• çərşənbə axşamı, 19 mart, 13:51
  • Baku Bakı 8°C

Metsamor AES Cənubi Qafqaz və Yaxın Şərqə təhlükədir

16.03.18 20:04 756
Metsamor AES Cənubi Qafqaz və Yaxın Şərqə təhlükədir
Ötən ilin noyabrında Avropa İttifaqı ilə saziş imzalayan Ermənistan üzərinə öhdəlik götürmüşdü ki, enerji sahəsində islahatlar həyata keçirəcək. Razılaşma sənədində regionda yeganə AES olan və Ermənistanın enerjiyə olan tələbatının 40 faizini təmin etdiyi iddia olunan Metsamor stansiyasının dərhal bağlanması barədə bənd də var idi.
Ekoloqlar stansiyanın bağlanması ilə bağlı çoxdandır mübarizə aparırlar. Facebook və Twitter-də stansiyanın bağlanması ilə əlaqədar "StopMetsamor” devizi altında da kampaniya da başladılıb. Kampaniyanın təşəbbüskarları dünya ictimaiyyətinə, BMT və MAQATE kimi qurumlara müraciət edərək ətraf aləm üçün təhlükə mənbəyi olan stansiyanın bağlanması tələbini qaldırıblar. AES-in əleyhdarlarının əsas arqumentlərindən biri odur ki, stansiya seysmik cəhətdən aktiv 9 ballıq zonada yerləşir. Halbuki, stansiya 8 bala davamlıdır. Stansiyanın zəlzələ baş verən zaman avtomatik söndürülmə sistemi mövcud deyil. ABŞ hökuməti onu köhnə və təhlükəli adlandırıb. Prinsip etibarilə AES-lər seysmik cəhətdən aktiv zonalarda inşa edilməməlidir. "Bu stansiya bütün regiona təhlükədir”, - deyə Aİ-nin Ermənistandakı keçmiş xüsusi nümayəndəsi Aleksis Kuber bildirib. Vyanada yerləşən Avstriyanın Tətbiqi ekologiya üzrə İnstitutu Metsamoru AES-lər içində ən təhlükəli stansiya adlandırır: "Stansiya beynəlxalq təhlükəsizlik standartlarına, qəza zamanı soyutma sistemlərinə cavab vermir. "Fukusimo”nun qoruyucu buludu radioaktiv materialların qarşısını ala bilmədi, Metsamor isə ümumiyyətlə belə sistemdən məhrumdur. AES-in modernləşməsi ilə bağlı fundamental işlər aparılmayıb. Ermənistanın stansiyanı standartlara uyğun saxlamaq üçün nə maliyyə, nə də mineral resursları mövcuddur. Ölkə zəruri avadanlıqları və zəruri hissələri almaq iqtidarında deyil. Ermənistanın insani resursları da mövcud deyil. Mütəxəssislərin çoxu isə çoxdan buranı tərk edib gediblər”.
"Vestnik Kafkaza”ya açıqlamasında Milli enerji təhlükəsizliyi Fondunun aparıcı analitiki, Rusiya hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov bildirib ki, əgər AES-də qəza baş verərsə, bu, qlobal miqyas kəsb edə bilər: "Bu stansiyada texnogen fəlakətdən tək Ermənistan yox, bütün region zərər çəkə bilər. Bundan əlavə, istənilən atom stansiyasında qəza AES-lərə qarşı inamsızlığı gücləndirir. Əgər qəza baş verərsə, bu bütövlükdə dünyada nüvə energetikasına olan inamı azaldacaq, AES-lərin təhlükəsizliyi məsələsini gündəmə gətirəcək. Bütün Qərb şirkətləri bir ağızdan başlayacaqlar ki, baxın, bu stansiya sovet texnologiyası üzrə inşa edilib”. Onun sözlərinə görə, radioaktiv tullantıların basdırılması ilə Ermənistan ekoloji fəlakətlər üçün şərait yaratmış olur. Nəticələri isə on illiklər ərzində aradan qaldırmaq mümkün olmayacaq. Kür və Araz çayları ora düşən tullantılar ucbatından çirklənir.
"Metsamor AES-dən və Ermənistandakı alüminium zavodundan çıxan zəhərli tullantılar Araz çayına axıdılır və bu onun ətrafında yaşayan insanlar üçün təhlükə törədir”, - deyə İran parlamentinin ətraf mühitin qorunması üzrə komitəsinin nümayəndəsi Kəmaləddin Pirmuazzin bildirib. Alman politoloq, postsovet məkanı üzrə mütəxəssis Xayko Lanqner də qeyd edib ki, "Metsamor AES zonasında yerləşən stansiya o qədər də yaxşı vəziyyətdə deyil. Texniki işlər nəticəsində tez-tez enerjinin verilməsində problemlər yaşanır. Bir dəfə hətta bütün ölkə işıqsız qalmışdı. İrandan alınan kabellərdən birində defekt çıxmışdı”.
Yeri gəlmişkən, məqalədə qeyd edilir ki, stansiyanın Ermənistan vətəndaşları üçün təhlükəliliyi ilə bağlı "Atom enerjisi” jurnalında da şok faktlar açıqlanıb. Bu məlumatlardan bəlli olur ki, stansiyadan dəfələrlə uran və digər təhlükəli materialların oğurlanması cəhdi olub. Məsələn, 1999-cu ildə Ukraynanın hüquq mühafizə orqanları əməkdaşları Metsamordan uran oğurlayıb satmaq istəyən iki ermənini həbs edib. 2001-ci ildə isə Samtsxe Cavahetiyada Ermənistandan gətirilən 300 qram uran müsadirə olunub. 2003-cü ildə Ermənistan və Gürcüstan arasındakı sərhəddə gürcü sərhədçiləri 170 qram yüksək zənginləşdirilmiş uran U-235 aşkar ediblər. Elə həmin ilin dekabrında Meğri buraxılış məntəqəsində erməni gömrükçüləri İrana aparmaq üçün nəzərdə tutulan təhlükəli vasitə aşkar ediblər. Bəlli olub ki, həmin vasitə Metsamor AES-dən oğurlanıb. 2009-cu ildə erməni-gürcü sərhədində Ermənistan vətəndaşına məxsus avtomobildən təhlükəli sezium-137 vasitəsi aşkarlanıb. 2010-cu ildə Tbilisidə biznesmen Smbat Tonoyan və Yerevan institutunun fiziki Qrant Oqanyan gürcü hakimiyyət orqanları tərəfindən saxlanılıblar. Saxlanılan zaman onların üzərindən 18 qram 89 faizli uran aşkar edilib. Məhkəmə prosesi zamanı bəlli olub ki, Tonoyan vasitəni satmaq istədiyi şəxsdən 8 mln. dollar tələb edib. Özü də Smbat Tonoyanın oğlu Samvel Tonoyan Ermənistan Xüsusi İstintaq Xidmətinin üzvü olub. Tonoyana uranı isə erməni Qarik Dadayan təqdim edib. Bu şəxs isə bundan əvvəl 2003-cü ildə Gürcüstana qaçaq yolu ilə uran keçirən zaman həbs edilib. 2,5 il həbsxanada yatdıqdan sonra azadlığa çıxıb. Sonra yenə də bu işlə məşğul olmağa başlayıb. 2010-cu ildə Tbilisi aeroportunda naməlum mənşəli toz və uran satmağa cəhd edən üç nəfər həbs edilib. Qruplaşma üzvlərindən biri Ermənistan vətəndaşı olub. 2014-cü ilin avqustunda erməni-gürcü sərhədində gürcü hakimiyyət orqanları Gürcüstan ərazisinə sezium-137 keçirməyə çalışan iki ermənini həbs ediblər. 2016-cı ilin yanvarında erməni-gürcü sərhədində gürcü hakimiyyət orqanları növbəti dəfə ölkə ərazisinə bu təhlükəli maddəni keçirməyə çalışan üç ermənini həbs ediblər. 2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti üç erməni və üç gürcünü saxlayıb. Onlar 200 qram 238-uran satmaq istəyiblər. Həmin ermənilərin Metsamor AES-də işlədikləri bəlli olub. Ən maraqlısı isə odur ki, həbs edilənlərdən biri Ermənistan məxfi xidmətinin keçmiş əməkdaşı olub. Bu qrup uran 238-i Yaxın Şərq regionu ölkələrində satmaq niyyətində olub. "StopMetsamor”un fəalları həm də onu vurğulayırlar ki, stansiya terrorçuların hədəfinə çevrilə bilər. Çünki təhlükəsizlik səviyyəsi aşağı dərəcədədir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər