• cümə, 29 Mart, 16:52
  • Baku Bakı 14°C

Məşhurların məzun övladları

26.05.16 12:30 3736
Məşhurların məzun övladları
"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, bu il ümumtəhsil müəssisələrində "son zəng” iyunun 14-də keçiriləcək. Bir neçə il bundan öncə məzun günü mayın 25-də keçirildiyindən dünən bir çox sosial şəbəkə istifadəçiləri sinif yoldaşları ilə olan şəkillərini paylaşır, öz xatirələrini bölüşürdülər. Bu dəfə onların içərisində diqqətimizi çəkən isə bu il övladları məktəbi bitirənlər, məktəb illərini xatırlayanlar oldu. Biz də məşhurlarla əlaqə saxlayıb məzun olacaq övladlarından, eləcə də öz xatirələrindən danışdıq və nə hisslər keçirdiklərini xəbər aldıq.

Əməkdar artist, rejissor Nicat Kazımov oğlu Mirsənan Kazımlının 12-ci sinidə oxuduğunu və bu il xaricdə təhsil alacağını bildirdi: "Oğlum Atatürk liseyində təhsil aldığı üçün onlarda 12 illik təhsil sistemi hökm sürür. Onun təhsilindən çox razıyam. Bir valideyn olaraq övladımın yerinə çox həyəcan keçirirəm. Onu qabaqda qəbul imtahanları gözləyir. Mirsənan ixtisas imtahanları verməlidir. Oğlum sənədlərini Türkiyəyə verib, aktyor olmaq istəyir. Xaricdə oxumaq isə heç də asan deyil. İş həddindən artıq çoxdur. Vaxt çatdırmaq da olmur. Uşaqların gələcəyi məhz bu gündən asılıdır. Bu elə bir dövrdür ki, onun bütün gələcək həyatı son bir neçə gündən asılıdır”.

Əməkdar artist söhbət əsnasında öz məzun gününü xatırlayaraq bildirdi ki, oğluna görə nə hiss edirdisə, zamanında o da həmin hissləri keçirib: "Qəbul imtahanlarına hazırlaşanda mən də həyəcan keçirirdim. İncəsənət Universitetinin qəbul imtahanı digər universitetlərin imtahanından tez olduğuna görə hamıdan birinci imtahan vermişdim. Məzun gününün dadını o qədər də çox yaşaya bilmədik. Mayın 30-u məzun günü idi, iyunun 6-da isə imtahan vaxtım idi. Qısa zaman kəsiyində böyük bir imtahan qarşısında qalmalı idim”.

Oğlunun aktyor olmaq istəyinə gəlincə, rejissor deyir ki, Mirsənanın aktyor olmaq istədiyini eşidəndə ilk olaraq çox məyus olub: "Oğlumun bu sənəti seçdiyini eşidəndə ona qarşı çıxdım. İki il evdə bu mövzu barədə müzakirələr etdik. Sonda belə qərara gəldim ki, təhsilini Türkiyədə alacaqsa, yaradıcılığını da orada davam etdirəcəksə, aktyor ola bilər”.

Əməkdar artist, aktyor Nofəl Vəliyevin qızı Qönçə də bu il məzunlar sırasındadır. Qönçənin 11 illik təhsildən sonra tutduğu yol isə valideynlərinin tam könlüncədir. N.Vəliyev bizimlə söhbətində bildirdi ki, 11 ilin haradan gəlib necə bitdiyindən xəbəri olmayıb: "İllər çox tez gəlib keçdi. Övladımızın özü ilə bərabər biz də 11 il çox əziyyət çəkdik. Artıq 11 il geridə qalmaq üzrədir. Qızım universitetə hazırlaşır. Çox istəyərəm ki, qızım universitetə qəbul olsun. Uşağın böyüməyi valideyni həm sevindirir, həm də qəribə bir hiss yaradır ki, uşaqlıqdan ayrılır, məzun olur, şəxsiyyətə çevrilir. O, III qrup üzrə hazırlaşır. Mən qızıma çox inanıram”.

N.Vəliyev Qönçənin də incəsənət sahəsinə gəlmək istəyi olduğunu gizlətmədi: "O da bir müddət bizim sənətimizi seçmək istədi. Ancaq anası ilə birlikdə onunla söhbət etdik, belə bir qərara gəldik ki, Qönçə istədiyi digər bir ixtisasa sahib olsun. Daha sonra öz sahəsi üzrə çalışsın. Əgər yiyələndiyi sahə ürəyincə olmasa, ikinci ixtisas kimi incəsənəti seçə bilər. Qönçə universiteti bitirəndə 21 yaşı olacaq, o zaman tam müstəqil bir insan olacaq. Ondan sonra istədiyi qərarı verə bilər. Beləliklə, biz onu fikrindən daşındıra bildik. Qönçə bizimlə çox mübahisə etmədi. Düzdür, bütün sənətlər çətindir, o, bizim sənətdə olan çətinlikləri gördü və bizimlə razılaşdı. Biz çalışdıq ki, ona təzyiq göstərməyək”.

N.Vəliyev söhbət əsnasında sinif yoldaşlarını xatırlayaraq bildirdi ki, 25 il əvvəl onlardan ayrılanda çox kədərlənib: "Mən kənddə böyümüşdüm. Çox tələsir, böyük şəhərə can atırdım. Fikirləşirdim ki, paytaxt məni gözləyir. Tələbə olmağa can atırdım. İki il bundan qabaq sinif yoldaşlarımla görüşdük, bir az keçmişdən danışdıq. Biz məktəbi 1989-cu ildə bitirmişik. 25 illik görüş keçirdik. Yubileyimizdə daha çox təsirləndim. Uşaqlarla keçirdiyimiz günlər yada düşdü. Elə sinif yoldaşımız var ki, görüşə nəvəsi ilə gəlmişdi. Çox qəribə hisslər keçirdik. Bu ilin məzunlarına arzu edirəm ki, Allah yollarını açıq etsin. Yol açıqlığı deyəndə bunu təkcə ali təhsil məsələsində demirəm, hər bir valideyn çalışır ki, övladı xoşbəxt olsun”.

Tanınmış xanəndə İlahə İbadova isə bizimlə söhbətində öz məktəb illərini xatırladı. 6-cı sinifdən etibarən Bülbül adına orta ixtisas məktəbinə gəldiyini deyən ifaçı məktəb illərində nümunəvi şagirdlərdən olub: "Son zəngim Bülbül adına orta ixtisas məktəbində oldu. Biz 11-ci sinifdə oxuyarkən böyük səhnələrdə ifa edən ifaçılar idik. Bizim sinif musiqiçilərdən ibarət idi. Çox gözəl sinif yoldaşlarım olub. Onlardan bu gün sənətlərini davam etdirənlər də var, başqa sahədə çalışanlar da. Mənə elə gəlir ki, indiki "son zənglər” çox maraqsızdır”.

Qızı Ayanın dərslərinə gəlincə isə ifaçı qeyd etdi ki, mütəmadi olaraq onun dərsləri ilə məşğul olur: "Son zamanlar bir qədər işim çox olduğu üçün qızımla çox məşğul ola bilmədim. Ancaq Ayanın dərsləri ilə hər gün maraqlanıram. Məktəbdə onun mənim qızım olduqlarını bilsələr də, müəlliməsinə demişəm ki, mənə görə güzəşt edib qiymət yazmasınlar. Mənə yalançı qiymət lazım deyil. Hər gün qızımı dərsə aparanda deyir ki, məni dərsdən sən gəl götür. İstəyir ki, məni uşaqlar görsün. Ayan dərslərini yaxşı oxuyur. Müəllimləri ondan razılıq edir. Hər suala tez cavab verir. Dərslərini bitirən kimi uşaqlara, hətta müəlliməsinə belə kömək edir. Hələ ki, yaxşıdır. Nədənsə bu günün valideynləri uşaqlarını həkimliyə, müəllimliyə yönəldir. Ancaq mən bunun tərəfdarı deyiləm. Heç zaman Ayanı hər hansı istiqamətə yönəltmərəm. Nədənsə 6-cı hissim deyir ki, o, həkim olacaq. Mən onun gələcək qərarlarına müdaxilə etməyəcəyəm. Ağlı çatanda özü qərar verəcək. Hansı sənəti seçsə, mən razılaşaram. İfaçılıq sənətini də seçsə, razılıq verərəm. Bu sənət pis olsaydı, mən gəlməzdim. Hər bir sahənin çətinlikləri var. Hər bir insan çalışmalıdır ki, gözüaçıq düşünsün”.



Xəyalə Rəis

banner

Oxşar Xəbərlər