Mətbu sözün işığı
Əməkdar mədəniyyət
işçisi, yazıçı-publisist Afət Sadıqoğlu yarım əsrə yaxındır ki, böyük həvəslə,
sözün həqiqi mənasında yorulmaq bilmədən yazıb yaradır. Geniş mövzu dairəsi,
yazılarının aktuallığı ilə seçilən həmkarımızın ilk gündən qələminin qayəsi
xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək olub. Bu il noyabrın 12-də onun
70 yaşı tamam olur.
Afət Sadıqoğlu
(Məmmədov) milli qəzetçilik ənənələrinə sədaqətlə xidmət edən, hər bir sözündə,
davranışında mənəvi-etik dəyərləri
qoruyub saxlayan jurnalistlərdəndir. O, uzun illər ölkəmizin bir sıra
aparıcı qəzet və informasiya agentliklərində mətbu sözün qədrini layiqincə uca
tutaraq çalışıb. 2012-ci ildən "Xalq qəzeti”nin baş redaktorunun müavini vəzifəsinə
təyin olunub.
Qeyd etmək
lazımdır ki, bir təcrübəli qəzetçi, redaktor kimi Afət müəllim "Xalq qəzeti”nin
hər bir yeni nömrəsinin maraqlı, oxunaqlı olması, günün tələbləri səviyyəsində
çıxması üçün əlindən gələni edir. Bir mərtəbədə, demək olar ki, qonşu otaqlarda
işlədiyimiz üçün hər gün hal-əhval tutur, günün qaynar fakt və hadisələri barədə
fikir mübadiləsi edirik. Bir neçə gün əvvəl növbəti dəfə Afət müəllimin iş
otağına daxil olub əlində sabahkı nömrə üçün "yanan material”ın olmadığını, beləliklə,
onu işdən ayırmayacağımı biləndə sevindim.
Hər dəfə olduğu
kimi, bu dəfə də məni çox nəzakətlə qarşılayıb əyləşməyimi təklif etdi. Lakin
öncə onun kabinetinin pəncərəsindən küçəyə boylandım, "AzərTac”la bir binada
yerləşən redaksiyamızın düz qabağındakı azman çinar ağacının yarpaqlarının
payızın bu vədəsində belə yaşıl qalmasına təəccüblənərək dedim:
- Bu il noyabr
ayı xeyli mülayim keçir...
Bu an Afət müəllim
xoş bir hadisəni xatırlayan insanlar kimi gülümsündü və gözlənilmədən məndən
soruşdu:
- Bilirsənmi, Cəlil
Məmmədquluzadənin "Poçt qutusu” hekayəsi hansı cümlələrlə başlayır?
Mən dürüst cavab
tapa bilməyib bir qədər karıxmağa başlamışdım ki, həmsöhbətim dilləndi:
- "Noyabr ayının 12-ci günü idi. Hava çox
soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi...” Sonra ürəkdən gülərək
dedi:
- Mən ilk dəfə
bu cümlələri oxuyanda Naxçıvandakı 2 nömrəli orta məktəbdə dördüncü, yaxud beşinci sinfin şagirdi idim.
Bu sözlər məndə dərhal böyük maraq doğurdu. Axı, mən noyabrın 12-də anadan
olmuşam. Və o gündən Mirzə Cəlilin ecazkar qələminin cazibəsinə düşdüm. İllər
necə də tez ötüb keçir. 3 gündən sonra 70 yaşım tamam olur.
Düzünü desəm,
onun həyatının yeddinci onilliyinin zirvəsini haqlaması barədə məlumatım yox
idi. Beləcə, qələminə və şəxsiyyətinə dərin hörmət bəslədiyim həmkarımın
yubiley gününə xoş bir sürpriz olsun deyə bu yazını qələmə almağa qərar verdim.
Yenə həmin söhbətə
qayıtmalı oluram. Böyük ədibin "Poçt qutusu” hekayəsində "Noyabrın 12-si günü
idi” cümləsinin, təbii ki, Afət Sadıqoğlunun doğum günü ilə heç bir əlaqəsi ola
bilməz. Ən azı ona görə ki, Afət müəllim 1904-cü ildə "Şərqi Rus” qəzetində dərc
olunan məşhur hekayədən düz 43 il sonra anadan olub. Amma o, bu təsadüfdən çox məmnun qalıb və bu barədə elə
şövqü-təbii danışdı ki, mən onun
qarayanız simasının, mənalı, düşüncəli gözlərinin qeyri-adi bir nura qərq
olduğunu hiss etdim. Düzünü desəm, ünsiyyətdə olduğum bir neçə il ərzində heç
vaxt onun bu qədər ürəkdən sevindiyini müşahidə etməmişdim.
İndi artıq minlərlə
məqalənin, onlarla kitabın müəllifi olan Afət Sadıqoğlu 1960-cı illərin əvvəllərində
orta məktəbdə oxuyarkən "Pioner” qəzetində ilk kiçik yazıçı dərc olunanda dünyalar
qədər sevinib. Beləcə, hələ ilk gənclik illərindən sevib-seçdiyi jurnalist sənətinə
yiyələnmək arzusu ilə 1969-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsinin əyani şöbəsinə daxil olub.
Qeyd etmək
lazımdır ki, o zaman da, bu gün də öz qeyri-adi, səmimi ab-havası ilə seçilən
universitetin jurnalistika fakültəsini bitirdikdən sonra 1974-cü ildən
başlayaraq, düz 22 il Naxçıvanda nəşr
olunan "Şərq qapısı”nda əvvəlcə müxbir, qısa bir müddətdən sonra isə
iqtisadiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1970-i illərdə Azərbaycanın
hər yerində olduğu kimi, Naxçıvanda da böyük inkişaf və tərəqqi vüsət alırdı.
Vilayətin həm paytaxtında, həm də rayon mərkəzlərində yeni emal və sənaye müəssisələri
açılır, fabrik və zavodlar işə düşürdü. O, tez-tez ayrı-ayrı əmək kollektivlərində
olur, yaxından tanış olub sevdiyi, halal zəhməti ilə ucalan müasirlərindən
böyük həvəslə yazırdı. Qələmi isə gündən-günə, aydan-aya püxtələşir, yazıları artıq
Bakıda nəşr olunan aparıcı qəzet və jurnallarda da dərc olunurdu.
1980-ci illərin
sonlarında erməni separatçıları Kremlin gizli razılığı və dəstəyi ilə Qarabağda
baş qaldırmışdılar. Onlar Naxçıvana da göz dikmişdilər. O çox çətin, ağır günlərdə
Naxçıvanın mərd, yurdsevər, qeyrətli insanları qətiyyətlə Vətənin müdafiəsinə
qalxdılar. Ulu öndər Heydər Əliyev-xalq birliyi xain düşmənin bəd niyyətini ürəyində
qoyaraq, Naxçıvanı yenilməz bir qalaya çevirdi.
Xalqımız üçün həmin
taleyüklü günlərdə Afət Sadıqoğlunun Şərq qapısı” qəzetində Ermənistanın, eləcə
də himayədarlarının mənfur siyasətini ifşa edən təkzibolunmaz faktlara əsaslanan
kəskin məqalələri oxucuların dərin marağına səbəb olurdu. O, tez-tez sərhəd kəndlərinə
yollanır, Vətən torpaqlarını qoruyan igid əsgər və zabitlərlə yaxından tanış
olur, onların şücaətlərini böyük həvəslə qələmə alırdı. Maraqlıdır ki,
jurnalistin qəhrəmanlarının çoxu ilə şəxsi dostluq əlaqələri hələ də davam edir.
Bunu çoxları bilir ki, Afət müəllim üçün
dostluq, qardaşlıq duyğusu ötəri hiss deyil.
Yəqin ki,
yadınızdadır. 1992-ci il mayın 28-də Türkiyə ilə sərhəddə Araz çayı üzərində inşa
olunan "Ümid körpüsü”nün təntənəli açılış mərasimi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Heydər Əliyevin dəvətilə qardaş Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl
də həmin tədbirdə iştirak etmişdir. Bu tarixi hadisə blokada şəraitində yaşayan
Naxçıvanda böyükdən kiçiyə hamının qəlbində böyük ümid, sevinc doğurmuşdu. Afət Sadiqoğlunun, tədbirin səhəri
günü "Şərq qapısı” qəzetində parlaq
reportajı dərc olunmuşdu.
1996-cı ildə,
onun yüksək peşəkarlığını, təşkilatçılıq qabiliyyətini nəzərə alıb, Naxçıvan şəhər
icra hakimiyyətinin təsis etdiyi "Nuh yurdu” qəzetinin baş redaktoru təyin etdilər.
Burada çalışdığı üç il ərzində qəzetin həm məzmunu, həm də zahiri görünüşünə
görə seçilməsinə çalışdı. Redaktor Türkiyənin Naxçıvana yaxın bölgələrindəki
bir sıra mətbəələrlə əlaqə saxlayıb "Nuh yurdu”nun rəngli çıxmasına nail oldu.
Rəngli qəzetin nəşri o vaxtkı Naxçıvan üçün yenilik idi.
1999-cu ildə ailə
vəziyyəti ilə əlaqədar Bakıya köçüb gələn Afət Sadıqoğlu həmin ildən 2004-cü ilədək
"Respublika” qəzetində şöbə müdiri, 2004-2008-ci illərdə Azərbaycan Dövlət
Teleqraf Agentliyində (AzərTac) müxbir, sonra yenidən "Respublika” qəzetinə
qayıdaraq burada baş redaktorun müavini vəzifəsində çalışmışdır. Yuxarıda qeyd
etdiyim kimi, hazırda "Xalq qəzeti”nin baş redaktorunun müavinidir.
O, dünyanın
yaxın-uzaq ölkələrinə səyahət etməyi sevən, gördüklərini, müşahidə etdiklərini
qələmə almaqdan zövq alan jurnalistlərdəndir. Çox sayda xarici ölkələrdə
yaradıcılıq səfərlərində olub. Bir sıra ölkələrdə, o cümlədən Türkiyə, Şimali
Kipr, İran və Hindistanda keçirilən nüfuzlu beynəlxalq konfranslarda məruzə və
çıxışlar edib.
Afət Sadıqoğlu
"Ulu məskən”, "Naxçıvan qədim diyardır”, "Dəniz kimi məğrur insan”, "Mənim çiçəkli
dünyam”, "Azərbaycan-Norveç əlaqələri”, "Tur Heyerdal Azərbaycanda”, "Beynəlxalq
Mühəndislik Akademiyasının Azərbaycan bölməsi”, "Azərbaycan-Hindistan əlaqələri”,
(Azərbaycan və ingilis dillərində), "Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri”
və digər sənədli publisistik və bədii kitabların müəllifidir. Bu günlərdə onun nəfis
tərtibatda "Türk dünyasının Kıbrısı” adlı yeni kitabı işıq üzü görmüşdür.
Burada yazıçı-publisistin Şimali Kiprə səfəri
ilə bağlı yol qeydləri, ölkələrimiz arasında mədəni əlaqələrin tarixi, bu günü barədə
maraqlı fikir və düşüncələri yer alıb.
Qeyd etmək
lazımdır ki, Afət Sadıqoğlunun yaradıcı əməyi dövlətimiz tərəfindən yetərincə
qiymətləndirilib. O, 1981-ci ildə Azərbaycan SSR Ali soveti Rəyasət Heyətinin Fəxri
Fərmanına, 1991-ci ildə Naxçıvan MR əməkdar mədəniyyət işçisi, 2010-cu ildə Azərbaycan
Respublikası əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülmüşdür. Elmi
İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyası (BEA) (Avstriya) Rəyasət
Heyətinin BEA Azərbaycan bölməsinin həqiqi üzvü – akademik seçilib
Acı təəssüf ki,
bir neçə il əvvəl onun həyatında ürək sızladan ağır bir hadisə baş verdi.
2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının binasında baş
vermiş dəhşətli terror hadisəsində həlak olan
13 tələbə və pedaqoqun arasında
jurnalist Afət Sadıqoğlunun qızı, universitetin gənc müəllimi Şəfa Məmmədova
da var idi. Ata-ananın sevimlisi olan Şəfa hadisədən cəmi iki həftə əvvəl gəlin
köçmüşdü. Afət müəllimin, onun 42 illik ömür-gün yoldaşı, "İki sahil” qəzetinin
şöbə müdiri Xuraman Məmmədovanın övlad itkisi ilə bağlı hansı acı hissləri
yaşadıqlarını təsvir etməkdə acizəm. Hörmətli həmkarlarıma Allahdan ancaq səbir
arzulamağa gücüm çatır.
Afət Sadıqoğlu indi
ömrünün müdriklik çağlarını yaşayır. Yaxşı ki, onun mövzuları da, yaradıcılıq əzmi
də bitib-tükənmir. O, mətbu sözün işığına tapınaraq, taleyinə yazılan qəzetçilik
missiyasını var gücü ilə davam etdirir. Arzum budur ki, uzun illər bundan sonra
da hörmətli həmkarımın nə əli, nə də qələmi işdən soyusun.
Məsaim
ABDULLAYEV