AZE | RUS | ENG |

Mətbəxdə hakimiyyət quran müğənni - Gənclər mətbəxdə

Mətbəxdə hakimiyyət quran müğənni - Gənclər mətbəxdə
Və ya 26 ildir arıqlamağa çalışan, amma arıqlaya bilməyən Tofiqin “dietik salatı”

Bu dəfə sizlərlə yeni rubrikamızda görüşürük. 5 ildir ki, "Kaspi”nin "Gənclik əlavəsi”ndə  müxtəlif rubrika, layihələrimizlə qarşınızdayıq. Bu müddət ərzində gənclərin uğurlarını, layihələrini  işıqlandırdıq. Bu dəfə isə rəsmilikdən bir az uşaqlaşıb, onları gündəlik qayğılarla məşğul olarkən sizlərə təqdim etmək qərarına gəldik. Müsahibimizlə ofisində, redaksiyamızda görüşmədik. Gəncləri mətbəxə salıb, onların əl qabiliyyətlərini yoxladıq. Öyrənməyə çalışdıq ki, çalışdıqları sahədə olduğu qədər, mətbəxdə də qabiliyyətlidirlərmi?
 
Beləliklə, "Gənclər mətbəxdə” rubrikamızın ilk qonağı, ölkəmizi Bolqarıstanda "Discovery İnternational” Pop Festivalda təmsil edən gənc müğənni Tofiq Hacıyevdir. O, bu müsabiqədə  "Ən yaxşı kişi səsi” və "Ən xariztmatik artist” nominasiyasında qalibi olub. Azərbaycanda keçirilən ilk "The Voice” yarışında "Görmədən dinləmələr” mərhələsində münsiflərin hamısını özünə tərəf döndərməyi bacarıb və 1/4  final mərhələsinə kimi yüksəlib. Azərbaycanda keçirilən "Formula 1” yarışlarının könüllülər himninin söz, musiqi müəllifi və ifaçısıdır.

Tofiqlə görüşümüz məhz onun ad gününə təsadüf etmişdi. 27 yaşını qeyd edən Hacıyev doğum günündə bizə salat hazırladı.
 

 
Yeməkləri bişirməyi və  yeməyi sevən ifaçı
 
Onunla söhbət edə-edə mətbəxə doğru yol alırıq. Önlüyünü geyinib, iş başına keçən ifaçımız deyir ki, yemək bişirməyi çox sevir: "Qarabağ aşından tutmuş, qayğanağa kimi, hər şeyi bişirməyi bacarıram. Mətbəxdə özümü rahat hiss edirəm. Hər zaman arzulamışam ki, elə bir məkanım olsun ki, bişirdiklərimi insanlara təqdim edə bilim. Keyfiyyətli musiqilərin səsləndiyi kiçik bir məkanda özümə məxsus olan yeməkləri insanlara təqdim etməyi arzu edirəm. Yemək bişirməyi də, yeməyi də sevirəm. Tərəvəzlərin isə həyatımda yeri ayrıdır.  Tərəvəzli yeməkləri xüsusilə sevirəm. Qarabağlı olduğum üçün Qarabağ aşının menyumda yeri ayrıdır”.
 
Müsahibimiz söhbət edə-edə tərəvəzləri doğramağa başlayır. Ondan nə hazırladığını soruşanda isə aldığımız cavab gözlənilməz oldu: "Hazırladığım salatın adı 26 il arıqlamağa çalışan (özünü göstərir-X.R), amma arıqlaya bilməyən "Tofiqin dietik salatı” adlanır”.

Gənc ifaçıdan gündəlik qida rasionunu xəbər alırıq. Çəkisi bir az ağır olsa da, yemək yemədiyini deyir: "Səhərlər yemək yeyə bilmirəm, çünki iştaham olmur. Günorta isə vaxtım olmadığından yemək yeməyi unuduram (gülürük). Çox zaman günorta saatlarında musiqi yazır, yeni TV  layihəmizin üzərində çalışıram. İşdən başım açılanda çalışıram ki, yeməkləri özüm hazırlayım. Ancaq evdə anamla problemlərimiz yaranır. Anamın sevmədiyi şey kiminsə onun mətbəxinə müdaxilə etməsidir. Dünyanın ən gözəl yeməyini bişirsəm də, o, heç vaxt mənim bişirdiyim yeməkləri tərifləmir”.
 

 
"Hələ də nəzarət altındayam”
 
Tərəvəzləri doğraya-doğraya özünü evdar kimi  təqdim edən Tofiq, həyatda iki şeyi - yeməyi və musiqini çox sevdiyini deyir. 27 yaşı tamam olan müğənniyə o məşhur sualı veririk: "Nə vaxt tərpənirsən?”

"Avtobusu deyirsiniz? Qismət Allahdandır. Hələ ki, subayam. Ailə quracağım xanımdan o qədər də böyük tələblərim yoxdur. Onu deyim ki, heç də gözəllik iddiasında deyiləm. Əsas odur ki, xasiyyəti yaxşı olsun. İnsan elə bir varlıqdır ki, zamanla ona öyrəşirsən və insanı tanıdıqca, o, sənə daha gözəl görünməyə başlayır. Həyat yoldaşımın da əl qabiliyyətinin yaxşı olmasını istəyirəm. Ancaq anam xasiyyətdə olsa, yəqin ki, məni mətbəxə keçməyə qoymaz.  Fəlakət olar”.
Mətbəxdə səliqəli şəkildə işləyən T.Hacıyev deyir ki, əslində ev işləri ilə arası yoxdur, çox tənbəl olduğunu etiraf edir: "Siz gəlib otağıma baxsanız, görərsiniz ki, mətbəxdə olduğum qədər səliqəli deyiləm. Mənim otağımın halı hər zaman bərbad olur”.

Müsahibimizin yadına nə düşürsə, anasına salam göndərir: "Sizin vasitənizlə burdan anama salam göndərirəm və ona təşəkkür edirəm. Anamla  ən böyük mübahisəmiz elə otağımın təmizliyi üstündə düşür. Stolun üstünə, yerə qoyduğum hər bir əşyanın yığışdırılmasının əleyhinəyəm. Mən bir az hövsələsizəm. Otağımın hər bir tərəfi yazılı kağızlardan ibarətdir. Unutqan insan olduğum üçün o kağızlara baxanda görəcəyim işləri xatırlayıram”.
 
Tofiq hazırladığı tərəvəz salatının gündəlik stolüstü bir təam olduğunu vurğulayır. Salatlardan sonra söhbət şirniyyatlardan düşür. Deyir ki,  şirniyyatı  ancaq özünün yeyə biləcəyi səviyyədə yaxşı bişirir: "Bişirdiyim şirniyyatı məndən başqa heç kim yemir. Sonuncu dəfə ötən həftə yemək bişirmişəm. İndi də sizə hazırlayıram. Artıq başqa bir evdə tək yaşayıram, mətbəxdə hakimiyyətim var. Ancaq indi mətbəxə keçməyə halım olmur. Əvvəllər valideynlərimlə birlikdə qalanda anam bütün qayğıma qalırdı. İndi isə ac qalıram. Anamın bişirdiyi yeməklərin dadı möhtəşəmdir, onlar üçün darıxıram”.
 

 
- Yəqin ki, köhnəlmiş yeməklərlə gününüzü idarə edirsiniz?
- Təəssüflər olsun ki, 2-3 gün bundan əvvəl qalan yeməkləri də yeyirəm. Hələ ki, zəhərlənməmişəm(gülürük). Anam axşamlar videogörüntülü zəng edir. Hələ də nəzarət altındayam. Əslində mənə belə xoşdur.

Müsahibimiz deyir ki, əhvalı yaxşı olanda səhərlər durub qayğanaq bişiri və onun gözünə mütləq nələrsə əlavə edir: "Sadə qayğanaq yeməyi sevmirəm. Etiraf edirəm ki, heç kimin bəyənmədikləri yeməkləri özüm hazırlayıb özüm də bəyənərək yeyirəm. Məsələn, tomatla qatığın birləşməsi kənardan pis görünür, amma dadı möhtəşəmdir. Mən onu sous kimi hazırlayıram. Tomat, qatıq və cəfəri. Bu, çox gözəl qarışıqdır”.
 
"Tək yaşamaq çətindir”
 
Müsahibimiz deyir ki, evin bazarlığını atası ilə birgə edir: "Anam bu məsələdə siyahını tərtib edəndir.  Əvvəl bazarlıq edəcəyimiz məhsulların siyahısını kağıza yazıb bizə verirdi, indi üçümüzün "Votçap” qrupumuz var, anam ora siyahı yazır. Əgər onun yazdıqlarına atam cavab yazırsa, bilirəm ki, siyahıda olanları atam alacaq. Əgər atamdan səs çıxmırsa, mənim boynuma qalır. Artıq analar da müasirləşib. Hazırda qaldığım evdə bazarlığı  özüm edirəm. Həqiqətən tək yaşamaq çətindir. İndi çox nadir hallarda bazarlıq edirəm”.
 



- Evdən ayrılmağınız ailədə narazılığa səbəb olmadı?
- Belə başa düşdüm ki, mənim  evdən getməyimə dünəndən razı imişlər. Bir bacım var. O da ailə həyatı qurub. Evdə qalan tək övladam. Yalnız həftə sonları onların yanına gedib könüllərini alıram.

Başımız söhbətə elə qarışdı ki, bir də gördüm ki, müsahibim salatı hazırlayıb. Salatın dadını qiymətləndirmək isə bizim borcumuzdur: Belə aydın oldu ki, Tofiq Hacıyevin çox gözəl əl qabiliyyəti var. "Xanımların işi mətbəxdir” fikri ilə razılaşmayan müsahibimiz, səhnədə istedadlı ifaçı, ailədə ideal övlad olduğu qədər, mətbəxdə də yaxşı aşpazdır.

 Xəyalə Rəis
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9097
GEL 1 1 Gürcüstan larisi 0.6164
GBP 1 1 İngiltərə funt sterlinqi 2.131
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1794
CHF 1 1 İsveçrə frankı 1.7038
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2896