• çərşənbə axşamı, 23 aprel, 16:25
  • Baku Bakı 24°C

Məsləhət Əli

16.04.14 09:39 2442
Məsləhət Əli
Üç gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Nurəddin Məmmədlinin facebookda yazdığı "Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" statusu böyük rezonans yaradıb. Daha doğrusu bu status sosial şəbəkələrdə əsl lağ-lağı obyektinə çevrilib. İki gündür facebook-da bununla bağlı yazılan statusların ardı-arası kəsilmir. Partiya sədri haqda ironik “məsləhət” statusları paylaşılır, onun Ukrayna hakimiyyətinə verdiyi tövsiyələrlə bağlı capslər yayılır. Facebook sosial şəbəkəsində gördüyümüz ən diqqətçəkən statusları nəzərinizə çatdırırıq.
Mehman Muradlı adlı istifadəçi Nurəddin Məmmədlinin bu statusunu paylaşaraq “Allah, göydən niyə daş tökmürsən bunların başına” rəyini əlavə edib.
İsa Yusibov adlı şəxs isə “Əli bəyə de, mənə məsləhət versin, seçkini udum” statusunu yazıb.
Bu mövzuda ən çox fikir paylaşan elə həştəqi açmış gənc fəal Rəşad Müseyibzadə olub. O, əvvəlcə “Nurəddin Məmmədlini statusunu atam oxudu. Dedi ki, bu kimdir Əli Kərimli ilə məzələnib? Dedim ki, Əli Kərimlinin müavinidir və status da ciddi yazılıb. Mağazaya limon almağa gedirəm” yazıb. Bununla da atasının təzyiqinin qalxdığına işarə edib. Sonra isə “toyda söz deməyə cangüdənlə çıxır, buradan Ukraynaya məsləhət verir” deyərək Əli Kərimlinin bir müddət öncə sosial şəbəkə istifadəçilərinin gülüş hədəfinə çevrilən hərəkətini xatırladıb.
Daha sonra “baş məsləhətçi”yə həştəqi izləməklə bərabər, Nurəddin Məmmədlini qovmağı məsləhət görən gənc “camaat xarici ölkələrə nota verir, bizimkilər məsləhət” statusunu paylaşıb.
Əbülfəz Sadıqbəyli adlı istifadəçi “Rəşad Müseyibzadənin “məsləhət” həştəqinin şokundan ayıla bilməyən, hələ də "Yurd" təfəkküründən ayrılmayan bir qrup “gözəl insan” Müsavata, Müsavatın başqanı İsa Qəmbərə, müsavatçılara qarşı antikampaniyaya start vermək tapşırığı alıblar, deyəsən. Gün ərzində fikir verirəm, bu insanlar cılızlaşdıqca cılızlaşmaqdan, batdıqca batmaqdan, ədəbsizləşdikcə ədəbsizləşməkdən usanmırlar ki, usanmırlar. Nəyə görə buraxdığınız hər səhvin şokundan ayılmaq üçün "çamur atma" yollarına əl atırsınız və bu taktikanı yalnız Müsavat üzərində həyata keçirirsiniz? Məqsədimiz bir, məramımız bir. Enerjimizi lazımsız diskussiyalara sərf etməyə nə lüzum var?” deyə yazıb.
Kamran Həsənov adlı facebook istifadəçisi isə deyilənlərin ciddi olduğundan təəccüblənərək bunları qeyd edib: “Bu gün "Azadlıq" qəzeti "Əli Kərimli Ukrayna hökumətinin əsas səhvini göstərdi" başlığı ilə Ə.Kərimlinin məqalə-statusunu dərc edib. Ə.Kərimli TAM CİDDİ şəkildə yazır ki, ötən məqalədə Ukrayna rəhbərliyini qətiyyətsizlikdə suçladıqdan sonra, artıq "reaksiyalar" gəlir.
Özü də reaksiyalar bilirsiniz kimlərdən gəlir? "Prezidentliyə namizəd Pyotr Poroşenko hökuməti qətiyyətli addımlar atmağa səsləyib; Maydan fəalları hakimiyyətdən qətiyyət tələb edib; Polşanın baş naziri Tusk rəsmi Kiyevi qətiyyətli olmağa çağırıb" və s. və i. YƏNİ, Ə.Kərimli bütün dünyanı ayağa qaldırıb. Sonra da Kiyevdəki liderlərə daha bir atmaca atan Kərimli yazır ki, "bütün digər peşələr kimi siyasət də peşəkarlığı sevir, həvəskarların yeri deyil".
Filmin sonu. P.S. Ukraynanın yeni liderlərinə lap adamın yazığı gəlir. Bir tərəfdən üstlərinə Putin gəlir, digər tərəfdən isə Əli Kərimli beyinlərini çürüdür. Allah kömək olsun”.
Jurnalist Mahir Məmmədli də Ukrayna hakimiyyətinə öz “məsləhət”ini verib: “Əli Kərimlinin tərcümeyi-halının 1993-cü ilin may-avqust aylarındakı hissəsini dərindən öyrənsinlər. Orda hər şey var. Tərki-libas olub Bakıdan qaçmağa qədər. İndidən bu şeyləri öyrənməsələr, qiyamçılar Kiyevə çatanda gec olacaq”.
Jurnalist Fərahim İlqaroğlu əvvəlcə “Əli Kərimlinin məsləhətlər toplusu satışda, almağa tələsin”, sonra isə “Əli Kərimlinin məsləhətinə qulaq asan Rəqsanənin ağızı qulağının dibinə gedib çıxıb” yazıb. Jurnalist həmçinin “Əli Kərimli “bir güllə ilə iki dovşan vurmağı” məsləhət görüb” statusunu da paylaşıb.
Digər jurnalist Elşad Məmmədli isə dostuna xitabən “Məsləhət müəllimdən nə xəbər var?” sualını verib
Azvizion saytının baş redaktoru Vüsal Məmmədov isə məsələyə başqa aspektdən yanaşıb. O, “quş”u buraxanın Nurəddin Məmmədli olduğunu, amma hamının Əli Kərimli ilə mırtlaşdığını qeyd edib.
Şəfi Şəfiyev adlı gənc isə yazıb ki, Әli Kәrimli ilә bağlı gәnclәrin “məsləhət” paylaşmalarına baxıb müsavatçılar sevinməsin, bu günün sabahı da var. O, həmçinin “Gәnclәrin Әli bәylә heç bir işi yoxdur. Sadәcә istәyirik ki, Әli bәy Ukraynanın gәnc lideri Kliçkoya verdiyi məsləhətlərdən bizә dә versin, heç olmasa biz dәyәrlәndirәk” statusunu paylaşıb.
Qeyd edək ki, yazılanlar arasında “20 ildir, hakimiyyətə gələ bilməyib başqasına məsləhət verir” şərhi də var idi. Doğrudan da, keçəl dərman bilsə, elə öz başına çəkməzmi?
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər