• cümə, 29 Mart, 05:54
  • Baku Bakı 7°C

Mətbuatın müğənni dostu - Sorğu

22.07.14 09:16 1754
Mətbuatın müğənni dostu - Sorğu
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür. Bu dəfə 139-cu ilini qeyd edən mətbuat nümayəndələri bu günü hər il bayram edir. İl boyu gündəmdə olan hadisələri dürüst şəkildə oxucuların və tamaşaçıların nəzərinə çatdıran dördüncü hakimiyyətin bu gün ən şad günüdür desək, heç də yanılmarıq.
Mətbuatın ən maraqlı qollarından biri də şou-biznesdir. İnsanların maraqla izlədiyi şou səhifəsini və ya sayt xəbərlərini hazırlayan müxbirlər başqalarından heç də az əziyyət çəkmir. Bəlkə də əksinə. Çünki şou əhlinin nazı ilə oynamaq heç də asan məsələ deyil. Biz də mətbuatın bu xoş günündə mədəniyyət yazarları arasında sorğu keçirdik. Onlardan hansı müğənni ilə işləməyin daha asan və rahat olduğunu soruşduq. Beləliklə, siz də mətbuatın dostu olan şou-biznes nümayəndələrinin adları ilə tanış ola bilərsiniz.
Faiq Ağayev, Röya və Zarina
APA TV-də redaktor vəzifəsində çalışan, bir neçə müğənni ilə çalışan Türkan Məmmədli bizimlə söhbətində Röya və Zarinanı mətbuatın dostu hesab etdiyini bildirdi. Türkan müğənnilərlə mətbuatın arasında olan münasibətin onu heç də qane etmədiyini deyərək, şou əhlinin mətbuata yanaşmasından danışdı: “Şou nümayəndələri bəzən jurnalistlərlə davranışlarını unudurlar. Məncə, hər bir müğənninin mətbuat katibi olmalıdır və bunu mütləq hesab edirəm. Çünki müğənnilərimiz jurnalistlərlə münasibəti tənzimləyə bilmirlər. Onlarla münasibət qurmaqda çətinlik çəkirlər. Etmək istədiklərində isə bu onlarda qeyri-səmimi alınır. Bir də qeyd edim ki, Faiq Ağayev mətbuat sözün əsl mənasında dostudur”.
Faiq Ağayev
“Oxu məni” qəzetinin şöbə müdiri, Mediainfo.az saytının redaktoru Könül Qocayeva bizimlə söhbətində hər müğənninin mətbuatda “krışa”sı olduğunu, bu halda müğənnilərin rahat hərəkət etdiklərini dedi: “17 ildir ki, mətbuat aləmində fəaliyyət göstərirəm. Bu müddət ərzində heç bir müğənni ilə işbirliyim olmayıb. Özüm də Azərbaycanın ilk əyləncəli qəzeti olan “Oxu məni” qəzetində çalışmışam. Sözümün canı budur ki, bütün müğənnilərlə sıx təmasım olub. Lakin heç biri ilə yaxından tanışlığım olmayıb. Heç istəmərəm də olsun. Təkcə onu deyə bilərəm ki, xalq artisti Faiq Ağayevi mətbuatın dostu hesab edə bilərəm. O, qələm əhlinin dilini yaxşı başa düşür. Çünki onun intellektual səviyyəsi buna yol verir. Müğənnilər mətbuatla münasibəti sırf özlərinə görə qururlar. Onlar populyarlıq əldə etmək, gündəmdə qalmaq, cəmiyyətin diqqətini üzərinə toplamaq üçün media ilə münasibəti yaxşı saxlamağa can atırlar. İnanın ki, müğənnilərin jurnalistlərlə dostluğu, yaxınlığı yalnız bunlara görədir”.
Faiq Ağayev
Bakupost.az portalının mədəniyyət yazarı Ümidə Həsənli xalq artisti Faiq Ağayevin nəinki mətbuatla, 7-dən 77-yə hər kəslə ünsiyyət qurmağı bacardığını bildirdi: “Xalq artisti Faiq Ağayev indiyədək şəxsən mənim heç bir sualımı cavabsız qoymayıb. Ən əsası isə, o, sualı düzgün başa düşür. “Düzgün başa düşür” ifadəsini ona görə işlətdim ki, bir çox müğənnilər sualı belə düzgün anlamır və öz fikrini düzgün çatdıra bilmirlər. Bunun də səbəbi odur ki, müğənnilərin çoxu kitab, qəzet oxumur, olsa-olsa, yalnız internetdə özləri haqqında informasiyaları axtarırlar.
Bununla yanaşı, müğənnilər Yaşar Cəlilov və Niyam Salami ilə işləmək mənə rahatdır. Yaşar gənc olmasına baxmayaraq, ağıllı, təvazökar və səmimi bir insandır. Səmimi insanlarla ünsiyyət isə rahatdır. Niyam isə həyatda və səhnədə təcrübəsi olan bir müğənnidir. Söhbətin haradan başlamasından asılı olaraq söhbətin nə ilə bitəcəyini bilir. İlk növbədə isə qarşısındakı jurnalistə hörmətlə yanaşır. Əlbəttə ki, hər kəs jurnalistə hörmətlə yanaşmalıdır. Amma bəzi müğənnilərin cahilliyi onların gözlərini yumur və onlar ulduz eyforiyasına qapılırlar”.
Roza Zərgərli
Vesti.az saytının mədəniyyət müxbiri Yeganə Rzaxanova Roza Zərgərlinin mətbuatla yaxşı münasibətdə olduğunu, onun xarakterinin mülayimliyini qeyd etdi: “Lalə Məmmədova, Tünzalə Ağayeva, Samira, Kərim Abbasov, Nadir Qafarzadə mətbuatla yaxşı işləyir. Röyanın bir az mətbuatla problemi var, onu da yaxşı anlayıram. Çünki bəzi jurnalistlər aldıqları informasiyanı düzgün şəkildə yazmırlar. Sarı mətbuat sayəsində onun kimi müğənnilər mətbuatdan uzaq düşüblər. Onlara görə Röya jurnalistlərə başqa cür yanaşır”.
Flora Kərimova
“Bakı xəbər” qəzetinin əməkdaşı Günel Cəlilova şou nümayəndələrinin bir qisminin mətbuat nümayəndələri ilə yaxşı yola getdiyini bildirsə də, bəzilərinin jurnalistləri təhdid etdiyin də şahidi olub: “Bu günlərdə müğənni Nadir Qafarzadə ona sənətçi deyən jurnalistə mikrofonu başına çırpacağını bildirmişdi. Təəssüflər olsun ki, media sayəsində məşhur olan bəzi sənətçilər bu gün jurnalistləri təhqir və ya təhdid edirlər. Şou-biznes sahəsi mənim üçün çox yaralı yerlərdən biridir desəm, heç də yanımaram. Müğənnilərə onlardan müsahibə almaq istədiyimi deyəndə, o saat özlərini naza qoyurlar. Misal üçün, ötən ay xalq artisti Faiq Ağayevə telefon edərək ondan müsahibə almaq istədiyimi dedim. Cavabı isə qəribə oldu - "Müsahibə verməyə “oxot”um yoxdur". Müğənnilər bu gün müsahibə verməyə belə can çəkirlər. Düzdür, elələri də var ki, onlar canla-basla müsahibə verir, istədiyin sual ətrafında geniş şəkildə danışırlar. Amma etiraf edək ki, özlərini naza qoyanlar rahat müsahibə verənlərdən say baxımından çoxdur. Mətbuatın dostları kimi Samira Allahverdiyeva, Xatun, Mənsur İbrahimov, Brilliant Dadaşova, Azərin, Flora Kərimova, Xuraman Şuşalının adını çəkə bilərəm”.
Səlim Abbasov, Flora Kərimova
ANS PRESS saytının mədəniyyət müxbiri Aysel Qurbanzadə hər müğənninin bir tipə mənsub olduğunu qeyd etdi: “Flora Kərimovanın qəbuluna düşmək çox asan olsa da, onunla işləmək çətindir. Yazı efirə getdikdən sonra özü yenidən bir neçə dəyişiklik etdirmək istəyir. Elza Seyidcahan ilə işləmək rahatdır. Röya, Aygün Kazımova və bir neçə digər məşhurlar barədə xəbərləri, yeniliklərini sosial şəbəkə vasitəsi ilə öyrənirik deyə onların xəbərini yazmaq bizim üçün daha rahatdır. Sənətçilərin sırasında medianın dostu əməkdar artist Səlim Abbasovu hesab edirəm. Çünki onun qapıları və telefonları hər zaman bizim üçün açıqdır. Onu da qeyd edim ki, Samira Allahverdiyeva, Roza Zərgərli ilə də ünsiyyət qurmaq bizim üçün rahatdır”.
Elariz Məmmədoğlu, Səyyad Əlizadə, Firuzə İbadova, Flora Kərimova
Tabloid.az saytının yazarı Aytən Həsənova mətbuatla işləməyi bacaran müğənnilərimizin çoxluq təşkil etdiyini bildirdi: “Mətbuatla işləməyi bacaran müğənnilərimizin sayı kifayət qədərdir. Hətta onların əksəriyyəti jurnalistlərlə birbaşa olaraq münasibət saxlayırlar. Bəzi ulduzlar kimi heç bir vasitəçiyə - mətbuat xidməti və ya prodüserə gərək qalmır. Bu siyahıda Elariz Məmmədoğlu, Səyyad Əlizadə, Firuzə İbadova, Flora Kərimova və digərlərinin adını çəkə bilərəm. Prinsipcə, əksər müğənnilərlə işləmək, onlarla dil tapmaq mümkündür. Təbii ki, onların hər birinin özünə görə çatışmazlığı var, bu qaçılmazdır”.
Beləliklə, bir sıra mədəniyyət və şou yazarlar arasında apardığımız sorğunun nəticəsində belə qənaətə gəldik ki, müğənnilərimizdən Faiq Ağayev və Flora Kərimovanı mətbuatın dostu hesab etmək olar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər