• cümə, 19 Aprel, 06:15
  • Baku Bakı 13°C

Meşədə Yeni il - Reportaj

23.12.17 11:00 2807
Meşədə Yeni il - Reportaj
Yeni ilə sayılı günlər qalıb. Övladı olan hər bir valideyni bayram öncəsi bir sual düşündürür - Yeni il bayramında, tətil günlərində uşaqları əylənmək üçün hara aparaq? Bir çoxları bayram öncəsi mədəniyyət ocaqlarımızın afişası ilə maraqlanıb, seçimini edirlər. Biz də bu seçimdə valideynlərə daha yaxından kömək etmək üçün mütəmadi olaraq teatrlarımızın bayram proqramını sizlərə çatdırırıq.

Bu dəfə isə ölkəmizdə uşaqlar tərəfindən ən çox sevilən və müraciət edilən Abdulla Şaiq adına Dövlət Kukla Teatrının qonağı olduq, Yeni ilə hazırlıq prosesini izlədik. Qonağı olduğumuz gün teatrda hazırlanan "Qış nağılı” tamaşasının artıq son məşq günü idi. Beləliklə, tamaşaçılarını Yeni il şousu ilə salamlamaq üçün teatrın yaradıcı heyəti tam olaraq hazırdır.

1 aydan tez hazırlanan tamaşa
Qonağı olduğumuz "Qış nağılı” Yeni il münasibəti ilə və məktəblilərin qış tətili günləri üçün hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Biz zala daxil olanda tamaşanın rejissoru aktyorlara son göstərişlərini verirdi. Mikrofonla uzaqdan sonuncu dəfə düzəlişləri edən rejissorla fasilə zamanı söhbət etməyə imkan tapdıq. Onunla söhbətdən aydın oldu ki, tamaşanın ssenarisi məhz rejissorun özünə məxsusdur: "Məşqlərə dekabrın əvvəlindən başlamışıq. Bu gün tamaşanın daxili baxışıdır. "Qış nağılı” vasitəsilə uşaqları maraqlı bir tamaşaya baxmağa dəvət edirik. Onlar tamaşamızı izləyərkən çox əylənəcəklər və Şaxta baba, Qar qızı görəcəklər. Uşaqlara göstərməyə maraqlı bir hekayəmiz var. Əsas qəhrəmanlar Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir. Canavar, Ayı, Dovşan, Uzunqulaq kimi personajların əcinnənin hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir”.
Məşq prosesindən izlədiyimiz qədəri ilə, hadisələr meşədə baş verir. Meşə sakinləri - yəni heyvanlar Yeni il keçirmək istəyir. Ancaq şər qüvvəni təmsil edən əcinnə onlara mane olmaq istəyir. Hər nə qədər əcinnə heyvanları yoldan çıxarmağa çalışsa da, sonda xeyir şərə qalib gəlir.

45 dəqiqəlik nağıllar aləmi
Diqqətinizə çatdırım ki, bundan əvvəlki illərdə bir çox tamaşalarda il hansı heyvanın üzərində təhvil olurdusa, onunla əlaqəli tamaşalar səhnələşdirilirdi. Bu il isə nəinki Kukla Teatrında, bir çox teatrlarımızda belə ssenariyə rast gəlmədik. Bu tamaşada da geridə qoyduğumuz ilin rəmzi – xoruz və qarşılayacağımız ilin heyvanı olan itlə bağlı heç bir səhnəcik olmayacaq. Uşaqlara təqdim edilən "Qış nağılı” 45 dəqiqə çəkəcək. Tamaşa Azərbaycan dilində, eyni zamanda rus dilində də oynanılacaq.

Tamaşa ilə tanış olduqdan sonra personajları canlandıran aktyorlarla söhbət etdik. Uzunqulaq obrazını canlandıran Rəhilə İbadova deyir ki, onun oynadığı uzunqulaq digər uzunqulaqlardan seçilir. Belə ki, bu uzunqulaq daima ev həsrəti çəkir: "Uzunqulaq uşaqların sevimli qəhrəmanıdır. Bu tamaşada uzunqulaq ev həsrəti ilə yanıb-yaxılır. Onun öz istəyinə nail olub-olmayacağını isə uşaqlarımız tamaşanın sonunda görəcəklər”.
Tamaşada əcinnə rolunu canlandıran Cəmilə Allahverdiyeva deyir ki, onun obrazı aləmi bir-birinə qatan, aravuran biridir: "Əcinnə Şaxta babanın hədiyyəsini oğurlamaq istəyir. O, kiçik olanda, Şaxta baba uşaqlara hədiyyə verərkən ona hədiyyə çatmayıb deyə, əcinnə qəddarlaşıb. O istəyir ki, uşaqlara hədiyyə çatmasın və bu ənənə davam etsin. Çalışır ki, heyvanlar da qəddarlaşsın, hər il Şaxta babanı yox, əcinnəni gözləsinlər. Nəticədə əcinnənin hökmranlığı başlasın. Əcinnə hər nə qədər qəddar olursa-olsun, Şaxta baba onu bağışlayır və bu dəfə ona hədiyyə verir. Əslində əcinnə çox maraqlı obrazdır. Adətən belə tamaşalarda mənfi qəhrəman kimi küpəgirən qarı obrazı öndə olur. İstədim ki, bu dəfə fərqli və dinamik bir obraz olsun. Küpəgirən həmişə olur, standart olmasını istəmədim. Bunun üçün rejissora əcinnə adını təklif etdim”.


Cəmilə xanım teatrın səhnəsində saysız tamaşalarda müxtəlif obrazlar canlandırıb. Ancaq son illər onu mənfi qəhrəman kimi görürük. Səbəbini ondan soruşduqda, bildirdi ki, teatrda istənilən obrazda çıxışları olub: "Mənim üçün rolun fərqi yoxdur”. Geyimə gəlincə isə, tamaşaçılar əcinnəni qara geyimdə, şlyapalı görəcəklər. Təbii ki, geyim seçərkən də uşaqların zövqü və yaşları nəzərə alınıb: "Nə çox vahiməli, nə də yumşaq geyim olacaq. Rəssamımız elə geyimlər tərtib edir ki, uşaqlar o geyimləri görəndə qorxmurlar. Biz uşaqlarla işlədiyimiz üçün ən qorxulu heyvanların obrazını yaradarkən belə, ona bir qədər şirinlik qatırıq ki, onlar qorxmasın”.
Şeir demək istəyən canavar
Dovşan obrazını canlandıran Elmira Hüseynova deyir ki, o ötən Yeni il şənliyində də məhz bu obrazı canlandırıb: "Canlandırdığım dovşan obrazı mülayim, qorxaq, mehribançılığı sevən bir heyvandır. Tamaşada canavarla dostlaşır, Şaxta babanı çox sevir. İnanıram ki, uşaqlar bu obrazı çox sevəcəklər”.

Canavar obrazını canlandıran Cavid Telman isə sözə zarafatla başlayaraq, obrazının elit canavar olduğunu, geyiminə xüsusi önəm verdiyini bildirdi: "Bizim canavarın kostyumu, kəpənək qalstuku var. İstəyir əcinnə tərəfə keçsin, sonra fikrini dəyişir. Tamaşa başlayandan şeir demək istəsə də, personajlar onun bu arzusunu ürəyində qoyur. Hər dəfə "Süd kimi ağ qar ilə” deməyə başlayanda, həmin an səhnəyə kimsə gəlir, şeirini bitirə bilmir. Tamaşanın sonlarına yaxın istəyir birtəhər şeirini desin, onda da Qar qız imkan vermir. Nəhayət, tamaşanın sonunda şeiri araya dürtür və Şaxta babadan hədiyyəsini alır. Bu tamaşada Şaxta baba təkcə insanlara deyil, həm də heyvanlara hədiyyə verir”.

Şaxta baba obrazının müəllifi Elxan İsmayılov, canlandırdığı obrazın uşaqların sevimlisi olduğunu və Yeni ildə azyaşlı uşaqların, elə böyüklərin də bu obraza sevgi hissi bəslədiyini bildirdi: "Qarşıdan gələn yeni il münasibəti ilə hər kəsi təbrik edirəm. Bir neçə ildir ki, müxtəlif teatrlarda Şaxta baba obrazını canlandırıram. Əslində bu obraz çox gözəldir. Çünki nəinki uşaqların, hətta böyüklərin də sevdiyi personajdır”.
Teatrdan çıxarkən kassada əyləşən xanımdan biletlərin qiymətini soruşmağı da unutmadıq. Məlum oldu ki, bilet 3 manatadır. Onu da bildirdi ki, dekabrın 30-a qədər olan tamaşalara biletlərin hamısı satılıb.

Məlumunuz olsun ki, 27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans (saat 12, 14, 16:00) Azərbaycan, bir seans isə (saat 18:00) rus dilində göstəriləcək.
Xəyalə Rəis





banner

Oxşar Xəbərlər