• cümə axşamı, 25 aprel, 11:54
  • Baku Bakı 14°C

Məsuliyyətli davranaq, özünütəcrid qaydalarına riayət edək

01.04.20 17:15 2043
Məsuliyyətli davranaq, özünütəcrid qaydalarına riayət edək
Yalnız bu halda koronavirusun geniş yayılmasının qarşısı alına bilər

Prezident İlham Əliyev ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən koronavirusa qarşı ölkədə həyata keçirilən mübarizə tədbirlərinə toxunub, yeni məhdudlaşdırıcı qaydaların qüvvəyə mindiyini xatırladıb. Bildirib ki, yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Onun sözlərinə görə, dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara, atılmış addımlara baxmayaraq, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Prezident İlham Əliyev deyib ki, Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib. Bu gün digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır və yoluxan insanların sayı artır. Dövlət başçısı söyləyib ki, əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır. Azərbaycan Prezidenti ötən gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaşın əməl etməsinin zəruriliyini vurğulayıb. Əminliklə qeyd edib ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa, özünütəcrid qaydalarına əməl edərlərsə, Azərbaycanda bu xəstəliyin geniş yayılmasının qarşısı alına bilər.


Mübarizənin effektivliyi hər birimizdən asılıdır

Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə dəstək olaraq bildirib ki, hazırda planetimizin böyük bir fəlakətlə - koronavirusla (COVID-19) ciddi və çətin mübarizə aparır. Onun sözlərinə görə, bütün dünya ölkələri, beynəlxalq səhiyyə təşkilatları, Birləşmiş Millətlər Təşkilatı (BMT), habelə ayrı-ayrı dinlərin rəhbərləri bəşəriyyəti bu fəlakətdən qurtarmaq üçün eyni hədəfə vurur, hamını bu qorxulu düşmənlə mübarizəyə səsləyirlər. Deputat deyib ki, ölkələrin əksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərt qaydalar tətbiq etməli olur: "Biz də bu dünyanın bir hissəsiyik. Bizim də dövlətimiz və onun başçısı xalqımızı bu bəladan az itkilərlə çıxartmaq üçün zəruri olan bütün mühüm tədbirləri görür, xalqın sağlamlığı barədə düşünür. Təəssüf ki, Azərbaycanda da virusa yoluxma halları var və xəstələrin sayı getdikcə artır. Sağlamlıq insan üçün hər zaman birinci yerdədir və hər kəsin sağlamlığı, ilk növbədə, onun özü, ailəsi və yaxınları üçün lazımdır. Amma ən vacibi odur ki, insanın sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bununla da dövlətimizə və həkimlərə dəstək olmaqdır. Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, bu gün həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur. Bu böyük bəla ilə mübarizənin effektivliyi, ilk növbədə, həm də fərdi olaraq vətəndaşın özündən asılıdır”.


Həkimlərimizə əlavə problemlər yaratmayaq

R.Mahmudov söyləyib ki, ölkəmizdə xəstəliklə mübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar hələ də məsuliyyətsiz davranış nümayiş etdirirlər: "Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir. Prezident İlham Əliyev Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında da dediyi kimi, həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışırlar. Bu gün və sabah xalqın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərin əməyindən birbaşa asılıdır. Vətəndaşlarımız həkimlərimizə güvənir, onların yorulmaz fəaliyyətinin, misilsiz töhfələrinin nəticəsiz qalmayacağına inanırlar. Bununla belə, ölkəmizdə xəstəliklə mübarizədə sərt tədbirlər görülməsinə baxmayaraq, bəzi vətəndaşlar "mənə heç nə olmaz” fikri ilə rahatca küçələri dolaşır, şəhərə çıxırlar. Bu, yolverilməzdir. Mən həmin vətəndaşlara səslənirəm. Yaşadığımız çətin günlərdə insanların bu fəlakətin necə acı nəticələr verə biləcəyini anlamaları çox vacibdir. Bu ağır günlərdə Azərbaycan həkimləri, sözün həqiqi mənasında, qəhrəmanlıq və fədakarlıq nümunəsi göstərirlər. Ona görə də vətəndaşları həkimlərin tövsiyələrinə qulaq asmağa çağırıram. Hər bir vətəndaşımız bu tövsiyələrə riayət etməlidir. Tövsiyə isə çox sadədir: məsuliyyətli olmaq, evdə qalmaq”.


Həmrəylik nümayiş etdirmək

Ehtiyatda olan təhlükəsizlik zabiti, polkovnik Elcan Abdullayev də Prezident İlham Əliyevin çağırışına dəstək olaraq bildirib ki, insanlar özlərini məsuliyyətli aparmalı, özünütəcrid qaydalarına ciddi əməl etməlidirlər. Onun fikrincə, tətbiq edilən qaydalara və qadağalara əməl etməklə, yüksək səviyyədə nizam-intizam göstərməklə, gigiyenik qaydalara riayət etməklə Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısını almaq mümkündür: "Hesab edirəm ki, hər bir vətəndaş öz üzərində məsuliyyət hiss edərək ölkə rəhbərinin çağırışına qoşulmalı, ona dəstək verməli, həmrəylik nümayiş etdirməlidir. Hətta deyərdim ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində qaydalar daha da sərtlədirilməli, Operativ Qərargahın elan etdiyi iş rejimindən başqa, evdən kənara çıxan şəxslər cərimə edilməlidir. Çünki, beş-on min insanın məsuliyyətsizliyi on milyon insanı pis vəziyyətdə qoya bilər. Mediadan aldığım məlumata görə, bu gün Bakıya girişdə sıxlıq yaşanıb. Bir çox hallarda müəyyən olunub ki, bu avtomobilləri idarə edənlır heç də işə gedənlər deyil, sadəcə şəhərə gəzintiyə çıxanlardır. Gündəlik işləyib evlərinə çörək pulu aparan şəxslərin qaydaları - qadağaları pozmasını hardasa anlamaq olar. Amma sadəcə şəhərə gəzməyə çıxmaq üçün qadağaları pozan şəxslərə güzəştə getmək olmaz. Belələri qanun çərçivəsində cəzalandırılmalıdırlar. Digər tərəfdən, canab Prezidentin göstırişi ilə bu həftə ərzində bəzi kateqoriya insanlara müəyyən ödəmələr ediləcək ki, bu da onların sosial durumuna dəstək xarakteri daşıyır. Zənnimcə, bundan sonra çölə çıxmaq üçün bəzilərində bu və digər bahənələr ümumiyyətlə olmayacaq”.


Cəmiyyət üçün təhlükəli daşıyıcıya çevirilmək

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə koronavirus pandemiyasının qlobal xarakter daşıdığını xatırladaraq, xəstəliyin qarşısının alınması üçün hər bir dövlətin fərdi mübarizə aparmaq məcburiyyətində qaldığını söyləyib. O, qəzetimizə açıqlamasında bildirib ki, yeni koronavirusa qarşı hər hansı vaksin tapılmayıb və hazırda bütün dövlətlərin yeganə istinad mənbəyi Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərindən ibarətdir: "Bu səbəbdən bütün ölkələr öz sərhədlərini bağlayaraq, ölkə əhalinisini bu qorxulu pandemiyadan qorumağa çalışır. Dünyanın iqtisadi və həmçinin tibbi baxımdan inkişaf etmiş ABŞ kimi ölkəsində ötən gün bu virusa yoluxanların sayı 25 minə yaxın, ölənlərin sayı isə 900 nəfərdən artıqdır. Bütün bu gerçəklikləri nəzərə alan Prezident İlham Əliyev növbəti dəfə ölkə vətəndaşlarına müraciət edərək, onları məsuliyyətli olmağa çağırıb. Dövlət başçısının qeyd etdiyi kimi, yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılması və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Bəzən bizim bilmədiyimiz ən mühüm informasiyalar dövlət başçılarında olur. Ölkə rəhbəri xalqa müraciətində nə maliyyə vəsaitlərində, nə ərzaq təminatında, nə də digər sahələrdə problemlərin olduğunu bildirmədi. Çünki dövlətimizin iqtisadi imkanları bir neçə ay ərzində ola biləcək iqtisadi durğunluğu qarşılamaq gücündədir. Narahatçılıq doğura biləcək yeganə məqam bəzi vətəndaşların məsuliyyətsizliyi, rəsmi qurumların müəyyən etdiyi qaydaları pozulmalarıdır. Bu, çox ağır nəticələrə gətirə bilər. Çünki bu xəstəlik, tez yoluxma gücünə malikdir və həndəsi silsilə ilə artır. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da xroniki xəstəliklərin daşıyıcıları var. Koronavirus həmin şəxslər üçün çox ağır keçir və ölümlə nəticələnə bilər. Sağlam insanların bu xəstəliyə yoluxduğu halda, onların da cəmiyyət üçün təhlükəli daşıyıcıya çevirildiyini hər birimiz çox gözəl bilirik. Hamımızın ailəsində xroniki xəstəliyi olan insanlar ola bilər, yaxud yaşlı valideynlərimiz və ya yaxın qohumlarımız var. Ona görə də hər birimiz qaydalara ciddi riayət etməli, sadəcə özümüzü deyil, bütün ölkə əhalisini, dövlətimizi düşünməliyik”.

Yaşamaq üçün evdə qalmağa dəyər

C.Hüseynzadə bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın da xalqa müraciət etdiyini xatırladıb. Qeyd edib ki, bu narahatlıq vətəndaş məsuliyyətsizliyinin ölkə əhalisinin sağlamlığına vura biləcəyi zərbədən irəli gəlir: "Vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylərin gözlənilən nəticəni verməyəcəyi barədə Mehriban xanım Əliyeva açıq fikrini ifadə etdi. Bu da o deməkdir ki, bir vətəndaşın məsuliyyətsizliyi onlarla, yüzlərlə insanın ölümünə səbəb ola bilər. Artıq Azərbaycan koronavirusla bağlı o mərhələdədir ki, bu pandemiyanın idarəolunması vətəndaşların iradəsinə bağlıdır. 20 gün ərzindəki davranışımızla, yəni tətbiq olunan qadağalara, qayda-qanunlara riayət etməklə biz bu virusa qalib gələ, yaxud məsuliyyətsizlik etməklə yüzlərlə insanın həyatına son qoya bilərik. O baxımdan bəlkə də indiyənə kimi, ölkənin taleyi indiki qədər hər birimzidən asılı olmayıb. Ona görə də hər birimiz məsələyə ciddi yanaşmalıyıq. Hər hansı və o qədər də həyatı vacib olmayan şəxsi təlabatlarımızı arxa plana keçirməliyik. Ölkə rəhbərliyi, ictimai xadimlər, ziyalılar, həkimlər, müəlimlər hər birimizə çağırış edərək, sağ qalmağımız üçün evdə qalmağımızı rica edirlər. Mən də onlara dəstək olaraq, vətəndaşlarımıza səslənərək deyirəm ki, yaşamaq üçün evdə qalmağa dəyər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər