AZE | RUS | ENG |

Metsamor AES çox ciddi təhlükə mənbəyidir

Metsamor AES çox ciddi təhlükə mənbəyidir
AES-in köhnəlməsi və ermənilərin radioaktiv material qaçaqmalçılığı ilə məşğul olması faktları beynəlxalq ictimaiyyəti hərəkətə keçirməlidir

Ermənistanın "saatlı bomba” adını alan Metsamor Atom Elektrik Stansiyasının yaratdığı təhlükə və stansiyanın bağlanması barədə dəfələrlə ən yüksək tribunalardan bəyanatlar səslənib. Region dövlətləri – Azərbaycan, Türkiyə, İran, Gürcüstan, o cümlədən Avropa İttifaqı və əksər beynəlxalq təşkilatlar bununla bağlı həyəcan təbili çalıblar. Hər dəfə stansiyanın hər an qəzaya səbəb olacağı və nəticədə milyonlarla insanın təhlükə altına düşə biləcəyi vurğulanıb. Təəssüf ki, Ermənistan havadarı olan ölkələrin köməyi ilə hələ də bu köhnə stansiyanı işlətməkdə davam edir.

İstismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq. Bundan başqa, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların Azərbaycanın işğal altındakı ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Təsadüfi deyil ki, ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və "Əl-Qaidə” kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə, nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil. Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə "Stop Metsamor!” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən "Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib (https://www.change.org/p/world-community-we-want-the-metsamor-npp-of-armenia-to-be-closed-as-it-is-hazardous-for-the-world?source_location=petitions_share_skip). Əlavə olaraq sosial şəbəkələrdə - Facebook və Twitterdə "Stop Metsamor!” kampaniyasının xüsusi səhifələri yaradılıb (https://www.facebook.com/STOP-Metsamor-765785693522161/?fref=ts&__mref=message_bubble; https://twitter.com/StopMetsamor). 

Ermənilərin ölkələrində olan AES-dən uran oğurlayıb satmaları barədə çoxsaylı məlumatların olması çox ciddi təhlükələrdən xəbər verir. APA bu faktların bəzilərini toplayıb. Məsələn, 1999-cu il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq U-235 az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstərib və bu ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kq üçün 35 000 dollar tələb ediblər. 2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub. 2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran U-235-i Ermənistan-Gürcüstan sərhədindən (Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsi) keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi 2,5 il müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir. 2003-cü il dekabrın 29-da Ermənistan-İran sərhədində, Mehri nəzarət-buraxılış məntəqəsində Metsamor AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir. 2004-cü il martın 13-də Ermənistan-Gürcüstan sərhədində Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib. 2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhədində (Sarpi nəzarət-buraxılış məntəqəsi) xüsusi düzəldilmiş qızıl konteynerdə 2,04 qram Lourensiy-103 maddəsi aşkarlanıb və buna  görə 4 Ermənistan vətəndaşını saxlanılıb. 2014-cü ilin avqustunda Ermənistan-Gürcüstan sərhədində Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni Gürcüstana keçirməyə cəhd göstərən iki erməni həbs edilib. 2016-cı ilin yanvarında yenə Ermənistan-Gürcüstan sərhədində Gürcüstan gömrükçüləri tərəfindən Sezyum-137-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni saxlanılıb. 2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı və üç Gürcüstan vətəndaşı 200 qram Uran-238-i satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki,  Ermənistandan olan üç nəfər əvvəllər Metsamor AES-də işləyiblər. Bu qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış.

Yeri gəlmişkən, Türkiyə nəşrləri də bu yaxınlarda bu məsələyə toxunublar. Türkiyənin enerji və təbii resurslar naziri Berat Albayrakın bəyanatını yayıblar. Nazir ölkədə qurulması planlaşdırılan Atom Elektrik Stansiyasının tikilməsinə etiraz edənlərə səslənib. Nazir aksiyaçılara məsləhət görüb ki, enerjilərini Metsamor AES-ə etiraz etməyə sərf etsinlər. Nazir, həmçinin onların bu etirazlarını təbəssümlə qarşıladığını bildirib. "Onlara bunu məsləhət görürəm: Madam ki, belə bir ekologiya qayğınız var, xüsusilə dünya üçün çox ciddi təhlükə ünsürü olan, sərhədimizə 15-20 kilometr uzaqlıqda yerləşən Ermənistan Metsamor Atom Elektrik Stansiyası var. Deyirəm ki, bu enerjinizi Ermənistandakı stansiyaya etiraz etmək üçün sərf etsəniz, Türkiyə üçün daha çox faydalı olarsınız. Təxminən 40 illik stansiyadır, ciddi risklərə və təhlükələrə malikdir. Bu stansiya sadəcə Ermənistan üçün yox, bütün dünya coğrafiyası üçün ciddi təhlükədir”, – deyə türkiyəli nazir bəyan edib. Türkiyədəki ictimai təşkilatlar da Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı dəfələrlə bəyanat veriblər.

Bu günlərdə isə nüfuzlu Qərb nəşri – "Huffington Post” qəzeti bununla bağlı məqalə dərc edib. Məqalədə Metsamor AES-in 1976-cı ildə tikildiyi və 30 illik müddət üçün istifadəyə yararlı olduğu vurğulanıb. Buna baxmayaraq, Ermənistan yeni Atom Elektrik Stansiyası tikmək əvəzinə, bu stansiyanın istifadə müddətini 2026-cı ilə qədər uzadıb. "Metsamor AES seysmik zonada yerləşir və baş verə biləcək təbii fəlakət faciəyə səbəb ola bilər. Cənubi Qafqaz ölkələri bununla bağlı dəfələrlə narahatlıqlarını bildiriblər” - deyə qəzet yazır. Qeyd edək ki, Metsamor Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək, daha sonra isə dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaqardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərarlar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında yaşayacağını göstərir.

Ümid edirik ki, bu cür geniş etirazlardan sonra nəhayət, beynəlxalq qurumlar, konkret olaraq MAQATE Ermənistanın bu stansiyasını ciddi təhlükə kimi qəbul edib, onun bağlanmasına qərar verəcək. Əks halda, region üçün "saatlı bomba”ya çevrilən stansiyanın törədə biləcəyi fəsadlara görə məsuliyyət onun üzərinə düşəcək.

Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutu AES-lə bağlı bəyanat verib. Bildirilir ki, Metsamor Atom Elektrik Stansiyası (AES) seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün böyük təhlükə mənbəyidir.
 
Bəyanatda deyilir ki, AES İrəvan şəhərindən 28 km, Türkiyə və İran sərhədindən müvafiq olaraq 16 və 60 km, Azərbaycan sərhədindən 150 km məsafədə yerləşir. Metsamor AES-in işlətdiyi illik nüvə yanacağının miqdarı 42 tondur: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Metsamor AES-in istismar müddətinin artırılıb-artırılmaması məsələsinə yenidən baxacaq. Beynəlxalq ictimaiyyətə çağırışlar edilməlidir ki, onun fəaliyyəti dayandırılsın, yəni beynəlxalq agentlik bundan sonra Metsamor AES-in işləməsinə icazə verməsin”.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202