• cümə axşamı, 28 mart, 19:17
  • Baku Bakı 13°C

“Metropark”da sevgi vulkanı püskürdü

20.02.14 15:55 1689
“Metropark”da sevgi vulkanı püskürdü
Vezuvi vulkanı nəticəsində kül altında qalan bütöv bir şəhər – Pompey. Eramızın ilk yüzilində Roma İmperiyasının zənginləri tez-tez bu məkana istirahətə gəlirdilər. Şəhərin cəlbedici tərəflərindən biri də Pompeyin hər cürə şəraitə malik olması idi: burada hər zövqə uyğun əyləncələr, gözəl vaxt keçirmək üçün xüsusi yerlər, cürbəcür şərablar və gözəl ədvalı yeməklər vardı. Lakin bütün bunlara bir gündə, bir neçə saatın içində son qoyulur – vulkan püskürür.
Pol Andersenin “Pompey” filmi bu faciəni müasir formada nəql edir. 3D formatında çəkilmiş film dünya premyerasından bir gün əvvəl “Metropark”-dakı “Park Cinema” kinoteatrında nümayiş etdirildi. Jurnalistlər üçün keçirilən qapalı nümayişdə bir çox KİV nümayəndəsi, tanınmış ictimai xadimlər iştirak edirdilər.
Filmin əsas qəhrəmanı romalıların qulu olan Maylo adlı gəncdir. Uşaq yaşlarında romalılar onun ailəsini, bütün nəslini qətlə yetirib, özünü girov alıblar. Maylo böyüyəndə qladiator olur. Onu döyüşmək üçün Pompeyə göndərirlər. Burada qul Maylo Pompey valisinin qızı Kassiyaya vurulur.
Sonra hər şey Hollivud filmlərində olduğu kimi cərəyan edir: sevgi ilə yanaşı həyəcan, döyüş, faciə dolu səhnələr bir-birini əvəz edir. Lakin film “happy end” ilə bitmir, baş qəhrəmanların hamısı kül altında qalır. Kassiya ilə Maylonun öpüşən yerdə kül heykəli də onların arasında olur.
Amerika Birləşmiş Ştatları (ABŞ) və Almaniya kinematoqrafçılarının birgə əməyi ilə istehsal edilən ekran əsərinin büdcəsi 130 milyon dollar təşkil edir. “Pompey”də əsas rolları Kit Harinqton, Kerri-Enn Moss, Emili Brauninq, Adevale Akinoye-Aqbaje, Cessika Lukas ifa edir.
Xatırladaq ki, Pompeyin qalıqları 1713-cü ildə təsadüfən aşkar edilib. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək qalmaqdadır. Hazırda Pompeya şəhəri açıq hava altında qədim dövrün muzeyinə çevrilib.
Pol Andersen “Pompey” üçün “Bəzi tarixlər qanla yazılır” sloqanını seçib.
3D formatında təqdim edilən filmi izləmək istəyənlər biletləri “Park Cinema” kinoteatrlar şəbəkəsindən əldə edə bilərlər.
banner

Oxşar Xəbərlər