Mətbuat Şurası ilə Türkiyənin media qurumları təmsilçilərinin Əməkdaşlıq Memorandumu imzalanıb - Fotolar
Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan
bir qrup türkiyəli jurnalistlə görüş keçirilib. Qonaqları salamlayan MŞ sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan və Türkiyə
arasında formalaşmış qardaşlıq və dostluq münasibətləri qədim tarixi köklərə
malikdir. Hər iki ölkənin mediası bu münasibətlərin daha da dərinləşməsində
müstəsna rol oynamaqla yanaşı, ümumilikdə türk dünyasının konsolidasiyası ilə
bağlı proseslərə də mühüm töhfə verməkdədir.
İndiyədək Türkiyə və Azərbaycan jurnalistlərinin iştirakı
ilə çoxsaylı toplantıların təşkil edildiyini diqqətə çatdıran Ə.Amaşov həmçinin
vurğulayıb ki, qarşılıqlı media əməkdaşlığında mühüm həlqəni ortaq
həqiqətlərimizin təbliği təşkil edir. «Biz eyni zamanda beynəlxalq miqyasda söz
və ifadə azadlığı ilə bağlı məsələlərə də həssas yanaşmalıyıq. Çünki çox zaman
bu istiqamətdə sui-istifadələrin şahidi oluruq. Türkiyə və Azərbaycana qarşı
heç də birmənalı münasibət yoxdur. Hollandiyanın yol verdiyi qeyri-etik
hərəkət, üstəlik ölkədə türklərə qarşı həyata keçirilmiş zorakılıq aktları bunu
bir daha təsdiqlədi. Düşünürəm ki, media orqanlarımız bu reallıqdan çıxış
etməlidirlər», - deyən Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Mətbuat Şurası
ümumən İran, Rusiya və Gürcüstan daxil olmaqla ümumilikdə bölgə
jurnalistlərinin görüşünü təşkil etməyi planlaşdırır. Bu görüşün reallışmasında
Türkiyə mediası ilə qarşılıqlı təşəbbüskarlıq mühüm əhəmiyyət daşıyacaqdır.
Türkiyəli media təmsilçilərinin ölkəmizə səfərinin
təşəbbüskarı olan Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Türkiyə
və Azərbaycan arasındakı çoxtərəfli əməkdaşlıq örnək səciyyə daşıyır və bu,
media müstəvisində həyata keçirilən tədbirlərlə, yeni birgə fəaliyyət mexanizmləri
ilə də zənginləşməlidir. Bu baxımdan o, türkiyəli jurnalistlərin Azərbaycana
səfərinin məhsuldar olacağına inandığını deyib.
Antalya
Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu Başkanı Mevlüt Yeni
çıxışında bildirib ki, ümumən türk toplumuna qarşı beynəlxalq miqyasda
ayrıseçkilik siyasəti hökm sürür. Media bu sayaq xoşagəlməz fəaliyyətə qarşı
tutarlı alternativ ortaya qoymalıdır. Bu baxımdan Azərbaycan və Türkiyənin
media qurumlarının reallaşdırmalı olduqları birgə təşəbbüslər kifayət qədərdir.
Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın da belə bir vacib vəzifənin icrasına
köklənəcəyindən əminliyini ifadə edən türkiyəli qonaq ölkəmizə səfərdən
məmnunluğunu bildirib.
Bundan sonra Azərbaycan Mətbuat Şurası ilə Türkiyəli media
nümayəndələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma ölkəmizdən
MŞ sədri Ə.Amaşov Türkiyə tərəfdən isə Antalya Gazeteciler Cemiyeti ve Akdeniz Gazeteciler Federasyonu
Başkanı, Türkiye Gazeteciler Konfederasyonu Genel Başkan Yardımcısı Mevlüt
Yeni, Burdur Gazeteciler Cemiyeti Başkanı Kürşat Tuncel,
Yenigün-Akdeniz Gazeteciler Federasyonu Genel Başkan Yardımcısı, Akdeniz Gazete
Sahipleri Derneği Başkanı Ahmet Duran Yenigün, Akdeniz Gazeteciler Federasyonu
Yönetim Kurulu üyesi Ali Buldu, Antalya Gazeteciler Cemiyeti Başkan
Yardımcısı İdris Taş, Akdeniz Gazeteciler Federasyonu Genel Başkan
Yardımcısı, Osmaniye Gazeteciler Cemiyeti Başkanı Ali Cihangir, Antalya
Gazeteciler Cemiyeti Başkan Yardımcısı Mustafa Taş imza
atıbıar. Tərəflər Memorandumu imzalamaqla təmsil olunduqları media
quruluşlarının fəaliyyət dairəsi və imkanları çərçivəsində dünyada,
eləcə də regionda söz və ifadə azadlığı müstəvisində meydana çıxan
tendensiyaları izləməyi, bu xüsusda nəzərə çarpan neqativ meyllərə qarşı birgə
və ayrılıqda reaksiya verməyi, Azərbaycan və Türkiyənin ortaq dəyərlərinin,
həqiqətlərinin təbliği istiqamətində iş aparmağı, türk dünyasındakı media
qurumlarının bir-biri ilə daha sıx şəkildə əlaqələr qurmasına, hər iki ölkə
jurnalistlərinin iştirak edəcəkləri birgə simpoziumların, konfransların,
«dəyirmi masa»ların təşkilinə dəstək göstərməyi, qarşılıqlı informasiya
mübadiləsi prosesini daha da gücləndirməyi üzərilərinə götürüblər.
Görüşdə
çıxış edən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
Umud Rəhimoğlu bildirib ki, Azərbaycan və Türkiyənin media təmsilçilərinin
xüsusən də söz və ifadə azadlığı, insan hüquqları mövzusunda beynəlxalq
miqyasda nüfuza malik təşkilatların düzənlədikləri toplantılarda daha aktiv
olmaları vacibdir. Çünki çox zaman məhz həmin təşkilatların xətti ilə yanlış
ictimai rəy formalaşır. Bunun qarşısını almaq üçün birgə müzakirələrin təşkili
olduqca önəmlidir.
MŞ
İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin sədri İlham İsmayıl deyib ki, böyük coğrafi arealı əhatə edən türk
dünyası xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyası eyni zamanda
strateji əhəmiyyət daşıyan məsələdir. Bu prosesdə Azərbaycan və Türkiyənin rolu
yüksəkdirsə, bu ölkələrin media orqanlarının fəaliyyəti də daha zəruridir.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi
aparılıb, xatirə hədiyyələri təqdim olunub.