovorit Moskva” radiosunun efirində Paşinyanı aşağılayan fikirlər səsləndirmişdi. "Məndə belə qənaət formalaşır ki, Paşinyanın dəqiq siyasi, ola bilsin dəqiq seksual baxışı mövcud deyil. Parlamentdə belə bir məsələdən danışması onu deməyə əsas verir ki, bu oğlanın cinsi azlıqlara rəğbəti var. "Sən ora-bura üzmə, ya burda ol, ya da orda. Get onların yanına və ayaqlarını qızdır, Paşinyan”, - deyə jurnalist bildirib. Dərhal da ermənilərin "Baqramyan-26” kanalı Dorenkonun birbaşa efirdə Paşinyanın qeyri-ənənəvi oriyentasiyaya malik olduğunu bəyan etdiyini bildirmişdi. Məsələ o qədər böyümüşdü ki, Ermənistanın Rusiyadakı səfirliyi jurnalisti efir etikası normalarını pozmaqda ittiham edib.

Azər
banner

Oxşar Xəbərlər