M.Ə.Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardım göstərən vətən qızı
Bundan əvvəlki iki məqaləmdə "öz xidmətinin mükafatını ölüncəyə qədər
ancaq vicdanından alan” dahi şairimiz Mirzə Ələkbər Sabirin şəxsi həyatı, ömür
yoldaşı, övladları, nəvələri haqqında oxuduqlarımı və bildiklərimi oxucularımla
bölüşdüm. İndi isə M.Ə.Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardım göstərən
qeyrətli vətən qızı haqqında məlumat vermək istərdim. Kim idi bu qeyrətli vətən
qızı? O, Sara xanım Vəzirzadə idi. Oxucuma bu xanımın kimliyi haqqında məlumat
verməzdən əvvəl qeyd etmək istərdim ki, Sara xanımın bu xeyirxahlığı haqqında
1911-12-ci illər də çap olunan dövrü mətbuatda yetərincə informasiya var.
Məsələn, "Yeni İrşad” qəzeti 28 avqust 1911-ci il tarixli birinci sayında Sara
xanımın məktubunu dərc edib. Xanım məktubunda yazır: "Müdir əfəndi! Möhtərəm "Kaspi” qəzetəsində "Mehdibəy” imzalı,
şairi-şəhirimiz (məşhur şairimiz) Sabir əfəndi haqqında bir məqalə dərc
olunmuşdu. Məqalədə müşarulileyh (yuxarıda adı çəkilən) Mehdibəy cənabları
mərhum Sabirin əsərlərini çap etmək təklifini etmişdir. Böylə ki, əsərlərdən
cəm olunmuş pul mərhum Sabirin ailəsinə məsrəf olunsun. Özümə borc bildim ki,
aldığım məvacibimdən 5 manat xidmətinizə göndərib, rica edim ki, bu az məbləği
gələcəkdə Sabirin əsərlərini çap etmək üçün cəm olan sərmayəyə (fonda) daxil
edəsiniz. Və bununla bərabər ümid edirəm ki, sahibi-sərvət qardaşlarım və
bacılarım Sabirin bizim həqqimizdə çəkdiyi zəhmətini yaddan çıxarmayıb onun
yadigarı olaraq əsərlərini çap etdirələr. Tainki, həm millətimiz o əsərlərdən
bəhrəmənd olub, həm də o mərhumun övrətinə bir iyanə olunsun.
Bakıda
ikinci şəhər rus müsəlman ünas məktəbinin müdirə və nazirəsi:Sara xanım Vəzirzadə.
Sara xanımın
M.Ə.Sabirin yaradıcılığına qarşı belə sevgi və sayğı ilə yanaşması o qədər də
təəccüb doğuracaq hal deyildi. Çünki o, görkəmli yazıçımız Nəcəf bəy Vəzirovun
ailəsində dünyaya gəlmiş, böyüyüb-başa çatmışdır. Bakıda Gimnaziya, Peterburqda
Universitet, Moskvada Akademiya təhsili alan Nəcəf bəy Qarabağda sayılıb-seçilən
Vəzirovlar nəslindən idi. Onlar xeyirxahlığı ilə daima maarifin, elmin
inkişafına dəstək olmuş və Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına
böyük və ünlü şəxsiyyətlər bəxş etmişlər. Nəcəf bəyin ömür yoldaşı Xurşud xanım
da Ədürrəhman bəy Haqverdiyevin nəslindən olub və Şuşada Mirzə Abbas bəyin ailəsində dünyaya gəlib.
Xurşud xanım ilk təhsilini Şuşada rus-tatar məktəbində aldıqdan sonra Dağıstanda
Teymurxan Şura şəhərində progimnaziyada davam etdirib. Bakıda Xeyriyyəçi
Qadınlar Cəmiyyətinin üzvü olan Xurşud xanım Nəcəf bəyin təkcə ömür yoldaşı
olmayıb. "Nəcəf bəyin əsərlərinin ilk oxucusu və tənqidçisi də mən idim” deyən
Xurşud xanım, Nəcəf bəyin həm də məslək, amal yoldaşı olub. Birlikdə üç övlad
(Şamil, Sara, Sürəyyə) böyüdüb, tərbiyə ediblər. Ailədə nizam-intizamın,
təhsilə marağın olması uşaqların sağlam düşüncəli böyüməsi, formalaşması həm də
Xurşud xanımın böyük əməyinin nəticəsi idi.
Ailənin maddi durumu o
qədər də yaxşı olmasa da, Nəcəf bəy də, Xurşud xanım da övladının təhsil üçün
heç nəyi əsirgəmədilər. Ailənin ilki Şamil 1882-ci ildə anadan olub. Evdə
ata-anasından yazıb-oxumağı öyrənən Şamil sonra Bakı real məktəbində oxuyub.
Avropada təhsil almaq arzusunda olduğunu valideynlərinə bildirdikdə, hər ikisi
sevinclə xeyir-dua verərək oğlanlarını Berlinə yola salırlar. Şamil burada kənd
təsərrüfatı üzrə ali təhsil alaraq vətənə dönür. İlk olaraq Yevlaxda torpağın
mexaniki becərilməsinin bazasını yaradır. Sovetlər hakimiyyəti zəbt edəndən
sonra da Şamil yalnız kənd təsərrüfatı işləri ilə məşğul olur. Şamil bəy də
atası Nəcəf bəy kimi iş başında - Ağdamda ezamiyyətdə olarkən 1935-ci ildə
vəfat edib.
Qardaşından 8 il sonra
Sara dünyaya gəlir. Ailənin ikinci övladı olan Sara daha çevik, işgüzar və
bacarıqlı idi. Xurşud xanıma ev işlərindən həmişə yardımçı olan Saranın ilk
müəllimi də elə anası olur. O, Bakıdakı "Müqəddəs Nina” məktəbinə oxumağa
gedərkən yazıb-oxumağı bacarırdı. Bacısı Sürəyya xanımla birlikdə gedərdilər məktəbə.
Sürəyya "Müqəddəs Nina” məktəbini qurtardıqdan sonra Bakıda əl işləri,
biçmə-tikmə dərsini demək üçün xüsusi kurs keçmiş və dərs demək hüququnu əldə
etmişdir. 1907-ci ildə məktəbi əla qiymətlərlə başa vuran Sara isə ilk olaraq
Bakıda rus-müsəlman qızlar məktəbində hesab fənnindən dərs deməyə başlayır və
tez bir zamanda həmin məktəbə müdir təyin edilir.
1920-ci ilin
aprel işğalından sonra Sara xanım Vəzirzadə dönüb olur Sara Vəzirova. Çünki
sovetlər belə istəyirdilər... Necə ki, M.Ə.Sabir sovet dövründə sinfi mübarizə
nəzəriyyəsi prinsipləri əsasında yazılmış əsərlərdə "proletar şairi”,
"inqilabcı şair” kimi təqdim edilirdi. Vətənpərvər, millətsevər əsilzadələr
"düşmən”, onlara hücum edən böhtançı kəmsavadlar isə olurdu xalqın "dostu”.
Xoşbəxtlikdən Sara xanımın gəlin köçdüyü ailədə də maarifə, elmə
xüsusi diqqət, qayğı var idi. O, Bakının general-polkovniki Rəşid bəy Axundovla
ailə həyatı qurur. Onların üç qız övladı olur. O, ər evində xoşbəxt olsa da,
əzizlərini tez itirməsi bir müddət onu bədbinləşdirir. 1914-cü ildə anasının,
1926-cı ildə atasının, 1920-ci ildə gənc bacısının və 1935-ci ildə qardaşının
yoxluğu ilə "barışmalı” olur. Ailənin sonuncu üzvü Sara xanım isə 1961-ci ildə
dünyasını dəyişir.
Dəyişməyən isə
onun etdiyi xeyirxahlıq olur ki, bu gün də fəxrlə deyirik: "Sara xanım
M.Ə.Sabirin əsərlərinin nəşri üçün ilk maddi yardım göstərən qeyrətli vətən
qızı idi”.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist