Məşhurların 21 dekabr planları

Məşhurların 21 dekabr planları

Mədəniyyət
20 Dekabr 2012, 16:54 2948
21 dekabr - mayyalıların təqviminin son günü olması çoxlarının qorxulu yuxusuna çevrilib. Dünyada insanların əksəriyyəti həmin gün qiyamətin qopacağına, dünyanın qaranlığa qərq olacağına inanır. Bu qorxu və stress bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da müşahidə olunur. Şam alan, ərzaq tədarükü görən insanlar əslində 21 dekabrın dünyanın son günü olmasına inanmasalar da içlərindəki qiyamət qorxusundan da əl çəkə bilmirlər. Bəzi insanlar təhlükəsizliklərini təmin etmək üçün rayonlara, kəndlərə köçürlər. Onlar belə hesab edirlər ki, şəhərdən kənar yerlərdə qiyamətdən xilas ola bilərlər.

Maraqlıdır bəs sənət aləminin insanları necə? Ölkənin tanınmış simaları 21 dekabrda qiyamətin qopacağına inanırlarmı?

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bizimlə söhbətində 21 dekabrla bağlı heç bir hazırlıq görmədiyini bildirdi: “Belə bir məsəl var ki, Allahı güldürmək istəyirsənsə gələcək planlarından danış. Mən bilsəydim ki, rayonlar, kəndlər qiyamətdən qurtuluş yeridir İsmayıllıya dağlar qoynuna gedərdim. Amma düşünürəm ki, hara getsək əgər o ölüm bizim üçün gəlibsə ondan qurtula bilməyəcəyik”. Şair qiyamət haqqında yayılan fikirləri heç bir əsası olmayan, cəfəngiyat hesab edir: “Mən bu şayiələrə inanmıram bunların hamısı cəfəngiyatdır. Qiyamətin nə vaxt olacağı heç kimə məlum deyil”.

Əməkdar artist Aybəniz Haşımova dekabrın 21-i qiyamət qopacağına inanmır: “Hesab edirəm ki, allah ömrümüzün hansısa bir gününü bizim üçün qiyamət yazıb və o gün də bizim dünyadan gedən günümüzdür. Adi günlər kimi həmin gündə verəcəyim konsertlərə hazırlaşıram. Amma həmin gün hər yer qaranlıq olsa buna tam hazıram”.

Əməkdar artist Baloğlan Əşrəfov isə qiyamət gününə hazırlıq görən insanlara yazığı gəlir və onları kafir hesab edir: “Buna inanan insanlar kafirdirlər ya da bunların heç nədən xəbərləri yoxdu. «Quran»ı oxuyan adamlar bilər ki, belə söhbətlərin heç bir məntiqi əsası yoxdur. Dünyanın dağılması haqqında Allahdan başqa heç kim heç nə deyə bilməz. Bu tamam cəfəngiyatdır”. Məşhur müğənni bizimlə söhbətində bildirib ki, onun ailəsində nəinki qiyamətə hazırlıq heç bunun söhbəti belə getmir: “Ayıbdır biz belə şeyi özümüzə sığışdırmırıq. Bu fikri yayan hansı şarlatandırsa bu boyda dünyanın insanlarını barmağına dolayıb”.

Xalq artisti İlhamə Quliyeva bizimlə söhbətində bildirib ki, sabahla bağlı düşündüyü tək hadisə anasının il dönümünün olmasıdır: “Mən həmin gün anamı ziyarət edəcəyəm. Bu günlə əlaqəli başqa heç bir plan qurmamışam, çünki belə söz-söhbətlərə inanmıram”.

Xalq artisti Nazpəri Dostəliyeva 21 dekabrı adi gündən fərqləndirməyən müğənnilərimizdəndir: “Dekabrın 21-i dünya dağılsa da dağılmasa da həmişə işimin keşiyindəyəm. Həmin gün efirdə konsertim gözlənilir. Bununla bağlı heç bir hazırlıq görməmişəm. Heç kim heç nədən qorxmasın tanrı nə məsləhət bilirsə, yaratdığı insanlarda onu yaşamalıdır”.

Əməkdar artist Ruhəngiz Allahverdiyeva da qiyamətin qopacağına inanmayan məşhurlardandır. Müğənni 21 dekabrla bağlı heç bir hazırlıq görməyib və hazırlıq görənlərə də acıyır. O belə düşünür ki, insanın əgər əcəli gəlibsə hazırlıq görməklə deyil o ölməlidirsə öləcək: “Allah insanın canını harda istəsə alar yerinə altına girsən də göyə çıxsan da bundan qurtuluş yoxdur. Hansısa bir insan öz başından qiyamət günü uydurub hamı panikaya düşüb. Qiyamət günü ancaq «Qurani Kərim»də yazılıb”.

Bütün dünyanın həyəcan təbili çaldığı gün tanınmış müğənni Nüşabə Ələsgərlinin doğum günüdür və müğənni qiyamətə yox ad gününə hazırlıq görür. Nüşabə Ələsgərli qəzetimizə bildirib ki, qiyamət günü cəfəngiyatına inanmır və o böyük həvəslə doğum günü ziyafətinə hazırlaşır.

Müğənni Vasif Məhərrəmli 21 dekabrın dünyanın ən gözəl günü olacağına inanır: “21 dekabr adi günlərdən də daha gözəl, günəşli, təravətli gün olacaq. Mən qətiyyən qiyamətin olacağına inanmıram. Buna inanmaq və bunun üçün hazırlıq görmək hesab edirəm ki, cahillikdir, düşüncəsizlikdir”.
Sonda hər şeyi zamanın ümidinə buraxırıq, necə deyərlər “Yaşayarıq, görərik!”.

Aygün Cəfərli