• cümə, 29 Mart, 04:41
  • Baku Bakı 7°C

Məşhur Silikon Vadisində çalışan azərbaycanlı xanım – Uğur hekayəsi

31.03.17 10:30 4842
Məşhur Silikon Vadisində çalışan azərbaycanlı xanım – Uğur hekayəsi

Ali təhsilini filologiya üzrə alır, hətta universiteti bitirəndən sonra ixtisası üzrə işləməyə də başlayır, amma çox qısa zamanda müəyyənləşdirir ki, bu, onun işi deyil. Ona görə də sevdiyi, marağında olan bir sahədə çalışmaq üçün addımı atır və uğurlu olur. Bu gün isə xəyalında qurduğu bir işdə çalışır.
Müsahibim dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisində məşhur Salesforce şirkətində məhsul bazarlaması (marketinq) üzrə çalışan xanım həmyerlimiz Aygün Süleymanovadır.
Qeyd edək ki, Aygün Süleymanova 1984-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 20 nömrəli məktəbdə alıb. Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində bakalavr təhsili alıb. Magistr təhsilini də həmin universitetdə İngilis və Amerikan ədəbiyyatının tarixi ixtisasında davam etdirib. Bundan başqa o, ABŞ-da MBA təhsili də alıb.
- İxtisasınız filologiya olsa da, indi marketinq sahəsindəsiniz. Filoloqun marketinqə marağı necə yarandı?

- Orta məktəbə tez getdiyim üçün 19 yaşımda universiteti bitirdim. Sonra Müasir Təhsil Kompleksinə müəllim kimi düzəldim. 3-4 aya bu ixtisasın mənlik olmadığını anladım. Sonra "Azərcell”ə işə düzəldim. Müştəri xidmətlərindən başladım, daxili ünsiyyət şöbəsinə qədər getdim. Orada biznesə daha yaxın olmağa başladım. Şirkətin prezidentinin e-maillərini yazırdım, daxili ünsiyyətlə bağlı bir çox proyektlər edirdim. Bir sözlə, onlarda biznesin necə getdiyini görürdüm. O zaman mən bu sahədə inkişaf etmək və hətta marketinq sahəsində ixtisaslaşmaq istədiyimi anladım. Bunun üçün isə özümə yatırım etməliydim. Ən yaxşı yatırım isə təhsildir. MBA-ya baş vurdum, Mayami şəhərində Barry universitetini seçdim. Universitet seçimim karyeram üçün uğurlu oldu.


- Uğurunuzun sirrinin nə olduğu haqda düşünürsüz?
- Hər şeydən öncə uğur qazanmağımda ailəmin və dostlarımın rolu çox olub. Amerikaya getməmişdən öncə ailəm məni bütün hədəflərimdə dəstəkləyiblər. Amerikaya getdikdən sonra isə həyat yoldaşım və onun ailəsi. O baxımdan çox şanslıyam. Həmişə ailəmdən hər şeydə dəstək görürəm. Özüm olan hissəyə gəlsək, uğurumun digər sirləri haqda çox düşünmüşəm. Hər dəfə yeni nələrsə kəşf etmişəm. Ən vacibi məqsədli olmaqdır. Nə istədiyini müəyyənləşdirə bilməyibsənsə, nə edəcəyini də bilməyəcəksən. Ondan sonra çoxlu əziyyətə qatlaşmağı bacarmaq, bir də planlı iş görmək lazımdır. Mən plana çox inanıram. Amerikaya getməmişdən iki il öncə, hələ Azərbaycanda tələbə ikən oradakı iş imkanlarını araşdırırdım. Daim araşdırmada olmalısan. Uğur üçün məqsəd, planlı iş görmək, araşdırma və insanlardan öyrənmə qabiliyyətin olmalıdır. Amerikaya getməyimdə əsas kömək məndən əvvəl Amerikaya getmiş insanların verdikləri məsləhətlər oldu. Əgər bunlar varsa, uğur ayağının altında olacaq.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər