Məşhur aktrisa uğurlu serialın sirlərini açıqladı EKSKLÜZİV

Məşhur aktrisa uğurlu serialın sirlərini açıqladı EKSKLÜZİV

Müsahibə
01 Dekabr 2012, 09:36 2899
Bu dəfə Bakıya “Sübhün səfiri” filminin təqdimatında iştirak etməyə gəlib. Görkəmli dramaturq və ictimai xadim Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən filmdə Axundzadənin həyat yoldaşını - Tubu xanım rolunu oynayır. Aktrisa Məlahət Abbasova redaksiyamızda qonaq olarkən təqdimatdan sonrakı təəssüratlarını bizimlə bölüşdü.

Səsim inanılmaz dərəcədə gənc qaldı

- “Sübhün səfiri” filminin təqdimatından öncə sizi səhnəyə dəvət edəndə dedilər ki, uzun illərdən sonra bu, sizin Azərbaycanda çəkildiyiniz ilk filmdir. Bu qədər uzun fasilənin səbəbi nə idi?
- Bu səbəb Azərbaycanla bağlıdır. Buradan mənə heç dəvət gəlmədi. Bir də o zaman kritik dönəm idi. Teatrlar bağlanmışdı, kinostudiya işləmirdi, filmlər çəkilmirdi. Sonradan filmlər çəkilsə də mənə 21 ildən sonra dəvət gəldi. Bu vaxta qədər dəvət gəlmədiyi üçün mən də çəkilə bilmədim.
- Film haqqında təəssüratınız necədir? Hər halda uzun illərdən sonra Rasim Balayevlə yenə bir araya gəlmək, üstəlik əsas rollardan birini oynamaq...
- Açığı, mən hələ burada çalışanda Ramiz Həsənoğlu ilə həmişə çalışmaq istəmişəm. Bir gün o, mənə zəng edərək Mirzə Fətəli Axundzadənin həyatı ilə bağlı film çəkmək, onun həyat yoldaşı Tubu xanımın rolunu isə mənə həvalə etmək istədiyini dedi. Çox sevindim. Həm də Axundzadə kimi böyük bir şəxsiyyətin həyat yoldaşını oynamaq böyük fəxarət idi. Bu filmdən əvvəl Türkiyədə Atatürkün həyatı barədə çəkilən «Vida» filmində Atatürkün bacısının rolunu oynadım. Orada rolum böyük deyildi. Amma mənəvi dəyəri çox yüksək idi. Mən filmdə Tubu xanımın 55-60 yaş arasındakı dövrünü oynamalı idim. “Vida” filmində də 55 yaşda idim, amma orada mənim səhnələrim çox az idi. Həm də oradakı qrim ustaları Hollivuddan gəlmişdilər. Onların sistemləri çox fərqlidir. Ramiz müəllimə dedim ki, bu rolda məni görürsünüzsə, heç nə deyə bilmərəm. Amma içimdə çox həyəcanlı idim, qorxu hissi keçirirdim. Ssenarini mənə göndərdilər. Ətrafımdakı o yaşda qadınların danışıqlarını, yerişlərini, davranışlarını müşahidə etməyə başladım. Detalları tapmaq lazım idi. Amma səsim inanılmaz dərəcədə gənc qaldı. Çünki normalda səsim çox incədir. Filmin təqdimatından sonra hər kəsin məni təbrik etməsi, hesab edirəm ki, filmdəki rolumun uğuru ilə bağlıdır.
- Bəs «Mahmud və Məryəm» filmi nə vaxt ekranlara çıxacaq?
- «Mahmud və Məryəm»in çəkilişləri bitib. Bu, iki ölkə arasında birgə layihədir. Bu layihənin baş məsləhətçisi mənəm. Əsəri prodüserə də mən təklif etmişəm. «Mahmud və Məryəm» əslində türk dünyasının əsəridir. Mən həm də filmdə Qəmərbanu obrazını - Mahmudun anası rolunu oynayıram. Film gələn ilin mart ayında bütün kinoteatrlarda göstəriləcək. Ekran əsəri 9 Avropa ölkəsində nümayiş etdiriləcək. O cümlədən, Türkiyənin 300 kinoteatrında eyni zamanda nümayişi nəzərdə tutulub. Həmçinin Bakıda, bütün ərəb ölkələri və Balkan ölkələrində göstəriləcək.

Bizim teatrları tanımırlar

- Həmişə deyirsiniz ki, “mən Azərbaycan teatrını Türkiyəyə qazandırdım”. Elçinin əsərlərini nəzərdə tutursunuz?
- Yox, mən Türkiyə teatrına Elçin Əfəndiyevin əsəri ilə daxil olmadım. Sadəcə görürdüm ki, bizim teatrda çox əsərlər qoyulur. Repertuarda bircə dənə də Azərbaycan əsəri yox idi. Kitabxanaya getdim, bir dənə Azərbaycan əsəri tapmadım. O zaman dedim ki, mən Azərbaycan əsəri ilə başlamalıyam. Bəxtiyar Vahabzadənin «İkinci səs» əsərini tərcümə etdim, teatrın repertuarından keçirdim, səhnəyə qoydum və o tamaşanın ikinci rejissoru oldum. Bizim teatrda ilk oynanılan Azərbaycan əsəri Bəxtiyar Vahabzadənin «İkinci səs» əsəri oldu. Tamaşa çox böyük müvəffəqiyyətlə oynanıldı. Ondan sonra Elçinin 3 əsərini və Həsən Həsənovun «Brüsseldən məktublar» əsərini tərcümə etdim. Elçinin «Qatil» əsəri 156 dəfə oynanıldı və sox uğurlu oldu. «Qatil»in adını dəyişib «Ulduzlar altında cinayət» qoyduq. Əsər 3 il repertuardan düşmədi. Əgər repertuarda qalsaydı hələ də oynanılardı. Elçinin əsərlərində türk xalqının nəbzini tuta bilirik. Mənim planımda «Dədə Qorqud»la bağlı böyük bir layihə də var. Hüseyn Cavidin «İblis»i də ən böyük layihələrimdən biridir. Daha sonra Azərbaycanın çağdaş ədəbiyyatını tanıtmaq haqqında düşünürəm.
- Bəs hazırda Türkiyədə Azərbaycan yazıçıları və onların əsərləri nə qədər tanınır? Azərbaycan teatrı ilə bağlı hansı bilgilər var?
- İnanın ki, heç bir bilgiləri yoxdur. Ümumiyyətlə, rus kinosu və teatrı haqqında məlumatlıdırlar. Nə Azərbaycanla, nə də Orta Asiya cümhuriyyətləri ilə bağlı heç bir əsər əllərində yox idi. Təkcə Çingiz Aytmatov, Azərbaycandan isə Zeynəb Xanlarova və Rəhşid Behbudov haqqında bilirlər. Amma teatr əsərləri ilə bağlı heç bir məlumatları yoxdur. Biz tamaşalar səhnələşdiririk. Onlar səhnənin içərisində ədəbiyyatımızı öyrənirlər.
- Türkiyədə insanlar teatra mənəvi tələbat kimi baxırlar?
- Orada çox güclü teatrlar var. Seriallar kimi teatrlar da çox gücləndi. İlk dəfə daxil olduğum teatrla indiki teatr arasında çox fərq var. Teatrın inkişafı üçün onların direktorları da əllərindən gələni edirlər. Dünyanın ən tanınmış rejissorlarını, rəssamlarını, texniki işçilərini dəvət edirlər. Həmişə axtarışda olurlar. Bu da teatrın səviyyəsini yüksəldir. Bizim teatr hər il beynəlxalq teatr festivalları keçirir. Mən festival komitəsində 5 üzvdən biriyəm.
- Azərbaycan teatrları da tez-tez Türkiyədə keçirilən festivallara qatılırlar. Oradan Azərbaycan teatrı necə görünür?
- Gələndə bütün dekorları ilə bərabər gəlməlidirlər. Bu problem bizim teatrda da yaşanır. Deyirlər ki, şərti dekorasiyaları gətirin. Tamaşadakı ab-havanı saxlamaq üçün bütün dekorasiyanın gətirilməsi vacibdir. Məsələn, xaricdə festivallar düzənləyirik. Bütün teatrlar ağır dekorasiyaları yük maşınları ilə gətirirlər. Amma Azərbaycan teatrı gəlirsə, hiss edirsən ki, şərti dekorları gətirirlər. Bu da tamaşanın baxımlılığını azaldır. Ancaq aktyorlarımızın oyununa söz ola bilməz.

Yaxşı serialın sirri

- Bəzən deyirlər ki, rejissorluq qadın sənəti deyil. Yəni aqressiya qadına yaddır.
- Mən belə deməzdim. Mən heç də aqressiv deyiləm, həmişə gülərüzlüyəm. Tez-tez tamaşa qoymağı sevmirəm, fasilə verirəm. Bir tamaşanın təsirindən qurtulmalıyam ki, digərini səhnələşdirim. Tamaşa qurarkən mənim beynimin sıxılmaması lazımdır. Teatrda mənimlə çalışmaqdan çox məmnundurlar.
- Siz Türkiyədə seriallara çəkilmisiniz. Yeni dəvətlər varmı?
- Bura gəlməmişdən öncə məni gündəlik bir seriala dəvət etdilər. Amma «Mahmud və Məryəm» filmində mühüm bir rolum olduğundan, həm də filmdə baş məsləhətçi olduğum üçün heç bir yerdən iş ala bilmədim. Bilirsiniz ki, həm Azərbaycanda, həm Türkiyədə çəkilişlərimiz oldu. Mən vaxt ayıra bilməyəcəyimdən qorxduğum üçün heç bir filmi qəbul etmədim. Daha sonra qızımın oynadığı «Babam üçün» serialında rol alacaqdım, onu da qəbul etmədim. Həm oradakı, həm də buradakı çəkilişlər eyni anda başladı. Hazırda «FoxTV, ya da «Star»da çəkiləcək gündəlik bir serialda oynamaq üçün məndən cavab gözləyirlər. Eyni vaxtda “Şekspir” tamaşasında məşqlərim başlayacaq. Bizim əsas işimiz teatrdır. Biz teatrdan icazə alanda “işimizi axsatmamaq şərti ilə bizə izn verin” deyirik.
- Türkiyədə çəkilən seriallar çox məşhurlaşıb. Bizdə çox vaxt deyirlər ki, onlar seriallara çox pul yatırırlar. Sizcə məşhurluğun sirri bundadır?
- Türkiyə serialları 7-8 ildir ki, məşhurlaşıb. Onlar da bizim kimi başladı. Mən həyata pozitiv baxan insanam. Heç bir zaman “Oradakı tamaşalar niyə belə güclüdür”- deyə bilmərəm. Mən onların ilk dönəmlərdəki seriallarına da bələdəm. Bir neçəsində də oynamışam. Reytinq yox idi, baxılmırdı, amma çəkilirdi. Sonra kanallar arasında rəqabət başladı. Reklam payları çox yüksəldi. Bir də şəxsi prodakşınlar, zəngin insanlar bu filmlərə pul ayırdılar. Azərbaycan özünü yeni ayaqda tutmağa çalışan bir ölkədir. Burada kinoya pulu hələ dövlət ayırır. Özəl sektorlar hələ indi-indi şəbəkəyə daxil olmağa başlayıb. Ondan sonra inanın ki, hər şey çox dəyişəcək. Türkiyədəki ən möhtəşəm seriallar özəl sektorun seriallarıdır. Azərbaycanda da özəl prodüser mərkəzləri bu bazara daxil olmalıdır.
- Deyəsən, İstanbulda prodakşın açmaq fikriniz vardı…
- Belə bir planım var. Mənim hər iki ölkə nazirlikləri ilə bağlantıların qurulmasında böyük rolum var. “Sən niyə özün öz şirkətini orada açmırsan?” deyə çox dedilər. Bu barədə düşünürəm. Elə bilirəm, bununla iki ölkə arasında körpü yaradacağıq.

Çətinliyim də çox oldu

- Özünüzü Türkiyədə bir aktrisa, həm də bir rejissor kimi tanıtmaq üçün sizə nə qədər vaxt lazım oldu? Hər halda gedən kimi alınmadı.
- Yox, gedən kimi olmadı. Bunun üçün mənə altı il lazım oldu. Mənim ən böyük şansım onda oldu ki, iki aydan sonra teatra işə götürüldüm. O teatr artıq mənim vizit kartım idi. «Sən həmişə mənimləsən»dən sonra burada birdən-birə çox populyar oldum. Bəzən birdən qazanılan populyarlıq adamı tənbəl edir. Orada sıfırdan başladım. Türkiyənin şərtləri fərqlidir. Orada qohumbazlıq, tanışlıq rol oynamır. Deyirlər ki, bacarıqlı olacaqsansa, onsuz da irəli gedəcəksən. Bu gün şəhər teatrlarında qadın rejissor tək mənəm. Çətinliyim də çox oldu. Gecələr səhərəcən ağladığım günlər oldu. Məni çox qısqanandılar: “Məlahət Abbasova Azərbaycandan gəldi, burada tamaşalar qoyur” deyirdilər. Nə qədər maneçilik törətmək istəyənlər oldu, amma hamısını aşa bildim.
- Sizcə yaxşı aktrisa kimdir? Sevilən aktrisa kimdir? Məşhur aktrisa kimdir?
- Mənim fikrimcə, bir insan öz işinin üstündə ciddi düşünürsə, o həm sevilən olacaq, həm də məşhur. Fərqi yoxdur, istəyir o həkim olsun, istər müəllim, istərsə də aktrisa. Məşhurluq heç bir zaman mənim məqsədim ola bilməz. Məni hər kəs sevsin deyə mübarizə də aparmıram. Amma yaxşı aktrisa olsan, onsuz da onların hamısı adamın ayağına gəlir. Yaxşı iş görəcəksənsə, yaxşı tanınacaqsan. Yoxsa madiyyatı düşünsən, “məni hər kəs tanıyır, bundan istifadə edim” desən, əlində olanları da itirə bilərsən. Məni heç kəs gecə həyatında görə bilməz. İçki içmirəm, siqaret çəkmirəm. Sadə azərbaycanlı qadın obrazını həyatımda da saxlayıram. Mən işimi düşünürəm. Səhnədə aktrisayam, evimə gəlib qapımı bağlayandan sonra isə evimin qadınıyam.

Təranə Məhərrəmova
EKSKLÜZİV"> EKSKLÜZİV"> EKSKLÜZİV"> EKSKLÜZİV">