• cümə, 19 Aprel, 21:42
  • Baku Bakı 24°C

Mətbuat iki nəslin gözü ilə

22.07.14 16:08 1505
Mətbuat iki nəslin gözü ilə
Milli mətbuatımızın 139 yaşını qeyd edirik. Yaş etibarı ilə qoca görünsə də müəyyən uğurlarla bərabər problemlər də az deyil. Bu bayram günündə reallıqları görmək üçün jurnalistikamıza onun ahıl və gənc nümayəndələrindən birinin gözü ilə güzgü tutmaq istədik
Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, qocaman jurnalist Nəsir Əhmədli və “Virtualaz.org” saytının gənc müxbiri İlkin Muradov “Kaspi”nin suallarını cavablandırıb.
«Jurnalistikada həmişə eyni dəyərlər olub»
- Nəsir müəllim, Milli Mətbuat Gününü qeyd edirik –jurnalistlərin bayramını. Bu tarixin sizin üçün hansı özəlliyi var?

- Bu bayram hər il keçirilir. Hər il də jurnalistlər bu bayramla fəxr duyur, həmçinin müəyyən qədər problemlərlə üzləşirlər. Ona görə belə bayramların keçirilməsi vacibdir.
- Sizin həm pedaqoq, həm də jurnalist kimi fəaliyyətinizin böyük bir hissəsi sovet dövrü ilə bağlıdır. O dövrlə bağlı içinizdə hansı hisslər qalıb?

- Mən heç vaxt nostalgiya keçirməmişəm. Ancaq sovet dövrü püxtələşmiş, oturuşmuş bir cəmiyyət idi. Ona görə də bir çox şeylər orada öz-özünə həll olunurdu. Amma bu gün Azərbaycan dövlət olaraq nisbətən cavandır. Ona görə müəyyən nüanslar ola bilər. Bunlar hamısı təbiidir. Bütün müstəqil dövlətlər bu prosesi keçiblər və biz də keçməyə məhkumuq. Sovet dövründə jurnalistika vahid bir ideologiyaya xidmət edirdi. Mən bunu əlbəttə, müsbət mənada qiymətləndirirəm, ancaq baxır hansı ideologiyaya xidmət edirsən. Biz o vaxt boş bir ideologiyaya xidmət etmişik.
Bilirsinizmi, sovet dövründə müəyyən bir qayda-qanun, sahman var idi. Hər sahədə olduğu kimi, jurnalistikada da tətbiq olunan müəyyən yeniliklər mövcud idi. Məsələn, o vaxt jurnalistika fakültəsinə qəbul zamanı 3 mərhələdən ibarət yaradıcılıq müsabiqəsi keçirilirdi. Bu, çox yararlı bir üsul idi. Ona görə də hər adam jurnalist ola bilmirdi. Gərək onun içində uşaqlıqdan jurnalistika ilə bağlı müəyyən həvəs, meyl, qabiliyyət olsun ki, o, bu sahəyə gəlsin. Bunun uzun müddət aradan qaldırılması bizə əl vermirdi. Nəhayət, bu il test imtahanından bir neçə gün sonra yaradıcılıq müsabiqəsi keçiriləcək və abituriyentlər esse yazacaqlar. Biz bunları qiymətləndirib jurnalistikaya layiq olub-olmadıqlarını müəyyənləşdirəcəyik. Əsas məsələlərdən biri budur.
- Sovet dövrü jurnalistikası üçün ən qiymətli dəyərlər hansılar idi ki, onlar bu gün çatışmır?

- Bunu deməkdə çətinlik çəkirəm. Jurnalistikada həmişə eyni dəyərlər olub. Xüsusən Azərbaycan jurnalistikasında – Həsən bəydən üzü bəri həmişə müəyyən dəyərlər olub. Millətin maariflənməsi, dünya ölkələri sırasına bizim qoşulmağımız və s. Biz uzun illər müstəqillik uğrunda mübarizə aparmışıq. Bu, sovet dövründə üzdə görünməsə də, hər bir müdrik jurnalist öz daxilində bu mübarizəni aparırdı.
- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan tələbələrin jurnalistikanın qızıl qanunlarına – obyektivlik, vicdanlılıq və qərəzsizliyə riayət etmələri tövsiyə olunur. Sizcə bu gün bu qaydalara əməl olunurmu?

- Bütün sahələrdə olduğu kimi, jurnalistikada da uğurlu cəhətlər də var, müəyyən problemlər də. Həsən bəyin belə bir fikri vardı: «Hər bir vilayətin qəzeti o vilayətin aynası olmalıdır». Ona görə cəmiyyət necədirsə, jurnalistika da elədir. Onları bir-birindən ayırmaq olmaz. Cəmiyyət inkişaf etdikcə, püxtələşdikcə jurnalistika da inkişaf edir, püxtələşir. Qaldı ki, qaydalara, əslində bu, bizdə həmişə olub. Biz sadəcə bunu Qərblə bağlayırıq, guya Qərb jurnalistikasından gəlib. Ancaq Həsən bəy Zərdabidən üzü bəri bu prinsiplər bizdə olub və biz bunlara əməl etməyə çalışmışıq. İndi jurnalistikaya axın çoxdur. Ona görə də müxtəlif təbəqələr meydana gəlib və bunların arasında müəyyən ziddiyyət var. Bu da yəqin zaman etibarı ilə öz yoluna düşəcək. Məsələn, sovet dövründə qəzetlər dövlət hesabına çap olunurdu. Bu, tirajından, formatından asılı olmayaraq çox ucuz başa gəlirdi. Ancaq indi jurnalistikanın müxtəlif sahələri ayrı-ayrı problemlərlə üzləşir. Sovet dövründə qəzetdə reklam yox idi. Bu gün isə qəzeti yaşadan reklamdır. Reklam bazarı da düzgün müəyyənləşdirilmədiyinə görə, bəzi qəzetlər yaxşı dolanır, bəziləri isə dolana bilmir. Reklam bölgüsünü dövlət səviyyəsində düzgün nizamlamaq lazımdır.
- Sizcə, əsl jurnalist kimdir?

- Çox mücərrəd sualdır. Mənə görə əsl jurnalist o peşə ilə yaşayan, onunla nəfəs alan, o sahədə müəyyən təcrübəsi olan, nəzəri və praktik vərdişi olan jurnalistlərdir. Mənim tanıdığım jurnalistlər içərisində kifayət qədər belələri var.
- Həm jurnalistlərimizə, həm də jurnalistikamıza nəyi arzulayardınız?

- Cansağlığı, peşə uğurları, xoşbəxtlik...
«Mən jurnalistlərə rahat, sərbəst işləməyi arzulayıram»

- İlkin, Milli Mətbuat Gününü qeyd edirik –jurnalistlərin bayramını. Bu tarixin sizin üçün hansı özəlliyi var?

- Bu, mənim peşəkar jurnalistikada keçirdiyim ilk bayramdır. Ona görə də bu bayramı xüsusi qeyd eləmirəm. Düzdür, təbriklər almışam, bir qədər sevincliyəm. Ancaq mənə elə gəlir ki, gələcəkdə bu, mənimçün fərqli olacaq. Onu da deyim ki, jurnalistikaya məndə maraq ətrafımda olan bəzi dostlardan, onların peşələrinə olan sevgisindən yaranıb. Jurnalistikanın vəziyyətinə baxanda, o qədər ürəkaçan olmasa da, yenə bu sahə ilə daha çox maraqlanmağa cəhd edirəm. Jurnalistika haqqında fikirləşəndə ilk növbədə bu sahənin maddi tərəfi önə çıxır. Bilmirəm, bəlkə bundan sonra nələrsə dəyişəcək, jurnalistlər fəaliyyətlərini daha sərbəst şəkildə, daha sevərək yerinə yetirəcəklər. Onda mənim də jurnalistikaya münasibətim tamamilə fərqli olar.
- Tez-tez sovet dövrü jurnalistikasını nümunə göstərirlər. Sizin o dövrün jurnalistikası ilə bağlı eşitdiklərinizə söykənib örnək kimi göstərməyə dəyərmi?

- Sovet dövrü jurnalistikasını keçən həmkarlarımız bu barədə danışanda onların söhbətlərindən belə başa düşürük ki, o vaxtın jurnalistikası indikindən daha maraqlı olub. Onlar öz işlərini daha çox sevərək yanaşıblar. Amma indi mənim kimi bəzi gənc jurnalistlər işə o qədər də həvəslə yanaşmırlar. İndi jurnalistikaya gəlməyin əsas səbəbi işsizlikdir. Yəqin ki, fikir vermisiniz, bu sahə əksər jurnalistlərin əsas ixtisası deyil. Sovet dövrü jurnalistikası haqqında eşitdiklərim mənə daha maraqlı gəlir. Kaş mən də o dövrün jurnalistikasında çalışaydım. Və o zaman indi çalışdığım həmkarlarımla bir yerdə işləyəydim.
- Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan tələbələrin jurnalistikanın qızıl qanunlarına – obyektivlik, vicdanlılıq və qərəzsizliyə riayət etmələri tövsiyə olunur. Sizcə, bu gün bu qaydalara əməl olunurmu?

- Mənim ixtisasım jurnalistika olmadığından bu qaydalar haqqında o qədər də eşitməmişəm. Ancaq dediyiniz qaydalara tam əməl olunduğunu da düşünmürəm. Hər bir mətbuat orqanının təriflədiyi şəxslər var. Belə deyək, kim kimə daha çox yaxındırsa, onun haqqında yazır. Ona görə də hər şeyi doğru-dürüst yazan, barmaqla sayılacaq jurnalistlər var.
- Səncə, əsil jurnalist kimdir?

- Əsl jurnalist obyektiv olan, gördüyünü yazan və yazmaqdan qorxmayanı mən əsl jurnalist hesab edə bilərəm. Ancaq belə bir şəxsə nümunə olaraq heç kəsi göstərə bilmərəm.
- Həm jurnalistlərimizə, həm də jurnalistikamıza nəyi arzulayardınız?

- Mən jurnalistlərə rahat, sərbəst işləməyi arzulayıram. İstənilən qurum, istənilən şəxs haqqında tənqidi fikirləri, faktları yazmaq imkanları olsun. Jurnalistlərin qonorarları yaxşı olsun! Elə bir jurnalistika aləmi olsun ki, hər kəs işini sevərək yerinə yetirsin.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər