AZE | RUS | ENG |

Mətbuatın Novruz falına baxan subay qızları

Mətbuatın Novruz falına baxan subay qızları
Bu il ər evinə köçəcəyini gözləyən kimdir?

Novruz bayramı xalqımızın ən sevimli, ən təntənəli şəkildə keçirilən bayramdır desək, yanılmarıq. Əslində Novruz bayramının adət-ənənələri haqqında çox yazmaq olar. Amma bu yazımda subay xanımlar üçün xüsusi məna ifadə edən Novruz fallarından danışacağıq. Həmsöhbətlərim isə müxtəlif mətbuat orqanlarında çalışan subay həmkarlarımdır.  
 

 
"8 ildir ki, bu falı edirəm” 
 
İlk həmsöhbətimiz Modern.az saytının əməkdaşı Günay Rəsulqızıdır.Günay deyir ki, fallara inanmasam da, Novruz bayramını məhz elə fallara görə sevirəm: "Məncə, bayramın əsas əyləncəsi budur. Başqaları kimi "yox, mən Novruz falı etdirməmişəm” deyib inkar etməyəcəyəm. Çünki hər il, xüsusilə ilaxır çərşənbədə üzük falı mütləq edirəm. Qızlar üzük falının reallaşdığını deyir. Yalan olmasın, artıq 8 ildir ki, bu falı edirəm və hər il eyni rəqəm - 24 yaş çıxır. Bu o deməkdi ki, bu il evlənməliyəm”(gülür). 
 
 

Günay düşünür ki, Novruz falları keçmişdə qızını ərə verə bilməyən anaların fantaziyasıdır: "Qapı pusmaq, duzlu kökə, başmaq atmaq falına inananlar da kifayət qədərdir. Bunlardan yalnız başmaq falını ilk dəfə keçən il etdim. Nəticə yenə eynidir, guya bu il ər evinə köçəsiyəm. Maraqlıdır ki, Novruz fallarının hamısı evliliyə hesablanıb. Məncə, bu fallar ya o vaxt qızlarını ərə verə bilməyən anaların, ya da elə ərə gedə bilməyən qızların fantaziyasıdır. Məşhur bir söz var "fala inanma, falsız da qalma”. Bu prinsiplə Novruz bayramlarını yola veririk. Əgər fallardan kiməsə ziyan dəymirsə, əyləncəsindən niyə imtina edək?” 
 
"Adı şam falında çıxan oğlan elçi gəldi”
 
Günay fallarla bağlı şahidi olduğu maraqlı bir hadisəni də mənimlə bölüşdü: "Novruz falları sırasında şam falı da var. Hər halda, hamı olmasa da, əksəriyyət bilər, niyyət edib şamı suyun üstünə tutursan, guya şam əridikcə, suya düşəm damcılarla gələcək həyat yoldaşının adının baş hərfi yaranır. Bayramların birində xalam qızı ilə bunu etdik və şamın damcılarından "S” hərfi yarandı. Bu adda bizim qohumumuz var idi. Faldan sonra gülərək, həmin adam olacağını düşündük. Xalam qızı da "öldürsələr də, o adamla evlənmərəm” dedi. Təsəvvür edin, həmin oğlan çox qısa müddət sonra xalam qızı üçün elçi gəldi. Necə oldusa, oğlanı bəyənməyən qız razılıq verdi və hazırda evlidirlər. Bu hadisəyə bir xeyli gülmüşdük”.
 
"Sinif yoldaşım bizim qapıya qulaq falına gəlmişdi”
 
Xəbərlə.com saytının müxbiri Elnarə Salamovanın üzük falı düz çıxmayıb: "Düzünü desəm, fala inanan biri deyiləm. Hətta mənim üçün fala baxmaq və ya baxdırmaq cahillikdən başqa bir şey deyil. Amma Novruz falı xalqımız üçün adət-ənənə halını alıb.  Və heç vaxt öz təşəbbüsümlə bu ənənədə iştirak etməsəm də, axırıncı dəfə 2-3 il bundan qabaq rəfiqələrimlə maraq üçün birinci və sonuncu dəfə üzük falına baxdıq. Falda 23 yaş çıxdı, indi isə mənim 25 yaşım var və hələ də subayam”. 
 


Elnarə qulaq falına çıxan sinif yoldaşını yaman yerdə tutub: "Bir dəfə sinif yoldaşım bizim qapıya qulaq falına gəlmişdi. Təsadüfən, çölə çıxmaq üçün qapını açanda, kiməsə dəydiyini hiss etdim. Gördüm ki, sinif yoldaşımdı. Açığı çox pərt oldu, heç nə demədən utanaraq qapıdan uzaqlaşdı”. 
 
"Üzük 92 dəfə stəkana dəydi” 
 
Axar.az saytının əməkdaşı Billurə Yunus deyir ki, onun falına baxanda üzük 92 dəfə stəkana dəyib: "Əslində fala inanan biri deyiləm, amma universitet vaxtı çərşənbələrdə qızlarla toplaşanda, sırf əylənmək üçün fal baxırdıq. Saçımızdan bir tel qopardıb nişanlı qızın üzüyü ilə yoxlayırdıq. Deyilənə görə, çox rəqəm olanda rəqəmlərin yerini dəyişdirirsən və nəticədə alınan rəqəm evlilik yaşındır. Məndə üzük 92 dəfə stəkana dəydi. Qızlar da dedilər ki, 29 yaşında evlənəcəksən. Bir dəfə başmaq falına da baxmışam, amma nəticəsi necə olmuşdu, yadımda deyil”. 
 
 

Billurə ilə söhbətimiz zamanı duzlu kökəni də sınayıb-sınamadığını soruşuram. Məlum olur ki, həmkarımın duzlu kökənin hekayəsindən heç xəbəri yoxdur. Ona duzlu kökə haqqında məlumat verdikdən sonra, Billurə çox maraqlı cavab verir: "Elə yaxşı ki, bunu etməmişəm. Birdən gecə yuxumda zəhləm gedən birini görüb, depressiyaya düşərdim”.
 
"Bu sözləri eşitdikdən sonra, bir "ah” çəkib, sevindim” 
 
Sinif yoldaşları ilə qulaq falına çıxan "Report” İnformasiya Agentliyinin əməkdaşı Aynur Osmanqızı deyir ki, həmin gün nə qədər həyəcan keçirdiyimi bir Allah bilir: "11-ci sinifdə oxuyurduq. Axırıncı çərşənbədə sinif yoldaşlarımla qərara gəldik ki, bir-bir hamımızın evinə gedib qapı pusaq, sonra da papaq ataq. Həmin gün çox həyəcanlı idim. Telefonum da yox idi ki, zəng vurub evə xəbər edim ki, bəs qızlarla qapı pusmağa gəlirik. Nəhayət, bizim evin qapısına çatdıq. Səhv etmirəmsə, bizim qapıya 4 qız gəlmişdik. Öz qapımızı dinləyəndə ürəyim yerindən çıxacaqmış kimi döyünürdü. Həmin vaxt nə qədər həyəcan keçirdiyimi bir Allah bilir. Elə o anda anamın səsi gəldi. Nənəmə deyirdi ki, qapını geniş aç, geniş aç ki, stolu keçirdə bilək. Bu sözləri eşitdikdən sonra, bir "ah” çəkib, sevindim. Sevindim ki, evimizdən yaxşı söz eşitdim. Sonra qapını döyüb, içəri keçdik. Bayram payımızı götürüb, növbəti ünvana yollandıq. Həmin günü heç unutmamağımın digər bir səbəbi isə tonqalın üstündən tullanarkən yıxılmağımdır”.

Həmkarıma "ola bilməz ki, üzük falına baxmayasan” sualını da verirəm:  "Əlbəttə, baxmışam. Biz də qızlarla çərşənbə axşamları yığışanda sapa nişan üzüyü keçirib içində su olan stəkana salmışıq. Mənim falımda 21 yaş çıxmışdı. Guya ki, 21 yaşımda ərə getməli idim. 28 yaşa çatmışam, göründüyünüz kimi, hələ də subayam (gülür)”. 
 


Aynur deyir ki, bu kimi fala baxmalar sadəcə, inanclardır. İnancları itirmək olmaz. Hamısında bir ümid gizlənir, nəticə düzgün çıxmasa da, ümid etmək belə gözəldir.
 
"15-20 qız universitetin bufetində üzük falına baxırdıq”
 
"Şərq” qəzetinin müxbiri Aysel Aslan deyir ki, ən gözəl bayramlar kənddə keçirilir: "Bəlkə də çoxları razılaşmaz, amma kənddə bayram ab-havası tamam başqa cür olur. Novruz hər kəsin bayramıdır. Düşünmürəm ki, Novruzu el ənənələrinə uyğun qeyd etməyi xoşlamayan biri ola.  Ali məktəbə qəbul olandan, yəni 5 ildir ki, Bakıdayam. Demək olar, hər bayramda rayona getsəm də, çərşənbələri həmişə Bakıda keçirmişəm. Təbii ki, tələbə yoldaşlarımızla, qohumlarla bir yerə yığılıb "qızlar məclisi” quranda bayramlar daha da şən keçir. Adəti üzrə biz də hər il axır çərşənbə qızlarla yığışıb fala baxardıq. Subay qızların ən çox baxdığı üzük falını biz həmişə universitetin bufetində sınayırdıq. İki qrup birləşirdik, təxminən 15-20 qız ərə gedəcəyi yaşı bilmək istəyirdi. Bəlkə də aramızda üzük falına inanmayanlar var, amma ənənələrimizi, adətlərimizi yaşatmaq, bayramın dadını çıxarmaq, deyib-gülüb əylənmək xətrinə fal baxmağımız hər il aktuallığını saxlayır”. 
 
"Papağımız boş qayıtmamışdı” 
 
Ayseldən falda çıxan yaşını soruşdum: "Nə kəramətdirsə, hər il mənim üzük falımda fərqli rəqəmlər çıxıb. Bir dəfə 18 yaş, bir il sonra yoxlayanda 21, axırıncı dəfə - keçən il isə 23 yaş saydıq. Hələ ki, 22 yaşım var. Görək nə olur (gülür). Bu il də adəti üzrə qızlarla yığışıb fala baxacağıq”. 
 
 

Həmsöhbətim çərşənbələrdə çox aktiv olduğunu, papaq atdığını, qulaq falına çıxdığını deyir: "Təbii ki, ən çox sınadığım fallardan biri də qulaq falıdır. İlaxır çərşənbələrdə, bayram günlərində həmişə qızlarla birlikdə qulaq falına çıxırıq. Keçən il axır çərşənbədə qızlarla papaqatdıya çıxmışdıq. Kirayə yaşadığımız binada, demək olar, bütün qonşuların qapısına papaq atdıq. Düzünü deyim, papağımız boş qayıtmamışdı. Qonşularımız bayram süfrələrində olan nemətlərlə - şirniyyatlar, qoz, fındıq, meyvə, konfet və s. ilə papaqlarımızı doldurmuşdu. Əslində bayramın bir gözəlliyi də məhz budur - paylaşmaq”. 
 
"Qulaq falına çıxdığım evin uşağı başıma daş atdı”
 
"Mənim falıma baxanda üzük dayanmaq bilmədi” deyən Teleqraf.com saytının jurnalisti İlhamə Əbülfət bildirir ki, bayramı dostlarla birlikdə keçirməyin ləzzəti tamam başqadır: "Əlbəttə, Novruz bayramını rəngarəng edən cəhətlərdən biri də adət-ənənələrimizdir. Bayram ərəfəsində subay qızların baxdığı fallar da bu ənənələrdəndir. Mən də rəfiqələrimlə birlikdə hər axır çərşənbədə bir süfrə başına yığışırıq. Etiraf edim ki, bayramı belə qeyd etmək daha maraqlı və əyləncəli olur. Bir dəfə  üzük falına baxdıq. Hamı sıra ilə bəxtini sınadı, hərəyə bir yaş çıxdı. Növbə mənə çatanda üzük dayanmaq bilmədi”.
 
 

İlhamənin qulaq falında da bəxti gətirməyib: "Belə bir deyim var ki, arzu tutursan və qulaq falına çıxırsan. Qapını pusarkən eşidilən ilk sözləri yozursan. Ona görə, nənəm həmişə bizə deyərdi ki, axır çərşənbədə yalnız yaxşı sözlər danışmaq lazımdır. Mən də bir dəfə həvəsə gəldim, dedim qulaq falına çıxım. Qapısını pusduğum evin uşağı çölə çıxanda məni görüb, başıma daş atdı. Çox güman ki, uşaq yanlış anlayıb. Evlərində olan söhbətə niyə qulaq asdığımı bilməyib”.
 
Günel Azadə
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000