• cümə, 29 Mart, 02:01
  • Baku Bakı 7°C

Məşhurların narkotik sevdası

14.08.13 08:37 1918
Məşhurların narkotik sevdası
Son zamanlar mətbuatın diqqətini Türkiyədə seriallarda, məşhur filmlərdə rol alan, bir çoxlarının sevimlisi olan tanınmış aktyorların narkotika istifadəsi olduqlarına görə saxlanılmaları xəbəri zəbt edib.
Hələ bir neçə il öncə Türkiyənin, eləcə də Avropanın məşhur müğənnilərindən biri olan megastar Tarkanın narkotika istifadə etdiyi üçün 1 il müddətinə həbs olunması xəbəri Türkiyənin bir çox ifaçılarını vəlvələyə salsa da, sonra ara sakitləşdi. Tarkana 1 il həbs cəzası düşdüyünü söyləyən hakim, yalnız müalicə olunacağı və sənət dostlarına nümunə olacağı şərtilə onu azadlığa buraxdığını söylədi. Daha sonra Türkiyənin məşhur ifaçısı Deniz Seki və başqa məşhurların narkotika istifadəçisi olduğu üçün tutulduğu mətbuatda geniş işıqlandırıldı. Çox keçmədi ki, Türkiyənin məşhur aktyorları məhkəmə salonlarında göründülər. Son günlər də Türkiyənin sevərək izlədiyimiz seriallarındakı və filmlərindəki qəhrəmanlar polis bölmələrinə aparılaraq narkotika aludəçisi olmaları ilə bağlı ifadə veriblər.
Ötən həftə narkotik əməliyyatında saxlanılan aktyorlar Engin Günaydın, Sarp Apak, Hakan Yılmaz, Gökçe Özyol və müğənni Mehmet Erdem həbs tələbi ilə məhkəməyə cəlb ediliblər. İstanbul Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən təşkil edilən əməliyyatda nəzarətə alınan bir çox məşhur adların da aralarında olduğu 48 nəfər Çağlayandakı İstanbul Ədalət Sarayına gətirilib. Sağlamlıq yoxlamasından keçirilən şübhəlilər prokurorluqda sorğulanıblar. 7 prokuror tərəfindən sorğulanan şübhəlilərdən Türkiyənin məşhur aktyorları hesab olunan Kenan İmirzalıoğlu, Nehir Erdoğan, Engin Altan Düzyatan, Ersin Korkut ve Özge Özprinççi ilə birlikdə 9 nəfər sərbəst buraxılıb. Aktyorlar Şahin Irmak, Murat Eken, Duygu Yetişin və müğənni Koray Candemirin olduğu 12 nəfər nəzarətə alınmaqla məhkəməyə cəlb edilib. Məhkəmədə fəaliyyət göstərən vəkillərin Türkiyə mətbuatına verdiyi ilkin məlumata görə, aktyorlar Engin Günaydın və Sarp Apakın tutulduğu, onları uzun müddət həbs cəzası gözlədiyi barədə yayılan xəbərlər yanlışdır.
Məhkəməyə gətirilən aktyorların sənədləri araşdırılıb və qərara alınıb ki, Murat Eken ve Duygu Yetişin də olduğu 8 nəfərə vətəndən kənara çıxmaq qadağası qoyulsun. Şüphəlilərdən Sinem Gültəkin, Şahin İrmak, Mustafa Şinasi Yurtsevər və Koray Candemirin isə narkotik vasitələrlə heç bir əlaqəsi olmadığı və sərbəst buraxıldıqları qeyd edilib.
Çağlayandakı İstanbul Ədalət Sarayından çıxan zaman mətbuata məlumat verən aktyor Engin Altan Düzyatan narkotik aludəçisi olmadığını, polis dairəsinə gətirilməsində müəyyən anlaşılmazlıqların olduğunu qeyd edib: “Sənədlərimizdə gizlilik qərarı olduğu üçün mətbuata bu barədə heç bir açıqlama verməyəcəyik. Məhkəməyə çox insan gətirilmişdi deyə, bizi içəridə 2 gün saxlamağa məcbur oldular. Belə bir vəziyyətdə qalmaq bizi çox rahatsız etdi. Bu prosesin içində olmağı heç istəməzdik. Gəldik polisə ifadə verdik və sərbəst buraxıldıq”.
Məşhur Türk aktrisası Özge Özprinç isə mətbuatda polislərin onu bardan çıxarmaları kimi fikirlər səsləndirildiyini, ancaq məsələnin heç də belə olmadığını deyib. Onun sözlərinə görə, polislər onu evdən, anasının yanından aparıblar. Polis dairəsindən çıxan digər məşhurlar narkotikadan ara-sıra istifadə etdiklərini və müalicə olunmaq üçün bir sıra tədbirlər görəcəklərini söyləyiblər. Bütün bu proseslərdən sonra Türkiyədə narkotikə aludəçiliklə bağlı təlimlərə xüsusi yer ayrılıb.
Qarşıdan yeni mövsüm gəlir. Yeni mövsüm isə yeni seriallar, yeni televiziya verilişləri deməkdir. Türk dünyasının bu məşhur simalarının rol alacaqları filmlərin baş verən hadisələrdən sonra nə qədər baxımlı olacağı sual altındadır. Belə fikirlər var ki, seriallar çəkilərkən aktyorların spirtli içki və narkotik vasitələrdən istifadə edib-etmədikləri barədə onlardan həkim sənədləri alınsın.
Qeyd edək ki, bundan öncə məşhur “Yaprak dökümü” serialında Şevket rolunu canlandıran aktyor Caner Kurtaran serialın yarısında narkotikadan istifadə etdiyi üçün çəkiliş zamanı vəziyyəti ağırlaşaraq xəstəxanaya aparılmışdı. Filmin rejissoru isə onun yer aldığı bölümlərdə çox çətinlik çəkdiyini söyləmişdi. Belə ki, o, narkotik istifadəçisi olduğu üçün lazımi vaxtda çəkiliş meydançasına gəlmirmiş. Bütün bunları nəzərə alaraq, filmi çəkən prodakşn aktyoru serialdan uzaqlaşdırmağa, başqa bir aktyora müraciət etməyə məcbur olub. Bu isə serialın reytinqinə xeyli dərəcədə təsir göstərib.
Artıq Türkiyədə serial çəkən bir çox prodakşnlar baş verən hadisələrdən dərs götürdüklərini və film çəkərkən aktyorların bu kimi detalları nəzərə alacaqlarını bildirirlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər