• cümə, 19 Aprel, 14:13
  • Baku Bakı 25°C

Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə tədbirləri intensivləşdirəcək

01.09.14 18:03 1174
Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə tədbirləri intensivləşdirəcək
“Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində baş verən olayların mediada işıqlandırılması ilə bağlı Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə gördüyü tədbirləri intensivləşdirəcək”.
Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, görülən tədbirlər cəbhə bölgəsində baş verən olaylarla bağlı mənbəyə söykənən informasiyaların ölkə ictimaiyyətinə çatdırılmasından ibarət olacaq: “Bu, indiki şəraitdə kifayət qədər önəmlidir. Bu sahədə ciddi addımlar atmaq lazımdır. Əgər hansısa mətbuat orqanında rəsmi mənbələrə söykənməyən yazılar yayımlanarsa və bunların nəticələri ürəkaçan olmazsa, həmin mətbuat orqanlar ictimai qınağa çəkiləcək. Həm də bununla bağlı digər cəza növləri də seçmək lazımdır”.
Ə.Amaşov təəssüflə qeyd edib ki, avqustun əvvəlində qoşunların təmas xəttində müşahidə olunan gərginlik zamanı Azərbaycan mətbuatı öz vəzifəsini layiqincə yerinə yetirə bilmədi: “Baş verən olaylarla bağlı Müdafiə Nazirliyinin, ayrı-ayrı əlaqədar rəsmi qurumların məlumatlarını deyil, müxtəlif mənbələrin - əgər onları mənbə hesab etmək olarsa, - məlumatlarını yayımladılar. Demək olar ki, bu hadisələr zamanı xəbər portallarının sayı bir neçə dəfə çoxaldı. Bəzi məqamlarda isə Ermənistan mətbuatında gedən xəbərlərə də istinad etdilər. Ümumiyyətlə, baş verən olayları düzgün işıqlandırmadılar”.
Mətbuat Şurasının sədri qeyd edib ki, ümumiyyətlə, mətbuat daxildə baş verən hadisələri işıqlandırır: "Amma dövləti maraqlarda siyasi yönündən asılı olmayaraq, mətbuat vasitələri vahid mövqedən çıxış etməlidirlər. Hər bir ölkə üçün bu vacib şərtdir. Çox təəssüf ki, biz bu sözləri Azərbaycan jurnalistikasına tam aid edə bilmirik. Daha çox onlayn jurnalistikada bəzi Azərbaycanı istəməyən ayrı-ayrı mərkəzlərin iradları ilə həmin KİV-in mövqeləri üst-üstə düşür. Bu da istər-istəməz hər bir Azərbaycan vətəndaşını narahat etməlidir”.
Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurası növbəti iclaslarından birincisini avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi müşavirədə müzakirə olunan məsələlərə həsr edəcək: “Müəyyən planlar üzrə işləyirik. Bu sahədə nələri edə biləcəyimizi müzakirə edirik. Bununla bağlı dəyirmi masalar, konfranslar təşkil edəcəyik. Bu məsələ ilə bağlı KİV-lə aparılan monitorinqləri sürətləndirəcəyik”.
banner

Oxşar Xəbərlər