• şənbə, 27 Aprel, 02:54
  • Baku Bakı 14°C

Mətbuat Şurasının səlahiyyətləri artırılsın? - Fotolar

07.02.18 12:00 807
Mətbuat Şurasının səlahiyyətləri artırılsın? - Fotolar
Bu günlərdə millət vəkili Əflatun Amaşov Mətbuat Şurasının hüquqi statusuna yenidən nəzər salınmasına dair təkliflə çıxış edib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun təşkilati-hüquqi forma baxımından ictimai təşkilat olduğunu xatırladaraq, bir çox hallarda ictimai qınaq müstəvisindəki fəaliyyətin yetərsiz təsir bağışladığını söyləyib. O qeyd edib ki, məsələyə elə həssas yanaşılmalıdır ki, həm azadlıq məhdudlaşmasın, həm də azadlığın məhdudlaşdırıldığına dair hansısa şübhələr yaranmasın. Ə.Amaşov deyib ki, bunun yolu MŞ-nın fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir.

Məsələ ilə bağlı media rəhbərlərinin rəyini öyrəndik."APA Holding”in prezidenti Vüsalə Mahirqızı bildirdi ki,Azərbaycan mediasının özünütənzimləmə qurumu və səlahiyyəti olmalıdır: "Rəsmi statusun verilməsi, əslində, Mətbuat Şurasını QHT funksiyasından çıxarır. Amma Əflatun Amaşovun söylədiyində həqiqət olan bir şey var. İndiki halda, Mətbuat Şurasının tam sanksiyalaşdırma və qərar vermə hüququ yoxdur. Ona görə də hələ ki, bizdə yalnız sanksiya tətbiq edilir. Əslində qərar vermək imkanı olan qurumlar daha çox səlahiyyətli hesab olunur. İctimai rəydə də bu məqam əsas götürülür. Təəssüflər olsun ki, bəzən Mətbuat Şurasının verdiyi qərarlar bir çox mətbuat orqanları tərəfindən yerinə yetirilmir. Belə hallarda qurumun buna qarşı hansısa cəza tətbiq etmək imkanı olmur. Əlbəttə, burada təkcə sanksiya tətbiqindən söhbət getmir. Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi, həm də medianın inkişafı baxımından müəyyən addımların atılmasına kömək edə bilər. Belə ki, sözügedən qurum dövlət orqanları, beynəlxalq təşkilatlar və bir sıra qurumlarla daha səlahiyyətli bir orqan kimi fəaliyyət göstərə bilər. Yenə də qeyd edirəm ki, burada məqsəd təkcə kimisə cəzalandırmaq deyil. Ümumi halda mətbuatın inkişafına və Mətbuat Şurasının daha nüfuzlu bir quruma çevrilməsinin yardım edə bilər. Məncə, bu təklif uğurludur. Mart ayında jurnalistlərin növbəti qurultayı baş tutacaq. Düşünürəm ki, jurnalistlər bu məsələyə münasibət bildirməlidirlər. Yəqin ki, ondan sonra bu təklif daha geniş şəkildə müzakirə ediləcək”.

"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyir ki, Mətbuat Şurası bu gün mediada özünü tənzimləyən bir orqan olaraq çox vacib bir missiyanı yerinə yetirir: "Biz bu işlərin müsbət nəticələrini illərdir görürük. Azərbaycanda media ilə cəmiyyətin, media ilə dövlət qurumlarının münasibətlərinin tənzimlənməsində, həmçinin, medianın özünün peşəkarlıq səviyyəsinin yüksəldilməsində və vətənpərvərlik və dövlətçilik ideyalarının mediamızda aparıcı prinsiplərə çevrilməsində şuranın böyük rolu var. Ona görə də, düşünürəm ki, hazırkı şəraitdə Mətbuat Şurasının səlahiyyətlərinin rəsmi qaydada genişləndirilməsi faydalı ola bilər. Bunu ayrıca bir qanun şəklində də tətbiq etmək olar. Müasir qanunvericilik normaları buna imkan verirsə, səlahiyyətlərin genişləndirilməsinin başqa bir formasını tapmaq da mümkündür. Bütün hallarda, düşünürəm ki, qurumun səlahiyyətlərinin artırılmasına çox böyük ehtiyac var. Bu həm də ölkədə ciddi bir bəlaya çevrilmiş "reket jurnalistikası”nın və jurnalistikada olan qeyri-peşəkar şəxslərin bu sahədən yığışdırılması baxımından vacibdir. Mən bu məsələyə təkcə şuranın, medianın yox, həm də vətənpərvərlik və dövlətçilik məsələsi kimi baxıram”.
"Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da bəzi məqamları qeyd etdi: "Məsələ burasındadır ki, Mətbuat Şurasının hüquqi statusunun hansı şəkildə müəyyənləşəcəyi hələlik dəqiq deyil. İndiyə kimi bu qurum QHT kimi fəaliyyət göstərib. Mətbuat Şurası Azərbaycanda fəaliyyət göstərən KİV-lərə nəzarət edir. Amma təsisçilik hüququ məsələsi bir qədər sual doğurur. Hesab edirəm ki, şuranın imkanları artırılmalıdır. Cəmiyyət və mətbuat münasibətlərinin tənzimlənməsində Mətbuat Şurasının çəkisinin artması və səlahiyyətlərinin genişləndirilməsinin tərəfdarlarından biri də mənəm. Amma Mətbuat Şurası haqqında ayrıca bir qanun qəbul edilsə, təşkilatın strukturunda və idarəetmə formasında hansı dəyişikliklərin olacağı məlum deyil. Məsələnin necə tənzimlənməsi haqqında bir şey deyə bilmərəm. Bütün hallarda, hesab edirəm ki, Mətbuat Şurası müstəqil idarəetmə mexanizminə sahib olmalıdır”.

"Demokratik Jurnalistlər” Liqasının sədri Yadigar Məmmədlibildirdi ki, bu gün jurnalistikaya aidiyyəti olmayan, bu peşəni dərindən bilməyən insanlar, internetin verdiyi imkanlardan yararlanaraq, şəxsi maraqlarına xidmət edirlər: "Onların sayının az olduğu dövrdə Mətbuat Şurası komissiyaya daxil olan şikayətləri araşdırırdı. Qurum neqativ halları ictimailəşdirir, qaydanı pozan KİV və jurnalistləri ictimai qınaq şəklində tənbeh edirdi. Zaman keçdikcə bu saytların sayı artdı. İndi belə hallar elə kütləviləşib ki, buna məcburuq. Həm cəmiyyətin üzvləri, həm də dövlət qurumları mətbuatdakı neqativ hallarla bağlı Mətbuat Şurasını günahlandırır. Amma şuranın baxa biləcəyi çərçivə çox dardır. Biz problemləri sadəcə, ictimai qınaq şəklində müzakirə edə bilirik. Mətbuat Şurasının belə problemləri həll etməsi üçün əlavə səlahiyyətlərə ehtiyacı var. Çünki elə məsələlər var ki, adi qaydada baxmaq olmur. Biz istəyirik ki, verdiyimiz qərarların nəticəsi olsun. Çünki bu şəxslər ictimai qınağı nəzərə almır və heç nədən çəkinmirlər. Onları bu əməldən çəkindirəcək inzibati üsulların olması lazımdır. Bu məsələni ictimailəşdirmişik. İstəyirik ki, məsələ qanunvericilikdə öz həllini tapsın”.
Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər