• cümə axşamı, 25 aprel, 11:44
  • Baku Bakı 14°C

Mətbuat Şurası ölkə başçısının sərəncamı ilə bağlı tədbirlər keçirəcək

25.09.14 16:22 1175
Mətbuat Şurası ölkə başçısının sərəncamı ilə bağlı tədbirlər keçirəcək
Prezident İlham Əliyevin Silahlı Qüvvələrin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında sərəncamı günün tələbi idi. Prezidentin imzaladığı sərəncamı şərh edən Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun sözlərinə görə, avqust ayında müşahidə olunan xoşagəlməz hal, Azərbaycanın milli informasiya təhlükəsizliyinə zərbə vuran bu vəziyyət həm dövləti, həm də medianın təcrübəli rəhbərlərini ciddi düşünməyə vadar edib.
Təəssüf ki, Azərbaycan mediasının bir qismi bu gözlənilməz sınaqdan çıxa bilmədi. Bir çox hallarda milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə informasiyalar mediada yer aldı. Halbuki belə informasiyaların yayılması birbaşa düşmən tərəfin dəyirmanına su tökməyə bərabər addım idi. Bəzi media təmsilçilərimiz bu mövzuda xəbər yaymağın həssas məsələ olduğunu, “Dövlət sirri haqqında” qanuna uyğun olaraq dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyət daşıdıqlarını sanki unutmuşdular. Nəticə isə məlum olduğu kimi, acınacaqlı oldu.
Sədr müavini Umud Rəhimoğlu bəyan edir ki, Mətbuat Şurası Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamdan irəli gələrək üzərinə düşən məsuliyyəti anlayır və ən qısa müddətdə hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə silsilə tədbirlər keçirəcək. Xüsusilə də Mətbuat Şurası kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini daha da effektiv və səmərəli şəkildə təşkil etməyə çalışacaq. U.Rəhimoğlu əmindir ki, başda şuranın sədri Əflatun Amaşov olmaqla, şura rəhbərliyi və üzvləri bu vacib işin öhdəsindən layiqincə gələcəklər.
Xatırladaq ki, prezidentin imzaladığı sərəncamda dövlət sirri təşkil edən məlumatların kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün Nazirlər Kabinetinə və Müdafiə Nazirliyinə xüsusi tapşırıqlar, Mətbuat Şurasına isə tövsiyələr verilib.
banner

Oxşar Xəbərlər