• cümə axşamı, 25 aprel, 13:56
  • Baku Bakı 23°C

Metsamoru partlatmaqla hədələdi

07.03.18 10:00 754
Metsamoru partlatmaqla hədələdi
Metsamor şəhərinin hüquq-mühafizə orqanları Ermənistan Atom Elektrik Stansiyasının minalanması ilə bağlı daxil olan anonim zənglə bağlı araşdırmalara başlayıblar. Yerli sakinlərdən birinin bu hədəsi şəhəri bir-birinə vurub. Ermənistan polisinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Edqar Canoyanın RİA "Novosti”yə verdiyi məlumata görə, 49 yaşlı bir nəfər səhər tezdən Fövqəladə Hallar Nazirliyinin "911” xidmətinə zəng edərək bəyan edib ki, bir azdan Atom Elektrik Stansiyasında partlayış baş verəcək. İnformasiya dərhal Metsamor polis idarəsinə verilib. Onun sözlərinə görə, kişi öz qərarını onunla izah edib ki, ondan elektrik enerjisi işlətdiyinə görə pul tələb ediblər. Ona bildiriblər ki, pulu ödəməsə işığı kəsəcəklər. İndi bu şəxsi üç il müddətinə terror hədəsinə görə həbs cəzası gözləyir. Beləliklə, bu insident adi məişət zəminində baş verən hadisə olsa da, AES-in təhlükəsizliyi məsələsini ortaya çıxarıb. Belə çıxır ki, istənilən bir şəxs stansiya ilə bağlı ağlına gələn hər bir hadisəni reallaşdırmağa çalışa bilər.
Qəzalı vəziyyətdə olan stansiya onsuz da hər an dağılmaq təhlükəsi ilə üz-üzədir və bir tərəfdən də bu kimi hədələr stansiya ilə bağlı məsələni yenidən gündəmə gətirib. Məlumat üçün bildirək ki, ötən ilin sonlarında Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş imzalayan Ermənistana bu stansiyanı dərhal qapatmaq göstərişi verilib. Tələm-tələsik sazişi imzalayan ermənilər hesab edirdilər ki, heç bir öhdəlikləri olmayacaq. Amma Aİ ilə imzalanan sənəddə Metsamor AES-in dərhal bağlanması, tez bir zamanda "yol xəritəsi”nin hazırlanması və stansiyanın alternativ enerji mənbələri ilə əvəzlənməsi məsələsi əks olunub. Ola bilsin Yerevanda hesab edirdilər ki, Aİ bu məsələyə elə də ciddi önəm verməyəcək. Lakin ermənilərin ümidləri özünü doğrultmadı. Stansiyanın qapadılmasının zəruriliyi barədə Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorentsbəyan edib ki, əvvəlki tək Metsamor AES-in bağlanmasında israr edirlər. O bildirib ki, stansiyanın beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməsi üçün onu gücləndirmək mümkün deyil. Ötən əsrin 90-cı illərində inşa edilən stansiya sovet layihəsi üzrə tikilib. Ermənilər hər vəchlə dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, AES təhlükəsizdir və Ermənistanın enerjiyə olan tələbatının 40 faizini ödəyir.
Xatırladaq ki, "Metsamor” AES-in tikintisinə 1960-cı ildə başlanılıb, 1976-cı ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib. 2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı kredit və qrantın hesabına AES-in işinin əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib. Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyyətini hələ də davam etdirir.
Azər
banner

Oxşar Xəbərlər