• cümə axşamı, 25 aprel, 10:37
  • Baku Bakı 14°C

“Məsələnin həlli bir dövlətin üzərində qalmamalıdır”

21.04.16 11:48 2123
“Məsələnin həlli bir dövlətin üzərində qalmamalıdır”
“Rusiya əvvəldən bu işlərin arxasında dayanmışdı və indi də regionun əsas aparıcı oyunçusu kimi münaqişə ilə bağlı gedişatda əsas tərəf olmaq imkanını əldən vermək istəmir. Onlar Dağlıq Qarabağ münaqişəsini elə həll etməyə çalışırlar ki, bölgədə sabitlik yaransın. Təbii ki, Azərbaycanın maraqlarını nəzərə almaq istəyirlər. Eyni zamanda, yaxın müttəfiqləri olan Ermənistanın da istəklərini unutmurlar. Rusiya rəsmilərinin bəyanatından çıxan nəticə budur”.
Bu sözləri “Kaspi”yə açıqlamasında politoloq Fikrət Sadıxov hələ də danışıqlarda əsas aktivliyi Rusiyanın göstərməsindən, Avropa İttifaqı və ABŞ-ı prosesə necə cəlb etməyin yollarından danışarkən dedi: “Minsk Qrupunun digər həmsədrləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu istiqamətdə bəyanatlar verirlər. Amma real əməllərdə bir az biganəlik müşahidə olunur. Bu, bizi qane edə bilməz. Ola bilsin ki, Rusiya Ukrayna hadisələrindən sonra daha ehtiyatlı davranmaq yolunu seçib. Düşünürəm ki, hazırda Avropa İttifaqının özünün kifayət qədər problemləri var və miqrantlarla bağlı çətinlik yaşayır. Birləşmiş Ştatların isə prezidenti bir müddətdən sonra işini yekunlaşdıracaq, vəzifəsindən gedəcək və ilin sonunda seçkilər keçiriləcək. Amma bütün bunlara baxmayaraq, biz yenə də diplomatik addımlarımızı yavaşıtmamalıyıq. Onlar da həmsədr dövlətdirlər. Məsələnin həlli bir dövlətin üzərində qalmamalıdır. Əgər ATƏT-in Minsk Qrupunda həmsədrdirlərsə, öz sözlərini deyib mövqelərini bildirməlidirlər. Yanaşmaları mütləq ifadə edilməlidir”.
Politoloq aktiv dövlətin Rusiya olmasına baxmayaraq, digər həmsədr ölkələrin razılığı olmadan hansısa qərarın veriləcəyinə inanmır: “Digər həmsədr ölkələrin razılığı olmadan nəsə baş verə bilməz. Rusiya bu məsələ ilə məşğul olursa, bu o demək deyil ki, digər həmsədrlərin iştirakı olmadan qərar qəbul olunacaq. Hazırkı yaranmış vəziyyətdə bizim öz aktivliyimiz daha çox olmalıdır. Diplomatik addımlar atılmalıdır. Maraqlarımızı əks etdirən qərarın qəbul edilməsinə çalışmalıyıq”.
Bu illər ərzində Avropa İttifaqının o qədər də fəal olmadığını qeyd edən F.Sadıxov qurumun xüsusi nümayəndəsinin işini də məhsuldar hesab etmir: “Onun işi regiona gəlmək, münaqişə ilə bağlı müzakirə aparmaqla yekunlaşır. Bundan başqa heç bir addım görməmişik. Düzdür, Avropa Şurasının da məsələ ilə bağlı Azərbaycanın xeyrinə qəbul olunan qətnamələri mövcuddur, amma ortada bəyanatlardan əlavə heç nə yoxdur. İndiyə qədər heç vaxt aktivlik nümayiş olunmayıb. Əslində bizim üçün münaqişənin həlli ilə kimin məşğul olmasının ciddi əhəmiyyəti yoxdur. Azərbaycan nəticə istəyir. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, Ermənistan qoşunlarının torpaqlarımızı azad etməsi prosesinə başlanılmalıdır. Bunu istəyir Avropa Birliyi, istəyir ABŞ, istəyirsə də Rusiya etsin, bizim üçün fərqi yoxdur. Əsas olan prosesin start götürməsidir. Sonradan isə Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilsin. Münaqişəni tək və ya birləşərək də həll edə bilərlər. Sadəcə, ortaya nəticə qoysunlar”.
Politoloq Tofiq Abbasovun fikrincə, Rusiyanın prosesdəki iştirakı münaqişə tərəflərini qane edirsə, o zaman hər hansı başqa tərəfin danışıqlara cəlb olunması vacib deyil: “Aprelin əvvəlində baş vermiş münaqişədən, gərginlikdən sonra atəşkəs olmasına Rusiya təşəbbüs göstərdi və tərəflər də o çağırışı eşitdilər. Rusiya bu işdə aktivliyi öz əlinə alsa da, məsələni digər həmsədr dövlətlərlə koordinasiya edir. Yəni əlaqələndirmə işi var. Əgər bu gedişat yaxın zamanda yekunlaşacaqsa, onda ola bilsin ki, son mərhələdə digər iki vasitəçi ölkə də prosesə qatılsın. Düşünürəm ki, hələlik narazılıq doğuran məqamlar yoxdur. Həm Bakı, həm də İrəvan Moskvanın planı ilə razılaşıb. Bilirsiniz ki, Lavrov yenə Bakıya gəlir. Rusiyanın prinsip etibarı ilə bu işdə, prosesdə bir qədər də tarixi üstünlüyü var. 1994-cü ildə Bişkek protokolunun imzalanmasında Rusiyanın rolu böyük oldu və müvəqqəti sülhə Azərbaycanla Ermənistanı bu dövlət sövq etdi. Ola bilsin ki, Kazan prosesi davam etdirilsin”.
T.Abbasovun fikrincə, əvvəlki dönəmdə Kazan danışıqları Azərbaycanın yox, Ermənistanın ucbatından iflasa uğrayıb: “Putin bu yaxınlarda Moskvada keçirdiyi mətbuat konfransında bildirdi ki, bir neçə il bundan əvvəl kompromisə yaxın idik. Bu o deməkdir ki, Moskva tərəfləri hansısa güzəştlərə hazırlayıb. Orada birinci bənddə Ermənistan qoşunlarının münaqişə bölgəsindən çıxarılması qeyd olunub. Madrid prinsiplərinin ilkin və yenilənmiş variantında da Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur. Ermənistan bunu etməsin deyə problemlər, əngəllər törədir. Bununla da Kazan raundu yarımçıq qaldı. Ekspertlərin rəyləri ondan ibarətdir ki, həmin prosesə qayıdış mümkündür. Ermənistanla Azərbaycan arasında razılıq əldə olunarsa, Rusiya prosesi davam etdirə bilər”.
Avropa İttifaqının münaqişənin yekunlaşmasında ala biləcəyi roldan da danışan müsahibimiz onların proseslərə soyuqqanlı yanaşmadıqlarını düşünür: “Qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi var. O, problemlə bağlı tərəflərlə danışır və rəsmi Brüsseli məlumatlandırır. Coğrafi baxımdan bu bölgəyə ən yaxın dövlət Rusiyadır. Onun münaqişənin həll olunmaması, yarımçıq qalması ilə bağlı nigaranlığı, narahatlığı var. Çünki heç bir dövlət istəməz ki, onun sərhədləri yaxınlığında potensial riskləri ehtiva edən proses olsun. Düşünürəm ki, Avropa İttifaqı da prosesi diqqətlə izləyir. Əgər lazım bilsələr, Azərbaycan və Ermənistana müraciət edər, ya da bir vasitəçi ölkə kimi Rusiya ilə məsləhətləşərlər. Avropa İttifaqında Fransa kimi bir dövlət var, o da Minsk qrupunda həmsədrdir. Qısaca, düşünürəm ki, hazırda gedişatda narazılıq yoxdur. Bundan əlavə, istənilən siyasi-diplomatik qurum, təsisat da bu prosesə qatıla bilər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər