• cümə, 19 Aprel, 03:39
  • Baku Bakı 18°C

“Metsamor AES: region üçün ekoloji bomba” kitabının təqdimatı keçirilib

29.03.17 14:45 768
“Metsamor AES: region üçün ekoloji bomba” kitabının təqdimatı keçirilib
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin "Мецаморская АЭС: экологическая бомба для региона" (Metsamor AES: region üçün ekoloji bomba) kitabının təqdimat mərasimi keçirilib.APA-nın xəbərinə görə, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda keçirilən tədbirdə millət vəkilləri, müxtəlif qurumların nümayəndələri, ekspertlər, tədqiqatçı alimlər iştirak ediblər.
Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib ki, kitab düşünülmüş şəkildə rus dilində nəşr olunub: "Ermənistan marionet dövlətdir, özbaşına deyil. Biz istəyirik ki, rus ictimaiyyəti bu kitabı oxusun. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası (AES) 1969-cu ildə istifadəyə verilib. Lakin bu AES hazırda işlək deyil. Stansiyada partlayış baş versə, region böyük zərbə alacaq. Bunu Rusiya da, MAQATE də bilir. Lakin bu məsələyə ikili standartlarla yanaşılır. Beynəlxalq təşkilatlar qarşısında, beynəlxalq konfranslarda bu məsələ Azərbaycan tərəfindən dəfələrlə qaldırılıb. Biz Çernobl faciəsinin ikinci dəfə təkrarlanmasını istəmirik. Bu ekoloji problem yalnız Azərbaycanı deyil, Türkiyə, İran, Gürcüstan və Rusiyanı da əhatə edir. Bu ölkələr, onların vətəndaşları da bu problemi qaldırmalıdırlar. Ümid edirik ki, heç olmasa qonşu Rusiya, rus dilli insanlar bu məsələyə biganə qalmayacaq, öz səslərini qaldıracaqlar. Heç kim düşünməsin ki, biz Ermənistanla müharibə şəraitində olduğumuz üçün bu problemi qaldırırıq. Biz bu problemi ona görə qaldırırıq ki, faciə baş verməsin. Orada partlayış baş versə, birinci zərəri elə ermənilər özləri görəcək".
A. Mustafayevanın sözlərinə görə, Metsamor AES-in tullantıları Dağlıq Qarabağda basdırılır.
Millət vəkili kitabı sanballı tədqiqat əsəri adlandırıb.
Kitabın müəllifi R. Vəlizadə deyib ki, Metsamor AES-in fəaliyyəti dayandırılmalıdır, çünki AES-in funksiyası illər öncə başa çatıb.
R. Vəlizadə qeyd edib ki, kitabda azərbaycanlı əsirlərin bir hissəsinin Ermənistanda yerləşən Vedi və başqa bir uran yataqlarında işlədilməsi faktlarla araşdırılıb: "Həmin yataqların şaxtalarının ətrafında adsız qəbirlər var, hansı ki, bunlar azərbaycanlı əsirlərin məzarlarıdır. Bundan başqa, azərbaycanlı əsirlərin şüalanmaya məruz qalmaları barədə də faktlar var kitabda yer alıb".
İnstitut əməkdaşı Gürcüstanın bu məsələdə loyallıq göstərməsini də şərh edib. O vurğulayıb ki, Gürcüstan Ermənistandan elektrik enerjisi alır, məhz buna görə də beynəlxalq aləmdə öz səsini qaldırmır.
Millət vəkili Flora Qasımova kitabın müəllifi Rövşən Əlizadəni vətənpərvər alim kimi xarakterizə edərək qonşu ölkələrdə fəaliyyət göstərən aidiyyəti institutlarla birgə beynəlxalq konfransların keçirilməsini təklif edib: "Bu yaxınlarda Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistana məxsus təyyarədə radioaktiv elementin tapıldığını elan edib. Bu Ermənistandan radioaktiv elementlərin daşındığını sübut edir".
Türkiyə səfirinin köməkçisi Makbule Koçak qeyd edib ki, Türkiyə Azərbaycanın Metsamor AES-lə bağlı narahatlığını bölüşür.
Tədbir çıxışlarla davam etdirilib.
banner

Oxşar Xəbərlər