Mətbuatın üz qaraları
Bu gün elə bir vəziyyət yaranıb ki, media nümayəndələri bəzən müəyyən
yerlərdə özlərini jurnalist kimi təqdim etməyə utanırlar. Xüsusilə də iş adamları,
əyalətlərdəki dövlət məmurları "jurnalist” sözünü eşidəndə, ilk ağıllarına
gələn "reket jurnalistika”nın nümayəndələri olur. Düşünürlər ki, bütün jurnalistlər
məhz onlar kimidir. Hesab edirlər ki, bütün jurnalistlər fəaliyyətlərini ancaq
pul almaq üçün kimlərisə şantaj etmək fəlsəfəsi üzərində qurur. Nə qədər
deyirsən ki, belə deyil, vicdanlı jurnalistlər əslində məbləği böyük olmayan
maaşa işləyirlər, inanmırlar.
Əvvəllər belələrini qınamaqla keçirdim, amma son vaxtlar mənzərənin
həqiqətən acınacaqlı olduğu qənaətinə gəlmişəm. "Reket jurnalistika” mövzusu
hazırda kifayət qədər aktuallaşıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu
sahədə heç vaxt indiki qədər biabırçı durum olmayıb. Yazılı mediadan internetə
transformasiya edən bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar. Ayrı-ayrı
şəxsləri, dövlət təsisatlarını, şirkətləri şantaj edir, məqsədlərinə nail olmaq
ən üçün çirkin vasitələrdən belə istifadə edirlər. Bu zaman nə peşə
prinsiplərini, nə ölkə qanunvericiliyini, nə də milli mentaliteti nəzərə
alırlar. Bir növ, ölkədəki söz azadlığından çirkin məqsədlərinə çatmaq üçün
istifadə edirlər.
Əvvəllər cəmiyyətdə belə bir fikir var idi ki, məmurlar, ayrı-ayrı
şəxslər gözükölgəli olmasalar, "reket” dediyimiz bu jurnalist adından istifadə
edənlərə pul verməzlər. Amma indi bunlar o qədər həyasızlaşıblar ki, "gözükölgəli,
gözükölgəsiz”ə baxmadan məqsədlərinə nail olmayınca, hədəfə aldıqları
şəxslərdən, obyektlərdən əl çəkmirlər. Məsələn, xəbəri yayırlar, sonra öz
çevrələrindəki saytlar vasitəsilə tirajlayırlar. Hədəf seçdikləri adamlarda
vahimə yaratmağa çalışırlar. Elə sayt olur ki, bir gündə bir təşkilat, şəxs
haqqında 20-25 neqativ yüklü məlumat yayır, bütün yaradıcılığını hədəfə aldığı
şəxsin gözdən salınması üçün səfərbər edir. Reaksiya olmadıqda, bir az fasilə
verib, 1 ay əvvəlin xəbərini yenidən yayırlar. Xəbərin köhnəlməsi, təkrar
olunması onlar üçün önəmli deyil. Təki, hədəfə aldıqları obyekti diz üstə çökdürə
bilsinlər...
Bəzən isə sırf ailədaxili məsələlərdən, şəxsi həyat sirlərindən
yazır, insanları qurşaqdan aşağı vururlar. Hətta olmayan şeyləri də uydurub, fantaziyalarını
yazı nümunəsi kimi qələmə verirlər.
Baxıb görürsən, bir sayt məlumatı yayıb, digər özü kimi sayta istinad
edib. İstinad olunan sayta baxırsan, elə bir xəbər tapa bilmirsən. Soruşursan,
deyir, 6 ay əvvəl orda belə bir xəbər var idi...
Elə bir dərəbəylik mühiti yaradıblar ki, ayrı-ayrı şəxslər, dövlət
məmurları, iş adamları, şirkət təmsilçiləri hazırda az qala, çarəsiz bir durumdadırlar.
İnsanların bu cür saytlara qarşı hüquq müstəvisində mübarizə aparmaq imkanları
da olmur. Məsələn, məhkəməyə vermək istəyirsən, hüquqi ünvanları belə yoxdur.
Kimi məhkəməyə verəsən?
Maraqlıdır ki, hətta kimsə pul verib canını qurtarmaq "lüks”ünə də sahib
deyil. Hansısa obyektin, şəxsin pul verdiyini görən kimi, öz aralarında
xəbərləşərək, mütəmadi şəkildə onu narahat edirlər. Hələ bu azmış kimi,
"imkanlı mənbə” tapanda, yeni sayt yaradır, üstəlik, qohumlarına, tanışlarına
da sayt yaradıb həmin şəxsdən yazmağı məsləhət görürlər. Bir sözlə, adamın sözün
əsl mənasında sonuna çıxırlar.
Bunların elələri var ki, eyni vaxtda 10-15-20 sayt idarə edir. Heç
bir kollektivləri olmur, yalnız bir admin işlədirlər. Bir neçə dəstəbaşıları
var ki, fəaliyyətlərin tənzimlənməsi ilə əsasən onlar məşğul olurlar. Bəzi sayt
rəhbərlərinin heç ali təhsili də yoxdur. Sosial şəbəkələrdə adi bir status
yazanda, bir cümlədə 5-6 səhv buraxırlar, amma ümumilikdə mətbuata dərs keçmək
iddiasındadırlar. Bəziləri keçmişdə məhkumluq həyatı yaşayanlardır. Bir sözlə,
sırf kriminal fəaliyyətlə məşğul olan belələri, mətbuatın üz qaralarıdır. Təsəvvür
edin ki, dövlət qurumları, özəl şirkətlər öz işlərini, ciddi media ilə
münasibətləri bir kənara qoyub, onlarla mübarizə aparmağa məcburdurlar...
Amma bunlara qarşı ayrı-ayrı şəxslərin, dövlət orqanlarının mübarizə
aparması elə də asan deyil. Yuxarıda qeyd edildiyi kimi, konkret redaksiyaları,
hüquqi ünvanları belə yoxdur. Ona görə də "reket saytlar”a qarşı kompleks və
təsirli mübarizə başladılmasının vaxtı çatıb. Artıq ictimai qınaqla
kifayətlənmək olmur. Təcrübə göstərir ki, bunlar heç vaxt ictimai qınaqla
yollarından çəkiləcək şəxslər deyillər.
Bu baxımdan, Mətbuat Şurasının bu istiqamətdə başlatdığı fəaliyyət
təqdir olunmalıdır. Eyni zamanda, müvafiq dövlət qurumları da bu kriminal
ünsürlərə qarşı fəaliyyətə cəlb olunmalıdır. Bu şəxslərə mətbuat nümayəndəsi
kimi deyil, kriminal ünsür kimi yanaşılmalıdır. Mətbuatı hər addımbaşı gözdən
salan mənbələrə giriş məhdudlaşdırılmalı, sahibləri hüquq müstəvisində
cəzalandırılmalıdır.
Həqiqi media təmsilçiləri də problemin nə qədər ciddi olduğunu
ictimaiyyətə nümayiş çatdırmalıdırlar. Heç kimdən çəkinmədən, adımızı bədnam
edənlərin şantajlarından ehtiyatlanmadan düzü-düz, əyrini-əyri deməliyik. Yoxsa
bizi daha acı nəticələr gözləyir. Yoxsa jurnalist olduğumuzu haradasa dilə
gətirməyə görə daha çox utanmalı olacağıq.
İlham QULİYEV