Məsələ “şortik”də deyil, “vnimatelni” olmamaqdadır
Son
günlər ölkə gündəmini zəbt edən mövzulardan biri də metroda baş vermiş məlum
hadisə ilə bağlıdır. Deməzdim ki, bu, ictimai nəqliyyatda baş verən ilk və
sonuncu hadisədir. Çünki nə qədər ki insanlar öz daxilindəki "məni”ni tərbiyə
etməyiblər, bu kimi hadisələr davam edəcək. Video sosial şəbəkələrdə
paylaşıldığı vaxtdan ona hər aspektdən yanaşılıb, müzakirə edildi.
Mübahisə
edən tərəflərdən hansınasa müəyyən arqumentlərlə haqq qazandıran və ya haqsız
sayanlar oldu. Məsələnin mahiyyətinə varan da, varmayan da öz "ziyalı”
mövqeyini bildirdi. Amma heç kim sual etmədi ki, ictimai nəqliyyatda kiminsə,
xüsusilə də gənc qızın videosunu çəkib yaymaq, onu sosial şəbəkələrdə
"məşhurlaşdırmaq” hansı qanuna, qaydaya sığır? Və yenə heç kim soruşmadı ki,
oradakı yaşlı xanımın gənc qıza hücum edərək zorakılıq tətbiq etmək istəməsi nə
dərəcədə düzgündür? İnsanlardakı bu aqressiyanın, özbaşınalığın səbəbi nədir?
Uzun
müddətdir ki, ictimai nəqliyyatda baş verənləri media olaraq nə qədər yazıb
işıqlandırsaq da, bu kimi hadisələrin düzgün olmadığını qeyd edib, müəyyən
mənada qınasaq da, təəssüf ki, bir nəticə əldə edə bilmirik. Təxminən hər ay
nəqliyyatda gündəmi ələ alan hadisələr baş verir. Kimin kimə gücü çatırsa, ilk
əl atdığı vasitə zorakılıqdır. Sərnişinlərin sürücünü döyməsi, bundan əvvəl baş
vermiş olayda gənc oğlanın xanım sərnişini başından vurması və ən son hadisədə
yaşlı xanımın gənc qızı döymək üçün ona hücum etməsi cəmiyyətdə müəyyən
sferalarda boşluqların olduğunu göstərdi. Bəli, ən böyük boşluq hüquqi
sahədədir. Əlbəttə, hər kəs qanunları yüksək səviyyədə bilə bilməz. Amma özünü
qoruyacaq və inzibati qaydalara riayət edəcək dərəcədə bilsə, kifayət edər.
Yəni ən azından, yaşlı xanım hücumuna görə məsuliyyətə cəlb ediləcəyini bilsə,
bəlkə də məsələyə qarışmazdı. Bu zaman maraqlı bir sual yaranır. Bəs videonu
izləyən aidiyyatı orqanlar məsələ ilə bağlı hansı tədbirləri görməlidirlər? O
xanımı tapıb, hansısa bir inzibati cəza tətbiq etməlidirlərmi? Biz bildiyimiz
qədər, heç bir tədbir görülməyib. Amma yaxşı olardı ki, məsələ ilə bağlı bir
tədbir görülsün və cəmiyyətə bildirilsin. Bəlkə bu zaman insanlar etdikləri
hərəkətin məsuliyyətini dərk edərlər.
Məsələni
həm hüquqi, həm də sosial, həm də psixoloji müstəvidə ekspertlərimizlə müzakirə
etdik.
Şəqrlə Qərb üz-üzə
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Ceyhun Cəfərlideyir ki, əslində yaşlı xanımın
gənc qıza hücumunda zahirən cinayət əməlinin əlamətləri müşahidə olunsa da, konkret
olaraq cinayət sayılmır: "Bu, sadəcə yaşlı xanımın gənc qıza öz iradını
bildirməsidir. Çünki videoda konkret olaraq gənc qıza zərbə endirilməsi yoxdur.
Düzdür, o xanım cəhd etdi, amma bu, cinayət əməli deyil. Yəni videodakı
görüntülərə əsasən hansısa cinayət işi açmaq olmaz. Orada kriminal bir hadisə
yoxdur, sadəcə ictimai qınağın bir formasıdır. Bunun səbəbi isə düşüncələrin,
mədəniyyətlərin toqquşmasıdır. Ola bilər ki, yaşlı xanım gənc qızın geyimini,
oturuşunu bəyənməyib. Bunun da müqabilində öz iradını bildirmək istəyib. Qız da
ona irad tutan xanıma sərt şəkildə cavab verdiyindən, iş o səviyyəyə çatıb. Mən
ilk dəfə həmin videonu sosial şəbəkədə görəndə bir cümləlik şərhlə fikrimi
bildirdim: "Burada Şərqlə Qərb üz-üzə əyləşib””.
Hüquqşünas
məsələnin dərinliyinə varsaq, xanımların heç birinin hüquq pozuntusuna yol
vermədiyini qeyd edir: "Yəni gənc xanım nə çox açıq-sacıq geyinib, nə də yaşlı
xanım ona toxunub. Əgər gənc qız həqiqətən həddən artıq açıq geyimdə olsaydı,
ictimai nəqliyyatda xuliqanlıq etsəydi və yaşlı qadın da onu vurmuş olsaydı, bu
zaman hüquqi baxımdan nə isə tədbir görülməli idi. Digər bir məsələ isə, həmin
videonun çəkilib paylaşılmasıdır. Bu da düzgün deyil. Yəni bu tip videonu
yayımlayıb, hadisə iştirakçılarını danışıq obyektinə çevirmək,
"məhşurlaşdırmaq” etik deyil”.
Müsahibimizdən
hansı halda hüquqi tədbir görülə biləcəyini soruşduq: "Əgər yaşlı xanım gənc
qızı vursaydı, bu zaman xəsarətin dərəcəsindən asılı olaraq cinayət işi
qaldırıla bilərdi. Yaxud gənc qız hadisə anında xanıma qarşı hansısa bir
qeyri-etik ifadə işlətsəydi və ya hərəkət etsəydi, ona qarşı da hüquqi baxımdan
uyğun olan cəza tədbiri görülərdi”.
Cəmiyyətdə kim nə cür istəyir davrana bilməz
Sosioloq Lalə Mehralı deyir ki, videodan belə
anlaşılır ki, qız fərqli mühitdə, tərzdə yetişdirilib. Sanki bir az ərköyün,
bir az da oğlansayağı bir xasiyyətə sahib idi: "Burada aqressiya yaradan qızın
geyimi yox, davranışı, jestləri, üzündəki ifadə idi. Yaşlı nəsil bu kimi
davranışları götürə bilmir. Həmin qızın oturuşu, danışığı, hərəkətləri yaşlı
xanımda aqressiya yaradıb. Amma bunların heç biri həmin xanımın qıza hücum
etməsinə bəraət qazandırmır. Xanım özünü ələ almağı bacarıb, iradını sadəcə
sözlə bildirməli idi. Hər nə olursa-olsun, kiməsə hücum etmək düzgün hərəkət
sayılmır. Mən şəxsən gənc qızın geyiminə qarışa, bu haqda bir fikir deyə
bilmirəm. Çünki buna haqqım yoxdur. Amma onun cəmiyyətdəki davranışları, özünü
aparmaq qaydalarına irad tuta bilərəm. Cəmiyyətdə kim nə cür istəyir davrana
bilməz. Bunun da müəyyən bir əxlaqi normaları, davranış qaydaları var. Və hər
kəs də buna əməl etməlidir. Əlbəttə, kimsə kiminsə azadlığını əlindən almır.
Sadəcə müəyyən norma və qaydalar var ki, onlara riayət olunmalıdır”.
Həmsöhbətimiz
yaşlı xanımın qıza hücum etməsinin müxtəlif səbəbləri ola biləcəyini deyir: "Yəni
o qədər insan içərisində bir tək onun qalxıb qıza hücum etməsi burada hansısa
kənar təsirlərin olduğunu göstərir. Ola bilər ki, həmin an xanım əsəbi olub və
ya əvvəlcədən bu kimi məsələlərə qarşı şüuraltı aqressiya formalaşıb. Və bu
hadisə də onun üçün kulminasiya nöqtəsi olub. Əslində qəribə bir şey müşahidə
etmişəm. Nədənsə, yaşlılarda gənc nəslə, xüsusilə də ictimai nəqliyyatda oturan
gənclərə qarşı aqressiya var. Yaşından asılı olmayaraq nəqliyyatda hər kəs
rahat getmək istəyir. Həmin pulu gənc də verir, yaşlı da. Özünə qarşı aqressiya
hiss edən gənclərlə yaşlılar arasında mübahisə yaranır. Yenə də vurğulamaq istəyirəm
ki, hadisəyə səbəb qızın şortik geyinməsi yox, davranışı, danışığı idi. Yəni
şəhərdə yüzlərlə qısa şortik, ətək geyinən xanımlarımız var. Hansına bu günə
qədər artıq-əskik nə isə deyilib? Geyimə qalsa, onda gərək hər gün şəhərdə dava
ola”.
İctimai qınaq olmalıdır,
amma normal tərzdə
Psixoloq Nərgiz Süleymanlı bildirir ki, cəmiyyətdə
bəzi sosial normalar var ki, onlara əməl edilmədikdə, insanların qınağına tuş
gəlirik. Misal üçün, ictimai yerdə oturuş şəkli, yaşlılara, uşaqlı qadınlara
yer vermək kimi məsələlər bu qəbildəndir: "Keçən günlərdə metroda baş verən bu
tərz hadisə ürəksıxıcıdır. Çünki xanımın etdiyi ictimai qınaq kimi görünsə də,
yerində və düzgün tərzdə edilmədiyi üçün doğru nəticələr əldə olunmur. Baxış
tərzləri burada böyük rol oynayır. Kiməsə doğru olan, başqası üçün yanlışdırsa,
təbii ki, bu məqamda fikir ayrılığı qaçılmaz olur. Və insanların doğrunu aqressivliklə,
əl qaldıraraq anlatmağa çalışmaları təəssüfləndiricidir. Bu cür reaksiyalar
qarşı tərəfdə şüurlu mübarizə yaradır və cəmiyyəti də yanlış yönləndirir. Yəni
ola bilər ki, gənc qızın oturuşu, geyim tərzi həmin xanım üçün doğru deyildi.
Amma o, bunu zorakılığa əl atmaqla bildirməməliydi. Yəni ictimai qınaq
olmalıdır, amma normal tərzdə. Həmin gəncə etdiyinin yanlış olduğunu başqa bir
formada da bildirmək olardı. Xanımın o ankı hərəkətini bir çox məsələ ilə əlaqələndirmək
olar. Çox güman, onun bu mövzu ilə bağlı heç də yaxşı xatirələri yoxdur.
Görünür ki, bu məsələdə həddən artıq həssasdır. Və həmin an özünü saxlaya
bilməyib, digərlərindən fərqli olaraq aqressiv reaksiya verib”.
Günel Azadə