Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
Bu gün Azərbaycan Mətbuat
Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə
məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
1. KİV-lərin dövlət
tərəfindən maliyyələşməsi şərtlərinin dəyişməsindən sonra yaranmış durumun
müzakirəsi
İclasda öncə Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri
dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib. İH üzvləri bildiriblər
ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması
dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən
qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən
nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar
tapılmalıdır.
Bu xüsusda media bazarının
genişləndirilməsi üzərində dayanılıb. Bildirilib ki, əvvəllərdə olduğu kimi,
qəzetlərin metro stansiyalarının çıxışında və insanların sıx toplaşdıqları
digər yerlərdə satışı təşkil olunmalı, o
cümlədən səyyar satış bərpa olunmalıdır. Elə mühit yaradılmalıdır ki, hazırkı durumda dövlət dəstəyindən
faydalanmaq şansı olmayan nəşrlərin gələcəkdə buna imkan əldə etmələrinə şərait yaransın. Belə olduqda onlarda fəaliyyət üçün
stimul yaranacaq. Bu isə öz növbəsində
rəqabət formalaşdıracaq.
KİVDF-nin maliyyələşmə
şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir.
Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha
keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım
yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud
məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət
aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz.
Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu
yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə dünya
miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin
aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır.
***
İclasda internet media resurslarının maliyyələşməsi məsələ üzərində
dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən
yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə
gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin
mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya
dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin
maliyyələşməsidir. Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca
vəzifələrdən biri internet medianın özünə hüquqi münasibətlər sistemində yer
tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi
xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması
müəyyənləşdirilməməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması
üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb. Qeyd
olunub ki, MŞ mövcud istiqamətdə hazırladığı təkliflər sırasında internet media
ilə bağlı ayrıca qanunun olması da şərtdir.
***
İclasda qəzet yayımı sahəsindəki vəziyyətə də nəzər salınıb. Bildirilib ki, hazırkı durumda şəhərin müxtəlif
yerlərindəki köşklər heç də təyinatı üzrə istifadə edilmir. Onlarda çox məhdud
sayda qəzet olur. Əsasən digər məhsullar satılır. Buna nəzarət yoxdur. Nəticədə qəzetə maraq azalır, müvafiq olaraq redaksiyaların maddi durumu pisləşir. Ümumən ölkə üzrə qəzet yayımı sahəsindəki vəziyyət
ürəkaçan deyil. Belə ki, həm paytaxtın mərkəzdən kənar yerlərində, həm də
ölkənin regionlarındakı köşklər tələblər səviyyəsindən xeyli aşağıdır, normal
satış demək olar, yox səviyyəsindədir.
***
İclasda vurğulanıb ki,
dünyanın bir çox ölkələrində qəzet kağızı əlavə dəyər vergisindən azad edilib.
Azərbaycanda isə bununla bağlı ziddiyyətli durum var və ƏDV tətbiq edilir.
Ziddiyyət ondan ibarətdir ki, idxal olunan KİV məhsulları Vergi Məcəlləsinin
164.1 və 164.1.7 maddələri ilə ƏDV-dən azaddır. 2005-ci ildə Nazirlər Kabineti
11 saylı qərar qəbul edib. Həmin qərarda da
idxal olunan KİV məhsullarının ƏDV-dən azad edildiyi vurğulanıb. Beləliklə KİV məhsullarının ƏDV-dən azad olunması 2
dövlət
sənədi ilə tənzimlənib. Həm qanunla, yəni Vergi Məcəlləsi ilə, həm də
Nazirlər Kabenitinn 11 saylı qərarı ilə.
Ancaq o da məlumdur ki,
2015-ci ildə Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edilib. Ancaq Vergi Məcəlləsi qüvvədədir və qüvvədə ola-ola
ölkəyə gətirilən KİV məhsullarından - həm qəzet və jurnallardan, həm də qəzet
kağızından ƏDV tələb olunur. Yəni
faktiki olaraq Nazirlər Kabinetinin 11 saylı qərarının ləğv edilməsi ilə
imtiyazın aradan qaldırılması əsas götürülmüş sayılır. Halbuki qanun, yəni Vergi Məcəlləsi daha üstündür
və indiki durumda məhz ona istinad edilməlidir, nəinki ləğv edilmiş qərara. Beləliklə Vergi Məcəlləsinə görə, idxal olunan KİV məhsullarının alqı-satqısı üzrə
bütün dövriyyələr ƏDV-dən azaddır. Ancaq bəzi dövlət qurumları iddia edirlər
ki, bu, alqıya deyil, yalnız satqıya aiddir. Ziddiyyətdən uduzan
tərəf isə media orqanlarıdır. ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli
gəlir gətirmir. Ancaq medianın durumuna mənfi təsir göstərir.
***
İclasda KİV-lərin reklam gəlirləri məsələsinə də toxunulub.
Bildirilib ki, indiki durumda onların maddi vəziyyətinin yaxşılaşdırılması üçün
dövlət elan və sosial reklamlarının KİV-də cəmləşməsinə nail olmaq vacibdir.
Bir sıra dövlət qurumları büdcələrində reklam üçün nəzərdə tutulan vəsaiti
yalnız özlərinin təsis etdikləri media orqanlarına yönləndirməklə
kifayətlənirlər. Bu vəsait həmin qurumların fəaliyyətini ictimai rəydə daha
tutarlı təbliğ edən KİV-lərə daxil olarsa, həm cəmiyyət zəruri informasiyalarla
təmin olunmuş olar, həm də redaksiyaların maddi bazası güclənər.
İH üzvləri Şuranın göstərilən məsələləri həll etmək üçün ölkə
rəhbərliyinə, müvafiq qurumlara müraciət ünvanlamasının vacibliyini
vurğulayıblar. Mövcud istiqamətdəki fəaliyyətin koordinasiya edilməsi üçün
vaxtilə mövcud olmuş işçi qrupunun fəaliyyətinin gücləndirilməsi barədə qərar
qəbul edilib.
***
İH üzvləri son günlər dövlətin mediya dəstək siyasətinə zidd
təmayüllərlə bağlı da fikirlərini bölüşüblər. Onlar bildiriblər ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu fəaliyyətdə olduğu 10 ildə kifayət qədər mühüm tədbirlər
gerçəkləşdirib. Qurumun «Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»na uyğun olaraq həyata
keçirdiyi fəaliyyət nəticəsində həm dövlətin mediaya yardım mexanizmi formalaşıb,
həm redaksiyaların maddi-texniki bazası güclənib, həm onların əmək
qanunvericiliyinin şərtlərinə uyğun iş prinsipi yaranıb, həm də dövlət
KİV-lərin və jurnalistlərin potensiallarını cəmiyyətin maraq və mənafelərindən
irəli gələn məsələlərə səfərbər etməyi bacarıb. Bu, kifayət qədər çoxşaxəli
sistemdir və onun gələcəkdə Konsepsiyadan irəli gələn digər fəaliyyət
istiqamətləri ilə zənginləşməsinə də kəskin ehtiyac duyulmaqdadır. Bu xüsusda
KİV-lərə sırf texniki yardımın göstərilməsindən söz açılıb. Bildirilib ki, bir
çox hallarda Azərbaycana qarşı anti-təbliğat meyllərinə qarşı mübarizədə
medianın texniki resurslarının zəifliyi hiss olunmaqdadır.
2. Mətbuat Şurasının 2018-ci ildə gördüyü işlərə
dair hesabatının müzakirəsi
İclasda müzakirə edilən ikinci məsələ Mətbuat Şurasının 2018-ci ildə
gördüyü işlərə dair hesabatı olub.
a) Məlumat verilib ki, Mətbuat Şurasına 2018-ci
ildə 700 müraciət daxil olub. Müraciətlərin 478-i şikayət mahiyyəti daşıyır.
Digər 222 müraciətin 70-i dövlət proqram və tədbirlər planlarının icrasına
aiddir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması barədə 100, fəxri
adlar və dövlət təltifləri ilə bağlı 30,
sosial məsələlərə aid 18, jurnalist peşəsindəki problemlərin həll edilməsi ilə
bağlı 2 müraciət qeydə alınıb. Daha 2 müraciət təkrardır. Təkrar müraciətlər
ictimai qınağa məruz qalmış cavabdeh KİV-lərin MŞ-nın qərar və rəylərindən
nəticə çıxarmadığını ifadə edən şikayətlərdir.
2018-ci ildə MŞ-yə daxil olmuş 478 şikayətin 250-i bilavasitə Şuranın
Katibliyində baxılıb, 120 şikayətin müəllifləri ilə izahat xarakterli söhbətlər
aparılıb, 20 şikayət üzrə tərəflər Şuraya dəvət olunub, katiblik tərəfindən
təklif edilən variantlarla qarşılıqlı razılıq əldə edildiyindən məsələyə xitam
verilib.
478 şikayətin 90-ı Şikayətlər üzrə Komissiyada baxılıb. Komissiyanın
87 şikayət üzrə çıxardığı rəylərdə cavabdeh media orqanlarının yol verdiyi
nöqsanlar, AJPDQ-nın ayrı-ayrı prinsip və bəndlərinin pozulduğu vurğulanıb.
Şikayətlər üzrə Komissiya 2018-ci il ərzində 2 şikayətin "Reket jurnalistika”ya
qarşı Mübarizə Komissiyasında baxılması barədə qərar qəbul edib. Hər iki
şikayət həmin Komissiyada baxılıb və Şuranın İdarə Heyətinin 21 noyabr 2018-ci il
tarixli qərarı ilə iki xəbər portalından birinin - "Demokratik.az”ın adı
Mətbuat Şurasının "qara siyahı”sına salınıb, "DoqruXeber.az” saytına
fəaliyyətində dönüş yaratması üçün vaxt verilib.
Mətbuat Şurası şikayətlərin araşdırılmasında daha çox informasiya
qaynaqlarına sayğılı yanaşmaya, məlumatların yayılması zamanı mənbənin mütləq
göstərilməsinə (və yaxud informasiya qaynağının gizliliyinin qorunması tələb
edilirsə göstərilməməsinə), məlumatların həqiqətə uyğunluğu və informasiya
dəyərinin yoxlanılmasına, mənanın təhrifinə və yazıların sərlövhələri ilə
məzmununun uyğunluğuna diqqət yetirib. Şikayətlər üzrə Komissiyada baxılan
şikayətlərin 30%-dən çoxunda bu hallar müşahidə olunub.
Şikayət doğuran materialların təhlili göstərir ki, cavabdeh KİV-lər
haqqında yazdığı şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı
prinsipinin qeyri-ciddi yanaşıblar. Bu prinsipə önəm verilməməsi şikayətlərin
artmasına şərait yaradan faktorlardır. Şikayətlərin təxminən 20%-ni bu baxımdan
fərqləndirmək mümkündür.
Şikayətlərin araşdırılması zamanı məlum olub ki, cinayət əməllərinin
«Peşəkar» subyektlərinin zorakılıqlarının, habelə iradəsi zəif insanların
intihar halları barədə reportajların, hərəkət və hərəkətsizliklərin təşviqi,
sensasiya formasında təqdimatı ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb.
Bəzən belə hərəkətlərə «bəraət» qazandıran informasiyaların yayılması da
müəyyən edilib.
Bəzi cavabdeh KİV-lər tərəfindən baş vermiş və istintaqı tamamlanmış
cinayət xarakterli materiallar üzrə şəxsin təqsirsizlik prezumpsiyası hüququna
hörmətlə yanaşılmaması, şəxsin "cinayətkar” kimi cəmiyyətə təqdim («Dia.az»
bax) edilməsi faktları da qeydə alınıb. Şikayət doğuran materiallarda vulqar
ifadələrin, jarqonların işlədilməsi hallarına da rast gəlinib.
b) Mətbuat Şurası 2018-ci ildə həmçinin
Azərbaycan jurnalistlərinin VII qurultayını keçirib. Qurultayda İdarə Heyəti üzvlərinin sayının 17-dən 23-ə çatdırılıb.
Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik
aparılmasına müsbət münasibətlərini bildiriblər.
c) Şuranın 11
aprel prezident seçkiləri ilə bağlı fəaliyyəti 2 istiqaməti əhatə edib. KİV-lərin
seçki ilə bağlı materiallarının monitorinqi və seçki günü jurnalistlərin peşə
fəaliyyətlərini yerinə yetirmələrinin monitorinqi.
d) MŞ 2018-ci ildə dövlət proqramlarının
icrasından irəli gələn fəaliyyətlə də məşğul olub. Həmçinin Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "Azərbaycanın mətbuat məkanında
ədəbi dilin qorunmasına dəstək” layihəsini icra edib. Layihə çərçivəsində
"Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər”
mövzusunda 2 konfrans keçirilib. Konfranslarda kütləvi informasiya
vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dilçi alimlərin,
mərkəzi əhəmiyyətli media orqanları rəhbərlərinin iştirakı təmin olunub.
Tədbirlərdə həmçinin Şuranın ümumilikdə 25 KİV-də apardığı monitorinqin
nəticələri açıqlanıb.
e) 2018-cı ildə Azərbaycan Mətbuat Şurasının Ahıl
Jurnalistlər Məclisi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı
ilə "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə
qaynağımızdır” mövzusunda layihə icra edib. Layihə çərçivəsində KİV-lərin və
jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı
14 toplantıl təşkil olunub, 4 halda ahıl jurnalistlər evində ziyarət olunub,
onlara maddi yarımlar edilib, plaket və qiymətli hədiyyələr təqdim olunub.
f) 2018-ci ildə Mətbuat Şurası partnyor
təşkilat kimi Avropa Şurasının Azərbaycan Nümayəndəliyinin «Azərbaycanda gender
bərabərliyi və media azadlığı» layihəsində təmsil olunub. Layihə çərçivəsində
jurnalist peşəkarlığının müxtəlif istiqamətlərinə, gender bərabərliyi
məsələlərinə medianın yanaşması və sair məsələlərə diqqət yetirilib.
g) MŞ 2018-ci ildə Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi ilə birgə Azərbaycan Silahlı
Qüvvələrinin 100-cü ildönümü münasibətilə kütləvi informasiya vasitələri
nümayəndələri arasında "Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı
müsabiqəsi təşkil edib. Müsabiqədə ümumilikdə 50-dək jurnalist
mükafatlandırılıb.
Mətbuat Şurası həmçinin noyabrın 22-də Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi ilə birgə "Gömrük orqanlarında aparılan islahatlar:
müasir tələblər və çağırışlar”
mövzusunda yazı müsabiqəsi elan edib. Müsabiqə qaliblərinin 2019-cu ilin
yanvar ayında mükafatlandırılıblar.
h) Mətbuat Şurası 2018-ci ildə ali məktəblərin
jurnalistika fakultələrinin abituriyent və magistr pilləsinə qəbul zamanı
keçirilən qabiliyyət imtahanında da iştirak edib. Şuranın müəyyənləşdirdiyi
nümayəndələr Dövlət İmtahan Mərkəzinin qabiliyyət imtahanı komissiyasında
təmsil olunublar.
i) Azərbaycan
Mətbuat Şurası 2018-ci ildə mitinqlərdə jurnalistlərin peşə vəzifələrini yerinə
yetirmələri ilə bağlı monitorinq aparıb.
Aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə
alınmayıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq
qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.
***
Mətbuat Şurası 2018-ci ildə 4 dəfə bəyanat verib. Şuranın müxtəlif
mövzularda tematik tədbirlərinin sayı 10-dur. MŞ üzvləri 5 xarici ölkədə
keçirilmiş beynəlxaql toplantıda iştirak ediblər. Mətbuat Şurasında 14 xarici
media təmsilçisi ilə görüş təşkil olunub. Şuranın dəstəyi ilə keçirilmiş kitab
təqdimatlarının sayı 5, sənədli film təqdimatlarının sayı isə 3-dür.
İH üzvləri hesabatı müsbət qiymətləndiriblər və hesabat qəbul olunub.İclada Mətbuat
Şurasının 2019-cu il üçün iş planı müzakirə olunaraq təsdiq olunub.
3.
Mətbuat Şurasına yeni üzvlərin qəbulu
İclasda Mətbuat Şurasına yeni üzvlərin qəbulu həyata keçirilib.
Müzakirələrdən sonra "Baku Post Media MMC” (bakupost.az) və "XezerNews.az” Xəbər
portalı Şuraya üzv qəbul ediliblər.
4. Cari məsələ
MŞ sədri Əflatun Amaşov Mətbuat Şurası haqqında qanun layihəsinin
hazırlandığını bildirib və hazırda sənəd üzərində ekspertiza işlərinin
aparıldığını vurğulayıb. O, məsələ idə bağlı 2019-cu ildə fəal işlərin görüləcəyini
diqqətə çatdırıb.
İH üzvləri bildiriliblər ki, media orqanlarının fəaliyyətinin peşəkar
tələblər çərçivəsində qurulması aktual əhəmiyyət daşımaqdadır. Hazırkı durumda
Şura ictimai təşkilat kimi fəaliyyət göstərdiyindən məhdud imkanlara malikdir.
Buna görə də ayrıca qununun olması vacibdir.
***
İclasda «Təzadlar» qəzeti ilə əlaqədar məsələ də müzakirə olunub.
Bildirilib ki, bu nəşrlə bağlı son günlər Şuraya şikayətlər daxil olmaqdadır.
Qəzet vaxtilə MŞ-nin «qara siyahı»sında yer alıb. «Reket nəşr»lərin
müəyyənləşdirilməsinə dair Təlimatda göstərilir ki, adı «qara siyahı»dan
çıxarılmış KİV-lərlə bağlı əsaslı şikayətlər daxil olduğu təqdirdə məsələ
Şuranın «Apellyasiya qrupu»nda müzakirə edilir və qərar çıxarılır. «Təzadlar»la
bağlı məsələnin də «Apellyasiya qrupu»nda müzakirəsi qərara alınıb.
***
İclasda bəzi KİV-lərlə bağlı məhkəmə prosesləri ətrafında da fikir
mübadiləsi aparılıb. Məlumat verilib ki, bir çox hallarda materialı narazılıq
doğurmuş KİV-lər məhkəməyə verilir və bu zaman onun narazılıq doğurmuş
materialı başqa KİV-ə istinadən yaydığı nəzərə alınmayaraq qərarlar çıxarılır.
Halbuki «Kütləvi informasiya vasitələri haqqında» Qanunda məsələ ilə əlaqədar konkret
müddəa var. İH üzvləri bunu diqqətdə saxlamaq və müvafiq qurumlarla müzakirələr
aparmağın vacibliyini vurğulayıblar.