• cümə axşamı, 28 mart, 13:22
  • Baku Bakı 16°C

Mətbuatşünaslığımız sovet dövründə

03.05.17 15:00 1692
Mətbuatşünaslığımız sovet dövründə
1920-ci ilin ortalarından 1990-cı ilin əvvəllərinə kimi Azərbaycanda (əslində bütün SSRİ məkanında) mətbuat marksizm ideologiyası, metodologiyası əsasında öyrənilib, yazılıb və təbliğ edilib. Partiya və onun ideoloji funksionerləri öz ideyalarının təbliğ, təşviq və təşkili işində mətbuatın, xəbər agentliyinin, radio və televiziyanın manipulyasiya gücündən maksimum istifadə etmək üçün kütləvi informasiya vasitələri sistemini mümkün qədər genişləndirməyə cəhd göstərdilər. Proletar ədəbiyyatı və mətbuatı hakim ideologiyanın ruporuna çevrildi, bu ideologiya isə marksizm-leninizm ideologiyası idi.
Qafqaz Senzura Komitəsində erməni qrupu
Sovet dövründə Azərbaycan mətbuatının tədqiqi əsasən 20-ci illərin ortalarından başladı. 1925-ci il, aprelin 12-də bolşevik yazarı Həbib Cəbiyevin sədrliyi ilə Azərbaycan mətbuatının 50 illik yubileyinin keçirilməsi üçün komissiya yaradılır. Bundan sonra Azərbaycanın mətbuat tarixinə dair əsərlər, məqalələr, elmi kitablar və xatirələr yazılır. Bu tədqiqatlar sovet ideologiyasına uyğun yazılsa da, onlarda mətbuatımızın yaranması və inkişafı tarixini əks etdirən çox dəyərli faktlar var.
Məsələn, uzun illər Qafqaz Senzura Komitəsində Şərq dilləri üzrə senzor vəzifəsində çalışan, ilk müsəlman senzor Mirzə Şərif Mirzəyevin "Qafqazdakı türk mətbuatı tarixi üçün materiallar” əsəri Azərbaycan dövrü mətbuatının tarixinin öyrənilməsində etibarlı mənbələrdəndir. Çox zəngin arxiv sənədləri əsasında yazılan bu əsərdə M.Ş.Mirzəyev Azərbaycan mətbuatına qənim kəsilən Qafqaz Senzura Komitəsində çalışan erməni Korqanov, Melik-Meqrabov, Kişmişev, Qaraxanov kimi senzorların anadilli mətbuatımıza qənim kəsilməsini faktlarla qeyd edirdi.
M.Ş.Mirzəyev əsərində "Ziya”, "Ziyayi-Qafqaziyyə”, "Kəşkül” və "Şərqi-rus” mətbu orqanları haqqında da məlumat verib. Müəllif M.Şahtaxtlının "Şərqi-rus”da Hacı Zeynalabdin Tağıyevə qarşı yazdığı qərəzli məqalələrə münasibətini belə bildirib: "İlk nömrədən başlayaraq, 15-ci nömrəyə qədər mərhəmətli və qüdrətli milyonerin adı və soyadı müxtəlif cür hallanır və onun fəaliyyəti hər tərəfdən, müxtəlif nəzər nöqtəsindən müzakirə olunurdu. "Şərqi-rus” şəxsi həyatın toxunulmazlığı prinsipini unudaraq, utanmadan milyonerin ailə həyatından faktları da müzakirəyə qoyurdu”. Mükəmməl sənədlərlə əhatə edilən əsərdə Azərbaycan mətbuatının necə böyük çətinliklərlə yaranması, fəaliyyəti geniş şəkildə şərh edilib. Yeri gəlmişkən, qeyd edim ki, M.Ş.Mirzəyevin həmin əsəri uzun illər sonra AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun bir qrup əməkdaşı tərəfindən yenidən rus dilində çapa hazırlandı və 2009-cu ildə nəşr edildi.
"Kaspi” qəzeti "ziyanlı burjua nəşri” kimi...
1920-30-cu illərə nisbətən 1940-50-ci illərdə ümumpartiya bolşevik mətbuatı və onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan bolşevik mətbuatı daha geniş tədqiqata cəlb edildi. Nüsrət Bağırov, Həsən Şahgəldiyev, Xasay Vəzirov, Seyfulla Əliyev, Xəlil Rəfiyev, Həsən Quliyev, Rza Quliyev, Məcid Katibli və başqalarının elmi məqalələrində və əsərlərində ölkədəki bütün nailiyyətlər bolşevik mətbuatının və yazarlarının fəaliyyəti ilə bağlanaraq, milli ruhlu mətbuatımız və yazarları ancaq tənqid atəşinə tutuldu.
Məsələn, tarixçi alim Xəlil Rəfiyevin bir çox əsərləri, xüsusən də "Leqal bolşevik qəzeti "Təkamül” adlı əsərində inqilabın ölkəmizə gətirdiyi "xoşbəxtlikdən”, V.İ.Leninin xalqımıza qarşı "diqqət və qayğısından”, yerli bolşevik mətbu orqanlarımızın V.İ.Leninin təlimini əsas tutaraq, amansızcasına mübarizə aparmasından fərəh hissi ilə danışaraq, sonda "Kaspi” "Tərcüman” və "Füyuzat” kimi milli ruhlu mətbu orqanlarını "yalan və iftira” yazan mətbu orqanları adlandıraraq, "millətçi, panislamist, pantürkisist” kimi təqdim edirdi.
1960-cı ildə buraxılan üçcildlik "Azərbaycan tarixi” və "Azərbaycan ədəbiyyatı tarixi” kimi fundamental nəşrlərdə də "Kaspi” qəzeti "ziyanlı burjua nəşri” adlandırılır. Əslində sovet tarixşünaslığında "liberal istiqamətli, ticarət-sənaye burjuaziyasının mənafeyini güdən, müsəlman burjuaziyasının islamçılıq, türkçülük ideyalarını təbliğ edən qəzet” kimi təqdim edilən "Kaspi” öz səhifələrində bütün dünyada, o cümlədən də Qafqazda baş verən yeniliklərə, sosial-iqtisadi, siyasi məsələlərə geniş yer verərək, təhlil-təbliğ edibdir. Adı çəkilsə də, çəkilməsə də, onun səhifələrindəki faktlardan, informasiyalardan alimlərimiz yetərincə bəhrələniblər. Məsələn, Azərbaycan mətbuatının ilk salnaməçisi, tədqiqatçı-alim Qulam Məmmədli ikicildlik "Azərbaycan teatr salnaməsi”ndə, ədəbiyyatşünas Kamal Talıbzadə "XX əsr Azərbaycan tənqidi” əsərində, zərdabişünas Ziyəddin Göyüşov "H.Zərdabinin dünyagörüşü” kitabında, mətbuat tədqiqatçısı Nəriman Zeynalov "Azərbaycan mətbuat tarixi” dərsliyində, tədqiqatçı alim Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı” monoqrafiyasında, mollanəsrəddinşünas Əziz Şərif "Molla Nəsrəddin” necə yarandı?” əsərində, filosof Heydər Hüseynov "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” elmi əsərində və daha necə-necə fundamental əsərlərin yazılmasında kifayət qədər "Kaspi”nin materiallarından istifadə edilib. On illər boyu "Kaspi”ni dana-dana, söyə-söyə onun varlığını, gərəkliyini dolayısı yolla təsdiqləmişik.
Və "Füyuzat”a münasibət
Bu tədqiqatlarda "burjua mətbuatı” adı altında "Kaspi” qəzeti ilə yanaşı, daha çox tənqidə, hətta təhqirə məruz qalan "Füyuzat” jurnalı idi. 1920-ci ildən 1950-ci illərin sonuna kimi ədəbi mühitimizdə "Füyuzat” ədəbi məktəbinin yetirmələrinə qarşı siyasi tərəddüdlərlə müşayiət olunan bir dövrdür. "Füyuzat”çı alim Ş.Vəliyev bu ədəbi məktəbə dair tədqiqatların tarixini beş dövrə bölür.
Birinci - "Füyuzat” jurnalının nəşrindən 1920-ci ilə qədər olan dövr. Bu dövr ərzində tanınmış tənqidçilər F.Köçərli, A.Sur, S.Hüseyn, F.Ağazadə ilə yanaşı jurnalist S.E.İbrahimov, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Müznib, H.S. Ayvazov və başqaları da bu mövzuya müraciət edərək "Füyuzat”a layiq olduğu obyektiv qiyməti veriblər.
İkinci dövr - 1920-37-ci illəri əhatə edir və bu dövr "Füyuzat” ədəbi məktəbinin əleyhinə tərəddüdlərlə dolu ideoloji təzyiq və təsirlərlə səciyyəvidir. Füyuzatçılara qarşı siyasi ittihamlarla zəngin olan bu dövrdə mətbuatda daha çox çıxış edənlər M.Quliyev, Ə.Nazim, R.Axundov və B.Çobanzadə olub. Məsələn, Ə.Nazimin "Yeni Azəri ədəbiyyatı haqqında” (Bax: Türk yurdu” jur, 1927, N-31-32), M.Quliyevin "Proletar ədəbiyyatına doğru” (Bax: "İnqilab və mədəniyyət” jur, 1929, N-4), B.Çobanzadənin "Azəri ədəbiyyatının yeni dövrü- Nasionalizimdən internasionalizmə” (Bax: ADETİ-nin nəşri, 1930) və s. Bu zaman "Füyuzat”a qarşı aparılan siyasi məqsədlər, "ədəbi döyüşlər” siyasi məhkəmələrə çevrilib.
Üçüncü - 1937-ci ildən 1960-cı ilə qədər olan illəri əhatə edir. Bu dövrlə bağlı araşdırmalardan aydın olur ki, 1950-ci ilin ortalarından sonra füyuzatçıların bədii irsi nisbətən nəşr edilib və təbliğ olunub. Doğrudur, bu dövrün tədqiqatlarında da füyuzatçılar tənqid edilirdi. Amma tənqid məqsədilə də olsa, tədqiqatçılar füyuzatçıları ədəbi-elmi təhlil müstəvisindən çıxmağa qoymadılar.
Dördüncü dövr - 1960-cı ildən 1985-ci ilə qədər. Bu dövrdə artıq tədqiqatçılar füyuzatçılar haqqında ciddi elmi mülahizələr söyləyir, onların yaradıcılığını ictimai-siyasi prinsiplərlə yox, bədii-estetik tələblərlə tədqiqata cəlb edirdilər. Məsələn, Əziz Mirəhmədovun "Azərbaycan "Molla Nəsrəddin”i (1980), Mir Cəlal Paşayev və Firudin Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı” (1982), Ofeyla Bayramlının "Həyat” qəzetində ədəbiyyat məsələləri (1905-1906)” namizədlik dissertasiyası (1981), "Fikrin karvanı” (1984) və başqa əsərlərin təsiri nəticəsində "Füyuzat” ədəbi məktəbinə maraq yenidən diqqəti cəlb etdi.
Beşinci - sonuncu dövr isə 1985-ci ildən sonrakı illəri əhatə edir. Ədəbiyyatşünas və mətbuatşünas alimlərimizdən Ə.Mirəhmədov, K.Talıbzadə, X.Məmmədov, İ.Həbibbəyli, Ş.Qurbanov, O.Bayramlı, Ş.Vəliyev, V.Sultanlı, İ.Ağayev, A.Zeynalzadə, V.Quliyev və başqaları əsərlərində "Füyuzat” ədəbi məktəbinin nümayəndələrinə layiq olduqları qiymətləri verdilər. Adlarını sadaladığım bu alimlərin gərgin əməyi və səyi nəticəsində "Füyuzat” ədəbi məktəbinin yaradıcısı olan Ə.Hüseynzadənin və digər füyuzatçıların mətbu irsinin transliterasiya edilərək yenidən ədəbi-elmi ictimaiyyətə çatdırılması Füyuzatçılığın tədqiqi tarixində diqqətə layiq əhəmiyyət kəsb edir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər