• çərşənbə axşamı, 16 aprel, 23:33
  • Baku Bakı 18°C

Məşuqunu öldürən 3 uşaq anası: “Bıçağı ürəyinə sancdım”

12.03.14 13:50 1371
Məşuqunu öldürən 3 uşaq anası: “Bıçağı ürəyinə sancdım”
“Elçinlə sevgi münasibətimiz olsa da, axır vaxtlar aramızda mübahisələr olurdu. Məni bir neçə dəfə döymüşdü. Sonuncu dəfə isə görüşəndə söyüb təhqir elədi. Mən də əsəbiləşib onu bıçaqladım. Törətdiyim əmələ görə peşmanam”.
Bu sözləri subay oğlanla sevgi macərası yaşayan 3 uşaq anası Mədinə Mürsəliyeva deyir. Onun sözlərinə görə, Elçinlə münasibətləri bir neçə il davam edib. Əvvəllər münasibətləri yaxşı olsa da, sonu faciə ilə bitib.
“Elçindən ayrılmaq istəsəm də, toy gününə qədər onunla görüşməyə davam etdim”

Mədinə ilkin ifadəsində bildirib ki, 1996-cı ildə Rüfət Mürsəliyevlə ailə həyatı qurub. Onların birgə nikahdan 12 yaşlı Ramiz, 11 yaşlı Fuad, 10 yaşlı Aysu adlı övladları var: “Beş ildir ki, Binəqədi rayonu, Mədəni-Maarif Texnikumunun yataqxanasında kirayədə yaşayırıq. Elçin Allahverdiyev və ailəsi - anası Kubra, atası Teyyub, qardaşı Elvin 2011-ci ildən bizimlə eyni yataqxanada üzbəüz qonşuluqda yaşayır. Əvvəllər Elçin ilə bir-birimizi qonşu kimi tanısaq da, sonradan aramızda sevgi yaranıb. Təxminən 3 ildir onunla görüşürdük. Dəfələrlə onun evində, oteldə və kirayə tutduğu evdə aramızda cinsi münasibət olub. Əvvəllər Elçinlə münasibətlərimiz yaxşı idi. 2013-cü ildən isə Elçinin mənə qarşı münasibəti dəyişdi. Həmin vaxtdan Elçin qohumlarından Günel adlı qızla evlənəcəyini deyirdi. 2013-cü ilin mart ayında nişanı oldu. Aramızda mübahisə olan zaman Elçin mənə və qızımın ünvanına söyüş söyürdü. Mən də ondan acığımı çıxmaq üçün nişanlısı Günelə zəng vurub Elçinlə aramızda münasibət olduğunu dedim. Həmin vaxtdan sonra Elçin hətta məni bir neçə dəfə vurub. Bir ay əvvəl isə burnuma yumruqla vuraraq qanadıb. Ondan şikayət edəcəyimi deyəndə isə, gözümün qarşısında qızımın başına oyun açacağını, ona qarşı əxlaqsız hərəkətlər edəcəyini deyirdi. Mənimlə cinsi əlaqədə olduğunu videoya çəkdiyini, ondan şikayət edəcəyim halda isə videonu ərimə verəcəyini söyləyirdi. Elçindən ayrılmaq istəsəm də, toy gününə qədər onunla görüşməyə davam etdim”.
Ona “Sizi xoşbəxt olmayasınız” dedim

“Elçinin evlənmək üçün kirayə tutduğu evdə də cinsi əlaqədə olmuşuq. Onunla könüllü cinsi əlaqəda olurdum. Lakin Elçinin evlənəcəyini bildikdən sonra ondan ayrılmaq istədiyimi deyəndə arvadı Güneli, eyni zamanda məni da saxlayacağını, ondan ayrılacağım halda məni biabır edəcəyini deyirdi. 15 sentyabr 2013-cü il tarixdə Elçinin toyu oldu. Həmin gün gəlin gətirməyə getmədim. Elçinlə telefonla danışdım və dükandan kontur aldığım üçün 14 manat borcum olduğunu dedim. Elçin mənə bir nəfərlə pul göndərəcəyini bildirsə də, göndərmədi. Saat təxminən 20-21 radələrində Elçinin nömrəsinə zəng vurub söydüyüm üçün o, telefonu söndürdü. Sonra dəfələrlə ona zəng vursam da, zəng çatmadı. Ona görə də Günelin nömrəsinə zəng vurdum. Telefona Elçin cavab verdi. Ona söyüş söyərək pulu göndərmədiyini desəm də, Elçin elə danışdı ki, sanki məni tanımır. Yenidən Günelin nömrəsinə zəng vurdum. Telefona Günel cavab verdi. Ona “Sizi xoşbəxt olmayasınız” dedim. Günel səbəbini soruşdu, Elçinlə aramızda münasibətdən xəbəri olduğu üçün ona “hər seyi yaxşı bilirsən” dedim. Toy günü Günelə zəng vurduğum üçün səhəri gün Elçin zəng edib söyüş söydü. Mən də Elçinə söyüşlə cavab qaytardım. Həmin gün konturum olmadığı üçün kontur alıb, axşam yenidən Günelə zəng vurub, söyüş söydüm. Günel də söyüşlə mənə cavab verdi. Səhəri gün, yəni sentyabrın 17-də saat 13-14 radələrində Elçin mənə zəng vurdu. Telefona cavab verən kimi Elçin azyaşlı qızımın ünvanına nalayiq söyüşlər söydü. Elçinə söyüşlə cavab qaytardım. Saat 16 radələrində Elçin mənə yenidən zəng vurub hansısa oğlana dostu Vüqarın nömrəsini verib ona zəng vurdurduğumu deyərək söydü. Mən Vüqarı ona görə tanıdığımıı, heç kəsə zəng vurdurmadığımı desəm də, Elçin Vüqarın da işdən çıxdığını, həmişəki yerdə görüşüb aydınlaşdırmağımızı dedi. Elçinlə çox vaxt Binəqədi rayonunda “Zirvə” restoranının yanında yerləşən binanın qarşısında oturcaqda görüşürdük. 15 dəqiqəlik məsafə olduğundan qısa müddətə ora çatdım”.
“Onu koftamın qolunda gizlətdiyim bəçaqla vurdum”

“Ora çatanda Elçinlə Vüqar oturcaqda oturmuşdular. Onlarla salamlaşdıqdan sonra oturdum. Həmin vaxt aramızda mübahisə düşdü. Vüqar Elçinin qolundan kənara çəkib apardı. Elçin qızımın ünvanına söyüş söydüyü üçün ona söyüşlə cavab verdim. Vüqar hər ikimizə irad bildirərək “ayıbdı, neçə il görüşmüsüz, bir-birinizə əxlaqsız söyüşlər söyməyin” deyərək irad tuturdu. Söyüşlə Elçinə cavab qaytaranda o mənə “səni vuracam, get burdan” dedi. Ona “mən də onu istəyirəm ki, məni vurasan, polisə şikayət edim” cavabını verdim. Elçin isə “sən elə ona görə gəlmisən, amma mən səni vuran deyiləm” dedi. Elçin söyüş söyəndə Vüqarı itəliyib Elçinə tərəf getdim. Həmin vaxt Elçinlə görüşə gələndə evdən götürdüyüm və büstqalterin arasına qoyduğum bıçağı çıxarıb koftamın sağ qolunda gizlətdim. Elçinə çatıb “vurursan vur, vurmasan mən səni vuracam” deyib, qolumu yuxarı qaldırıb bıçağı çıxarmaq istəsəm də, bıçaq koftanın qoluna ilişdiyi üçün çıxmadı. Tez qolumu arxaya çevirib o biri əlimlə koftanın qolunu yuxarı qaldırdım. Bıçağı çıxarıb onun ürəyinə sancdım. Həmin vaxt bıçağın tutacağı qırılıb əlimdə, tiyəsi isə Elçinin sinəsində qaldı. Elçin qışqıraraq Vüqarı çağırdı. Həmin vaxt Vüqarla ona kömək etdim. Sonra onu taksiylə xəstəxanaya gətirdik. Bir qədər dayanıb gözlədim, sonra isə evə gəldim. Evə çatanda polisdən zəng edib bölməyə çağırdılar. Ora gedəndə isə Elçinin öldüyünü eşitdim” .
“Elçinlə Mədinənin münasibətlərindən xəbərim olmayıb”

Elçinin atası Teyyub isə ifadəsində bildirib ki, hadisə baş verən gün Elçinlə toy kasetini götrmək üçün restorana gediblər. Lakin kaset hazır olmadığından evə qayıdıblar. Elçin dostu ilə görüşəcəyini deyərək, evdən çıxıb. Teyyub Allahverdiyev ifadəsində onu da bildirib ki, Mədinə ilə Elçin arasında olan münasibətdən hadisədən sonra xəbər tutub: “Ondan sonra bildim ki, qonşuların da onların münasibətindən xəbərləri olub. Lakin mənim xəbərim yox idi”.
“Elçin and içdi ki, namaz qılır”

Şahid qismində dindirilmiş Mürsəliyev Rüfət Fuad oğlu isə ifadəsində bildirib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatda olan zabitidir. Mədinə Mürsəliyeva ilə 1996-ci ildə dini qaydada kəbin kəsdirməklə ailə qurub: “2007-ci ildə rəsmi qaydada nikah bağladıq. 3 uşağımız var. Məktəbdə oxuyurlar. 2007-ci ildən ehtiyata buraxıldıqdan sonra bina evində kirayədə yaşamışıq. 2011-ci ildən isə Mədəni-Maarif Texnikumunun yataqxanasında, 3-cü mərtəbədə kirayədə yaşayırıq. Ehtiyata buraxıldıqdan sonra müxtəlif yerlərdə sürücü işləmişəm. Elçin Allahverdiyevi qonşu kimi tanımışam. Mədinənin Elçinlə münasibəti olmasını dəqiq bilməsəm də, bu barədə 2012-ci ilin əvvəllərində eşitdim. Mədinədən soruşduqda and içərək Elçini ancaq qonşu kimi tanıdığını, başqa heç bir münasibəti olmadığını bildirdi. Elçindən də bu barədə soruşduqda and içdi ki, namaz qılır. Elə bir şey ola bilməz ki, qonşu qadına pis gözlə baxsın. Ona görə Elçinə inandım. Lakin bir ildir Mədinə ilə bir evdə qalsaq da, ər-arvad kimi münasibətimiz yox idi. Mədinədən şübhələnirdim. Bəzən ev təmizliyi üçün getdiyini desə də, dediyi vaxtda evə qayıtmırdı. Siqaret çəkirdi, hətta bəzən içkili evə gəlirdi. Ona görə də 2-3 ay bundan əvvəl ona düz yola qayıtmasa, boşanacağımı demişdim. Təxminən 2 ay bundan əvvəl Mədinə evə gələndə burnu şişmiş və göyərmişdi. Ondan nə olduğunu soruşduqda burnunun təmizliyə getdiyi evdə qapıya dəydiyini dedi. Təxminən 10 gün sonra isə sifət nahiyəsi sıyrılmış vəziyyətdə gördüm. Həmin vaxt da ayağının ilişib yıxıldığını dedi. Təxminən bir ildir onun kiminləsə görüşdüyünü hiss etsəm də, konkret kiminlə görüşdüyünü görmədiyim və həmişə də and içdiyi üçün səhv etdiyimi fikirləşirdim. Əvvəllər də Beyləqanda işlədiyim vaxt onun kiminləsə görüşməsini eşitmişdim, amma həmin vaxt da Mədinə bunu inkar etmişdi. Hadisə baş verən gün mənə polisdən zəng edib bölməyə çağırdılar. Orada hər şeyi öyrəndim. Elçingillə qonşu olduğumuz üçün yataqxanaya getmədim. Polislər gedib uşaqlarımızı gətirdilər”.
“O səni seçdi. Allah səni bədbəxt eləsin”

Günel Allahverdiyeva isə ifadəsində bildirib ki, tez-tez ona gizli nömrədən zənglər gəlib: “Mənə zəng edib deyirdi ki, “O səni seçdi. Allah səni bədbəxt eləsin”. Mən də əsəbiləşib, Elçindən həmin qadının kim olduğunu soruşurdum. Elçin and içirdi ki, Gülşən adında bir qadındır, evlidir, əvvəllər onunla münasibəti olsa da, indi aralarında heç nə yoxdur. Toyumuzun səhəri günü yenə mənə zəng gəldi. Cavab verən kimi həmin qadın söyüş söyərək “sənin yataq otağında Elçinlə yatmışam” dedi. Ondan kim olduğunu soruşanda isə nə adını, nə də nömrəsini dedi. Ona inanmadığımı desəm də, həmin qadın mənə yataq otağımda cehiz gətirdiyim əşyaların yerini, rəngini bildirdi. Mənə “Elçin sənin olmayacaq, mənim olacaq” deyirdi. Elçin evə gələndə ona bu barədə danışdım. Elçin isə həmin qadının bu evə gəlmədiyini, ola bilsin ki, dostlarından kiminsə evdə olan əşyalarının yerini, rəngini həmin qadına dediyini bildirdi”.
Məhkəmənin hökmü

Bu iş üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsdində keçirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə M. Mürsəliyevaya hökm oxunub. Hökmə əsasən, M. Mürsəliyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: yazı cinayət işinin materialları əsasında xüsusi olaraq Lent.az saytı üçün hazırlanıb.
banner

Oxşar Xəbərlər