• cümə axşamı, 28 mart, 21:58
  • Baku Bakı 13°C

Mətbuat Şurası Ukrayna hakimiyyətinə müraciət edib

27.05.16 18:18 1166
Mətbuat Şurası Ukrayna hakimiyyətinə müraciət edib
Mətbuat Şurası Ukraynanın "Mirotvorets” Tədqiqatlar Mərkəzinin saytında 239 jurnalistin, o cümlədən Azərbaycan KİV-i təmsil edən 11 media nümayəndəsinin "Donetsk Xalq Respublikası” və "Luqansk Xalq Respublikası” adlanan separatçı quruluşlarla əməkdaşlıqda günahlandırılması, terrorizmə dəstək verməkdə ittiham edilməsi ilə bağlı Ukraynanın Xarici İşlər, İnformasiya Siyasəti nazirliklərinə, o cümlədən ölkənin Prezident Administrasiyasına müraciət ünvanlayıb.

ŞuradanAPA-ya verilən məlumata görə, müraciətdə adları həmin siyahıda əks olunmuş Azərbaycan jurnalistlərinin heç birinin sözügedən ərazilərdə olmadığı və akkreditasiya üçün bu quruluşlara müraciət etmədiyi diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, "Mirotvorets” təşkilatı həmin jurnalistləri terrorçuluğa, separatçılığa dəstək verməkdə ittiham edərkən onların Rusiyanın Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmələrini və bu ölkə ərazisində fəaliyyət göstərmələrini əsas götürüb.

"Məlumat üçün bildiririk ki, Azərbaycan özü də işğalçı Ermənistanın timsalında separatçılıqdan və ekstremizmdən əziyyət çəkir. Media ictimaiyyətimiz separatçılığın istənilən formasının təbliğinin Azərbaycanın dövlətçilik maraqları ilə zidd olduğunu birmənalı şəkildə qəbul edir. Bu həssas məsələdə dövlətimiz, ictimaiyyətimiz və mediamız vahid prinsipial mövqeyə malikdir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan vətəndaşlığını daşıyaraq ölkəmizin kütləvi informasiya vasitəsini xaricdə təmsil edən şəxsin nəinki Ukraynanın, istənilən başqa dövlətin də ərazi bütövlüyünə xələl gətirəcək qeyri-qanuni aksiya və təşəbbüsdə yer alması mümkün deyil”, - deyə müraciətdə qeyd olunub.

Müraciətdə deyilir ki, "Mirotvorets” təşkilatının çoxlu sayda jurnalisti, o cümlədən ölkəmizin media mənsublarını bu sayaq şübhələndirmək istəyi beynəlxalq qanunvericiliyin tələblərinə, etik qaydalara və humanizm prinsiplərinə tamamilə ziddir: "Sizə müraciət edərək belə bir qurumun ümumilikdə Azərbaycan və Ukrayna dövlətləri arasında nifaq yaratmağa hesablandığı aydın görünən fəaliyyətinə diqqətlə yanaşmağı, müvafiq hüquqi tədbir görməyi xahiş edirik”.

Qeyd edək ki, Azərbaycanın KİV nümayəndələrinin Ukraynaya girişinin qadağan edilməsi ilə bağlı məlumat yayılıb. Belə ki, Ukraynanın "Mirotvorets" saytı 239 əcnəbi jurnalistin ölkəyə girişinin qadağan edildiyini açıqlayıb.

Siyahıda Azərbaycan mediasını təmsil edən 11 jurnalistin, o cümlədən "APAHoldinq" MMC-yə daxil olanAPAİnformasiya Agentliyinin Rusiyadakı müxbiri Fərid Əkbərovun da adı var.
banner

Oxşar Xəbərlər