• cümə, 19 Aprel, 05:54
  • Baku Bakı 18°C

Məşəli daşımaq qürurverici hissdir

10.06.15 12:05 2683
Məşəli daşımaq qürurverici hissdir
Arif Babayev: “Kiçik bir ölkədə Avropa Oyunları kimi tədbiri yüksək səviyyədə təşkil etmək çox çətin məsələdir”
Azərbaycanın bütün bölgələrini dolaşan Birinci Avropa Oyunlarının məşəli artıq bir neçə gündür ki, paytaxt Bakıdadır. Məşəli Bakı Bulvarındakı “Sadko” limanında qəbul edən Prezident İlham Əliyev onu başı üzərində daşıyaraq Azərbaycanın tanınmış simalarına, incəsənət və mədəniyyət xadimlərinə ötürdü. Beləcə, onların vasitəsilə məşəl Bakı şəhərini də gəzdi.
Məşəldarlardan biri də “Şöhrət” ordenli xalq artisti Arif Babayev idi. Arif Babayev bu barədə təəssüratlarını ilk olaraq “Kaspi” qəzeti ilə bölüşdü. Onunla olan maraqlı müsahibəni təqdim edirik:
- Arif müəllim, Avropa Oyunlarının rəmzi hesab olunan məşəlin daşıyıcısı olmaq necə bir hissdir?

- Məşəli daşımaq qürurverici hissdir. Hamı ürəkdən sevinirdi. Hər şey qaydasında keçdi. Həmin gün mən bir daha qürur duydum ki, Azərbaycanda doğulmuşam. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin özü çox qürurverici hadisədir.
Məşəldarlar içərisində mənim sənət yoldaşlarım da vardı. Biz bir-birimizə dəstək olmağa çalışırdıq. Həmin günü heç vaxt unutmayacam. Lakin sizə deyim ki, məşəli daşımaq o qədər də asan deyil. Məşəl 2 kilo yarımdır. Onu qaldırmaq bir qədər çətin idi. Mən də bir əlimlə məşəli qaldırıb o biri əlimlə qazını açdım. Bu iş çətin olduğu qədər də məsuliyyətlidir. Şükürlər olsun ki, Allahın izni ilə bu vəzifənin də öhdəsindən gəldim. Məşəli daşıyarkən dövlətimizlə fəxr etdim. Hər kəs bizi alqışlayır, sevinc hissini gizlədə bilmirdi. Məşəli paytaxtımızda yüksək səviyyədə qarşıladıq və bu, bizim üçün əsl bayram oldu. Ümumiyətlə, kiçik bir ölkədə bu mərasimi yüksək səviyyədə təşkil etmək, hazırlamaq çox çətin məsələdir.
- Sizin birinci xanım Mehriban Əliyevanın məşəlini yandırmağınız bir təsadüf idi, yoxsa bu jest Mehriban xanımın muğama olan böyük dəstəyini simvolizə edirdi?

- Əlbəttə ki, mənim Mehriban Əliyevanın məşəlini yandırmağım onun muğama olan diqqətindən irəli gəlirdi. Bu hərəkəti ilə birinci xanım bir daha muğam sənətinə olan qayğısını göstərdi. Mehriban Əliyeva heç vaxt muğamı yaddan çıxarmır. Gəncləri də, yaşlıları da, hər kəsi diqqət mərkəzində saxlayır. Burada da onun məşəlini yandırmaq mənim qismətimə düşdü. Buna görə xoşbəxtəm. Mən də xanəndələrin, milli musiqimizin adından məşəli Mehriban Əliyevaya ötürdüm. Çox sevincli idim. Həmin vaxt birinci xanım məni təbrik etdi. Ümumiyyətlə, demək istəyirəm ki, Avropa Oyunlarının təşkilatçılıq prosesinə bütün dünya baxır. Avropalılar ekran vasitəsilə izlədilər ki, dövlət səviyyəsində Azərbaycanın mədəniyyət, incəsənət adamlarına xüsusi diqqət ayrılır. Bundan gözəl nə ola bilər ki?
- Sizə görə, Birinci Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?

- Avropa Oyunlarının məhz bizim ölkəmizdə keçirilməsi böyük bir hadisədir. Hər bir azərbaycanlı üçün 12-28 iyun tarixləri böyük bayram və məsuliyyətli günlərdir. Bu Vətənin çörəyini yeyib, suyunu içən hər bir şəxs fəxr etməli və onlar da əllərini daşın altına qoymalıdırlar. Bütün dünyanın gözü həmin ərəfələrdə bizdə olacaq. Biz də özümüzü lazımi səviyyədə göstərməli, öz mədəniyytimizi nümayiş etdirməliyik. Görün, ölkəmiz necə gözəlləşib? Adam baxdıqca fərəhlənir, ürəyi açılır.
Avropanın müxtəlif ölkələrindən gəlib ölkəmizlə tanış olacaqlar, milli yeməklərimizdən, təamlarımızdan dadıb tariximizlə tanış olacaqlar. Bundan gözəl nə ola bilər ki? Avropa ayağımıza qədər gəlir. Azərbaycana baxanda görürük ki, kiçik bir ölkədir, ancaq gözəlliyinə doymaq olmur. Dənizkənarı Milli Parkımız nə qədər gözəlləşib. I Avropa Oyunları Azərbaycana ilk növbədə hörmət və izzət gətirəcək. Mən istənilən yerə gedəndə mütləq bu Oyunlar haqda danışıram. Çünki o, Azərbaycan adlı evimizə qonaq gəlir. Buna görə çox sevinirəm. Bu yarışdan sonra ölkəmizin şöhrəti dünyanı dolaşacaq. Gəlin, kin-küdurəti kənara qoyaq, qonaqları elə qarşılayaq ki, şad-xürrəm getsinlər. Öz idmançılarımıza da uğurlar diləyirəm. Qoy yarışlarda layiqli yer tutsunlar. Onsuz da hamı bilir ki, bəzi ölkələr bizi istəmir, azadlığımıza, inkişafımıza paxıllıq edirlər. Buna görə də belə tədbirlərlə Azərbaycanın adını göylərə qaldırmalıyıq. 24 ildir ki, müstəqil bir dövlətik. Odur ki, bu Oyunlar, ümumiyyətlə, bu cür tədbirlər Azərbaycanın tanınmasında müsbət rol oynayır. Azərbaycanın imicinə, Azərbaycanın güclənməsinə, inkişafına böyük təsir edir, ölkəmizə olan münasibətləri müsbət mənada dəyişir.
Ölkəmizdə gedən quruculuq-abadlıq işləri, iqtisadi-siyasi vəziyyətimiz Azərbaycana gələn insanlara kompleks şəkildə təqdim olunacaq. Ona görə deyərdim ki, Azərbaycan bu Oyunlarla bağlı yeni bir tarix yazır. Bu gün Azərbaycan Cənubi Qafqazda lider dövlətdir və bu, həqiqətdir. Bunu bütün dünyaya sübut edib. Və bu az illər içərisində Azərbaycanın bu cür sürətli inkişafı bəlkə də dünyanın heç bir ölkəsində olmayıb. Hətta Avropa Olimpiya Komitəsinin prezidenti özü dedi ki, bu cür oyunları təşkil etmək üçün adətən yeddi ilə yaxın vaxt verilir, yeddi ilə hazırlıq görülür. Amma Azərbaycan cəmi iki il yarıma hazırlıq işlərini başa çatdıra bilib. Odur ki, belə tədbirlər ölkəmiz üçün hər baxımdan lazımdır. Əlbəttə, mən bir vətəndaş kimi, bir sənətkar kimi buna çox sevinirəm və dəstəkləyirəm. Dəstəkləməliyəm, çünki bu, mənim ölkəmdir. Arzum odur ki, belə bir bayramı gedib Qarabağda, işğal olunmuş torpaqlarımızda keçirək.
- Arif müəllim, Avropa Oyunlarını izləmyə necə, gedəcəksinizmi?

- Bilirsənmi qızım, nə xoş bizə ki, müxtəlif idman növləri üzrə güclü idmançılarımız var. İdmançılarımız beynəlxalq arenalarda dəfələrlə uğur qazanıblar. Biz onlarla qürur duyuruq, fəxr edirik. Onlara dəstək olmaq, güclərinə güc qatmaq üçün Allah izin verərsə, azarkeşlik etməyə gedəcəm.
- Milli sərvətimizi - muğamımızı dinləyəcək avropalılar sizcə, onu necə qəbul edəcəklər?

- Avropalılar onsuz da bizim muğamımızın vurğunudurlar. Mehriban xanım muğamımızı dünya səviyyəsində tanıdıb. Bütün dünya idmanımızla bərabər, muğamımızla da maraqalnır. Bu gün nəinki Azərbaycanda, ölkə xaricində də müxtəlif muğam müsabiqələri, festivallar keçirilir. Yeni-yeni gənc muğam ifaçılarının meydana çıxmasına şərait yaradılır. Bunlar onun göstəricisidir ki, Azərbaycanda milli musiqi yüksək səviyyədədir, inkişafdadır. Xaricilər bizim muğamı möcüzə kimi qəbul edirlər və sevərək dinləyirlər. Muğam musiqimzin tacıdır, bünövrəsidir, həm də bir elmdir. Muğam təkcə musiqi deyil. Orada hər şey var. Avropalılar üçün bizim muğamımız çox maraqlıdır. Tarixə nəzər salsaq, görərik ki, muğamlarımıza heç vaxt bugünkü qədər çox qayğı göstərilməyib. Heç vaxt bizim sənətkarlarımızın kompakt disklərinin təmizlənib fondda saxlanılması halı olmayıb. Muğamlarımız haqda heç vaxt istər xarici dillərdə, istər öz dilimizdə bu qədər yazılar yazılmayıb. Demək olar ki, bütün dünya bizim muğamımızla maraqlanır. Belə olmasa YUNESKO-da tarımıza, səsimizə ayrıca yer ayrılmazdı. Biz öz muğamımızla fəxr edirik.
- Oyunlar çərçivəsində turistlərin sizin ifanızı dinləmək imkanı olacaqmı?

- Mənim ifam olmasa da, bizim kifayət qədər gözəl səsə malik gənc xanəndələrimiz var. Onlar müxtəlif konsert proqramları nümayiş etdirəcəklər. Yəqin ki, dövlətimiz də həmin günlərdə milli musiqilərimizlə bağlı hər hansı konsert təşkil edəcək. Bu barədə kifayət qədər məlumatlı deyiləm. Yəqin ki, bu barədə də hərtərəfli düşünülüb. Milli musiqimiz bizim sərvətimizdir, bunu avropalılara göstərməli və belə bir sərvətə sahib olduğumuz üçün fəxr etməliyik.
- Sonda vətəndaşlara Avropa Oyunları ilə bağlı çağırışınız nə olardı?

- “Bakı-2015” ilk Avropa Oyunlarında idmançılarımızı tək qoymasınlar. Kim ki, bu vətənin çörəyini yeyib, suyunu içirsə, ona qulluq etməyi özünə borc bilməlidir. Hər kəs ölkəmizin inkişafı üçün əlindən gələni etməlidir. Sizə də bu Oyunları işıqlandırdığınız üçün təşəkkür edirik. Minnətdaram ki, mənim də məşəlçi kimi təəssüratlarımı, fikirlərimi işıqlandırırsınız. Qəzetinizin rəhbərliyi başda olmaqla hamınıza öz minnətdarlığımı bildirirəm. Qoy səsimiz daha böyük arenalardan gəlsin.
- Təşəkkür edirik. Biz də sizə uzun ömür, uğurlar arzulayırıq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər