Metsamoru partlatmaqla hədələdi
Metsamor şəhərinin hüquq-mühafizə orqanları Ermənistan Atom Elektrik
Stansiyasının minalanması ilə bağlı daxil olan anonim zənglə bağlı
araşdırmalara başlayıblar. Yerli sakinlərdən birinin bu hədəsi şəhəri
bir-birinə vurub. Ermənistan polisinin ictimaiyyətlə əlaqələr bölməsinin
rəhbəri Edqar Canoyanın RİA "Novosti”yə verdiyi məlumata görə, 49 yaşlı bir
nəfər səhər tezdən Fövqəladə Hallar Nazirliyinin "911” xidmətinə zəng edərək
bəyan edib ki, bir azdan Atom Elektrik Stansiyasında partlayış baş verəcək.
İnformasiya dərhal Metsamor polis idarəsinə verilib. Onun sözlərinə görə, kişi
öz qərarını onunla izah edib ki, ondan elektrik enerjisi işlətdiyinə görə pul
tələb ediblər. Ona bildiriblər ki, pulu ödəməsə işığı kəsəcəklər. İndi bu şəxsi
üç il müddətinə terror hədəsinə görə həbs cəzası gözləyir. Beləliklə, bu
insident adi məişət zəminində baş verən hadisə olsa da, AES-in təhlükəsizliyi
məsələsini ortaya çıxarıb. Belə çıxır ki, istənilən bir şəxs stansiya ilə bağlı
ağlına gələn hər bir hadisəni reallaşdırmağa çalışa bilər.
Qəzalı vəziyyətdə
olan stansiya onsuz da hər an dağılmaq təhlükəsi ilə üz-üzədir və bir tərəfdən
də bu kimi hədələr stansiya ilə bağlı məsələni yenidən gündəmə gətirib. Məlumat
üçün bildirək ki, ötən ilin sonlarında Avropa İttifaqı ilə hərtərəfli və
genişləndirilmiş tərəfdaşlıq haqqında saziş imzalayan Ermənistana bu stansiyanı
dərhal qapatmaq göstərişi verilib. Tələm-tələsik sazişi imzalayan ermənilər
hesab edirdilər ki, heç bir öhdəlikləri olmayacaq. Amma Aİ ilə imzalanan
sənəddə Metsamor AES-in dərhal bağlanması, tez bir zamanda "yol xəritəsi”nin
hazırlanması və stansiyanın alternativ enerji mənbələri ilə əvəzlənməsi
məsələsi əks olunub. Ola bilsin Yerevanda hesab edirdilər ki, Aİ bu məsələyə
elə də ciddi önəm verməyəcək. Lakin ermənilərin ümidləri özünü doğrultmadı.
Stansiyanın qapadılmasının zəruriliyi barədə Avropa İttifaqının Xarici Əlaqələr
Xidmətinin Şərq Tərəfdaşlığı departamentinin sədr müavini Dirk
Lorentsbəyan edib ki, əvvəlki tək Metsamor AES-in bağlanmasında israr
edirlər. O bildirib ki, stansiyanın beynəlxalq tələblərə uyğun fəaliyyət
göstərməsi üçün onu gücləndirmək mümkün deyil. Ötən əsrin 90-cı illərində inşa
edilən stansiya sovet layihəsi üzrə tikilib. Ermənilər hər vəchlə dünya
ictimaiyyətini inandırmağa çalışırlar ki, AES təhlükəsizdir və Ermənistanın
enerjiyə olan tələbatının 40 faizini ödəyir.
Xatırladaq ki, "Metsamor” AES-in tikintisinə 1960-cı ildə başlanılıb, 1976-cı
ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə
əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə
beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib. 2016-cı ilin əvvəlində
Rusiyanın ayırdığı kredit və qrantın hesabına AES-in işinin əsaslı təmir üçün
3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan
hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin
gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı
haqqında qərar qəbul edib. Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyyətini hələ də
davam etdirir.
Azər