• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

“Məsuliyyətimiz daha da artdı”

30.05.18 10:00 1505
“Məsuliyyətimiz daha da artdı”
Mayın 27-də prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzaladı. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir çox sənət adamları fəxri adlarla təltif olundu. Həmin gün siyahıda adları olan sənət adamlarının sevincinin həddi-hüdudu yox idi. Bu gün isə mükafatlandırılan sənətçilər öz təəssüratlarını "Kaspi” ilə bölüşdülər.
"Bu ,həyatımda ən böyük sevinc oldu”
Xalq artisti, tarzən Vamiq Məmmədəliyev heç kimə müraciət etmədən, kiməsə minnətçi düşmədən belə bir ada layiq görüldüyünün qürurunu yaşayır: "Fəxri adların siyahısında öz adımı görəndə bir atalar sözünü xatırladım: "Sənətini gör, get dur dağın dibində. Əgər yaxşı işləmisənsə, səni mütləq axtarıb tapacaqlar”. Qızım, heç vaxt sənəti olan insan yaddan çıxmır. Hər kəs bilir ki, kim kimdir və qabında nə var. Bu xalq, vətən üçün çalışan insanlar diqqətdən kənarda qalmırlar. Sevindirici haldır ki, fəxri ad alanların siyahısına baxanda, orada layiqlilərin adlarını gördüm. Mən özümü də o layiqlilər sırasında bildim. Çünki 51 il mənim bu sənətdə təcrübəm var. Özümü xoşbəxt hiss etdim ki, diqqətdən kənarda qalmadım. Bu, həyatımda ən böyük sevinc oldu”.
"Əlimdən gələni əsirgəməyəcəyəm”
Xalq artisti adına layiq görülən xanəndə Teyyub Aslanov bizimlə söhbətində prezidentə minnətdarlığını çatdırdı: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, xalqımız üçün əlamətdar bir tarixdə özümün və dəyərli sənətkarlarımızın fəxri adlara layiq görülməsindən qürur hissi keçirirəm. Sizin vasitənizlə cənab prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Ulu öndər Heydər Əliyevin yolunu davam etdirərək Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, sənət adamlarına böyük qayğı göstərir. Dövlətimizin mənə göstərdiyi bu etimad, layiq görüldüyüm bu yüksək fəxri ad mənə həvalə olunan böyük məsuliyyət hissi deməkdir. Bundan sonra da yaradıcılığımla ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Fəaliyyətimi qiymətləndirdiyi və mənə verdiyi dəyər üçün Mədəniyyət Nazirliyimizə də minnətdaram. Çox sağ olun”.
"Həmkarlarıma görə də ikiqat sevincliyəm”
Xalq artisti fəxri adına layiq görülən Murad Dadaşov bu adı doğrultmaq üçün bundan sonra qarşısına daha böyük məqsədlər qoyacağını deyir: "Çox sağ olun, diqqətinizə görə. Prezidentimiz məni və əziz həmkarlarımızı, dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyi üçün inanılmaz qürur hissi keçirirəm. Mənə bu adı layiq bildiyi üçün prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihələrdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həmkarlarıma görə də ikiqat sevinc içində olduğumu bildirir və hamını təbrik edirəm!”.
"Özümü çox xoşbəxt hiss edirəm”
Xalq artisti Naibə Allahverdiyeva deyir ki, fəxri ada layiq görülərkən ömrünün ən unudulmaz gününü yaşayıb: "Çox sağ olun ki, siz mətbuat nümayəndələri məni bu qədər diqqətdə saxlayırsınız. Mən elə sizin vasitənizlə cənab prezidentimizə və onun xanımına təşəkkürümü bildirirəm. Hazırda sevincimin həddi-hüdudu yoxdur, özümü çox xoşbəxt hiss edirəm. İlk dəfə xəbəri eşidəndə, az qaldım sevincimdən öləm. Açığı, birdən-birə belə bir ad alacağımı gözləmirdim. Neçə vaxtdır ki, özümü çox pis hiss edirəm. Qan təzyiqimlə bağlı problemlərim var. Evdə oturmuşdum, birdən mənə zəng edib bildirdilər ki, fəxri ad almışam. Xəbəri eşidəndə şoka düşdüm. Tez qonşuya qaçdım və onlarda danışa bilmədim. Qonşum da elə bildi ki, nəsə bir hadisə baş verib. Axır ki, ona fikrimi çatdırdım və biz ağlamağa başladıq”.
Xalq artisti bildirir ki, onun üçün bu ad ən yüksək bir tituldur: "Bu titulu aldıqdan sonra mənim məsuliyyətim daha da artdı. İndiyə qədər xalqımıza, dövlətimizə nə qədər xidmətlərim olubsa, ondan daha artıq xidmət göstərməliyəm. Adın yükü çox böyükdür”.
"Bu mənim deyil, bütün nağara ifaçılarının uğurudur”
Xalq artisti Natiq Şirinov bu adı nağara zərb alətinə göstərilən böyük diqqətin göstəricisi hesab edir: "Əvvəla, bu ada layiq görüldüyüm üçün dövlətimizin başçısı, cənab İlham Əliyevə və onun xanımı, birinci vitse-prezidentimiz Mehriban xanıma minnətdarlığımı bildirirəm. Birinci xanım nağara sənətinə böyük diqqət göstərir. Bizim sənətimizi qiymətləndirir. İlk dəfə zərb aləti olan qoşanağara ifaçısı Sadıq Zərbəliyeva xalq artisti adı verilmişdi. İndi isə bu ad mənim qismətimə düşdü. Bu mənim deyil, bütün nağara ifaçılarının uğurudur. Bu bizi daha da həvəsləndirir. Allah bizə cansağlığı versin ki, üzərimizə düşən işin öhdəsindən layiqincə gələk. Nə qədər sənətkarlar ad alıb, onları da öz adımdan təbrik edirəm. Bundan da gözəl günlər görsünlər”.
N.Şirinovdan bu adın yolunu gözləyib-gözləmədiyini xəbər alırıq: "Çoxdan gözləyirdim. Amma hesab edirdim ki, bu dəfə mənə verməzlər. Ağlıma da gəlməzdi. Fəxri adlar siyahısı açıqlanan gün məşqdə idim. Namazdan durduqdan sonra bir dostum zəng etdi, bildirdi ki, sənə fəxri ad veriblər. İnanmadım, dedim yəqin zarafat edir. Sonra digər dostlarım zəng etdi və gördüm ki, məsələ ciddidir. Ondan sonra sevinməyə başladım. Ona qədər səsimi çıxarmırdım. Dedim birdən yalan demiş olaram. Hər zaman vətənim, xalqım üçün çalışmışam və bundan zövq almışam. Bu fəxri adları aldığımıza sevinirik. Ancaq ad aldıqdan sonra passiv şəkildə yerimdə durmaq fikrində deyiləm. Daha da çox çalışacağıq və vətənimizin adını göylərə qaldıracağıq”.
"Məsuliyyətim daha da artdı”
Xalq artisti Firudin Məhərrəmov əslində belə bir mükafatı gözləmədiyini bildirdi: "Açığı, gözləmirdim ki, Cümhuriyyətimizin 100 illiyində məni belə bir adla mükafatlandırarlar. Mənim üçün gözlənilməz oldu. Biz elə bu yaxınlarda yeni bir mükafat almışdıq. Davamlı olaraq çalışırıq, festivallarda çıxışlar edirik. Yəqin onları nəzərə alıb, məni bu mükafata layiq görüblər. Mən bu hissi digər həmkarlarıma da dadmağı arzu edirəm. Bunun məsuliyyəti bir az ağırdır. Düşünürdüm ki, gələn il 60 yaşım olacaq, bəlkə onda bu adı mənə layiq görərlər. Ancaq gördüyüm işləri nəzərə alıb belə məsləhət biliblər. İndi düşünürəm ki, məsuliyyətim daha da artdı”.
"Bu, bütün kollektivimizin uğurudur”
Abdulla Şaiq adına Kukla Teatrının aktrisası Cəmilə Allahverdiyeva əməkdar artist fəxri adına layiq görüldüyü üçün özünü şanslı hesab edir. Deyir ki, siyahıda adını görəndə çox həyəcanlanıb: "Diqqətiniz üçün təşəkkür edirəm. Bilirsiniz ki, üzərimdə mərhum dramaturq, rejissor Rəhman Əlizadənin böyük əməyi var. Bu mənim adım yox, onun zəhmətinin haqqı idi. Kaş ki, müəllimim həyatda olardı. O, bu günü görməyi çox istəyirdi. bəlkə də onun xeyir-duası üzərimdədir. Kollektivin dəstəyi də bu işdə böyük rol oynayır. Belə ki, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə tərəfindən mənim təqdimatımdan da çox şey asılı idi. Çünki o, işçilərini qiymətləndirir, əziyyətinə dəyər verir. Bunun üçün ilk növbədə prezidentimizə, daha sonra teatrımızın direktoruna minnətdaram. Onlara təşəkkürümü bildirirəm”.
21 ildir teatrda işləyən, aparıcı səhnə ustası kimi fəaliyyət göstərən Cəmilə xanım deyir ki, o, Kukla Teatrında ən erkən fəxri ad alan sənətkarlardandır: "Bilirsiniz ki, bu il teatrımızın 80 illik yubileyidir. Yubileyimiz ərəfəsində mənim mükafatlandırılmağım bizim əməyimizin qiymətləndirilməsidir. Bu, təkcə mənim deyil, kollektivimizin uğurudur”.
"Təbrik edirəm, dostunuz fəxri ada layiq görülüb”
Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan əməkdar artist fəxri adına layiq görülməsi münasibəti ilə sosial şəbəkədəki səhifəsində təəssüratlarını bölüşüb: "Fəxri ad almağım münasibətilə gələn təbrik zəngləri məni özümü görməyə vadar etdi, mövcudluğumu mənə göstərdi.Düşüncələrimdə belə çata bilmədiyim təriflər, alqışlar, xoş sözlər yağdırıldı.İlk zəngdəki sevinc titrəyişlərindən tutmuş, sonuncu zəngdəki səmimiyyət hıçqırıqlarına qədər. Müxtəlif nazirliklərdə işləyən dostlarımdan tutmuş, əlindəki süpürgə ilə işinin başında duran dostlarıma qədər. Hiss etdim ki, varam, sevilirəm, inanın ki, mən də sevirəm.Sağ olun ki,bir az daha yaşamaq məsuliyyətini boynuma qoydunuz. Mən də sizi təbrik edirəm. Çünki dostunuz fəxri ada layiq görülüb”.
"Bu günü görməyi anam çox istəyirdi”
Əməkdar artist adına layiq görülən sənətçi Rəşad İlyasov bizimlə söhbətində xəbəri eşitdiyi an inanmadığını deyir: "Neçə il idi ki, bu xəbəri gözləyirdim. Hər dəfə mənə deyirdilər ki, növbəti il ola bilər ki, bu ada layiq görüləsən. Əslində bu il aldığıma görə çox şadam. Çünki Cümhuriyyətimizin 100 illiyi mənim üçün ikiqat bayram oldu. İlk dəfə eşidəndə kövrəldim, hətta ağladım. O hissləri sözlə ifadə etmək mümkün deyil. Bu günü görməyi anam çox istəyirdi. Ancaq ona qismət olmadı. Əminəm ki, mənim bu uğurumu görür və sevincimə şərik olub, ruhu şad olacaq”.
R.İlyasov bu ada layiq görüldüyü üçün minnətdarlığını da bildirdi: "Sizin vasitənizlə dövlət başçımıza, mədəniyyətimizin keşikçisi olan birinci xanıma təşəkkürümü bildirirəm. Sağ olsunlar, məni diqqətdən kənarda qoymayıblar. Onlar biz sənətçilərin üzərinə böyük bir yük qoyublar. Fəxri ad almaq çox böyük məsuliyyətdir. Bu ada layiq olan sənət dostlarımı təbrik edirəm. Onlara bu məsuliyyəti layiqincə yerinə yetirməyi arzu edirəm”.
"Şad xəbəri səhnədə aldım”
"Qaya” Dövlət Ansamblının solisti Şölə Səfərəliyeva da fəxri ad alanlar siyahısındadır. Əməkdar artist fəxri adına layiq görülən ifaçı deyir ki, bu xəbəri eşidəndə, "Crystall hall”da məşqdə olub: "Konsert hazırlığı zamanı telefonumun internetini söndürmüşdüm. İlk olaraq məni aparıcı həmkarım Əfsanə Mehdiyeva təbrik etdi. Mən də təəccüb içində qaldım, açığı, heç inanmadım və bunun zarafat olduğunu düşündüm. Gülmək tutdu məni ki, belə zarafat olmaz. Əllərim əsdi, gözlərim doldu. Bir anlıq çox qarışıq hisslər keçirdim. Sevincimdən ağlamağa başladım. Məni elə oradaca ilk olaraq "Qaya” kollektivinin üzvləri təbrik etdilər. Xəbəri eşidəndən 1 dəqiqə sonra səhnəyə məşqə çıxdım. Səhnədə "Ey həyat, sən nə qəribəsən” mahnısını ifa etdim. Bu məqamda göz yaşlarım dayanmırdı. Bir anlıq 23 illik peşəkar səhnə fəaliyyətim gözümün qabağından keçdi. Bir vaxt balaca bir uşaq vokal dərslərinə gəlmişdi, bu günsə o uşaq fəxri ad alırdı... İçimdə sonsuz təşəkkürlər var idi. Bilirsiniz ki, mən "Bəri bax”dan "Qaya” qrupuna keçən yeganə solist oldum. Rauf Babayevin birinci tələbəsiyəm ki, fəxri ada layiq görüldüm. Ürəyimdə ona təşəkkür edirdim, Bu xəbəri böyük səhnədə aldım. Qeyd edim ki, mən bu adı kollektivimizin solisti olaraq almışam. Bundan da böyük uğurlarımız olsun. Kollektivimin adını daha da ucaldım”.
Əməkdar artist onu təbrik edən həmkarlarına da təşəkkürlərini çatdırdı. Qeyd etdi ki, məhz Cümhuriyyətimizin 100 illiyi ərəfəsində belə bir ad alması onun üçün xüsusilə sevincli olub: "Bu ada layiq görülməyimdə əziyyəti keçən insanlara təşəkkürümü bildirirəm. Müəllimim Rauf Babayevə minnətdarlığımı bildirirəm. Sağ olsun prezidentimiz, məni də fəxri ada layiq gördü. Təəssüratlarım çox gözəldir. İlk olaraq anama zəng edib, deyəndə ki siz əməkdar artistlə danışırsınız, əvvəlcə zarafat bildi. Deyəndə ki prezidentimiz bu gün mənə fəxri ad verib, anam da sevincindən ağladı. Atam isə məşqdən gəldiyim zaman gözəl bir tortla məni təbrik etdi. Çox qürurvericidir”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər